Rauf Talışinski ilə beş unudulmaz
axşam
O, çətin
ələ düşən peşəkarlardan idi. Azərbaycanın müstəqil
jurnalistikasının formalaşmasında əvəzsiz rol
oynamışdı. Gerçəkdən əvəzsiz:
Rauf aramızdan getdi və tərk etdiyi yer boş qaldı.
Getməsəydi, bu günlərdə yubileyini qeyd edəcəkdik:
65 yaş. Bilirəm ki, səs-küysüz
keçirəcəkdi. "Aləmə
sığmadığını" bəyan edən
iddialı bir qəzet ortaya qoymuş, 11 il
ona rəhbərlik etmiş olsa da, təvazökar və təmtərağı
sevməyən insan idi. ("Zerkalo"nun köhnə
sayları "Məndə sığar iki cahan..."
şüarı ilə çıxırdı, sonrası bəllidir:
"...mən bu cahana sığmazam"). Amma indi ki,
özü burda yoxdur...
Mən
özüm də "tikan"sız deyiləm, onu isə
kirpiyə oxşadırdım: təkcə iynə kimi
saçlarına, hər şeyə şübhə ilə
baxan ağıllı muncuq gözlərinə görə yox,
həm də ona görə ki, Rauf daim gərgin olurdu, daxilən
həmişə müdafiəyə hazır vəziyyətdə
idi.
Birinci,
ibrətamiz axşam
"Hər axşam ulduzları silməsəm, - Kirpi
fikirləşirdi, - onlar mütləq parlaqlıqlarını
itirərlər" (Norşteyn, "Dumanda kirpi"
multiplikasiya filmi).
Biz Moskva
Dövlət Universitetinin "Qeze"
adlandırdığımız əsas binasının liftində
tanış olduq. Mənim sütül
vaxtım idi, birinci kursa təzəcə gəlmişdim, o isə
necə deyərlər, tam yetişmişdi, hətta bir az ötmüşdü: beşinci kursu bitirsə
də, ilişib buralarda qalmışdı (sonra bildim ki,
aspiranturaya imtahan verirdi).
İstəyirsiniz inanın, istəmirsiniz yox - Rauf
saqqalsız idi (o, sonradan saqqal saxlamağa
başlamışdı), amma dodaqlarında eyni istehzalı təbəssüm
dolaşırdı.
Həmyerlim məni başdan-ayağa süzdü. Nəsə,
onda etimad doğurmadı.
-
Bakıdan təzə gələn sənsən? -
Talışinski soruşdu. - Hə, onda yerini möhkəm
saxla: hamımızın əvəzinə qalırsan. İndi sən fakültədə yeganə azərbaycanlısan.
Düz üçüncü kursa qədər mən
jurnalistika fakültəsində yeganə azərbaycanlı tələbə
oldum. Raufun sözlərini
tez-tez xatırlayırdım. Hər
şeyi atıb evə qayıtmaq istəyəndə, onlar mənim
qarşımı kəsirdilər.
İkinci,
səmimi axşam
"Sükut içində nəsə tərpənəndə
xoşuma gəlir". "Misal gətir",
- Kirpi xahiş etdi. "Məsələn, göy
gurultusu", - Ayı balası dedi ("Dumanda kirpi" m/f).
Mən
Moskvada möhkəm-möhkəm "yer
saxladığım" müddətdə Rauf Bakıda gənc
jurnalist üçün başgicəlləndirici dərəcədə
sürətli yüksəliş yolu keçdi:
"Molodyojka" və "Vışka"da üç il
işlədikdən sonra onu Sovetlər İttifaqının ən
böyük iki qəzetindən biri - "İzvestiya"nın Azərbaycan üzrə xüsusi
müxbiri təyin etdilər!
Bizim yollarımız nadir hallarda kəsişirdi. Ta 1989-cu ildə tale hər
ikimizi "Qarabağ" restoranında eyni masanın
arxasında otuzduranadək heç əməlli-başlı
söhbət də etməmişdik (Bakıda dəmiryolu
vağzalının üstündə belə bir məşhur
restoran var idi!). Rauf "İzvestiya"dan, mən
isə "Molodyoj Azerbaydjana"dan təzəcə
getmişdik. Onu, eşitdiyimə görə,
çıxartmışdılar. Bizim "Molodyojka"
isə üsyan etmişdi: Kommunist Partiyasının Mərkəzi
Komitəsi baş redaktorumuz Nəcəf Nəcəfovu işdən
uzaqlaşdırandan sonra içi mən qarışıq, bir
qrup jurnalist etiraz əlaməti olaraq istefa ərizəsi
yazmışdı. Maraqlı vaxtlar idi, qəribə
şeylər olurdu, "istefa" sözü də təzə-təzə
dilimizə düşürdü.
Raufun "İzvestiya"da işini nədən
itirdiyini dəqiq bilmirdim, amma açığı, buna
görə təəssüf hissi keçirmirdim. Bizim yerli
jurnalist dairələrində mərkəzi qəzetlərin
xüsusi müxbirlərini sevmirdilər, hesab edirdilər ki,
onlar vəzifələrini qorumaq üçün səslərini
çıxartmırlar, Dağlıq Qarabağ haqda həqiqətləri
yazmağa cəsarət etmirlər. Həmin
axşam Rauf əhvalatı mənə danışdı.
-
"İzvestiya"nın səhifəsinə
düşmək çox çətin idi. Bəzən
aylarla gözləyirdim ki, hansısa yazım
çıxsın. Amma bu dəfə
katiblikdən özləri zəng etdilər, dedilər, təcili
sizin hadisələr haqqında 400 sətirlik məqalə
lazımdır. Mən sevinclə meydana
qaçdım, mitinqə yığışmış, gecə-gündüz
oranı tərk etməyən insanlarla danışdım,
adamları narahat edən problemdən yazdım. Axırda da əlavə elədim ki, meydan şayiələrlə
doludur, camaat təşviş içindədir, bu məsələyə
bir aydınlıq gətirilməlidir. İki
gün sonra gecə mənə mətbəədən zəng
etdilər. Bildirdilər ki, fəhlələr
"İzvestiya"nı çap etmək
istəmirlər. (O vaxtlar əsas mərkəzi qəzetləri
ucqar respublikalarda Moskva ilə eyni vaxtda çap edirdilər ki,
köşklərə gecikməsin - A.A.) Mətbəəyə
getdim. "Nə xoşunuza gəlmir?"
"Mitinqlər haqqında yazı!" Çapa hazır təbəqədə yekə məqaləmi
axtardım, kiçicik bir xəbərə rast gəldim.
Ondan belə başa düşmək olurdu ki,
Bakıda boş-boş şayiələr gəzir, camaat da
inanıb etiraza qalxır. "Deməli, biz şayiələrə
uyub
boğazımızı cırırıq? - Fəhlələr
üstümə qabardılar. - Çap etməyəcəyik,
vəssalam!" "Etməyəcəksiniz, etməyin",
- dedim və getdim. Məni Moskvaya, baş redaktorun yanına
haqq-hesaba çağırdılar. O, mənim arqumentlərimə
qulaq asmaq belə istəmədi. "Sən
"İzvestiya"da Azərbaycanı təmsil etmirsən,
Azərbaycanda "İzvestiya"nı təmsil
edirsən, - dedi. - Qəzetin Qarabağ məsələsinə
dair mövqeyi var və bütün əməkdaşlar həmin
mövqeyi müdafiə etməlidirlər!" Mən otaqdan çıxdım və ərizəmi
yazdım.
Bir dəfə də olsun görmədim ki, Rauf bu hərəkəti
ilə haradasa öyünsün, özünü gözə
soxsun. Amma kimsə kiməsə sadəcə, əl vermədiyinə
görə "milli qəhrəman"a çevrildi.
Axırda da, bir neçə ildən sonra, bu qəhrəman
Raufun rəhbərlik etdiyi redaksiyaya hücum çəkdi,
onun jurnalistini iş otağında döydü.
Üçüncü,
şən axşam
"Axı,
sən də saymasan, ulduzları kim
sayacaq!" ("Dumanda kirpi" m/f)
Qudauridə (Gürcüstan) eyni zamanda iki beynəlxalq
konfrans keçirilirdi (biri - jurnalistlərin, digəri gənclərin
qeyri-hökumət təşkilatlarının tədbiri idi). Üçüncü
zalda isə gürcü parlamentinin deputatları abxaz həmkarları
ilə görüşürdülər.
Bizim iclasdan sonra Raufla Qulu Məhərrəmli birinci mərtəbədə
stolüstü tennis oynayırdılar. AzTV
"Zerkalo"nun öhdəsindən asanlıqla gəlirdi.
Üç dəfə dalbadal uduzduqdan sonra Rauf
hirsləndi və "qonaqlıq"dan oynamağı təklif
etdi. Rauf bu oyunu uddu. Mehmanxananın
restoranı çox baha idi, amma neyləmək olardı.
Qulu bizi ora apardı. Mən
də oyunun hakimi kimi məclisdə iştirak edirdim. Masa arxasında Qulu məzəli bir əhvalat
danışdı.
Səhər onlar yeməkxanaya düşür və
Gürcüstan parlamentinin sədri Zurab Jvaniyadan sonra növbəyə
dayanırlar.
Üçü də idman paltarında olur.
Bu vaxt yeməkxanaya bizim gənclər təşkilatlarının
nümayəndələri girirlər. Hamısı
xalatda, yaxalarında da hakim partiyanın par-par parıldayan
döş nişanı! Bunu görən Jvaniya Raufa tərəf
dönüb yarıyuxulu səslə soruşur: "Nədir,
sizin yunkerləriniz də var?" Rauf və Qulu
səhər yeməyindən sonra gənc fəalları foyedə
saxlayırlar. "Hər şeyi başa
düşürəm, uşaqlar, amma yeməkxanaya, bara partiya
nişanları taxmadan gəlmək olar", -
Talışinski deyir.
Mən
Qulunun söhbətinə ürəkdən güldüm, Rauf
isə ciddiliyini pozmadı:
- Bir
görəydin, onlar mənə necə baxdılar. Yüz faiz Bakıda hara lazımdır,
çatdıracaqlar.
- Problem
çıxsa, - mən başımla teleekranın
"ulduz"una işarə etdim, - Qulu kömək edər.
"Ulduz" məğlubiyyətin acısını
yumaq üçün çaçadan bir qurtum da alıb,
göz vurdu.
Bakıda
"yunkerlər" həqiqətən hakim partiyanın
Siyasi Şurasına xəbər çatdırdılar: guya
Rauf Qudauridə hökumətimizin siyasətinə
qarşı çıxmış, necə deyərlər,
"dövlətçiliyimizə zərər
vurmuşdu". Siyasi Şura növbəti
iclasında Azərbaycan jurnalistlərinin Tiflisdə
davranışını müzakirəyə
çıxarmağa hazırlaşırdı. Rauf bundan
narahat idi: qorxmağına qorxmurdu, amma adının qəzetə
ziyan gətirə biləcək siyasi qalmaqalda
hallanmasını istəmirdi. Qulu, vəd etdiyi
kimi, işi yoluna qoydu. "Şikayətçiləri"
AzTV-də səhər verilişinə
çağırdı, onları necə lazımdır sazladı
və efirə buraxdı. Gənc fəallar
əvvəl xeyli özlərini təriflədilər, sonra Azərbaycan
nümayəndəliyinin digər üzvlərinin də yad
ölkədə maraqlarımız uğrunda şir kimi
vuruşduqlarını dedilər. Arada
aparıcının "ötürməsi" ilə Raufun
konfransda parlaq bir çıxış etdiyini milyonlarla
tamaşaçının gözü önündə təsdiqlədilər
(halbuki başqa zaldan bu çıxışı eşidə
bilməzdilər). Problem həll olundu.
Daha Siyasi Şurada müzakirəyə
çıxarılası məsələ qalmadı.
Dördüncü,
kədərli axşam
"Ulduz! Özü də gölməçədə..." ("Dumanda kirpi" m/f)
Azərbaycanın ilk müstəqil nəşrlərindən biri, 11 il ərzində Qafqazın ən yaxşı qəzetinə çevrilmiş "Zerkalo" dağılır. Onun yaradıcıları - Talışinski ilə Şıxlinski ayrılırlar, kollektiv bölünür. Qəzet Şıxlinskidə qalır, belə çıxır ki, Rauf gedir.
Ona zəng edirəm. Rauf deyir ki, şəhərdədir, bir azdan gələcək.
"Press Klub"da oturmuşuq. Təklif edirəm ki, Elçini çağıraq, üçlükdə vəziyyəti bir də müzakirə edək. Rauf başını yelləyir: "Yox, mənasızdır, artıq qərar verilib". "Nə ilə məşğul olacaqsan?" "Hələ seçimimdə əmin deyiləm". "Bəlkə "Press Klub"a sədr gələsən? Mən dörd ildir burdayam. Rotasiya zamanı yetişib". "Yox, yəqin ki, başqa qəzet açacağam".
Bu iki yaxın dostu, məsləkdaşı, gözəl jurnalisti və bacarıqlı media menecerini kimin qarşı-qarşıya qoyduğunu bilirəm. Suyu kimin bulandırdığından xəbərim var. Hiyləgər, gözləri oyur-oyur oynayan həmin adam qılığa girməyi, etimad qazanmağı çox yaxşı bacarır (ixtisası da buna kömək edir), özü isə hər işdə yalnız xeyrini güdür. Beləcə, mandatını qazanır, biznesini, mediasını, partiyasını qurur. Bir zamanlar mən də az qala onun toruna düşmüşdüm, ziyanın yarısından qayıda bildim.
Rauf isə
"yola davam" dedi. O adamın təsiri altında həyatında
çox dəyişikliklər etdi: "Exo" qəzetini
açdı, təzə dostlar tapdı, biznes-planlar həyata
keçirdi, bir ayağı burda, bir ayağı Amerikada
yaşamağa başladı... Ən təəccüblüsü
isə - siyasi layihələrə qoşuldu. Necə? Rauf Talışinski -
ustad jurnalist və qəzet redaktoru - hansısa partiyanın sədr
müavini olmağa razılıq verib??? Söhbət,
doğrudanmı həmişə "qəzet
piştaxtadakı kolbasa kimi müstəqil
olmalıdır", - deyən Raufdan gedir? Eyni zamanda
siyasi fəaliyyətlə məşğul olan başqa
redaktorlara, məsələn, adaşı Arifoğluna məsləhət
verən Raufdan: "Başa düşürsən, ya o
olmalıdır, ya bu. Kabab ayrı, şiş ayrı".
Yadımdadır ki, xəbəri eşidəndə mən
özümü saxlaya bilməyib "İki Rauf - iki
müavin" başlıqlı məqalə
yazmışdım...
Raufla Elçin ayrılandan sonra "Zerkalo" daha əvvəlki
"Zerkalo" olmadı. "Exo" da
"Zerkalo"nun yerini verə bilmədi.
Beşinci,
sonuncu axşam
"İtib-batanda,
gərək dostlarını əvvəlcədən xəbərdar
edəsən" ("Dumanda kirpi" m/f)
"Zerkalo" və "Exo" qəzetlərinin yerləşdiyi
binanın həyətində təsadüfən
qarşılaşırıq. Mənim bir müddət
yer-yurdsuz qalmış təşkilatım da burada yuva qurub.
Biz hal-əhval
tuturuq, işlərimizlə bağlı o qədər də
optimist olmayan proqnozlarımızı
bölüşürük, sonra bir az
ümumi vəziyyətdən danışırıq.
- Niyə
bizim sürücülər qırmızı işıqda
maşın saxlayanda mütləq piyada zolağının
üstünə çıxıb saxlayırlar? - Suala cavab tələb
olunmur, Rauf sadəcə düşüncələrini söyləyir.
- Axı
hər kəs bilir ki, qaydanı pozur. Əgər
sürücü bundan bir üstünlük əldə etsəydi,
mən yenə başa düşərdim. Zolağın
üstündə dayananın guya udduğu iki-üç metr əslində
ona heç bir qazanc gətirmir. Yaşıl
işıq yanan kimi arxadakılar özlərini yetirirlər.
Yox, yalnız bizim adamlar heç bir xeyir görmədən də
qanunu poza bilirlər!
Axırda o, həmişəki kimi, bir lətifə
danışır və biz ayrılırıq.
Rauf xırda, tələsik addımlarla
uzaqlaşırır. "Yaman düşüb", deyə
onun arxasınca baxa-baxa fikirləşirəm.
Bax, beləcə xırda və tələsik
addımlarla köhnə, "qızıl"
jurnalistikamız bizdən uzaqlaşır. Peşənin
prinsiplərini, dəyərlərini, bütün
dadını-duzunu da özü ilə aparır. Əvəzinə nə gəlir?
Bəs
gedənlərin yerinə kimlər gəlir?..
***
"Bu
gün də Kirpi Ayı Balasına dedi:
- Hər
halda, nə yaxşı ki, biz ikimiz də varıq və bir
yerdəyik!
Ayı Balası başını tərpətdi.
- İndi
sən təsəvvürünə gətir ki, mən yoxam, sən
təkcə oturmusan və danışmağa yanında
heç kim yoxdur.
- Bəs
hardasan?
- Yoxam da.
- Belə
olmur, - Ayı Balası dedi.
- Mən
də razıyam, - Kirpi dedi. - Amma birdən, bax, heç yoxam. Sən təksən. Hə, nə edəcəksən?..
- Hər
yanı alt-üst edəcəyəm və sən tapılacaqsan!
- Yoxam,
heç harda yoxam!!!
- Onda,
onda... Onda düzənliyə qaçaram, - Ayı Balası
dedi. - Bərkdən qışqıraram: "Ki-i-i-irpi-i-i-i!", sən eşidərsən və
qışqırarsan: "Ayı
Balası-ı-ı-ı!.."
Bax, belə.
- Yox, -
Kirpi dedi. - Bir damcı da yoxam. Başa
düşürsən?
- Nə yapışmısan məndən? - Ayı Balası acıqlandı. - Əgər sən yoxsansa, mən də yoxam. Bildin?!"
("Dumanda Kirpi" m/f)
“Press Klub”
Arif
ƏLİYEV
525-ci qəzet.- 2021.- 17 noyabr.- S.14;15.