İllərini Vətən
üçün yaşadı...
Yazı
da sevmişəm, payızı da, çiçəkləri,
çiçəklərin ləçəklərində
şehi də sevmişəm, dənəbir-dənəbir
yağan qarı da, çayı da sevmişəm, çaya
sığmayan seli də, ağacları, ağacların
budağında yarpaq düzümünü də sevmişəm,
yarpaqları titrədən yeli də...
İnsanları sevmişəm. Bəşəri niyyətliləri
bəşəriyyətə Tanrı töhfəsi bilmişəm.
Təhsil alanda da, müxtəlif vəzifələrdə
işləyəndə də. Yaxşı
insanlarla kəlmələşəndə elə bilirdim
dünya mənimdi; bildiklərim düşüncələrimdə
nizama düzülürdü, bilmədiklərimi öyrənirdim.
Nəyisə kiməsə aşılayanda ustadlarımı
xatırlamışam: öyrət, səbrlə öyrət,
öyrətdiyinə əmin olub öyrət...
Zamanında birlikdə işlədiyim insanları da unuda
bilmərəm. Ömrümün bir hissəsi onların əhatəsində
keçib. O illəri ömrümüzün ortaq illəri
bilmişik. Sonuncu kursda oxuyanda müəllimimiz auditoriyaya bir
sual vermişdi: Sizi bir-birinizə bağlayan nədi? Hərə bir söz demişdi. Mən
"İllərdi, müəllim, yəni zaman". Cavabım bəyənilmişdi. Aradan qırx
üç il keçib. İndi
də əminəm ki, bizi bir-birimizə illər
bağlayırmış. Faiq Əvəz oğlu ilə
məni də...
Faiq Rzayevi yaxşı tanıyırdım. İkimiz də
fəal gənc idik. Mən rayon komsomol
komitəsində idman və kütləvi müdafiə
işləri şöbəsinin müdiri işləyirdim.
Rayonun fəal gənclərini müxtəlif tədbirlərdə
müşahidələrlə, bəzən söhbətlərdən
tanıyıırdım. O illərdə belə
tanımalar mütləq partiyanın qeyri-rəsmi zəmanətinə
söykənməli idi.
Kim idi Faiq Əvəz oğlu?
1961-ci il noyabrın 17-də Zəngilan şəhərində
anadan olmuşdu. Yaxşı oxuyurdu. Zəngilan
rayonun Sarallı Xəştab kənd natamam orta məktəbində
Faiqin müəllimi olmuş Məmmədxan Mustafayev sevimli
şagirdi haqqında belə deyirdi: Faiq bütün fənləri
həvəslə öyrənirdi, səkkizinci sinifdə həm
ədəbiyyatdan, həm də riyaziyyatdan yazılı
imtahandan əla almışdı. Rayon maarif
şöbəsinin yoxlaması bu qiyməti təsdiqləmişdi.
Zəngilan şəhər orta məktəbini bitirdikdən
sonra hərbi xidmətə
çağırılmışdı. Sonra universitetin Tarix
fakültəsi, sonra Zəngilanda əmək fəaliyyəti,
sonra komsomolda, sonra rayon daxili işlər şöbəsində,
sonra Zəngilanın müdafiəsində, sonra ... sonra əbədiyyət ...
Faiq universitetin Tarix fakültəsini bitirmişdi. Bu anlarda yadıma Xalq
şairi Bəxtiyar Vahabzadənin yazdığı bir misra
düşür: İştah bir tərəfdə, aş bir tərəfdə.
Yəni qabiliyyət bit tərəfdə, açıq
qapılar başqa tərəfdə (keçmiş olsun!). "Kommuna" sovxozunda azad komsomol komitəsi
yaradılanda rayon komsomol komitəsinin məsul işçisi
kimi mən bu vəzifəyə Faiq Rzayevin namizədliyini
verdim. Təklifim qəbul olundu.
Faiq olduqca sadə, təmkinli, təvazökar, öyrənməyə
meyilli gənc idi. Onu yoldaşlaından fərqləndirən, ayıran, fərdiləşdirən
bir xüsusiyyəti də vardı: yüksək vətənpərvərlik.
Mən rayon partiya komitəsinin siyasi maarif kabinetinə
müdir vəsifəsinə irəli çəkiləndən
sonra da münasibətlərimiz əvvəlki səmimiyyətlə
davam edirdi.
Yaxşı iş, gərəkli fəaliyyət
heç zaman diqqətdən kənarda qalmır. 1989-cu ildə Zəngilan rayon komsomol komitəsi
(RKK-nin) plenumunun qərarı ilə Faiq Rzayev RKK-nin təşkilat
şöbəsinin müdiri vəzifəsinə təsdiq
edildi.
Digər sərhədyanı rayonlarda olduğu kimi Zəngilanda
da vəziyyət gərginləşirdi. Belə bir
vaxtda yaradılmaqda olan ərazi özünümüdafiə
taboruna da, milisləri sırasına da vətənsevər, cəsarətli
gənclər gəlirdi. 1990-cı ildə
Faiq Rzayev komsomolun göndərişi ilə rayon polis
şöbəsində xidmətə başladı. Sahə müvəkkili vəzifəsində. Müharibədə düşmənin bu və ya digər
kəndlərə tuşlanan niyyətlərini ilk olaraq sahə
müvəkkili duyur, onun qarşısının
alınmasında sahə müvəkkili öncüllərdən
olur; Faiq Rzayev polis zabiti kimi xidmətə belə
başladı. Rayon polis şöbəsinin
rəhbərliyi onun xidmətinin yönümünü bəyənirdi.
Mən rayon icraiyyə komitəsi sədrinin müavini vəzifəsində
işləyirdim, rayonda ərazi özünümüdafiə
taboru yaradılanda mən Müdafiə nazirinin əmri ilə
taborun komandiri təyin edildim. Rayonun müdafiəsi ciddiləşirdi,
düşmən Zəngilanlıların əzmi, iradəsi, qətiyyəti
qarşısında aciz idi...
Faiq Rzayev Rəzdərə, Canbar, Yuxarı Yeməzli
sovetliklərinə daxil olan kəndlərin müdafiəsində
yaxından iştirak edirdi. Döyüşçülərlə
bir sırada. Döyüşlər ara
verəndə söhbətləşirdik. Ədəbiyyata
da yaxşı bələd idi. Vətəndən
danışardıq, döyüşlərdən
danışardıq. Türk şairi Orxan Şaik
Gökyayı, onun "Bu vatan kimin?" şeirini
xatırlamış, xatırlatmışdım:
Bu Vətən
torpağın qara bağrında
Sıra dağlar kimi duranlarındır.
Bir qədər
düşünmüşdü, sonra döyüş növbətçiliyinə
gedən əsgərləri göstərərək qətiyyyətlə
demişdi:
- Vətən
bu oğulların Vətənidi. Elə xidmət
etməliyik ki, Vəətən bizə də Vətən
olsun.
Onda ikimiz də Məmməd Arazın misrasını
xatırlamışdıq, "Vətən bizə oğul
desə nə dərdim..." demişdik. Göy üzündə
dolaşan bulud topalarına baxmışdıq...
1993-cü ilin aprelində Zəngilan alayı Ermənistan
ərazisinə hücum etdi. Həmin dövrdə mən alay komandirinin müavini idim. Bu əməliyyat
həm düşmənə xəbərdarlıq idi, həm də
Zəngilan alayının şəxsi heyətinin qələbə
ruhunu yüksəltməyə yönəldilmişdi. Əməliyyat uğurlu olmuşdu. Düşmən xeyli itki vermişdi.
Başlıca olaraq düşmən qarşısında nizami
gücə, qüvvəyə malik olan alay
görmüşdü. Bu əməliyyatda Faiq də
iştirak etmişdi. Qorxmazlığı,
qətiyyəti, əsgərlərlə əsgərləşməsi
şəxsi heyətin döyüş əzmini kükrətmişdi.
Əməliyyatdan sonra mənə xitabən,
"Əsgər olmaq nə qədər qürurluymuş,
komandir. Həm də zabit rütbəsində...". Onda mənim əlim onun əlində
isinmişdi, onun əli mənim əlimdə...
Zəngilan
rayon polis şöbəsinin keşmiş əməkdaşı
Zöhrab Ağayev xatırlayır:
-Ermənilərin Kilisə və Hənd kəndlərinə
keçirilən əməliyyatda Faiq hamıdan öndə
ge-dirdi. Onun qorxmazlığı bizi döyüşə, qələbəyə
ruhlandırırdı. İnanırdıq
ki, düşmən bizim qarşımızda dayana bilməyəcək.
Yəni Faiq kimi döyüşçülərlə birgə
getdiyimiz bütün əməliyyatlarda bu ruhla
döyüşürdük...
Polis zabiti kimi idarədə vəzifə borcunu yerinə
yetirməli idi. Tapşırılan işi yerinə
yetirdikdən sonra öz maşınında sərhəd kəndlərinə
gedirdi. Belə gəlişlər
döyüşçülərin döyüş əzmini,
qələbə ruhunu yüksəldirdi: polis zabiti də bizim
sıramızdadı! Bu ovqat Zəngilanın
müdafiə ovqatı idi.
Faiq hansı duyumun təsiriyləsə, əsasən,
Seyidlər kəndinə gedirdi. Bəzən günlərlə
döyüş növbətçiliyi aparanların
sırasında olurdu. İstidə də,
soyuqda da. Növbəni dəyişəndə az qala 500 - 600 metrlik səngər sürünə-sürünə
gedilirdi. Faiq bu əziyyətə dəfələrlə
qatlaşmışdı. Bir dəfə əsgərlərdən
biri ərklə, "Yoldaş baş leytenant, sizi bura kim
göndərir, rəismi, icra hakimiyyətinin
başçısımı?", -
soruşur. Faiq əlini əsgərin çiyninə qoyur,
gülümsünür:
-Özüm
gəlirəm, əsgər qardaşım. Məni bura ürəyim
gətirir...
Nüvədi Ermənistanın ərazisində azərbaycanlılar
yaşayan yeganə kənd idi. Camaata həm hərbi,
həm də mənəvi dəstək lazım olurdu. Faiq Rzayev Nüvədinin qorunmasında əsl cəfakeş
olmuşdu. Söhbətlərimizin birində mənim
dediyim bir tezis könlünə yatmışdı: Bir kəndin
timsalında rayon, rayonun timsalında respublika
qorunnalıdır.
Zəngilan
müdafiə olunurdu...
Faiq Rzayevin işgüzarlığı, dövlətçiliyə
sədaqəti əzəli zəmanəti oldu. Ona
kadrların seçilməsi, yerləşdirilməsi və
peşə hazırlığının təkmilləşdirilməsi
həvalə edildi. Rəisləri xidmətindən
razı idi. 1993-cü ilin aprelin 30-da Daxili
işlər nazirinin əmri ilə ona növbədənkənar
baş leytenant rütbəsi verilmişdi. Bu,
hər zabitə nəsib olmayan təltiflərdəndir.
Rütbə öz yerində, bu rütbənin verilməsi
ehtiramın, ehtiram nüminəvi xidmətin təzahürü
idi və bu təzahür Faiqin könül dünyasında gərəkli
titrəyiş yaratmışdı...
Sərhədlərdə döyüşlər gedirdi. Düşmən
Zəngilanın sərhədlərini keçmək istəyirdi,
Zəngilanlılar düşmənin istəyinə sipər
olmuşdu; Vətən sevgisi
işğalçılığa qarşı qətiyyətlə
döyüşürdü. Onların
sırasında milis baş leytenantı Faiq Rzayev də
vardı.
1993-cü ilin avqust ayının 25-i idi.
Şayiələr həmişə döyüş əzminə
pərsəng olur. Belə şayiələr camaatın
ürəyində arzuolunmaz tərpəniş yaradır, belə
tərpənişlər düşmənin istəyinin
davamı olur. O şayiələri düşmən
yayır, düşmən "dəyirmanına su
açanlar" yayır, ağrı-acısını camaat
şəkir, rayon çəkir, Vətən çəkir. Şayiə yayılmışdı ki, ermənilər
Qubadlının Xanlıq kəndinə girib, Zəngilana tərəf
gəlir. Belə gəliş hücumdur.
Bu şayiə əhali arasında səksəkə,
vahimə yaratmışdı. Şayiənin
xofu alayın gücünə inananların da ürəyinə
yol tapmaqdaydı. Belə bir vəziyyətdə
əli silah tutanlar döyüşənlərin
sırasına gedirdi, səlahiyyətlilər magistral yollarda
vahiməyə düşənləri sakitləşdirməyə,
onları inandırmağa çalışırdı. Baş leytenant Faiq Rzayev də tələsik yola
çıxmışdı.
Hara gedirdi Faiq Əvəz oğlu? - şayiənin
gözünü yerə tökməyə, şayiəyə
uyanları qınamağa, onları uğurundan döndərməyə,
onları evinə qaytarmağa, Zəngilana can
yandırmağa, zəngilanlıları Vətən sevgisinin
cazibəsində qalmağın fəzilətlərinə dəvət
etməyə, ...
Maşınına
yanacaq dolduranda partlayış baş vermişdi...
Baş
leytenant Faiq Rzayev faciəli şəkildə həlak oldu...
1987-1991-ci illərdə Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi olmuş tanınmış ictimai-siyasi xadim Tofiq Mehdiyev Faiqi etibarlı, sözübütöv, sədaqətli, vətənpərvər insan kimi xatırlayır. Bu xatırlama zamanında rayon miqyasında cinayətkarlığa qarşı mübarizənin xatırlanmasıdır, ictimai asayişin qorunmasının xatırlanmasıdır, rayonun ermənilərdən necə qorunmasının xatırlanmasıdır. Bu xatırlama bir ömürün son nəfəsinə görə təəssüfün xatırlanmasıdır...
...28 ilin o üzündə qalmış faciə Faiq Əvəz oğlunu tanıyanların qəhəri idi, indi də qəhəridi. Dəyərli ömür yaşayırdı Faiq. Faciə vaxtı üç yaşı vardı qızı Səmranın. O faciə üç yaşlı uşağın düşüncələrinə necə hopmuşdu görəsən? Görəsən o faciə üç yaşlı ürəyə necə sığışmışdı? Faiq hərdən zarafatla anasına deyərmiş ki, general olacam. Rütbədə general ola bilmədi Faiq Əvəz oğlu, insanlığın ən yüksək mərtəbəsinə yüksələnlərdən oldu...
32 rəqəmi polis baş leytenantı Faiq Rzayevin ömrünü müəyyənləşdirmir...
Faiq Rzayev onu tanıyanların, sevənlərin, Zəngilanı sevənlərin ürəyindədi...
32 yaşdan sonrakı ömrün əbədilik ömrü oldu, Faiq Əvəz oğlu, dostum, silahdaşım, vətən-pərvərliyinə də, qətiyyətinə də, qorxmazlığına da yaxşı bələd olduğum zabit qardaşım...
Faiq Əvəz oğlu illərini Vətən üçün yaşadı...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 18 noyabr.- S.14.