Akademik İsa Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabı on dildə işıq üzü görüb

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin on dildə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabı nəşr olunub.

 

525.az xəbər verir ki, kitabda böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin  həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən bəhs olunur. Nizami Gəncəvinin ölkədə və dünyada tanıtımı və təbliği üçün sanballı mənbə olan bu kitabda yer alan araşdırmalar on dildə təqdim olunur. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində isə ixtisarladır. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.

 

Kitab görkəmli dövlət xadimi Heydər Əliyevin 24 may 2000-ci ildə Gəncədə Nizaminin məqbərəsini ziyarət edərkən çəkilən fotosu və dahi şair haqqında fikirləri ilə başlayır. Cənab Prezident İlham Əliyevin 24 yanvar 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışında çəkilmiş fotosu və Nizami Gəncəvi haqqında fikirləri də kitabın əvvəlində yer alıb.

 

Kitabda Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əli, Xalq rəssamları Mikayıl Abdullayev, Fuad Əbdürrəhmanov və digər müəlliflərə məxsus rəsm əsərləri, mozaika, heykəl və başqa janrlarda olan nümunələr yer alıb. "Nizami Gəncəvi almanaxı" hissəsində Nizami Gəncəviyə həsr olunmuş və incəsənətin müxtəlif sahələrində (rəssamlıq, xalçaçılıq, heykəltaraşlıq, ağ üzərində oyma sənəti və s.) yaradılmış sənət nümunələrinin şəkilləri öz əksini tapıb.

 

Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatında çap edilən kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, ixtisas redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevadır.

 

Gülnar Səma

 

525-ci qəzet.- 2021.- 19 noyabr.- S.9.