Vətən üçün yaşanan ömür
Dövlət xadimi, general Məhəmməd
Əsədovun işıqlı xatirəsinə
Tanıdığın, xarakterinə bələd olduğun tarixi şəxsiyyətlərin yaşadığı illərin mahiyyətini dərk edəndə, onları düşüncələrinə köçürəndə bir daha əmin olursan ki, ən duru ömür Vətən üçün yaşanan ömürdür, dəyərli ömürün göyqurşağı Vətən sevgisidir. Cavanlığımda bir
şeir yazmışdım: Səni sevənləri sevmişəm,
Vətən! Sonralar bu şeirin bu misrası mənim
ömrümün şeirləşmiş andına
döndü. İlləri dövlətə sədaqətin,
xalqa məhəbbətin işığında yaşadım.
Tanıdığım tarixi şəxsiyyət-lərin
ömür yolunun seyrçisi ola-ola, bu ömürlərdən
öyrənə-öyrənə yaşadım. Belə ömürlərdən biri də general-mayor
Məhəmməd Nəbi oğlu Əsədovun ömrü
olub. Bu dəyərli, bu örnək ömürdən
yaşımın bu vaxtında da öyrənirəm...
...Zəngilanda Baharlılara Bəsitçayın
axışı bir hekayət idi. Bu hekayətin
coşqusu da, hərdən sahilə sarılması da, hərdən
sahili aşması da, duyğulularla səssiz-sözsüz
pıçıldaşması da hekayət idi. Bu hekayətlər Məhəmmədin gecələrinin
yuxusuna, gündüzlərinin düşüncələrinə
hopurdu. Baharlıdan Böyük dünyaya aparan yolu Bəsitçayın
mehri uğurlayanda da gözəl niyyətlər də, müqəddəs
niyyətlər də bu düşüncələrə
sarılmışdı: Bu yolun sonunda işıq vardı və
Məhəmmədin ürəyindən keçən bu
işıq yolun uğuruna dönmüşdü...
Bakıda
statistika texnikumunu bitirəndə də, Zəngilanda işləyəndə
də bir niyyətin cəfakeşi olub: Xalq üçün,
dövlətçilik üçün yaşamalı! Bu niyyət
atası Nəbi kişinin öyüd-nəsihətlərinin
davamı idi...
Hərbi
xidmətdən qayıtdıqdan sonra Sumqayıtda tikintidə
işlədi; zamanında əməyə
alışmışdı, böyüklərindən
eşitmişdi: Zəhmət ən böyük müəllimdir.
Ən böyük müəllim olan zəhmət
zəhmətdən çəkinməyənlərin
aylarının-illərinin nazını da çəkir; zəhmət
işığa dönür, qədirbilənlərin diqqətini
çəkir. Az sonra tikintidə
iqtisadçı, sonra plan-iqtisad şöbəsinin müdiri
oldu. Atasının öyüd-nəsihətlərini
unutmamışdı, unutmurdu, unutmayacaqdı: Təhsil
başucalığıdır, oğul. Təhsilli adam söz yiyəsi olur. Çalış
söz yiyəsi ol. Məhəmməd Nəbi oğlu ali təhsil almağı qərara
almışdı. Qərar düşüncələrin
nəticəsidir, düşüncələr sabahlar
üçündürsə, daha dönməz olur. Məhəmməd Nəbi oğlu Xalq Təsərrüfatı
İnstitutunu bitirdi.
Xeyirxahlıq
və məsuliyyət kəlmələri arasında ilk
baxışda uyğunluq hiss olunmur. Ancaq bir atalar sözünə
söykənəndə hiss edirsən ki, bu kəlmələrin
mahiyyətləri eyniləşir: Sən balığı at dəryaya,
balıq bilməsə, xaliq biləcək. Məsuliyyət
də belədir, məsuliyyətli ol, günün birində məsuliyyətin
ən etibarlı zəmanətin olacaq. Dürüst
ömür məsuliyyətin
cığırdaşıdır. Məhəmməd
Əsədov ad-soyadlı bir kadrla ciddi maraqlandılar. Dövrün bütün öyrənilmə mərhələləri
onun kimliyinin etibarlılıq sənədi oldu. Bu sənədə istinadən Məhəmməd Nəbi
oğlu Əsədov Sumqayıt Şəhər Partiya Komitəsində
təlimatçı, sonra sənaye və təşkilat
şöbələrinin müdiri vəzifəsində işlədi.
Sözün əsl mənasında işlədi.
Ad-soyadının heysiyyətinə layiq səviyyədə
işlədi, bu günləri sabahlar üçün
yaşayaraq işlədi, sabahlarda yaşamaq üçün
işlədi. 1964-cü ildən 1978-ci ilə kimi...
Partiya işinin təşkilini yaxşı bilirdi Məhəmməd
Əsədov.
Dərin təfəkkürü, fakt və hadisələr
arasında analogiyaları seçmək, ayırd etmək
qabiliyyəti bütün zamanlarda (və bütün məqamlarda)
idrakın təntənəsi olub; fəaliyyətin rəvanlığı,
gerçəkliyi, gərəkliyi məhz bu amillə tənzimlənib.
Məhəmməd Əsədovun bu qabiliyyətinə
Mərkəzi Komitədə yaxşı bələd idilər.
Bu bələdlik məqamında gərəkli təyinatla
tamamlanacaqdı, şübhəsiz. Məsuliyyətə
söykənən fəaliyyət, fəaliyyətin məzmunun
daxili nəzarətçisi olan səbir ehtimalı uğurun
başlanğıcıdır. Bu həyat tezisinə
Məhəmməd Nəbi oğlu da yaxşı bələd
idi (əzizlərinə də, əzizlədiklərinə də
deyərdi ki, vaxtından əvvəl açmağa meyilli
çiçəkləri don vurur. Az
qala, atalar sözü qüdrətində bir kəlamdır, zənnimcə...).
1978-ci ildə Məhəmməd Əsədov
Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə
irəli çəkildi. Etimada görə, daha
genişmiqyaslı fəaliyyəti olacağına görə
həmin günü ömürlüyünün aydını
bildi...
İki il... Bir ömürün istər rayon əhalisinin,
istərsə də Mərkəzi Komitənin rəhbərliyinin
ehtiramı ilə əhatələnən iki ili...
Digər sahələr öz yerində, xüsusi xidmət
orqanları özünəməxsusluğuyla səciyyəvidir. Bu orqanlara yüksək
intellektliləri, sağlam düşüncəliləri,
dövlətçilik cəfakeşlərini, sözün
bütün çalarlarını bilənləri,
sözü öz məqamında işlədənləri, məqamında
danışanları, məqamında susmağı bacaranları, ...seçirlər. Bu seçim dövlətin dövlətçiliyinə
sipər səviyyəsində seçim olub həmişə.
Sumqayıt Şəhər Partiya Komitəsində
işləyəndəmi, Ağsu Rayon İcraiyyə Komitəsinin
sədri olandamı xüsusi xidmət orqanlarına gərəkli
kadr kimi diqqəti çəkmişdi, bilinməz. 1980-ci
ildə Məhəmməd Əsədov DTK-nın Moskvadakı
F.Dzerjinski adına Akademiyasında iki illik
ali kursa göndərildi; cəmi bir yer və həmin yerə
alternativsiz namizəd olmuşdu Məhəmməd Nəbi
oğlu. 42 ildən sonra bu haqda düşünəndə
ürəyim qürurla silələnir. Minlərdən
biri kimi sonralar tanıyacağım bir insanın
tanışlığa qədərki illərinin haləsi kimi
yaşamışdım bu qərarın etimadını.
Nəbi kişinin oğlu Məhəmmədin
timsalında Baharlıların, Baharlıların timsalında
zəngilanlıların qüruru könül xoşluğuyla
yaşanılmışdı.
Yeniyetməliyimdən belə faktlar düşüncələrimi
həmişə dövlətçiliyə sədaqət
baxımından tərpədib. Haqqında eşitdiyim, həm də
həmişə qürurla deyilən kəlmələr bir həmyerlimizin
DTK-nın ali kurslarına gödərilməsi
mənim də ürəyimi dağa dödərmişdi. Onda dost-tanışla söhbətlərdə "Mərkəzi
Komitənin bu qərarı ilə Zəngilanın adı tarixə
düşəcək..." demişdim. Mən də
bilirdim ki, böyük perspektivləri olmayan kadrı bu
Akademiyaya göndərməzdilər...
1982-ci ildə
Məhəmməd Əsədov ali kursu
qırmızı diplomla bitirdi, Bakıya qayıtdı. Polkovnik-leytenant rütbəsi verilməklə DTK mərkəzi
aparatında əks-kəşfiyyat şöbəsi rəisinin
müavini vəzifəsinə təyin edildi. Polkovnik-leytenant Məhəmməd Əsədov bu vəzifədə
8 ay xidmət etdi.
Ötən
əsrin əvvəllərində Sara atası Hacı
Zeynalabdin Tağıyevə deyir ki, bu fabrik bizimdir, bu binalar
bizimdir, filan, filan müəssisələr bizimdir. Müdrik Hacı
Zeynalabdin deyir ki, qızım, onlar yox, zəmanə bizimdir...
O illər
Kommunist Partiyasının zəmanəsiydi. Bacarıqlı
kadrları partiya işinə gətiridilər. Nüfuz belə təyinatlarla müəyyənləşirdi.
Məhəmməd Əsədov Jdanov (indiki Beyləqan)
Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Geniş
quruculuq işləri ilə beyləqanlıların dərin
hörmətini qazanan dönməz vətənpərvər Məhəmməd
Əsədov 1986-cı ildə Azərbaycan KP MK-nın inzibati
orqanlar şöbəsinin müdiri vəzifəsinə irəli
çəkildi. Bu təyinat ölkədə hüquq
mühafizə orqanlarının fəaliyyətini tənzimləməklə
yanaşı, həmin dövrdə baş qaldıran ermənliyin
məkrli fəaliyyətinə qarşı mübarizəni
xeyli gücləndirdi...
Uzun müddət DTK-da xidmət etmiş Bəxtiyar
Süleymanlı general-mayor Məhəmməd Əsədovu
xatırlayanda ən gözəl epitetlərlə
xatırlayırdı. Onun vətənpərvərliyinin də,
Baharlıya, Zəngilana, Azərbaycana sevgisinin də dönməzliyini
tezisləşdirməyi həmişə gərəkli hesab
edirdi. "Əbədiyaşarlar"
kitabında onun dosta sevgisindən, vəzifə məsuliyyətindən,
dövlətçiliyə sədaqətindən sevgilərlə
söz açır, onu mehriban insan olaraq xatırlayır.
DTK-nın
Akademiyasında kursda olarkən kurs yoldaşlarının əksəriyyəti
onun xarakterinin cazibəsindəydi; Azərbaycanda ezamiyyətdə
olanda DTK əməkdaşı R.Roqovun dedikləri
könül xoşluğudur, həm də xalqın adına bağlı könül
xoşluğu: "...Son iki ildə Məhəmməd Əsədovla
təmasda ol-mağımız, onun səmimiliyi və mərdliyi
xalqınız barədə bilgilərimizi daha da
artırdı". Xoş kəlmələr
xoş ovqat deməkdir. O illərdə də, ondan sonra
da ömür payını xalqı üçün
yaşayıb Məhəmməd Nəbi oğlu.
Xalqını sevib, dövlətini sevib, dövlətçiliyini
sevib, Azərbaycanı sevib...
Sonralar Ağdaş və Quba Rayon Partiya komitələrinin
birinci katibi vəzifələrinə seçilib. O illərdə xalqın
adamı olmaq çətin idi: həm partiyanın tələbləri,
ideologiyası, həm xalqın is-təyi, adət-ənənələri.
Bunların dürüst yönəldicisi olmaq
asan deyildi. Xalqı duymaq, xalqı
inandırmaq, xalqın etimadını qazanmaq, həm də Mərkəzi
Komitəni inandırmaq. Mərkəzi Komitənin
etimadıını qazanmaq da özlüyündə rayonun
camaatına "gün ağlamaq" idi. Məhəmməd
Əsədov bunları bacardı. Nə
"yuxarı" narazı qalırdı, nə də camaat.
İllər belə keçirdi.
Ömürdən keçən illər bu rayonların
camaatının könlünü pərişan eləmirdi,
könül xoşluğuna dönürdü...
1990-cı ilin yanvarında imperiya Bakıda, iri şəhərlərdə
qırğınlar törətmişdi. Xalqın
milli-azadlıq hərəkatı imperiyanın
dayaqlarını silkələyirdi. Xalq həm
bu qırğınlara görə, həm də Ermənistana
arxa durduğuna görə Mərkəzi suçlayır, belə
bir dövlətin əyaləti olmaqdan qətiyyətlə
imtina edirdi. Müstəqillik mübarizəsi kükrəyirdi...
May ayının 23-də Məhəmməd Əsədov
Azərbaycan SSR Daxili İşlər naziri təyin edildi. Vətən sevgisi, öz
xalqına sonsuz sədaqəti və ümummilli mənafelərə
çəkinmədən xidmət etməsi Mərkəzin və
sapı özümüzdən olan baltaların xoşuna gəlmir,
ona ali daxili xidmət rütbəsinin verilməsi
hər vəchlə ləngidilirdi. Nəhayət, 1990-cı il noyabr ayının 5-də ona daxili xidmət
general-mayoru rütbəsi verildi.
O illərdə
yaratdığı Xüsusi Təyinatlı Milis Dəstəsi
(XTMD) torpaqlarımızın müdafiəsində olduqca gərəkli
qurum oldu. Ermənilər bu qurumun fəaliyyətindən
çox ciddi şəkildə çəkinirdi...
1991-ci ilin noybrında ölkə
başçısının sərəncamı ilə
general-mayor Məhəmməd Əsədov Dövlət
müşaviri vəzifəsinə təyin edildi. Müstəqil
dövlətin Dövlət müşaviri Məhəmməd
Əsədov dövlətə sədaqəti ilə bu vəzifədə
də məsuliyyətlə işləyirdi. Müstəqil Azərbaycanın dövlət
maraqlarının cəfakeşlərindəniydi. Genaral
rütbəsində, Dövlət müşaviri vəzifəsində
dövlətçilik əsgəri idi...
Xocavənd rayonunun Qarakənd kəndi. Ermənilər həmin gün daha bir dünyəvi cinayət etdi. Bağanıs Ayrım faciəsi, Qaradağlı faciəsi, Meşəli faciəsi, Ağdaban faciəsi, Xocalı faciəsi, ...ermənilərin Qarakənd kəndinin səmasında törətdiyi faciə dünyanın düşüncələrini silkələməliydi. Ermənistan sərnişinləri Azərbaycanın yüksək vəzifəliləri, Millət vəkilləri və xarici qonaqlar olan helikopterini vurdu. Bilərək vurdu. Sərnişinlərin kim olduğunu bildiyi üçün vurdu. Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev, Vəli Məmmədov, Vaqif Cəfərov, Zülfü Hacıyev, Salyau Serikov (Qazaxıstan Respublikası Daxili İşlər Nazirinin müavini), ...həlak oldular. Bu, şəhidlikdir...
General-mayor
Məhəmməd Əsədov şəhid oldu...
Bu müəmmalı helikopter qəzası ilə 20
yanvar faciəsi, Xocalı faciəsi arasında məntiqi
bağlılıq görənlərin sırasında mən
də varam. Görəsən, həmin vaxtlarda daxili işlər
naziri, general-mayor Məhəmməd Əsədov lsaydı,
cinayətin açılması istiqamətində nə kimi gərəkli
işlər görülərdi? Ermənilər OMON-dan
(XTMD-dən) çəkinib bəlkə də belə bir cinayətə
cəsarət etməzdilər...
...İllər ötür, illər keçir. Xalq üçün, Vətən üçün yaşayanlar unudulmur. 30 il əvvəlin Qara-kənd faciəsi də, bu faciədə digər şəhid olanlardan biri kimi general-mayor Məhəmməd Əsədov da unudulmur. Unudulmayacaqlar...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 24
noyabr.- S.16.