Laçın günlərim
Laçında keçir!
Laçına gəldiyim ilk günü
xatırlayıram... Xidmətimin
ən həvəsli vaxtları, gənc əsgər dövrüm...
Özü də gör
hardan hara gəlmişdim... 30 ilin pafosu əməlli-başlı
çiyinlərimə yığılmışdı.
İçimdə öz
özümə deyirdim:
Laçın əsgəriyəm!
Gənc əsgər vaxtı Laçına gələcəyimi
biləndə dodağaltı
Məhəbbət Kazımovun
"Laçınım" mahnısını zümzümə
eləmişdim.
"Ağlayan-çağlayan Həkəri həsrəti"
deyib, uşaqlarla buraların xəyalını
qururduq. Hələ Bakıya düşən əsgər yoldaşlarımıza
da lovğalanırdıq
ki, biz ön cəbhə əsgəriyik,
Laçın əsgəriyik!
Zarafatsız, öz-özümə deyəndə
belə xoşuma gəlirdi. Söz yox, elə indi də gəlir.
Buraları bir dəfə də olsa görüb sonra can vermək minlərlə insanın xəyalı idi. Uğrunda nə qədər şəhid vermişdik, dinc əhali evindən-eşiyindən didərgin
düşmüşdü. İndi isə bu torpaqlarda
xidmət edirik.
***
Uzun yol gəlmişdik bura, düz iki gün. İlk dəfə
idi ki, hərbi
"Kamaz"a minirdim.
İlk dəfə idi ki, yolda görənlər
əl edəcəkdi.
Mülkidə nə vaxt görsəm, özüm də edərdim. Sağ olsunlar, maşından siqaret tullayanlar belə oldu. Elə ləzzət edirdi ki... Əsgərlərin hamısının xoşuna gəlir belə şeylər.
Həm də 3 ayda ilk dəfə idi ki, yola çıxmışdıq.
Vəziyyət o yerdə idi
ki, "Kamaz"dakı
əsgərlərdən biri
yolda gördüyü
balaca uşağa həyəcandan "aa, mülki uşaq" demişdi.
Beləcə, Qarabağa daxil olduq. Daha doğrusu, gözümü
açanda gördüm
ki, ətraf dağılmış evlər,
maşınlarla doludur.
Amma heç kim dəqiq
hara olduğunu bilmədi. Biri dedi, bura Füzulidir,
biri dedi Qubadlı, amma dəqiq olan o idi ki, hamısını
gördük. İlk dəfə bu torpaqlara ayaq basmaq, buraları bu vəziyyətdə görmək... Nə bilim, hisslərimi
tam ifadə edə bilməyəcəm.
Axır ki, Laçının özünə, "Dəhliz"ə
gəlib çatdıq. Ətrafda rus
əsgərlərini görəndə
qəribə olduq.
Kalon dayananda əsgərlərdən
biri Azərbaycan dilində "Xoş gəlmisiniz" deyib neçə nəfər olduğumuzu soruşdu.
Elə pis oldum, elə
pis oldum. Mən də yolda nə
qədər rus sözləri fikirləşmişdim
ki, belə danışacam, elə danışacam. Elə oldu
ki, bizi səhər yox, günortadan sonra buraxası oldular.
Soyuqdan dona-dona
ilk dəfə verilən
"suxoy payok"u elə "Kamaz"ın
içindəcə qızdırıb
yeyir, siqaret çəkir, vaxtı gözləyirdik. Nəhayət, vaxt çatanda
buraxdılar.
Laçın şəhəri qarşıdaydı. Biz şəhərə çatanda
artıq qaranlıq düşmüşdü. Açığı, bu cür gözəl təsəvvür
eləmirdim. Di gəl, erməniləri gördükcə qan qaralırdı. İlk dəfə
idi ki, erməni
görəcəkdik. Həm də
öz torpağımızda.
Qeyri hərəkət
etmək olmazdı, yoxsa, mən bilirdim nə edərdim! Həm də bizim keçid günlərimizdə
çölə çox
da çıxmırlar.
Amma şəhərin
düz içində
özümü saxlaya
bilməyib möhkəmdən
mahnı oxumağa başladım;
- Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil dodağım
tar-kaman Qarabağ!
Bütün əsgərlər mənə
qoşuldu. "Kamaz"dan
əməlli toy iyi gəlirdi. Öz torpağımızda, onların eşidəcəyi
tonda mahnılar oxuya-oxuya şəhərdən
çıxıb yerləşəcəyimiz
"N" kəndinə gəldik.
Həəə... Burdan o tərəfi həm
çox xırdalıq
olar, həm də hər şeyi yazıb deyə bilmərəm.
Qismət olsun, mülkidə
danışaram.
Burda baş verən hər şey artıq xatirələrə çevrilməkdədir. Ağrılı, acılı, gülməli
anlar, yaşantılar,
bir sözlə, keçən hər dəqiqə ömürdən
gedir.
Laçın günlərim Laçında
keçir!
Burada şərait
ideal olmasa da, maraqlıdır. Çölçülük, dağın-dərənin, meşənin içində
xidmət aparmaq yəqin ki, hamıya maraqlı gələrdi. Bezdiyin anların
belə, şirin xatirəsi var.
Mən bütün
hallarda içimdəki
Qarabağ pafosunu yerə qoymuram. Laçın
əsgəriyəm, bir
qarabağlı olaraq Qarabağ torpağında
xidmət edirəm! Odur ki, hər kəsə
vətən qoxulu salamlar. Qismət olsa, görüşərik...
12 noyabr 2021-ci il
Orxan
SAFFARİ
525-ci qəzet.- 2021.- 25 noyabr.- S.13.