Ağdamın turizm
potensialı
Son zamanlar Azərbaycanda turizmin inkişafı ilə
bağlı genişmiqyaslı işlər görülməsinə
baxmayaraq, son bir ilədək işğal altında olduğuna
görə bu proseslərdən kənarda qalıb. Azərbaycan
torpaqlarının 20 faizini işğal edən Ermənistan
bütün iqtisadi sahələrdə olduğu kimi, turizm
sektoruna da ciddi ziyan vurub. İşğaldan
azad edilmiş ərazilərimizdə turizm infrastrukturunun
qurulması vacib şərtlərdən biridir. Bu ərazilərin turizm potensialı da çox zəngindir.
Bildiyiniz kimi, Qarabağ təkcə Azərbaycanın
tarixi xüsusiyyətləri, milli-mənəvi dəyərlərinin
məkanı deyil, həm də gözəl təbiət
diyarıdır. Sovet dövründə tikilən
sanatoriyalar və istirahət mərkəzləri müalicəvi
xüsusiyyətlərinə görə məşhurlaşmışdı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında rəşadətli Ordumuz 44 gün ərzində Ermənistanı
məğlub edib parlaq qələbə qazanaraq işğal
altındakı torpaqlarımızı düşməndən
azad etdi. Bununla da ölkəmizin iqtisadi inkişafında yeni
perspektivlər açıldı. Bu mənada
azad edilmiş bölgələrdə turizmin inkişafı
daha cəlbedici görünür.
İşğaldan azad edilmiş Ağdam rayonu
füsunkar təbiəti ilə tanınan Qarabağın mərkəzində
yerləşir. Ümummilli lider Heydər Əliyev hələ
Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik
etdiyi illərdə bir neçə dəfə Ağdamda
olmuş, şəhər və kəndləri gəzmiş, əməkçilərlə
görüşüb, onlarla səmimi söhbət etmişdi.
Ulu öndər o illər Ağdamda olarkən demişdi:
"Mən arzu edirəm ki, Ağdam gündən-günə
çiçəklənsin. Həm şəhər,
həm də kəndlər dastanlarda, şeirlərdə
olduğu kimi, Azərbaycanın gözəl
bağ-bağatlı guşəsi olsun".
Hələ Sovet dövründə Ağdamda bir çox
infrastrukturlar inkişaf etmişdi. Ağdamda məişət-xidməti
kombinatı; kənd təsərrüfatının mexanikləşdirilmə
və elektrikləşdirilməsi müəssisəsi,
metallurgiya, yeyinti, emal, əczaçılıq müəssisələri
fəaliyyət göstərmişdi. Rayonda
iki dəmir yolu vağzalı, hava limanı və magistral
yollar mövcud idi.
Ağdam erməni işğalından əvvəl zəngin
turizm potensialına malik idi. Dağlıq və
dağətəyi ərazilərdə yerləşən
rayonda çoxsaylı müalicəvi mineral bulaqlar, zəngin
təbiətə malik Gülablı və Şelli kəndlərində
sanatoriya, habelə, Şahbulaqda turizm bazası var idi. Bu turizm və müalicə müəssisələri
Azərbaycanı dünyada tanıtmaqla bərabər, həm
də dövlət büdcəsinə böyük gəlir gətirirdi.
O
dövrlərdə kurort və istirahət mərkəzləri
turistləri öz gözəllikləri ilə yanaşı,
müalicəvi xarakterinə görə də cəlb edirdi. Ağdamın Gülablı kəndində 100,
Şelli kəndində 50, Şahbulaqda 40 yerlik istirahət-müalicə
obyektləri fəaliyyət göstərirdi.
Ağdam rayonunun işğaldan azad edilməsi yeni iqtisadi
təşəbbüsləri canlandırır. Rayon ərazisi
əkinçilik və heyvandarlıq təsərrüfatlarının
yaradılması, sənaye bölgəsinin formalaşması,
turizmin inkişafı üçün geniş perspektivləri
əks etdirir.
Ağdamın əlverişli iqtisadi və coğrafi
mövqeyi, bənzərsiz təbii və iqlim xüsusiyyətləri,
münbit torpaqları, zəngin ehtiyatları, qeyri-adi flora və
faunası ölkənin turizm sənayesinin inkişafı
üçün yeni üfüqlər açır. Bu ərazilərə qoyulan
investisiyalar bu sahənin iş adamları üçün
böyük imkanlar yaradacaq.
Tezliklə Ağdam Azərbaycanın əsas turistik məkanına
çevriləcəkdir. Ağdamın tarixi abidələri və
bənzərsiz memarlığı yeni turizm marşrutları
yaradacaq. Bu da turizmin inkişafı
üçün çox faydalı olacaq.
Ağdamın tarixi-memarlıq abidələri Ermənistanın
silahlı qüvvələri tərəfindən məhv edilməsinə
baxmayaraq, Azərbaycan Prezidentinin fərman və sərəncamları
çərçivəsində bərpa işlərinə
başlanıb.
2021-ci
ilin mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinə
səfəri zamanı Ağdam ictimaiyyətinin nümayəndələri
ilə görüşündə çıxış edərkən
bildirib ki, artıq şəhərin yenidən qurulması
üçün lazımi infrastruktur layihələrin
hazırlanması, sosial obyektlərin və inzibati binaların
tikintisi, yolların çəkilməsi və digər
lazımi işlər görülməyə başlanıb.
Dövlət
başçısı həmçinin,
çıxışında qeyd edib ki, 140 illik tarixi olan 1
saylı orta məktəbin, eləcə də iş yerlərinin
yaradılması və yüzlərlə insanın işlə
təmin olunması üçün ərazisi təqribən
200 ha yaxın olan Ağdam Sənaye Parkının təməli
qoyulub.
Səfər çərçivəsində yaxın gələcəkdə
istismara veriləcək Bərdə-Ağdam avtomobil yolunun təməli
qoyulub. Həmçinin, Bərdə-Ağdam dəmir yolunun
və dəmir yolu vağzalının tikintisi nəzərdə
tutulur.
Səfər zamanı Prezident İlham Əliyevə yeni
muzeylər haqqında da məlumat verildi. Ümumi sahəsi 22,5 ha olan Zəfər muzeyi və açıq
hava altında İşğal muzeyi yaradılacaqdır. Köhnə Çörək muzeyi burada təkrar bərpa
ediləcəkdir.
Rayonun təbiətinin rəngarəngliyi və gözəlliyi,
mədəni irsinin, tarixi-memarlıq abidələrinin zənginliyi
daima şöhrət tapmışdır. Hal-hazırkı
zamanda isə Ağdamın turizm potensialının dünyaya
tanıdılması istiqamətində maarifləndirici
işlərə, rayonun turizm imkanlarından faydalanmaq
üçün ilkin araşdırmalara
başlanılıbdır. Ağdamda
turizmin inkişafı bölgənin sürətli iqtisadi
dirçəlişinə müsbət təsir göstərəcəkdir.
Ağdamın Azərbaycanda turizm sənayesinin
inkişafı üçün çox zəngin resursları
vardır. Bu, ilk növbədə çox əlverişli
iqtisadi və coğrafi mövqeyə bağlıdır.
Rayonda təhlükəsizliyin
təmini, əhalinin
geri dönüşü və infrastrukturlar tam
yaradıldıqdan sonra yeni turizm məhsulları turistlərə
təqdim ediləcəkdir. Birinci mərhələdə
əsas istiqamət daxili turizmin təşkili olacaqdır.
İlk mərhələdə Ağdamda daha
çox ziyarət xarakterli turizm, daha sonra, infrastruktur tam bərpa
olduqdan sonra isə istirahət turizminin təşkili
planlaşdırılır.
Turistləri Ağdama cəlb etmək üçün Zəfər
marşrutu üzərində işlənilir. Bu turizm
növü "qara turizm" adlanır. İşğal
nəticəsində dağılan tikililəri göstərmək
üçün nəzərdə tutulmuşdur. Bununla
da bu ərazilərə gələn turistlərə erməni
vəhşiliyinin çox az qismini göstərmək
olar.
Ağdamda turizmin bir çox növünün (eko,
dağ, qış, ovçuluq, dini, sağlamlıq və s.)
inkişafı üçün böyük imkanlar vardır. Təbii sərvətlərlə
zəngin olan Ağdamda həm də müxtəlif növ
ekstremal turizm, aqroturizm və yaşıl turizm təşkil
edilə bilər.
Gözəl turizm məkanı olan Ağdam ekoturizm,
dağ turizmi, tibbi və mədəni turizm potensialından
istifadə edərək Qarabağın iqtisadi dirçəlişinə
töhfələr verəcək.
Rayon ərazisində olan iqlim-balneoloji şərait,
dağ meşələri, kurort məqsədləri
üçün istifadə edilən mineral bulaqlar sayəsində
Ağdamda ekoturizmi sürətlə inkişaf etdirmək olar. Bundan əlavə,
digər müalicəvi sular bölgənin işğal
olunmamış ərazilərində qalmaqdadır. Buna misal olaraq Quzanlı kəndi ərazisindəki
Çullu duzlu suyu göstərmək olar. İçməli su üçün qazılan
quyudan indi də gur müalicəvi su hədər yerə
axır. Təəssüf ki, 1952-ci ildə
qazılan quyu hələ də istifadə olunmur.
Ağdamda mövcud olan əlverişli coğrafi şərait,
adət-ənənələr, qonaqpərvərlik kənd
yaşıl turizminin inkişafına əlverişli şərait
yaradır. Ağdam rayonu aqroturizm üçün ideal məkandır.
Daha sonralar kəndlərdə yaşayan gəncləri
aqroturizm, fotoovçuluq, yaşıl turizm operatorluğu kimi
yeni peşə və ixtisaslara həvəsləndirmək
mümkündür. Kənd turizmi həm kənd təsərrüfatı
üçün yaxşı mənbədir, həm də yeni
iş yerləri və kəndlilər üçün əlavə
qazanc deməkdir. Kənd turizminin inkişafı
ilə əhalinin məşğulluq səviyyəsini
qaldırmaq olar.
Onun ərazisindən axan çaylar da rafting (raft adı
verilən qayıqları avar vasitəsilə idarə edərək,
çay boyu qayaları və maneələri aşaraq devrilməməyə
çalışmaq) üçün çox əlverişlidir.
Zamanla turist sayının artması, fəal istehlak turizm
bazarının yaranmasına, turizm sahəsi üzrə məhsul
istehsalının və yerli turizm sənayesinin investisiya cəlbediciliyinin
artmasına səbəb olacaqdır. Turistlərin tələbatları
nəticəsində istehsalın və satışın həcmi
artdıqca bölgədə turizm sənayesinə uyğun
yeni obyektlər (otellər, istirahət və əyləncə
mərkəzləri, iaşə müəssisələri və
s.) tikilə bilər.
Ticarət mərkəzlərinin yaradılması
üçün Ağdamın özünəməxsus
perspektivi vardır. Topdan və pərakəndə
satış məntəqələrinin açılması ilə
əhalisini işlə təmin etmək mümkündür.
Turistlərin marağına səbəb olan amillərdən biri Ağdamın özünə xas milli mətbəxdir. Ağdamın milli mətbəxini, həmçinin, şərablarını dadmaq üçün çoxsaylı turistlər səfər edəcəkdir. İstifadəyə verilən kafe və restoranlar rayonun zəngin mətbəxini turistlərə nümayiş etdirəcəkdir.
Qarabağı təhlükəsiz zonaya çevrilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər burada turizm infrastukturunun formalaşması və dinamik inkişafına səbəb olacaqdır. Beləliklə, Qarabağın turizm potensialı haqqında dünyaya çatdırılan reallıqlar Azərbaycana yeni investisiyaların cəlb olunmasına yollar açacaqdır.
Ağdam öz potensialı ilə yüksək inkişaf vəd etməkdədir. Otuz il ərzində düşmən tapdağı altında qalması rayona nə qədər böyük ziyan vursa da, ümid edirik ki, çox qısa zamanda Ağdam Azərbaycanın ən əsas iqtisadi rayonlarından birinə çeviriləcəkdir. Ölkə Prezidenti İlham Əliyev II Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Xalq olaraq buna inanıb səbirsizlikə bu cənnəti görməyə tələsirik.
Əminliklə deyə bilərik ki, Ağdamda
həyat yenidən dirçələcək və qısa
zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə
çevriləcək.
Şəfəq
HÜSEYNQIZI
İqtisadiyyat
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2021.- 30 noyabr.- S.14.