Sənət dünyasına elmi-nəzəri və fəlsəfi baxış  

 

Bu yaxınlarda Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində maraqlı bir mövzuda yazılmış dissertasiyasının müzakirəsində elmi çıxışlar sırasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun mövzu ilə bağlı fikirlərini diqqətlə izlədim. Mənim Əlisəfdərin fikirlərinə xüsusi diqqətim birinci növbədə onun yaradıcılığında duyduğum orijinal fikirləri, təkcə məşğul olduğu incəsənət sahəsində deyil, bütövlükdə sahib olduğu elmi düşüncələri, maraqlı təhlilləri, elmi-publisistik üslubu və s. keyfiyyətləri çəkdi. İkincisi, mənim əməkdaşı olduğum BDU Jurnalistika fakültəsinin məzunu olması ilə bağlıdır.

 

Bir vaxtlar tələbəmiz olmuş Əlisəfdərin elmi-publisistik uğurları məni həmişə maraqlandırıb. Onun hələ lap gənc yaşlarında bir jurnalist kimi müxtəlif qəzetlərdə, televiziyalarda göstərdiyi yaradıcılıq, peşəkarlıq xüsusiyyətləri tələbə auditoriyasında mənim tez-tez müraciət etdiyim faktlar sırasında olub. Həm də ona görə ki, Əlisəfdər jurnalistikada praktik fəaliyyətindən tutmuş bugünkü elmi yaradıcılığına qədər bütün məqamlarda dövlətçilik, azərbaycançılıq, milli ideallara üstünlük verməkdədir. Onu hələ tələbəlik illərindən bu ideallara sahib adam kimi tanımışıq. Təsadüfi deyil ki, uzun müddət hərbi jurnalist kimi fəaliyyət göstərmiş, Birinci Qarabağ müharibəsində döyüşçülərimizin yanında olmuş, elə buna görə də həmin müharibənin veteranı statusuna layiq görülmüşdür. Həmin illərdən başlayaraq Əlisəfdər  incəsənət dünyasına bağlanmış və bu sahədə saysız-hesabsız publisistik məqalələr, elmi-publisistik kitablar nəşr etdirmişdir. Təkcə kitablarının adlarına diqqət etsək, onun hansı tematikaya, hansı estetik ideallara xidmət etdiyi aydın olar: "Həsən Məmmədov" (1990), "Döyüş havası" (1996), "Kino: yuxudan reallığa" (1998), "Kino və poeziya" (2000), "Tanış mövzuda  variasiyalar" (2009), "Səhnədən o yana, yaxud sözün "şəkli" (2012), "Kinoterminlərin izahlı lüğəti" (2015), "Kinomuzda Anar fenomeni (2015)", "Kinonun fəlsəfəsi" (2019), "Vaqif Mustafayev" (2021),  "Sevgimizdən usanmayaq" (2021).

 

Bu kitabların hər birində Azərbaycan mədəniyyətinin işığı, bu işığı yaradanların zəngin ömür portreti, bütövlükdə ədəbi-bədii sənət dünyasının ən müasir formatda təhlilləri var. Əlbəttə, bir qəzet məqaləsində bu nəşrlərin kontent-analizini vermək çətindir, lakin Əlisəfdərin bu əsərlərinin ümumiləşdirilmiş fəlsəfəsi belə bir qənaətə gəlməyə imkan verir ki, o, tematikası çox geniş olan, müasir Azərbaycanın yaradıcılıq dünyasını dünya ədəbi-mədəni kontekstində təhlil edən və bu elmi-publisistik təhlilləri ilə oxucunu sabaha - Azərbaycanımızın yeni dövr inkişafına yönəldən bir alim, publisist və vətəndaşdır. Yazı masamın üstündə onun son illərdə (2015-2021) nəşr etdirdiyi dörd kitabı var. Əlisəfdərin bundan əvvəlki kitablarının da mövzu dairəsi - tematikası çoxsahəlidir. Əlimdəki 4 kitab isə birbaşa incəsənətə və incəsənət adamlarının fəaliyyətinə həsr olunub. "Kinomuzda Anar fenomeni", "Kinonun fəlsəfəsi", "Vaqif Mustafayev" və "Sevgimizdən usanmayaq" adlanan bu kitabları bir aktual mövzu birləşdirir - sənətkarın estetik idealı! Müəllif bu əsərlərdə bədii sənət adamlarının mükəmməl obrazlarını təqdim etməklə özünün də estetik idealını, fəlsəfi düşüncələrini bizə çatdırır.

 

"Kinomuzda Anar fenomeni" kitabında Azərbaycan bədii ədəbiyyatında, eləcə də milli kino sənətimizdə misilsiz xidmətləri olan Xalq yazıçısı Anarın bu sahədəki fəaliyyəti araşdırılır. Həm də təkcə bu sahədə yox. Müəllif Anarın bədii ədəbiyyatdan yeri gəldikcə kino sahəsinə keçidini bu iki istiqamətin vahid prinsipləri istiqamətində araşdırır. Həmin kitaba duyğulu bir ön söz yazmış Vidadi Qafarov çox düzgün qeyd edir ki, "Ə.Hüseynov bu monoqrafiyada kinoşünaslığımızda ilk dəfə olaraq Anarın kino yaradıcılığını kompleks halında araşdırır. Müəllif Anarın istər ssenarist, istər rejissor kimi yaradıcılığını, istərsə də əsərləri əsasında çəkilmiş həm bədii, həm sənədli, həm də televiziya filmlərinin, demək olar ki, hamısını, hətta xarici ölkələrdə çəkilmiş filmləri belə təhlilə çəkərək Anarın kino yaradıcılığının bitkin elmi mənzərəsini yaradır".

 

Kitaba diqqət etdikdə bu fikirlərin həqiqət olduğu aydın görünür. Ə.Hüseynov Anarın bədii nəsrindən yaranan filmləri, yaradıcılığı Vətən sevgisi ilə dolu bu insanın Üzeyir Hacıbəyli, Mirzə Cəlil kimi millət fədailərinin mükəmməl obrazlarını yaradan filmlərini - "Gün keçdi", "Dədə Qorqud", "Dantenin yubileyi", "Ötən ilin son gecəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı", "Hər axşam on birdə" kimi kino hadisəsinə çevrilən filmləri, bu filmlərin bədii qaynaqlarını, yaranma mexanizmi, ssenari, rejissor, aktyor kimi vacib yaradıcılıq komponentlərini kamil bir sənətşünas baxışı ilə təhlilə cəlb etmişdir. Bu təhlillərdə Anarın dünya söz və vizual sənət aləminə, beynəlxalq sənət məktəblərinə münasibəti Əlisəfdərin öz təhlillərində müraciət etdiyi, müqayisələr apardığı faktlarla üst-üstə düşür. Və belə məqamlarda Anar yaradıcılığına bələd olan hər kəs Əlisəfdərin bu yaradıcılığı təhlil etməyə mənəvi haqqı olduğunu etiraf edə bilər.

 

Kitabın sonunda Əlisəfdərin Anarla bir müsahibəsi yer alıb. Çox maraqlı bir formatda aparılan bu müsahibə janrın fenomenal bir formatındadır - fikrinə ona görə gəlirəm ki, burada jurnalist müsahibə verdiyi suallarla Anar yaradıcılığına necə bələd olduğunu bir daha sübut edir.

 

Əlisəfdər Hüseynov adətən o kəslərin yaradıcılığını elmi-publisistik təhlilə cəlb edir ki, həmin yaradıcılıq ciddi təhlillərə, oxucuya ünvanlanacaq bir əsərin mütləq mənada uğurla qarşılanacağına əsas verir. Belə yaradıcılıq faktına malik kino adamlarından biri də Vaqif Mustafayevdir və Əlisəfdər ona da ayrıca bir monoqrafiya həsr etməklə çox ədalətli bir missiyanı yerinə yetirmişdir.

 

Təcrübə göstərir ki, hər hansı bir mövzunun qələmə alınması həm də hansısa bir stimul faktına bağlıdır. Əlisəfdər Hüseynovun Vaqif Mustafayev yaradıcılığına bütöv bir monoqrafiya həsr etməsi, kitabın giriş hissəsində özünün həvəslə qeyd etdiyi kimi, Ümummilli liderimiz Heydər Əliyevin bu istedadlı kinorejissorun yaradıcılığına verdiyi qiymətlə bağlı olub. Müəllif kitabın əvvəlində Vaqif Mustafayev yaradıcılığını belə qiymətləndirir:

 

"Azərbaycan kino sənətində öz üslubunu, öz yaradıcılıq fəlsəfəsini, öz dilini yaradan rejissorlar haqqında fikirləşəndə mənim yadıma həmişə ilk növbədə Vaqif Mustafayev düşüb. Özü də təkcə ona görə yox ki, onun yaradıcılığının bədii-estetik dəyəri ölkəmizdən kənarda da lazımınca qiymətləndirilən, Azərbaycan kinosunu dünyada kifayət qədər tanıdan, onun simalarından birinə çevrilən bir sənətkardır. Bəlkə də daha çox ona görə ki, Vaqifin fimləri təkcə milli kino sənətimizi yox, bütövlükdə Azərbaycanı, Azərbaycan xalqını, onun milli özəlliklərini və eyni zamanda, bəşəri dəyərlərə sadiqliyini tanıda bilən sənət nümunələridir".

 

Müəllifin bu fikirləri monoqrafiyaya bir tezis xarakteri daşıyır və bütün əsər boyu bu tezis kontekstində təhlillər aparılır. Monoqrafiyada müəllif rejissorun "Yaramaz", "Qartal", "Hər şey yaxşılığa doğru", "Milli bomba", "Yerlə göy arasında" kimi filmləri, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş on sənədli filmi və digər yaradıcılıq faktları ətrafında təhlillər aparır və bununla da Vaqif Mustafayevin rejissor dünyası bütöv şəkildə elmi publisistikanın təhlil faktına çevrilir.

 

Biz bu nöqtəyə qədər Əlisəfdərin elmi-publisistik yaradıcılığının fəlsəfi istiqamətləri barədə onun əsərlərinin kontent-analizindən doğan məqamlarla danışdıq. Amma onun əsərləri içərisində incəsənətin birbaşa fəlsəfəsinə baxışla bağlı ayrıca kitabı da var: "Kinonun fəlsəfəsi".  Əsərdə filmin ümumiləşdirilmiş şəkildə  antologiyası - təsvir, hərəkət, məkan və zaman aspektində nəzəri əsasları, kino sənətində virtual reallıq, xoronotop, filmdə təhkiyə, nitq, ekran təhkiyəsinin spesifikası, montaj üsulları və s. kimi sənətşünaslıq məqamları təhlilə cəlb edilir. Maraqlı tərəf həm də orasındadır ki, bütün bu nəzəri məsələlər birbaşa Azərbaycan və dünya kino sənətinin əsasları ilə təqdim olunur. Bununla da dərslik səviyyəsinə yüksələn bu əsərdə nəzəriyyə və praktika bir-birini tamamlayır. Müəllifin filmdə zaman, məkan formatını aydınlaşdıran fikirlərdən birinin fəlsəfi yönünə diqqət edək:

 

"Anarın öz ssenarisi əsasında çəkdiyi "Qəm pəncərəsi" filmi qapalı məkan - psixoloji məkan tandemi üzərində qurulmuşdur. Filmdə hadisələr məhz bu iki məkanda - ömrünün qürub çağını yaşayan Mirzə Cəlilin mənzilində və Danabaş kəndində cərəyan edir. Soyuq mənzil unudulmuş, heç kimin yadına düşməyən, bir növ həyatdan, sosial məkandan təcrid olunmuş Mirzə Cəlilin həyatında son dayanacaqdır. Bir müddət sonra o, mənzili qızdırmaq üçün əlyazmalarını peçə atacaq və... Amma buna qədər Mirzə Cəlil bir ədib kimi kəşf etdiyi ədəbi (və həm də real) məkana - Danabaş kəndinə psixofizioloji səyahətə çıxır, otağın pəncərəsindən o tərəfdəki dünyanı "qəm pəncərəsindən" bir daha seyr edir. Pəncərənin şüşəsi filmdə səthi ekran müstəvisi statusu qazanır, sonrakı kadrlar, epizodlar sanki bu müstəvi üzərinə proyeksiya olunur və Mirzə Cəlilin yaddaşındakı reallığın ifadəsinə çevrilir".

 

Gətirdiyimiz bu sitat Əlisəfdərin kino sənətinə nə qədər dərindən bələd olduğunu sübut edir və deyək ki, "Kinonun fəlsəfəsi" bütün nəzəri əsaslarında beləcə fəlsəfi istiqaməti ehtiva edir. Əsərdə filmdə musiqi, mətn və fəlsəfi motivlər də həmin ciddi elmi-publisistik üslubda təqdim olunur.

 

Əlisəfdər Hüseynov eyni motivləri, eyni fəlsəfi yanaşmaları incəsənət ustadlarına dair çoxsaylı portret oçerklərində də nümayiş etdirir. Onun "Sevgimizdən usanmayaq" adlı kitabında toplanan portret oçerklər məhz bu istiqaməti ilə də diqqəti cəlb edir. Bu oçerklərdə müəllifin dirijor, rejissor, müğənni, bəstəkar sənətkarlığına tam bələdlik nümayişi obrazların daxili aləmini, fəaliyyət sferasını, nümunəviliyini açmağa, onların sənət ömrünü tam ifadə etməyə şərait yaradır.

 

Beləliklə, bəzi əsərlərinə nəzər salmaqla bir daha görürük ki, Azərbaycan sənətşünaslığında Əlisəfdər Hüseynov kimi elmi-nəzəri biliyə, praktik yaradıcılığa sahib, bu sahədə ciddi axtarışlar prosesində yeni əsərlər ortaya qoyan bir alim formalaşıb. Bu alim-publisistin əsərləri təkcə incəsənət aləminin adamları üçün deyil, filoloji, politoloji, humanitar sahələrin hər biri üçün maraqlı vəsaitlər kimi qiymətləndirilə bilər.

 

 

 

Cahangir MƏMMƏDLİ

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2021.- 2 oktyabr.- S.20.