Zəkanın və Ruhun bayramı -

 

 

KİTABÇILIQDA SUPER QƏHRƏMAN

"Fədakar insanlar dünyanı xilas edəcək!" Hər kəs uşaqlıqdan bu fikrə qəribə bir inam bəsləyib. Xüsusi, seçmə insanlar var ki, elə bilirsən, dünya onların çiyinləri üstündədir. Baxdığımız cizgi filmlərinin, eşitdiyimiz xalq nağıllarının bu düşüncədə böyük rolu var. Belə insanlar "bu işə məhz mən imza atdım" deyib qürrələnməyiblər, onlar çatmaq istədikləri hədəflər vasitəsilə insanların yaxşı bir şeyə nail olacaqlarına seviniblər. Cizgi filmlərində heyranlıqla izlədiyimiz super qəhrəmanları xatırladırlar onlar - yenilməz, bütün çətin vəziyyətlərdə çıxış yolu tapan, sınmayan, əzilməyən...

 

Oktyabrın 1-də start götürən və oktyabrın 10-a qədər davam edəcək Milli Kitab Satış Sərgisi paytaxtımızda əsl nəşriyyat, ümumən mədəniyyət bayramıdır. Bayram ab-havasını yaratmaq, bu qədər insanı cəlb eləmək, ən əsası, belə yüksək ovqat yaratmaq asan iş deyil.

 

"Qanun" nəşrlər evinin rəhbəri, naşir Şahbaz Xuduoğlunun təşkil etdiyi festival olduqca maraqla qarşılanır və buna görə təşəbbüskara böyük minnətdarlıq bildirmək bütün kitabsevərlərin öhdəliyindədir. Sosial şəbəkədə belə bir video ilə rastlaşdım: Şahbaz bəy şəhərin mərkəzində insanlara festivalla bağlı broşürlər paylayır, onları keçiriləcək sərgiyə dəvət edir. Onun gözlərində böyük ümid var, sevinclidir, cavansayağı həvəslidir, hər broşür verdiyi insanı qənimət sayır, kimsə broşür uzadılan əlini geri çevirəndə ruhdan düşmür, mənfi reaksiya vermir, növbəti adama daha ürəklə yaxınlaşır. Şahbaz bəy inanır, ümid edir ki, daha böyük oxucu kütləsi cəlb edəcək.

 

Düzü, bu görüntülər məni nə qədər sevindirdisə, bir o qədər də kövrəltdi. Mətbuatımızın banisi, böyük maarifçi Həsən bəy Zərdabini, onun təsis etdiyi ulu "Əkinçi"ni xatırladım. Şahbaz bəyi Zərdabiyə bənzətdim. O da küçələrdə havayı qəzet səhifələri paylayırdı. Hər oxunan hissəni qənimət hesab edirdi. Bir amalı var idi: bu, başı zillətlər çəkən cəfakeş xalq dirçəlsin, bəsirət gözü açılsın...

 

Sərgidə iştirak etdiyim müddət boyu Şahbaz Xuduoğlunu xüsusi müşahidə edirdim. Gah zirzəmidə yanaşı düzülən kitab stendlərini dolaşır, gah "Qanun"un yer aldığı hissədə işçilərlə birlikdə kitab satışı edir, gah yuxarı qalxaraq təşkil olunan görüşlərə qoşulur, çox vaxt fikirlərini bölüşür, telefonu ilə bir-iki görüntü qeyd edir və yenidən aşağı enir. Həyəcanlıdır, istəyir ki, hər şey yolunda getsin. Bu ongünlüyün "super qəhrəmanı"na böyük təşəkkür düşür, var olun, Şahbaz bəy!

 

 

 

İNCƏSƏNƏTLƏ QOŞA

 

Sözün düzü, bu sərgini bu şəraitdə, belə şərtlərlə, tam müstəqil təşkil olunma səbəblərinə varmaq fikrində deyiləm, məsələnin mətbəxti çoxumuza bəllidir. Amma digər nəşriyyatların, müəlliflərin "Qanun"a dəstəyi, həmrəy münasibəti insanı sevindirir, ruhlandırır. Bu festival təkcə "Qanun"un ərsəyə gətirdiyi bir kitab sərgisi deyil, ümumi incəsənət nümayişidir, birgə fəaliyyətdir. Hər kəsin, hər nəşriyyatın işığı sərgiyə müxtəlif oxucular cəlb edib.

 

Satış-sərgidə kitablardan əlavə, əl işləri, incə zövqün işləmə məhsulları satışa çıxarılmışdı. Diqqətlə o işləmə müəlliflərinin gözlərinin içinə baxırdım. Necə də sevincli idilər... Lap satış zəif olsa da, yanaşıb məhsullarla tanış olanları çox xoş simayla yola salırdılar. Belə insanlar çox həssas olurlar, mənəvi dəyər onlar üçün daha mühümdür.

 

Canlı musiqi sərgiyə rəng qatır. Tarda ifa olunan mahnılar insanları daha xoş ovqata kökləyir. Burada xoş auralar vəhdətdədir. Əsl "incəsənət ongünlüyü"! Sovet dövrü ilə bağlı eşitdiyimiz bu ifadə tam milli şəkildə həyata keçir!

 

"QAĞAYILAR NİYƏ FIRLANIR?"

 

Sərgidə olduğum günlərdə Rəşad Məcidə yoldaşlıq elədim. Dəniz vağzalı tərəfdə görüşür, İdman sarayına qədər piyada gedirdik. Redaksiyadan kənarda daha maraqlı dialoqlarımız alınır, dostluğumuz qabarır, iş unudulur. Hər halda, onunla dünyanın o başına da getmək olar.

Sahildən qağayıları izləyirəm. Uzun dimdiklərini suya batırıb üç-dörd saniyə suda bullanırlar, yenidə qanad çalıb eyni diametrdə dəfələrlə dövr edirlər.

 

Bu dəm Rəşad Məcidin səsini eşidirəm:

 

- Lap akademiklər kimi seyr edirsən.

 

- Bəs akademik olacam da, məşq edirəm...

 

Gülüb yola davam edirik.

 

- Rəşad müəllim, görəsən, qağayılar niyə eyni yerdə dayanmadan fırlanırlar?

 

- Maraqlıdı...

 

Beləcə suallarla, cavablarla, xatirələrlə yolu qət edirik.

 

İçəri daxil olan kimi səsucaldıcılardan İslam Rzayevin ifasında "Tut ağacı boyunca" xalq mahnısı eşidirəm, bal kimi ifadır.

 

Kəramət Böyükçöllə rastlaşırıq, kitab satmağa gəlib. Xeyli söhbətdən sonra bir nəfərin yaxınlaşdığını görürəm:

 

- Siz Kəraməti hardan tanıyırsız?

 

- Feysbukdan.

 

- Bədii əsərlərindən nəsə oxumusuz?

 

- Yox, gəlmişəm ki, kitablarını əldə edim.

 

- İxtisasınız nədir?

 

- İqtisadçı.

 

- Yəni kitablarına yaranan maraq feysbukdan qaynaqlanır...

 

- Hə, dediyiniz kimidi.

 

Əslində, bu məsələ ətraflı düşünülməli, kitab marketinqi barədə sağlam tədbirlər görülməlidi. Hər halda, Böyükçöl böyük oxucu kütləsi cəlb edə bilib, sevindirici haldır...

 

Ayağımız da düşərli oldu, həmin gün "Kera" yaxşı kitab satdı.

 

Həmişəki şuxluğu, şaqraq gülüşü, pozitiv enerjini qoruyub saxlayan Aysel Əlizadə ilə rastlaşırıq. Rəşad Məcid idman papağını çıxarıb deyir:

 

- Aysel, necəsən, papağımı çıxartdım ki, tanıyasan, bayaqdan neçə nəfər papaqla məni tanımayıb.

 

- Rəşad müəllim, sizi tanımamaq olar? Rəşad Məcid brenddir.

 

Güman ki, bu sözlərdən sonra günün, bəlkə də sərginin sonunacan Rəşad Məcidin ovqatını təsəvvür eləmək oxucular üçün bir o qədər də çətin olmaz...

 

Sərgidəki müşahidələrim bəzən qağayıların dövriyyəsi kimi məni təəccübləndirirdi. İnsanlar stendlər arasında təkrar-təkrar dolaşırdılar, yarmarkanı dövr edirdilər. Aldıqlarını almışdılar, almadıqlarını növbəti günlər üçün planlayırdılar. Amma stendlərdə kitablar barədə məlumat verən şəxsləri maraqla dinləyir, nəşrləri vərəqləyir, diqqətlə göz gəzdirirdilər. Onları gördükcə sahildəki qağayıları xatırlayırdım. Suda islanan qağayılar cümlələr içərisində heyranlıqla dolaşan insanları xatırladırdılar...

 

 

 

RAFİQ TAĞI, SƏN DƏ BURDASAN...

 

Rasim Qaracanı yüz adamın içərisindən rahatlıqla seçmək mümkündür, işıqlıdır, misraları ilə əzizdir... Şeirlərinin heyranı olduğun adamlarla ən qısa söhbət belə xüsusi anlam daşıyır. Ruhunu sevdiyin insanlarla üz-üzə gəlirsən, utanmasan, bağrına basarsan, sevgini izhar etmək üçün əldən-ayaqdan gedərsən. Rasim Qaracanın diksiyasında da şeirlərindəki kimi hüzur var, insanı rahatladır.

 

"Alatoran"ın stendində, çoxdan axtardığım kitaba rast gəldim - Rafiq Tağının hekayələr kitabına. Kitabı götürüb uşaq kimi sevindim. Öz-özümə xısın-xısın pıçıldadım: "Rafiq Tağı, sən də burdasan, ətrafımızdasan, sevgimizdə, oxumuzda qərar tutmusan, gül butasında xallanıb, nər qarnında, qartasında, Rafiq Tağı burdadı... Ölkə bildi, bildi..."

 

NİGAR KÖÇƏRLİNİN ÜRƏYİ

DOLUDUR - HƏYƏCAN TƏBİLİ

 

Yarmarkanın ən maraqlı cəhətlərindən biri hər saatda bir panelin təşkil olunmasıdır. Dinlədiyim panellərdən biri də kitabların üzərinə qoyulan vergilərlə bağlı idi. Fazil Mustafa, Osman Gündüz, Şahbaz Xuduoğlu iştirakçılarla qarşılıqlı həmsöhbət idilər.

 

Kitab nəşrinin ən aktual problemlərini müzakirə edirdilər. Tələb olunan vergilər kitabların maya dəyərinin yüksək olmasına səbəb olur. Bu da öz növbəsində satış qiymətinə təsir edir. Kitabların qiymətinin yüksək olması bəzən onları müəyyən insanlar üçün əlçatmaz edir. Gömrükdəki problemlər, vergi məsələləri naşirlərin fəaliyyətinə də mane olur, daha böyük kefiyyətin qarşısını alır, fəaliyyət dairəsini darlaşdırır, yeni nəşriyyat evlərinin açılmasının qarşısını alır. Bu isə rəqabət mühitini zəiflədir.

 

"Əli və Nino" kitab mağazalarının rəhbəri Nigar Köçərli bu barədə xüsusi həyəcanla çıxış edir, dəfələrlə söz istəyib fikirini bölüşürdü. Nigar xanımın emosional çağırışları, əslində, nəşriyyat sistemi naminə həyəcan təbili idi.

 

Rəşad Məcid vergi xidmətinin nümayəndələri ilə naşirlərin görüşünü, müzakirəsini çıxış yolu kimi görür. Onun fikrincə, naşirlər mövcud problemlər barədə öz fikirlərini vergi xidmətinin məsul şəxsləri ilə bölüşsələr, dövlət tərəfindən müəyyən güzəştlər olunar.

 

NİTŞENİ SİTATLARDAN OXUYAN AQİL ABBAS

 

Dəyərli alim Ədalət Tahirzadənin maraqlı söhbətlərindən sonra millət vəkili, yazıçı Aqil Abbasla qarşılaşdıq. Aqil müəllim zəngin əhvalat arxivinə malik insandır, danışdıqca dinləmək istəyirsən.

 

Aqil müəllim keçmişi yada salır: "Əvvəllər kitabları belə rahatlıqla əldə eləmək olmurdu. Nitşe haqqında tənqidi kitab çap olunmuşdu. Bir sıra alim onu sərt tənqid eləmişdi. Mən Nitşeni həmin alimlərin gətirdiyi sitatlarda oxumuşam, təsəvvür edirsən?!"

 

Həvəsə baxın, qısa sitatlarla mütaliə...

 

Qəşəm Nəcəfzadə də bu söhbətlərin içində idi. Gözəl təşəbbüs irəli sürdü: "Dərsliyə daxil olunan sağ müəlliflər həmin dərslərdə özləri iştirak eləsinlər, həmin dərs onlara həvalə olunsun".

 

Aqil Abbas çıxaçıxda mənə dedi: "Qəşəmin təşəbbüsünü qəzetə verəcəm, əla dedi!"

 

Qəzetçilər belə olur, harda olsalar da, qəzet üçün material fikirləşirlər...

 

***

 

Hələ, Milli Kitab Satış Sərgisinin növbəti beş günü qarşıdadır. İnanıram ki, son günə qədər insan axını belə gur olacaq. Bu yarmarka həm də köhnə və yeni nəsl arasında körpü oldu. Müasir yazıçılarla nə qədər maraqlandılarsa, Əlisa Nicatın, Mövlud Süleymanlının, Seyran Səxavətin, Elçinin canlı söhbətlərini dinləmək oxucular üçün bir o qədər əlamətdar oldu.

 

Yaşasın keyfiyyətli oxu naminə mücadilə aparanlar! 

 

 

Nadir Yalçın

 

525-ci qəzet.- 2021.- 6 oktyabr.- S.16.