Təfəkkür-Təxəyyül-İstedad üçbucağı

XALQ YAZIÇISI KAMAL ABDULLANIN 7 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA DÜŞÜNCƏLƏR

 

Adətən təfəkkürü, təxəyyülü dolğun həyatı müşahidə və geniş mütaliə, əhatəli savad qidalandırır. Xoşbəxt Tanrı övladı o kəsdir ki, həqiqətən yaradıcıdır, istedadlıdır, həm zəkasının üfüqlərinə baş çəkir, məhsulunu ortaya qoyur, həm də hiss və duyğularının, həyəcan və sevinclərinin dililə adamlarla  danışdırır, daha doğrusu, bədii ilahi sözün qüdrətindən yararlanır, qatlarına enir, yüksəkliyinə qalxır. Şübhəsiz, Xalq yazıçısı Kamal Abdulla belə nadir talantlı bəxtəvər Allah bəndəsidir.

 

Neçə il öncə tələbəykən "Sehrbazlar dərəsi" romanını oxudum, daha sonra "Yarımçıq əlyazma"dan, "Unutmağa kimsə yox"dan, "Gizli Dədə Qorqud"dan, bir sözlə, müəllifin nəsr yaradıcılığından filologiya fakültələrində dərs keçdilər. Müəllimlərimin "çağdaş ədəbiyyat" adı altında öyrətdiklərini dönə-dönə "su kimi içdim". Kamal Abdullanın "Tarixsiz gündəlik" povestini və hekayələr silsiləsini ("Qərar", "İlişin qayıtmağı", "Son gəliş", "Dəvə yağışı", "Adaşlar", "Parisin seçimi", "Adı özündən uzun qah-qah xanımın nağılı", "Ay işığı", "Həzin yay axşamı", "Bir sevgi hekayəti", "Qədiməli kişionun bülbülü", "Köhnə məhlə", "Platon, deyəsən, xəstələnib", "Asiman və Zəminə", "Kölgə", "Qar", "Mağaza", "Edam vaxtını dəyişmək olmaz", "Sağlıq" və s.) sevə-sevə öyrəndim. Bu irili-xırdalı nəsr nümunələrində həyat eşqi, poetik dil zənginliyi, maraqlı, özünəməxsus fərdi üslub, rəngarəng obrazlar aləmi oxucunu düşündürür, duyğularına hakim kəsilir.

 

Xalq yazıçısı Kamal Abdulla esselərində ("300 azərbaycanlı" kitabı sübutdur) filosofdur, nəsrində şairdir, poeziyasında nasir. Eləcə də bədii publisistikasında, dramaturgiyasında, dilçiliyə aid saysız nəzəri məqalələrində (kitablarında) görkəmli alimdir, təkrarsız-bənzərsiz yaradıcı şəxsiyyətdir. O, pedaqoqdur, ictimai xadimdir, fəal ziyalıdır, bütün işıqlı fəaliyyəti isə  təfəkkür, təxəyyül, istedad üçbucağında birləşir və istiqamətini tapır.

 

Məncə, Kamal Abdulla sözlə rəftarda çox cəsarətli və sərbəstdir. Az müəllif tapmaq olar ki, hər cümləsi və ya hər misrası aforizm səviyyəsinə yüksəlsin. Yaradıcılığından bəhs elədiyim müəllif isə yazıda sözün hökmranıdır, mütləq sürətdə hökmranı. Onun roman və povestlərindən, esse və şeirlərindən istənilən kiçik parçanı mətndən ayırıb zərb-məsəl şəklində işlətmək  mümkündür. Məsələn, Kamal Abdulla qəhrəmanı Hacı Mir Həsən ağa Səyyahın ("Sirlərin sərgüzəşti") dilindən oxucusuna eşitdirir: "Vaxtdan qisas almaq üçün onu yaşamaq lazımdır". Bircə bu cümləni görkəmli yazıçının bütün əsərlərinə epiqraf seçmək olar. Çünki həmin əsərlərdə həyata inam var, ən tragik məqamlarda belə Kamal müəllimin obrazları nikbindirlər. Lap girdabın dibində, uçurumun kənarında dursalar da...

 

ya Bakı Slavyan Universitetində dünyalarca məşhur Azad Mirzəcanzadəylə birgə oxuduqları  mühazirələrindən sitat: "...Poeziya bu gün - məcazların ali cəbridir..."  (Kamal Abdulla, seçilmiş əsərləri, 7 cilddə, V cild. Elmi əsərlər bölümü).

 

Şeirlərində Kamal Abdulla bənzərsizliyini, "müstəqilliyini" bütün varlığıyla, dişiylə-dırnağıyla qoruyur. Heç kəsə oxşamamaq, heç kəsi təkrarlamamaq. Minlərlə şairdən, söz sərrafından yan qaçmaq bacarığı. O, təsdiq edir ki, Tanrı hər bir insanı özünəməxsus yaratdığı kimi, onun kamil zərrəsi insan da nəyisə orijinal ərsəyə gətirməyə qadirdi. "Səninki yenə də səndə qalacaq" adlı şeirinin bir bəndinə diqqət  yetirək:

 

Kimdən nə kəsmisən, səndə qalacaq -

Məhəbbət səadət, gözəllik, vüqar.

Səndən heç bir  hesab almayacaqlar,

Səninki yenə də səndə qalacaq.

 

Şairin bu cür dərinliklərə işləyən, mistik ovqat formalaşdıran onlarla şeiri var. Heç kəs, hazırlıqlı oxucu döşünə döyüb  deyə bilməz ki, bu nümunələr  kimlərinsə yazdıqlarının oxşarıdır. Qəribədir, bəzən heca şeirlərində forma-qəlib pozulur, artıq ifadələr işlənir, ancaq misraların ruhu, canı görürsən, dipdiridir, yerindədir, salamatdır. Füzulinin ölməz "Ver sözə əhya ki, tutduqca səni xabi-əcəl" misrası yada düşür. Yox, Kamal Abdulla nə poeziyasında, nə tərcümələrində, nə də estetik yüklü esselərində heç kəsi yada salmır - özündən başqa. Düşüncələrinin hər birindən məhz özü boylanır.

 

Esselərindən sətirlər: "Adam var ki, bu dünyada bəxti gətirmək adına nəyi varsa, yoxsa, o da ancaqancaq doğulub yaşamağıdır". Gözəl deyimdir, həyatın altını üstünə çevirən müdrikyanə deyim tərzi. Dürüst qiymət, sərrast ifadə. Bu bir cümləlik fikir bulağının  gözündən nə qədər istəsən, sərin su götürüb içə bilərsən. Bu şərtlə ki, zəkan dolğun cümləni həzm etsin, oun əritsin, özününkü eləməyi bacarsın...

 

"Ədəbiyyat həmişə nəyinsə qırıldığı, sındığı yerdən başlayır. Düz yerdən ədəbiyyat heç zaman  başlaya bilməz". Buna isə haqq qazandırmaq asandır. Nizamini, Nəsimini, Füzulini, Xəyyamı, Şekspiri, Qoqolu, Axundovu, Mirzə Cəlili, Hüqonu, Servantesi, Kafkanı, Heyneni, Bayronu, Dümanı, Dostoyevskini, Lev Tolstoyu, Çexovu, Nazim Hikməti, çağdaş nobelçiləri xatırlatmaq, onlara tərəf boylanmaq kifayətdir. "Təsir əks təsirə bərabərdir" qanunu kəşf olunub. Həyatda nəsə baş verirsə, əks reallığını tapır. Heç bir dahi insan, yazar xoşbəxt yaşamdan, bəxtəvərlikdən qalın-qalın, cild-cild kitablar yazmayıb. Həmişə təlatümlər, cəmiyyətin içindəki püskürmələr rezonans doğurub, talantlı bəşər övladlarını hərəkətə gətirib. Oyanmalar, ayılmalar dünyanı irəli dartıb və nəticədə faciələrin fövqündə nəhəng,  qlobal hadisələr bədii inikasını tapıb.

 

"Mətn bətn kimi!" Kamal Abdullanın özününetiraf elədiyi kimi, yanaşı çəkilən bu iki söz yalnız zahirən həmqafiyə, "qohum" deyil, eyni zamanda, batini bir yaxınlıq, daxili bir harmoniya, gözlə görünə biləcək bir dərinlik məna-hikmət onları birləşdirir, eyni məcraya yönəldir. Mətn də doğulur, anadan olur, ilk növbədə yaddaşda rüşeym halında yaranır, təcəssüm edir, nüvə şəklindən sonra yetişir və idrakın bətnindən yazıya köçürülür. Sözlə bu cür oyun oynamaq, ustadyanə davranış, ağayanə hərəkət müəllifin yaradıcılığında çeşid-çeşiddir, silsilə kimidir. Alimin sözü o qədər canlı və diri təsir bağışlayır ki, istənilən mövzu oxucuyla göz-gözə, üz-üzə  dayanır. Mətn mətnlikdən çıxır, həmsöhbətə, mərhəm bir canlıya çevrilir, səni ovundurur, yüngülləşdirir, təsəlli verir, aləmini zənginləşdirir, toxdayır. Bax, Kamal Abdullanın mətninin sehri, sirri barədə nə qədər desən, söz-söhbət bitməz.

 

Dədə Qorqud eşqi sanki Kamal Abdullanın bütün bədii-elmi mətnlərinin, şeir parçalarının, esse və pritçalarının şahlıq quşudur, hər hansı bir fəlsəfi düşüncəsinin, fikrinin çiyinlərinə qonub. Araşdırıcı gizlin məxəzlərə baş vurur, yeni mənbələr öyrənir və söz-sözə calanır, söz-sözü çəkir, dərhal ortada bir təzə Dədə Qorqud peyda olur. Bu, Kamal Abdulla kəşfi, Kamal Abdulla məhəbbətidir ki, kəlməbaşı ifadə edilir, dilindən düşmür. Elə bil müəllifin hər mətnindən bir Dədə Qorqud qapıdan içəri girir, onunla ünsiyyət tapır, dil-ağız edir, ağsaqqal məşvərətini verir, yol göstərir, boy boylayır. "Gizli Dədə Qorqud" adlı epos-dastan müstəvisindəki təhlilində o,  üzünü təkcə türkdilli xalqların folklor bilicilərinə tutmur, o cümlədən, dünya mifoloji təsəvvürləri götür-qoy edir, müqayisəli araşdırmaları ilə hamını heyran qoyur: "Kitabi-Dədə Qorqud" (KDQ) mətnində elə məqam var ki, onu açmaq üçün  heç bir üsul və təhlil dərinliyi yetərli olmur". Bu məntiqi qənaəti inkişaf etdirən müəllif qədim yunan fəlsəfəsinin, Platonun mifoloji düşüncələrinin işığında əski türk dastanının  zidiyyətli obraz və surətlərinə haqq qazandırır, eposun motivlərini misal çəkir.

 

Həm Azərbaycanda, həm qardaş Türkiyədə, həm Orta Asiyada, həm də digər türkdlli xalqlar yaşayan ərazilərdə "Kitabi-Dədə Qorqud" dastanına maraq  göstərənlər, onu təhlil süzgəcindən keçirənlər, yetərincə rəy yazan alimlər kifayət qədərdir. Bəs Kamal Abdullanı həmin qorqudşünaslardan fərqləndirən cəhət nədir? Bunu bircə fikirlə ifadə etmək olar: eposa tamamilə yeni yanaşma tərzi, dastanı  özününküləşdirmək bacarığı.

 

Başqa bir aspektdən yanaşsaq, etiraf etməliyik ki, Kamal Abdullanın, eposa münasibəti sırf özünəməxsus olmaqla yaradıcı münasibətdir. Adətən, belə hallarda bədii təxəyyülü, yəni yazıçılığı alimliyinin dadına çatıb. Çünki "Kitabi-Dədə Qorqud" elə dastandır, nəinki üstündə işləyərkən hər surət, obraz haqqında, həmçinin, hər söz, metafor, ifadə, sətir, nəzm   parçalarında, misra barədə ayrıca düşünmək, qənaət hasil etmək gərəkdir. Kamal Abdullanın yaradıcı insan kimi fəaliyyətinin çoxşaxəliliyi "Kitabi-Dədə Qoqrud"un tədqiqində hər vaxt köməyinə yetib. Sözünün əvvəli də Qorqud olub, sonu da...

 

Hər talantlı adamın işi deyil, ömrünü-gününü tamamilə uğurlu söz uğrunda şam kimi əritsin. Kamal Abdulla daimi, əbədi sözlə mücalidədir, necə deyərlər, onunla yarışır, yatır, durur. Bütün yazılarını bir mərkəzi xətt birləşdirir, fərqi yoxdur, elmi məqalədi və ya bədii mətndir, tərcümədi, yoxsa essedi, publisistik məqalədi, kitab haqqında rəydi, resenziyadı. O, Qorqudşünaslığı elə bir mərtəbəyə qaldırdı ki, heç kəs bu qatın həndəvərinə yaxın düşə bilmir. Əhsən, belə təmənnasız, qeyri-adi sevgiyə. Coşqun ilhama, tükənməz güc-qüdrətə, ağıla, kamala, Qorqudnaməni türk xalqlarının mənəvi irsi-sərvəti, xəzinəsi sayan Kamal Abdullaya.

 

"Sirlərin sərgüzəşti" romanını təkcə Azərbaycanda deməzdim, ümumən çağdaş dünya nəsrində hadisə adlandırardım. Əsər sərbəst şeiri xatırladır, zahirən heç bir süjet xəttinə malik deyil. Şirəli cümlələr bir-birini əvəz etdikcə, xəstəhal Həsən müəllimin gözlərində tarixin  qaranlıq səhifələri varaqlanır. Bu, hansı zaman və məkan daxilində baş verir, heç romanın əsas qəhrəmanı da agah deyil. "Sirlərin sərgüzəşti"nin müqəddiməsində müəllif oxucusuna ilk andaca sözünün düzünü söyləməyi özünə borc sayır: "Dünya dönmədən düzənə  doğru irəliləyirdi. Amma bu düzəni yaradanlar, onu addım-addım, əzab və məhrumiyyətlər hesabına həyata keçirənlər bilmirdilər ki, onlar düzənə doğru irəlilədikcə, eyni zamanda, həm də "düzənsizliyə doğru irəliləyirlər". Həqiqətdir, "Süleymana qalmayan dünya heç kəsə qılmayıb", vəfa qalmayıb, olsun yaddaşını itirmiş tarixçi alim Həsən müəllim. Sevimli qızı Həlimə, nankor oğlu Əliqismət, Zaur. Vaxtı, vədəsi çatanda armud yetişməlidi, hamı getməlidi. Və müəllifin əsər üçün seçdiyi qəlibin, formanın özü olduqca maraqlıdı. Baş verən "sərgüzəştlər" müəyyən fəsillərə aiddi: "Qış fəsli", "Yaz fəsli", "Yay fəsli", "Payız fəsli" təkcə simvolik fəsil başlıqları deyil, habelə insan ömrünün  mənzərələri, dövrləri, bəxtəvər, xoş, bəd çağlarıdı. Beləcə, forma məzmunu tamamlayır, romana  bütövlük verir, Həsən müəllimin keçmiş xatirələrini canlı edir, onların yaddaşının "arxiv tozunu" çırpır.

 

Kamal Abdullanın "Tarixsiz gündəlik" avtobioqrafik povesti ötən çağlara - şagird həyatına həsr olunub. Burda ilk baxışdan hər şey vardır, Əməkdar müəllim, Bakının 190 saylı məktəbin direktoru, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov  da, rus dilini tədris edən Mariya Semyonovna da, yeniyetmə rəssam İlkin də, Nazim də, qara Ziba da, Arif də, Qənirə də, Nabat müəllimə də, Firəngiz də, Natiq də, Arzu da, Aslan da, Nizami də, xəstəxana palatası da. Əslində, neçə il öncənin real həyatı həm də illüziyadır, xəyaldır, xatirədir, ilğımdır. Müəllifin ustalığı ondadır ki, reallıqla ireallıq arasında əlaqə qura bilib, onları  bir-birinə birləşdirən bağlar tapıb və görkəmli sənət adamının ən kiçik əsərində belə heç bir söz havadan asılı qalmır, hər kəlmə cümlədə, epizodda ünvan tapır.

 

Kamal Abdullanın əsərlərinə bu qısa xronoloji səyahətdən sonra yenə yaradıcılığını, şəxsiyyətini sərtləşdirən, sərlövhəyə çıxartdığım həmin üç kəlmə sözü yazımın sonunda işlətməyə ehtiyac duydum: Təfəkkür-Təxəyyül-İstedad üçbucağı...

 

Şəhriyar TƏYYAROĞLU (BƏHMƏNOV),

Filoloq

 

525-ci qəzet.- 2021.- 15 oktyabr.- S.12.;13.