Xoşbəxtliyin şəkli

 

"Qarabağ Dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı haqqında təəssüratlarım

 

Bir müddət öncə Ağcabədidə Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə ərsəyə gəlmiş "Qarabağ dastanı: Otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının təqdimatı keçirildi. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, kitabın redaktoruön sözünün müəllifi Rəşad Məcidin iştirakı ilə keçirilən təqdimat çox yaddaqalan oldu.

 

AYB-nin sədri, Xalq yazıçısı Anarın ideya müəllifi olduğu kitabı hələ tədbirdən əvvəl, ilk dəfə vərəqləyərkən düzünü deyim, tamamilə başqa kitab görəcəyimi düşünmüşdüm. Hardasa müharibə gündəliyini xatırladan hekayələr, döyüşçülərimizin 44 günlük müharibə zamanı yaşadığı hadisələrdən bəhs edən əsərlər oxumaq düşüncəsi ilə "Qarabağ dastanı"nın səhifələrini gözdən keçirdim. Amma tamam başqa bir kitab vardı qarşımda. Doğrusu, ilk baxışda bir az qarışıq gəldi mənə. Lakin yenidən başdan ayağa kitaba göz gəzdirdim, yazılardan oxumağa başladım, necə deyərlər, axara düşdüm. Yazarların doğma bölgələri haqqında xatirələri, müxtəlif vaxtlarda bu torpaqlara  həsr olunmuş şeirlər, işğal dövründə həsrətimizin ifadəsi və nəhayət, bu uzun intizardan sonra əldə edilmiş böyük qələbənin tərənnümü... Beləliklə, kitabı oxuyandan sonra ön sözdə də vurğulandığı kimi, burada ümumi bir mətn olduğunu hiss edirsən. Kitab oxucuya deyir ki, bəli, həqiqətən də, Qarabağ Azərbaycandır!

 

"Qarabağ dastanı"nın ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərindən nümunələr verilib. O müraciətlər ki, ötən il Vətən müharibəsi başlayandan sonra uşaqdan tutmuş qocayadək hamımız televizorun qarşısına yığılır, o tarixi çıxışları, o xoş xəbərləri həyəcanla gözləyirdik. Ölkə rəhbərinin hər kəlməsi yaddaşlara yazılır, ən kiçik yaşlı uşaqların da dilində şüara çevrilirdi. "Füzuli bizimdir!", "Zəngilan bizimdir!","Şuşa bizimdir!"... Bu xəbərləri eşitdiyimiz günlər ömrümüzün ən yaddaqalan, ən gözəl səhifələridir və o əvəzsiz günlər "Qarabağ dastanı" kitabının da səhifələrində yer alıb.

 

 

 

Elçinin, Aqil Abbasın, Rəşad Məcidin, Ramiz Rövşənin və digər müəlliflərin xatirələri oxucu üçün ötən günlərə bir səyahətdir. Həmin səyahətlərin hər biri təsirlidir, oxucuya duyğulu anlar yaşadır və həm də xeyli maraqlı məlumatlar verir.

 

Bu yazını hazırlayarkən Ağcabədidəki məktəb direktorlarından biri "Qarabağ dastanı" kitabının rayonumuzda keçirilmiş təqdimatı haqqında məlumat alan kimi dərhal mənimlə əlaqə yaradaraq o kitabı necə əldə edə biləcəyini soruşurdu. Və söhbətimiz zamanı xanım direktor bildirdi ki, 2021-2022-ci tədris ilində bütün ümumtəhsil müəssisələrinin IX siniflərində "Zəfər tarixi" kursu tədris edilməlidir. Lakin dərs vəsaiti hələ əldə olunmadığı üçün hazırda müəllimlərin "Qarabağ dastanı" kitabından istifadə edərək şagirdlərə müəyyən bilgilər verməsini istəyir. Həmin direktorun bu təşəbbüsünün əslində, çox yaxşı bir addım olduğunu düşünürəm. Çünki sözügedən dərslik haqqında qısaca məlumatı əldə edəndən sonra məhz "Qarabağ dastanı" kitabının da eyni məqsədə xidmət etdiyini aydın görmək olur. Kitabda Vilayət Quliyevin "Qarabağ bədii ədəbiyyatımızda", Vasif Quliyevin "XVIII əsr Qarabağ poeziya məktəbi", Mehriban Vəzirin "Qarabağın məşhur xanımları" və digər bu kimi yazılar dəyərli mənbələrdir və düşünürəm ki,  şagirdlərə bu kitabı ürəklə tanıtmaq, buradakı materiallardan müəyyən dərslərdə istifadə etmək olar.  Rayoumuzda məktəblilər arasında bədii-qiraət müsabiqələri keçirilərkən əksər vaxt münsiflər heyətində olduğumdan şagirdlərin  çox bəsit, heç bir təsir qüvvəsi olmayan, internetdə axtarış edilərək tapılmış təsadüfi şeirlərə müraciət etməsi ilə tez-tez qarşılaşıram. Çox təəssüf ki, bu, həm də onları hazırlayan müəllimlərin seçimi olur. Şablon vətən şeirlərini əzbərləyən şagirdlər bəzən bacarıqlı olduğu halda məhz bu şeirlər ucbatından özlərini təqdim edə bilmirlər. "Qarabağ dastanı" kitabının "Şeir çələngi" bölməsində kifayət qədər dəyərli şeirlər var və ədəbiyyat müəllimlərimiz şagirdlərinə bu kitabdakı şeirlərdən seçə bilər, bununla övladlarımızın vətənpərvər ruhda yetişməsi üçün daha bir vasitədən istifadə etmiş olarlar. Madam ki, söhbət şeirlərdən düşdü, elə bu haqda yazım. Kitabda yer alan şeirlər içərisində Qarabağın gözəlliyinin vəsfi nə qədər doğma, əziz, qəlboxşayandırsa, işğal dövründəki şeirlər bir o qədər ağrılıdır. Qabilin çoxumuzun əzbər bildiyi "Azərbaycan əsgəri" şeirini birbu kitabdan oxuyuram. 44 günlük müharibə başlayanadək bəlkə də hər birimizin hər gün ürəyindən keçirdiyi, yavaşca pıçıldadığı, bəzən üsyankarcasına söylədiyi fikirlərdir:

 

...Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!

Təzə-tər qərənfilli xiyaban istəmirəm!

Tükənir səbrim fəqət, sazişlər,

Qətnamələr, bəyanatlar kifayət!

Ziyafətlər kifayət!

Ziyafət dumanında nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan biyaban istəmirəm!..

 

bu ab-hava ilə digər şeirləri oxuyuram. İsa İsmayılzadənin "Güllələr demədi" şeiri əvvəllər olduğu kimi, yenə nəfəsimi kəsir. Cəmi 5 bəndlik şeirdə müharibəni bu cür təsirli şəkildə təsvir edə bilmək... Şeirin sonluğunda 90-cı illərdəki ümidsizliyimiz açıq-aydın ifadə edilir:

 

Kəndimiz yamanca aralanmışdı,

Yaman korun-korun yanırdı ocaq.

Bir ağzıgöyçək qaralanmışdı:

"Deyəsən, gedənlər qayıtmayacaq.

 

... gedənlərin qayıdacağına ümidimiz var idi, "gələn"lərin gedəcəyinə... Amma gedənlər elə bir qeyrət toxumu səpmişdilər ki, onların yerində elə oğullar yetişmişdi ki, bütün ümidsizliklərin üstündən xətt çəkildi, yeni, yepyeni bir dastan yazıldı. Güvənimizi özümüzə qaytaran, başımızı dik saxlayan, içimizdəki məğlubiyyət acısını darmadağın edən dastan. kitabdakı şeirləri oxuduqca yavaş-yavaş Zəfər qoxusunu hiss edirsən. Budur, artıq Qulu Ağsəsin "Ağam!.. Adam!.. Ağdam!.." şeirinə çatırıq. Şeiri səssiz oxumaq mümkün deyil. Lirik qəhrəmanın keçirdiyi bütün hiss-həyəcanı sən yaşayırsan mütləq həmin səslə, həmin həyəcanla oxuyursan:

 

...Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb,

yüz min dəliynən gəlirik.

Bir "Uzundərə" havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!..

 

Ümumiyyətlə, kitabda yer almış heç bir yazını, heç bir şeiri oxumadan keçmək olmur. Amma bu kiçik yazıda təbii ki, onların hər birindən nümunə gətirmək mümkün deyil. Ən yaxşısı, kitabı əldə edib oxumaqdaim masanın üstündə saxlamaq lazımdır.

 

Sözügedən kitabı oxuyarkən Rəşad Məcidin "Şuşa gör nələr eylər" başlığı altında təqdim olunan "Qələmsiz yazılanlar"ından bəzilərini xüsusi seçərək işarələmişdim. Elə bu yazını da işarələdiyim nümunələrlə  yekunlaşdırmaq istərdim:

 

***

- Gecə də Şuşada qalacayıq?

- Aha, əlbəttə!

(Belə dialoqdan kim sevinməz? Həm də mayın 8-də.)

 

***

 

Mayın 12-də Şuşada, Cıdır düzündə Fərhad Bədəlbəylinin qanadları çıxmışdı. O qanadlarla Topxananın üzərindən uçurdu, musiqiçilərlə, həmkarlarıyla, dostlarıyla rəqs edirdi - xoşbəxtliyə qərq olmuşdu.

 

Gözlərində qürur, sevinc göz yaşları görünürdü. Ona qoşulub sevincdən ağlamaq da bir səadət idi.

 

***

 

Cıdır düzündə Anar müəllimlə gəzmək, İbrahim xanla, Mirmöhsün Nəvvabla bağlı məkanlara onun təqdimatıyla baxmaq, sevincdən qanadlanan insanlarla birgə şəkil çəkdirmək, yaşıl, nəm otların üzərində buludların üstündə yeriyirmiş kimi addımlamaq...

 

Xoşbəxtliyin başqa şəkli ola bilərmi?

 

 

Məhsəti Musa  

 

525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.15.