Milli Kitabxanadan "Mikayıl Abdullayev - 100" sərgisi

 

2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin "Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən "Mikayıl Abdullayev - 100" adlı virtual sərgi hazırlanıb.

 

Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, görkəmli Azərbaycan rəssamının əsərləri, həyat yaradıcılığı haqqında kitab məqalələr, fotolar, mükafatları nümayiş olunur.

 

Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin "Xəmsə"sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır.

 

525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.8.