Müqəddəsliyin şəhid zirvəsi

 

 

 

 

 

"Şəhid" sözü dünyanın bütün dillərinin leksikonunda hər millətin özünə məxsus ana dilində müxtəlif cür səslənsə də, hamısında bir məna kəsb edir: müqəddəslik mənası!

 

Son yüzilliklərdə "Şəhid" adı müharibədə-cəbhədə həlak olmuş əsgərə verilib. Amma döyüşdə həlak olmuş əsgər o zaman şəhid adını alır ki: birincisi, bu müharibə haqq, ədalət müharibəsidir: ikincisi, əsgər məhz bu haqqı, ədaləti bərpa etmək, qorumaq amacı ilə həlak olur. Deməli, başqasının torpağını zəbt etmiş dövlətin ordusunda qırılan "əsgər" şəhid adına layiq görülə bilməz. Şəhid adı yalnız öz torpağı uğrunda həlak olan əsgərə verilir. Dünyanı odlara qalamış, bütün Avropaya yiyələnmək iddiası ilə İkinci Dünya müharibəsini törətmiş Hitler Almaniyasının bu ambisiyanı gerçəkləşdirmək iddiasında olan milyonlarla əsgəri sadəcə qırıldı, məhv oldu, yəni müqəddəs "şəhid" epiteti onlara verilə bilməzdi.

 

Beləcə, xarici işğala, xarici müdaxiləyə məruz qalan xalqın bu tip azğın dövlətlərə qarşı müharibəsi "ədalətli müharibə" anlayışı ilə tarixə düşür.

Ermənistan "dövləti" tarixən saxta yollarla formalaşmışdır. Bu "dövləti" formalaşdıran güc dövlətləri onu özünə forpost kimi bir toplum elədi. Bu "dövlətin" başında oturdulan hər kəs xarici havadarlarının yağlı vədlərinə uydu və zaman-zaman qonşu dövlətlərlə müharibələrə sövq edildilər. Sövq olundular və öz xalqını "Böyük Ermənistan" xülyası ilə şirnikləndirib qırğınlara düçar etdilər. Saxta tarixlərində həmin dövlətin "min illər əvvəl yarandığı" iddia edilən bu marionet ölkənin bəs niyə heç vaxt uzağı üç-dörd milyondan artıq əhalisi olmayıb? Bu sualı da onlara verən yoxdur. Belə bir sual ona görə verilmir ki, bu marionetkanın, bu forpostun heç iki yüz illik tarixi də yoxdur. Amma bu qısa tarixdə başqa torpaqlara iddialar içində hər dəfə müəyyən qədər dirçəlməkdə olan milləti yenidən qırğına veriblər. Hər dəfə də işğalçılıq niyyətinə görə törətdikləri müharibələrdə qırılan əsgərlərə "şəhid" adı vermək mümkün olmayıb.

 

Bu marionet dövlətin son bir əsrdə ən ciddi torpaq iddiaları Azərbaycana yönəlik olub. Və sözügedən iddia 1980-ci illərin ortalarında SSRİ-ni, öz Rusiyasını belə ağlar günə qoyan Mixail Qorbaçovun təhriki ilə özünün pik həddinə çatdı. O zaman bütün Sovet respublikaları, o cümlədən, Azərbaycan müstəqillik uğrunda ayağa qalxmışdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra hakimiyyət çəkişməsinin qurbanı oldu və ölkəmizin vəziyyəti faciəvi bir şəkil aldı. Bu faciə necə və nəyə görə yarandı? Bu suala cavab tapmaq üçün uzağa getmək lazım deyil: Prezident İlham Əliyevin  Kəlbəcər və Laçına səfəri zamanı orada xalqa müraciətlə söylədiyi nitqini xatırlamaq bəs edir. Müstəqilliyin ilk illərində Azərbaycanın ağır çəkişmələr şəraitindən sui-istifadə edən Ermənistan Qarabağı işğal etdi. Öz torpaqlarımızı qorumaq amalı ilə vuruşan yüzlərlə könüllülərimiz həlak oldu. Ermənistanın havadarları qarşısında bu məğlubiyyət labüd idi. Və "Birinci Qarabağ müharibəsi" adlandırılan o döyüşlərdə həlak olan hər döyüşçümüz şəhidlik zirvəsinə yüksəldi. Ona görə ki, bizim döyüşçülərimiz haqq, ədalət uğrunda canlarını verdilər. Yalnız bu kontekstdə həlak olan əsgər şəhidlik zirvəsinə yüksəlir və bu ilahi məqam Qurani-Kərimdə də əksini tapmışdır.

 

Otuz il sürən erməni işğalı bir mövzu kimi nə qədər başımızı qatsa da, "şəhid" sözü, şəhidlik o günlərdən başlayaraq mediamızın müqəddəs mövzusu oldu. Gələcək mətbuat tarixçilərimiz, yəqin ki, mətbuatda şəhid mövzusunun tədqiqinə o illərdən başlayacaqlar. Şəhid mövzusu xüsusi bir ağrı ilə qəlbimizi yandırdı. Təsəllimiz o idi ki, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk Qrupu, BMT və s. ədaləti bərpa etmək üçün  "münaqişə" adlandırılan bu problemi sülh yolu ilə həll edəcəklər. Amma olmadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu "sülh" qurumlarının saxta vədlərinin axırını əvvəlcədən gördü və ədalətli müharibədən, haqq-ədalət müharibəsindən başqa yolun olmadığı qənaətindən sonra, Ermənistanın Tovuz təxribatının ardınca əks-hücum barədə əmr verdi. Ali Baş Komandan bu müharibənin lap ilk günündə xalqa müraciətlə dedi: "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, mən müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır".

 

Beləliklə, İkinci Qarabağ savaşı başlandı. Bu müharibə bir xalqın işğal olunmuş torpaqlarını yağı düşmən tapdağından xilas etmək, tarixi ədaləti bərpa etmək məqsədilə başlamışdı və belə müharibənin "ədalətli müharibə" statusu almağa beynəlxalq hüququ var. İkinci Qarabağ müharibəsi öz məzmununa görə "Vətən müharibəsi" kimi müqəddəs bir  status aldı. Dünya təcrübəsi göstərir ki, Vətən müharibəsi statusu mütləq ədalətli müharibənin haqlılıq xarakterindən doğur.

 

Otuz illik doğma torpaq həsrətilə yaşayan Azərbaycan xalqı bu savaşa bütün təbəqələri ilə qoşuldu. Prezidentin, Ali Baş Komandanın təklifi ilə ölkədə bu savaşa qoşulmaq üçün minlərlə könüllü ayağa qalxdı. Müxalif qüvvələrin, müxalif partiyaların 98 faizi ordumuza dəstək olmaq, bu müharibə dövründə iqtidar-müxalifət cəbhələrini birləşdirmək təklifini irəli sürdü. Xalqın bütün nümayəndələri - ayrı-ayrı fərdlərdən tutmuş böyük müəssisələrədək - hər kəs ordumuza dəstək nümayiş etdirdi. Çünki torpaqdan pay olmaz. Çünki Vətən bölünməz. Çünki işğalçı düşmən "Qarabağ Ermənistandır və nöqtə" kimi özündən müştəbeh, arxayın və xalqımızı təhqir edən bir nadan cümləsi ilə Cıdır düzündə rəqs etmişdi. Azərbaycan Prezidentinin güc dövlətlərinin də iştirak etdiyi bir tədbirdə "Qarabağ Azərbaycandır və nida" cümləsi 30 il təhqir olunmuş xalqı birləşməyə çağırdı. Xalq birləşdi və 44 günlük savaş faktı "Vətən müharibəsi" kimi haqlı statusla tarixə düşdü. Bu müharibə öz formatına görə, 30 il müddətində düşmənin qurduğu hücum-müdafiə istehkamlarına görə dünyada bənzəri olmayan bir savaş idi. Bu müharibə cəmi 44 gün davam etdi. 44 günün hər günü Prezidentimizin, Ali Baş Komandanımızın qələbə müjdəsi verən bir xəbərlə, xalqa müraciətilə bitirdi. Düşmənin təkcə özünün yox, həm də daha çox havadarlarının vasitəsilə yaranan yüzlərlə istehkam, keçilməz görünən cəbhə xətti 44 gün müddətində necə tar-mar oldu? Bu sualın aydın cavabı var: Ali Baş Komandan, ordu və ümumxalq birgəliyi! Bu birgəliyin yaradıcısı öz xalqına sevgi, məhəbbət dolu bir hisslə fəaliyyət göstərən Prezident İlham Əliyev oldu. Döyüş cəbhəsində vuruşan əsgərimizin Vətənə sədaqəti, Ali Baş Komandana inamı oldu. Və bir də bütöv bir xalqın yağı düşmənə qarşı vuruşan əsgərlərimizə sevgisi!

 

Bu müharibədə ordumuzun hər əsgəri "Vətən" deyib canını verməyə hazır oldu. Vətən müharibəsi zamanı 3 minə yaxın əsgərimiz şəhidlik zirvəsinə ucaldı  Milli mediamız müharibə günlərində ordumuzun yanında olduğu kimi, əsgərlərimizin qəhrəmanlığını həm də gələcək tarix üçün mətbuat səhifələrinə yazdı. "Şəhid" sözü dilimizin leksikonunda ən müqəddəs anlayış oldu. Mediamız Ali Baş Komandanın "şəhid" sözünü ifadə edərkən keçirdiyi duyğuları tarixə yazdı. Mediamız şəhid analarını, şəhid doğmalarını, şəhid övladlarını bir-bir xalqa təqdim etməkdədir. Azərbaycan televiziyasının "Xəbərlər" proqramı, digər proqram formatları şəhid anasının qürurunu uca tutan verilişlər ərsəyə gətirməkdədir. Bütün müharibə dövründə ordumuzun yanında olan "REAL" televiziyası şəhidlərimiz haqqında saysız-hesabsız sənədli filmlər hazırladı və hazırlamaqdadır. Bu televiziyanın müntəzəm efirə çıxan "Vətən haqqı" proqramı şəhidlərimizin portretini ən yadda qalan peşəkarlıqla bizə təqdim edir. Bütün telekanallarımız bu müqəddəs mövzunu daim diqqətdə saxlamaqdadır. REAL TV təkcə "Vətən haqqı" proqramında deyil, digər proqramlarının, xüsusilə "Xəbərlə"nin bütün buraxılışlarında şəhidlərimizin qəhrəmanlıq faktlarını tamaşaçıya çatdırmaqdadır. Şəhid sujetlərinin hər birində bu şəhidin doğmaları  anaları, ataları öz övladları haqqında qürurla söhbət açırlar.

 

Ənənəvi mətbuatımızın şəhid mövzusuna diqqəti xüsusi qeyd olunmalıdır. Müharibənin gedişində və ondan sonra "525-ci qəzet" özünün xüsusi qoşa səhifəsi ilə şəhid tarixi yazmaqdadır. Bizcə, bu qəzetdə jurnalist Şahanə Müşfiqin hazırladığı həmin qoşa  səhifələri nəinki bu günə, bəlkə, daha çox gələcək yüzilliklərə ünvanlanır. "525-ci qəzet" Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş şəhidlərimiz barədə "Şəhidlər ölməz, Vətən bölünməz!" rubrikası altında "Əbədiyyətdəki əziz ünvanlarımız" başlığı ilə hər dəfə iki qoşa səhifəlik yazı dərc etməkdədir. İstedadlı jurnalist, vətəndaş jurnalist Şəhanə Müşfiqin xüsusi layihəsi ilə hazırlanan bu qoşa səhifədə hər dəfə azı on nəfər şəhid haqqında qısa, amma çox tutumlu portret-oçerk təqdim olunur.

 

Bu qısa portret-oçerklər, oxucunun qəlbində şəhidlərimizə dualar ucaldır, şəhid qəhrəmanlarımızla qürur duyduğumuzu hər kəs hiss edir.

 

"Şərq" qəzetinin müxtəlif janrlarda təqdim etdiyi şəhid mövzusu bu qəzetin kollektivinin Vətən sevgisinə, şəhid ruhuna ehtiram hissinə bağlıdır. Vətənsevər bir redaksiya kollektivinin nəşr etdiyi "Xalq qəzeti" Vətən müharibəsinin gələcək tədqiqatçılarına sanballı bir arxiv sənədidir. Medianın ən müasir formatları olan bir sıra xəbər portalları, saytlar da şəhid mövzusunu daim diqqətdə saxlayırlar. APA İnformasiya Agentliyi, "Qafqazinfo", "Modern.az", "İqtidar.az" kimi saytlardakı şəhid mövzusu ciddi peşəkarlıq səviyyəsindədir.

 

Biz mediamızda şəhidlərimizin, şəhid analarımızın, şəhid övladlarımızın, şəhid doğmalarının real obrazlarını görməkdəyik.  Azərbaycan radiosu müqəddəs şəhidlərimizi xalqa tanıtmaq üçün xüsusi proqram formatları ilə bərabər, hər gün onların bir qisminin adlarını, doğulduqları yeri, ili barədə qısa informasiya təqdim edir. Yüzlərlə şəhidimiz içərisində 19, 20, 21, 22... yaşlı gənclərimiz var. Onların doğum tarixi, gəncliyi adamda qürur hissi doğursa da, həyatdan bu qədər tez getmələri eyni zamanda hər kəsin ürək ağrısına çevrilir. Bu anda Prezident İlham Əliyevin bütün çıxışlarında qələbəmizi təmin edən əsas qüvvənin gənclərdən ibarət olduğunu qürurla təkrarlaması və eyni zamanda, həm də şəhidlərimizlə bağlı ağır təəssüf hissi keçirməsi yada düşür.

 

Bu gənc şəhidlərin analarını biz efirlərimizdə, mətbuatımızda çox görürük. Onlar qəhrəmanlıq nümunələrini göstərən övladlarına çox yaraşan sadə insanlardır. Şəhid analarının öz övladları haqqında kövrək və səmimi xatirələri ürəyimizi nə qədər ağrıtsa da,  bizdə gənclərimizə, onların vətənpərvərliyinə inamı birəbeş artırır.

 

Şəhid analarının yanar qəlbindən doğan o sözlər, övladı ilə bağlı ağır xatirələri o qədər səmimi olur ki, onları dinləyən hər kəs Vətən qeyrəti ilə həlak olmuş həmin oğulları birbaşa özününkü hesab edir.

 

Şəhid övladlarının hər birinin gözündə bir ağır ata xatirəsi var. Amma bu ağırlıq içində onların kiçikli-böyüklü hər birinin qürur duyğusu da yer alır, bir sıra hallarda Vətən bayrağına bürünmüş bu övladlar düşmənə qarşı baş verə biləcək gələcək mübarizəmizin ön sıralarına hazır olduqlarını dilə gətirirlər.

 

Biz telekanallarımızda hər gün görürük ki, hər bir şəhidin ailəsi öz övladının xatirəsini əks etdirən lövhələri onun tərk etdiyi otağının bir guşəsinə düzür. Bu lövhələrdə o şəhidlərin gülər üzləri bizim hər birimizin qəlbinə hopur və bu anda kövrək göz yaşlarını dayandırıb onlara qürur hissilə baxırıq. Bütün hüznə, kədərə baxmayaraq, onlar torpaqlarımızın azad edilməsi sevinci ilə Prezident, Ali Baş Komandan İlham Əliyevə dəfələrlərə təbrik məktubları yazmışlar və yazmaqdadırlar. Bu müqəddəs məktublar mediamızda da yer almaqdadır.

 

Şəhid anaları, şəhidlərin həyat yoldaşları, övladları həm də bir Tanrı sevgisilə zəngin zümrədir. Onların televiziya çəkilişlərindəki sinxronları nə qədər səlis, nə qədər məntiqli, nə qədər dözümlüdür! Bu səlislik, bu məntiq, bu dözümlülük ilahi bir vergidir. Əks halda o ağır dərdin altında səlis və məntiqli danışmaq, bu qədər dözümlülük mümkün olmazdı...

 

"Şəhid" sözü müqəddəs olduğu qədər "Şəhid ailəsi" ifadəsi də o qədər məsum və müqəddəsdir. Şəhid ailəsinə dövlət qayğısı özü də müqəddəsliyə xidmət sayılır. Şəhid ailələrinə dövlət qayğısı həmişə və birbaşa Prezident İlham Əliyevin nəzarəti altında olur. Bu ailələrə indiyədək mənzil təqdimatının hamısında Prezident şəxsən özü iştirak etmişdir. Avqustun 26-da yenə də çoxsaylı mənzillərin şəhid ailələrinə və qəhrəman qazilərimizə təqdim olunması mərasimində Prezident İlham Əliyev həmin adamların qarşısında tutarlı bir çıxış etdi.  Onun bu çıxışında Ermənistanın təcavüzkar dövlət kimi tarixdən bu günə olan xarakteri, bizim xalqa düşmənçilik siyasəti, zaman-zaman əsassız torpaq iddiaları, dövlət səviyəsində terrorçu xisləti və Azərbaycanın bütün bunlara görə düşməni cəzalandırması kimi məqamları tutarlı faktlarla dilə gətirdi: "Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər, sözün əsl mənasında, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir". Prezidentimiz Ermənistanın gizlətməsinə rəğmən, 8 minə yaxın əsgərinin məhv edilməsi, baş verənlərin günahkarının isə yalnız özləri olmasının da məntiqi dəlillərini göstərdi.

 

Və ən əsası Prezident Azərbaycan xalqının sınmış qürurunu özünə qaytaran, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını qeyd etdi.

 

Dövlət başçısı həmin çıxışında həm də hökumətin şəhid və qazi ailələrinə diqqətinin prioritet məsələ olduğunu diqqətə çatdırdı: "Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, - harada ki, biz indi görüşürük, - uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir".

 

Mediamız, Prezidentimizin hər zaman olduğu kimi, bu andakı nitqini də bütün təhlilləri ilə yenidən xalqa çatdırdı. "REAL" TV-də "Mirşahinin vaxtı", "Azərbaycan" TV-də Rövşən Məmmədovun "Həftə"proqramının təhlilləri ilə dövlət başçısının Vətən müharibəsindəki zəfərimizin təminatçısı olmuş şəhidlərimizə və qazilərimizə qayğısının hərtərəfli və daimi olacağı vədini xüsusi publisistik təhlillərlə tamaşaçıya çatdırdı. Ciddi planda nəşr olunan ənənəvi mediamız həmişə olduğu kimi, Prezidentin, Ali Baş Komandanın bu mövzuda nitqlərini də bütövlükdə dərc edir, həm də ayrı-ayrı fikirləri təhlillərlə  oxucuya çatdırır. Bir ildən artıqdır ki, Azərbaycan mediası Vətən müharibəsi, bu müharibənin 44 günlük gedişi, ordumuzun şanlı qələbəsi, qələbəmizi təmin edən faktorlar barədə müntəzəm materiallar təqdim edir. Sentyabrın 27-də - Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə təşkil olunan Ümumxalq "Anım günü"ndən bu yana milli mediamız daha böyük fəallıqla bu mövzuları gündəmdə saxlamaqdadır. Vətən müharibəsi ilə bağlı bütün mövzular vacib və əhəmiyyətlidir. Şəhid mövzusu isə həm də müqəddəslik kəsb edir. Elə buna görədir ki, Azərbaycan jurnalistləri bu mövzuda qələmlərini ürəklərinin qanına batıraraq ən ülvi duyğularla Vətən sevgisinə çevirir, bu günümüzün və sabahımızın xilaskarı olan şəhidlərimizin əsəbi-bədii-publisistik heykəllərini ucaldırlar.

 

44 günlük Vətən müharibəsi Azərbaycanın çoxəsrlilik tarixində misli görünməmiş bir zəfər faktı olduğu kimi, bu zəfəri xalqımıza qazandıran şəhidlərimizin də qəhrəmanlıq nümunələri, bəlkə, yüz il keçsə də, milli qürur hissi ilə yad ediləcək. Bir az keçəcək, hadisələr durulacaq. Gənc yazıçı və şairlərimiz mətbuatın səhifələrində tarixə düşmüş Vətən müharibəsi haqqında qiymətli nəsr əsərləri, poemalar ortaya qoyacaqlar. "Şəhid" sözü xalqımız üçün əbədi müqəddəsliyini qoruyub saxlayacaq.

 

Vətən müharibəsinin gedişində olduğu kimi, ciddi mediamız bütün ciddi sistemi ilə bu gün şəhidlərimizin ruhu qarşısında özlərinin vətəndaşlıq, dövlətçilik, azərbaycançılıq, milli maraqlara xidmət fəaliyyətini bir an belə dayanmadan müqəddəs bir borc kimi yerinə yetirməkdədir.

 

 

Cahangir MƏMMƏDLİ,

BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor;

 

Kənan NOVRUZOV, 

BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının

II kurs magistrantı   

 

525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.12-13.