Bu Qələbə bəşərilik qələbəsidir...  

 

 

Həsrəti olanlara elə gəlir ki, zaman ləng ötüşür. Min illər belə yaşanılıb. Zalım da belə yaşayıb, zalıma qılınc sıyıranlar da. Zalım zalımlığının səfasına sığınıb, qılınc sıyıranlar sıyrılmış qılıncların bir-birinə sarılan işığına. Qılınc sıyırma mübarizə əzmidi, qılıncların işığının bir-birinə çulğaşması mübarizə yolunun uğuru. 28 ildi mahiyyəti 2020-ci ilin sentyabrının 27-si olası günü arzulayırdıq; düşmənin danışıqlardan yayınması atəşi heç zaman kəsməyən atəşkəsin birdəfəlik silkələnməsini, elan edilmədən başlayan və 28 il davam edən müharibəni Azərbaycanın ədalətli müharibə kimi davam etdirməsini zəruriləşdirmişdi.

 

İşğaldan azad edilən ərazilərimizdə də Azərbaycan bayrağı dalğalanır - Zəfərin nəticəsi kimi...

 

Vətən müharibəsindən əvvəl məqalələrimdən birində mahiyyəti 27 sentyabrın mahiyyətinin eyni olası günü milli-xəlqi ruhun döyüş əzminin kükrəyiş günü, həmin fəsili milli-xəlqi ruhun fəsili adlandırmışdım. Ruhumuzun fəslinin tezləşməsini necə arzulayırdıq, necə! - bu niyyət yuxularımızda gecələyirdi, gecələri bu niyyətlə səhər eləyirdik...

 

Vətən müharibəsinə kimi səngərlərdə kəlmələşəndə nə deyirdi əsgərlər? - Ali Baş Komandanın əmriylə döyüşmək, torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istədiklərini, İsa bulağından bir ovuc su içməyə, Cıdır düzündən üç çiçək dərməyə (niyə üç? - əsgərlərdən biri demişdi ki, birini müəllimimə verəcəm, birini evimizə aparacam, birini... Fikrini tamamlamamışdı...) murazlı olduqlarını...

 

Vətən müharibəsinə kimi əsgərlərimizin döyüş əzmi, qələbə ruhu gündüzlər səngərlərin sinəbəndinə, gecələr işığına dönürdü. Bu əzm, bu ruh təmas xəttinin haləsiydi, Ana, Vətən, Ana Vətən deyənlər bu haləni məmləkətin niyyətinin eyni bilirdi...

 

Vətən müharibəsi labüd idi...

 

Vətən müharibəsi başladı.

 

Azərbaycan əsgəri hər döyüşü son döyüş bilib döyüşürdü...

 

Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı müharibəsiydi, xalqın müharibəsiydi, azərbaycançılığın erməniliklə döyüşüydü, sevginin nifrətlə, Xeyirin Şərlə qazavatıydı, min illərin o üzündən dikələn ruhumuzun müharibəsiydi...

 

Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da düşməni diz çökdürəcəkdi...

 

Döyüşlərin ilk günlərində Azərbaycan Ordusu düşmənin illərlə hazırladığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi...

2016-cı ilin aprelində Lələtəpənin zirvəsində qürurla dalğalanan bayrağımıza bağır basmışdım, bu anların zəmanətiylə yazdığım "Lələtəpə" poemasını Lələtəpəyə xitabən

 

Sağın da, solun da yollardı,

Burdan Şuşaya aparan yollar görünür

 

- misralarıyla tamamlamışdım. O misralar bir istəyin göyqurşağı kimi 56 ay bir niyyətimin qılıqcısı olmuşdu. Onda Şuşaya da, işğaldan azad ediləcək rayonlarımıza da aparacaq yolların hamısının yolçusu olmaq keçmişdi könlümdən. İndi o yollardan biri ilə Cəbrayıla, Zəngilana, Qubadlıya gedirik. Vətən müharibəsində iştirak etmiş döyüşçülərimizlə işğaldan azad edilmiş ərazidə kəlmələşməyə - döyüşləri döyüşlər getmiş ərazilərdə xatırlayanların əllərini əllərimdə isitməyə...

 

Yollar boyunca maşında alışmadığımız bir səs eşidilir. Maraqlanırıq. Mayor Faiq Mehdiyevin dedikləri düşüncələrimi bürüyür: Vətən müharibəsində döyüşlərə gedən ağır texnikaların da yolu buralardan başlayıb. Döyüş maşınlarının keçdiyi yollarda tırtılların izi qalıb. Eşitdiyimiz səs maşınlar ötüb-keçəndə həmin izlərə dəyən yelin səsidi. "Nə gözəl avazdı!" - deyirəm. Gülümsünürük.

 

Vətən müharibəsindən əvvəl gecə yarısı səngərdə bir əsgərin oxumasını eşitmişdim. O anlarda mənə elə gəlmişdi ki, "Qarabağ şikəstəsi" gecənin içindən keçib İsa bulağında nəfəs dərəcək, Cıdır düzünün çiçəklərinin ləçəklərinə sığal çəkəcək, Qarqar çayının dalğalarına qarışacaq, orda ruhumuzun bayrağı kimi dalğalanacaq...

 

Bu avaz o əsgərin "Qarabağ şikəstəsi"nin davamıdı elə bil...

 

Bu yolla gedənlərə elə gəlir ki, Vətən müharibəsinin döyüşlərinə burdan qoşulanların sırasında o da olub - qürurlanır...

 

2016-cı ilin Aprel döyüşlərindən iki gün sonra burda birliyin qərargah rəisinin təqdimatıyla düşmənin 17 tankını sıradan çıxardan gizir Tahir Misirxanovla söhbətləşmişdim. Gözlərimi və ürəyimi həmin yer çəkir! Xatırlayıram ki, Tahir Vətən müharibəsində düşmənin 20-dən çox döyüş texnikasını məhv edib. Zəfər Gününün ildönümünə kimi onunla söhbətləşməyə niyyətliyəm. Göy üzünə baxıram. Onda həzin-həzin yaz mehi əsirdi, indi o mehə dədə boyu verən payız küləyi əsir. Onda bu yolun davamını düşmən kəsmişdi, indi bu yol dövlət sərhədimizdə nəfəs dərir. Ona görə ruhumuzu bunca doğmalıqla telləndirir...

 

"Cocuq Mərcanlıdan Şuşaya" - yol göstəricilərindən biri belədi.

 

Ötən il sentyabrın 25-də Cocuq Mərcanlıdaydım. Döyüş növbətçiliyindən qayıtmış əsgərlərlə kəlmələşirdik. Lələtəpənin o üzünün göylərində bir topa qara bulud vurnuxurdu. Baxışlarım yükünü yağış bildiyim qara buluda sarı meyillənəndə mayor Haşim Haşimovun əli yaxınlığındakı əsgərin çiyninə enmişdi:

 

- O buludları da bu igidlər dağıdacaq!, - demişdi.

 

Duyğulanmışdım. Bu şirin duyğular içində mahiyyəti 2020-ci ilin sentyabrın 27-si olası günə sarı boylanmışdım. Mayor əlini əsgərin çiyinindən çəkmədən "Yaxın vaxtlarda söhbətimizi Tək ağacın yanında davam etdirərik. Döyüş yolumuz bizi ordan Şuşaya aparacaq...", - demişdi. İndi Tək ağaca yaxınlaşırıq.

 

Tək ağac bu adla da tanınır. Neçə payız ötəcək, neçə yaz gələcək, neçə yay olacaq, Tək ağacın budaqları bir az da böyüyəcək, gen kölgəsi bir az da genişlənəcək, Tək ağacın kölgəsi işğaldan əvvəl illərlə neçə-neçə yorğun yolçuya ətək sərib, neçə yorğun yolçunun hoyuna yetib. Ermənilik bu kölgəliyi də işğal edib. Tək ağacı 28 ilin işğal pərsənginə görə hiddətlə xatırlayanlar onu Azərbaycan əsgərini qələbəyə yetirən döyüş yolunun başlanğıclarından biri kimi ehtiramla xatırlayacaq. Neçə-neçə belə Tək ağaclar, Cüt ağaclar da işğaldan azad edildi...

 

Xeyli qabaqda bir uçulmuş (uçurulmuş) tikili var. Vətən müharibəsinə kimi düşmənin xüsusi təyinatlılarının dayaq məntəqəsi formatında təmas xəttinin son mövqesi olub, "Qırmızı Vanqa" adıyla tanınıb. Vətən müharibəsinin ilk günlərində Azərbaycan əsgəri "Qırmızı Vanqa" da çığnayıb keçib. "Qırmızı Vanqa"dakı xüsusi təyinatlıların, onlara köməyə gələnlərin əksəriyyəti döyüşdə öldürülüb, sağ qalanlar qaçıb; zamanında erməniliyin sığındığı, döyüşdə mərmilərin uçurub-dağıtdığı bu tikili yada düşəndə lənətlə xatırlanacaq...

 

Düşmən "Qırmızı Vanqa"dan Laçınacan 28 il əkib-biçdiyi taxıl zəmilərini ötən il biçə bilmədi, Azərbaycan əsgərinin Zəfəri erməniliyin murazını gözlərində qoydu...

 

O torpaqları bu il biz əkdik-səpdik, biz biçdik...

 

Cəbrayıl rayonunun Zeyvə, Quyucuq kəndlərinin görünüşü ürək ağrıdır. Böyük Mərcanlı da, Mərzə də, Niyazqullar da, ...bu görkəmdədi. Yaxınlaşmaq, hər evin daşına-divarına toxunmaq keçir könlümdən. Divarlar bu toxunuşu tanımadığı yol adamının təsəllisi bilərmi görəsən? Görəsən, bu təsəlli onun bircə yarasını qaysaqladarmı? Bu yaralar evlər dikələndə qaysaqlayacaq...

 

Yadıma yeniyetməliyimdə Faxralıda eşitdiyim bir deyim düşür: "Kişinin düşməni də olar. Xoş o kişinin halına ki, düşməni kişi adamdı". Bu sarıdan bəlkə də dünyanın ən uğursuzu bizik. Heç bir xalqın belə nadürüst düşməni olmayıb. Neçə ay əvvəl belə sıxıntıları Ağdamın Güllücə kəndində də yaşamışdım. Bəşəriliyin düşməni olan ermənilik ayağı dəyən yerləri uçurub-dağıdıb. Evlərin damları, qapıları, pəncərələri sökülüb, aparılıb. Apara bilsəydilər, daşlarını da aparardılar. İşğalın ilk illərində qarət yol qapıları, evlərin qarət qapıları, qarət pəncərələri İranın sərhədlərə yaxın ərazilərdəki köhnə-təzə bazarlarına necə çatdırılırdı? - düşündürücü sualdı...

 

Görəsən, gəlib işğaldan azad edilmiş kəndləri görənlər qayıtdıqdan sonra təmsil etdiyi dövlətə, dövlət qurumuna nə təklif edir?

 

"Ürək yanmasa, gözdən yaş çıxmaz...", - deyiminin fəlsəfəsini dərk etməyənlər bu uçurulub-dağıdılmış evlərin harayını eşidə bilməz. Görəsən, gördüklərinin "niyə"sini dərk etməyənlər özündən bircə dəfə də olsa soruşubmu, soruşurmu: Nəyə gəlmişdim? Müharibələr tarixini xatırlasın. Bu miqyasda döyüşlər binaları, evləri beləmi dağıdıb? -xatırlasın, gördüklərini yadına düşənlərlə müqayisə eləsin: faşistlər belə etməmişdi, amerikalılar Vyetnamda belə etmənişdi, sabiq SSRİ Əfqanıstanda belə etməmişdi, ...Cəbrayılın Soltanlı kəndindən keçirik. Göz tutduqca uçurulmuş evlər görünür. Bircə II Dünya müharibəsində həlak olanlara ucaldılmış abidə nisbətən salamatdı. Abidənin bu görkəmdə qalmasına sevinirəm və düşüncələrimdə suallar vurnuxur: ermənilik bunu niyə dağıtmayıb görəsən? - Soltanlı kəndində ağır döyüşlər gedib, düşmən bu istiqamətdə çox ciddi müqavimət göstərib. Azərbaycan Ordusu düşməni burda da çığnayıb keçib. Düşmən döyüşdən qaçanda bu abidəni uçurmağa vaxt tapmayıb, yəqin.

 

Soltanlı kəndi işğaldan oktyabrın 19-da azad edildi.

 

Karxulu kəndində iki-üç bina uçurulmayıb. Mayor Fuad Mehdiyev deyir ki, salamat qalan binalarda erməni zabitləri yaşayırmış. O evlərin yiyələri divarlarına hopan ermənilik niyyətini təmizləməmiş evinə yiyə durmaz, gümanındayam. Yol yoldaşlarım fikrimi bəyənirlər...

 

Yol boyunca bütün kəndlərin ad göstəricisi görünür...

 

Xudafərin adı mənə ötən ilin 17 oktyabrını, bir də 2 noyabrını xatırladır: Xudafərin körpüsünün və Xudafərin kəndinin işğğaldan azad edildiyi tarixlərdi. Gördüklərimiz onda yaşadığımız sevinci azalda bilməsə də, qəlbimizi qana döndərir. Budur ermənilik! Erməni faşizmi budur! Ay demokratiya deyən dövlətlər, ay işğalçıya havadarlıq edən dövlətlər, ay bu siyasətiylə özünün şərəfini "beş quruşa" endirlər, gəlin, Xocalıda gördüklərinizə görə çoxunuz səsinizi çıxartmadınız, çıxartsaydınız, ermənilik bunca qudurmazdı! Siz də günahkarsınız, bəşəriliyə vurulan zərbələrə görə siz də günahkarsınız! Günahkarsınız! Görəsəni səsim harayacan çatacaq?!.

 

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.10.