Zəfər Yolumuzun zamana örnək yürüşləri

İnsanın həyatında olduğu kimi, xalqın da həyatında dözümün sonu olur. Azərbaycan xalqı yağı düşmənin torpaqlarımızı işğal faktına otuz il dözdü.

Dünyanın bir sıra "demokratik" və rəsmi təşkilatlarının Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı qərarları mənasız kağız parçası olaraq qaldı. Münaqişənin yalnız siyasi yolla həllini ortaya qoyub problemi qəsdən uzatdılar. "Problemin müharibə yolu yoxdur!" "bəyanatları" ilə Ermənistanın daha çox vaxt qazanmasını, işğal etdiyi Qarabağ torpaqlarında hərbi cəhətdən güclənməsini, şəhərlərimizi, kəndlərimizi viran qoymasını təmin etdilər. Lakin reallıq göstərdi ki, bu problemin siyasi həlli əslində, mümkün deyil. Ümummilli liderimiz Heydər Əliyevin bir zaman razılaşdığı atəşkəs rejimi bizim üçün öz bəhrəsini verdi. 2003-cü ildən Prezident seçilən İlham Əliyev idarəçiliyinin on yeddi ilində xalqla, qaçqın və köçkünlərlə hər görüşəndə güclü bir inamla torpaqlarımızı düşməndən mütləq azad edəcəyi  vədi verirdi. Və onun belə anlarda bir cümləsi, yəqin ki, hamının yaxşı  yadındadır: "Biz işğal altında olan torpaqlarımızı mütləq düşməndən azad edəcəyik. Əgər bu problem siyasi yolla həll olunmasa, biz özümüzün haqlı tələbimizi başqa yolla həll edəcəyik". O zaman hər kəs anlayırdı ki, bu cümlədəki "başqa yol" müharibə yolu demək idi. Lakin etiraf edək ki, birinci Qarabağ döyüşlərindəki müharibə məğlubiyyəti bizim çox şeyə və həm də müharibə yoluna inamımızı sarsıtmışdı.

Prezident İlham Əliyev Tanrının bizə bəxş etdiyi elə bir rəhbər, elə bir Ali Baş Komandan oldu ki, nəyi nə zaman etməyi yaxşı bilirdi. Və onun 44 günlük Vətən müharibəsi günlərində ordumuzun hər qələbəsini elan etdiyi anlarda dediyi "Mən özüm bilirdim, nəyi nə zaman etmək lazımdır" cümləsi də zəfərimizin tarixinə qızıl hərflərlə yazıldı. Zaman gəldi və Ali Baş Komandan tamamilə qudurmuş düşmənə qarşı hücum əmrini verdi. Bu an Prezidentin, Ali Baş Komandanın, ordumuzun "birinci əsgərinin" ( Mir Şahin) torpaqlarımızı müharibə yolu ilə azad etməyin çatan zamanı idi. Vətən müharibəsi başladı. Ordumuz qəvi düşməni "iti qovan" kimi qovmağa başladı. Bu, təkcə işğalçıya deyil, həm də onun havadarlarına qarşı və həm də dünyada görünməmiş - ən yeni texnalogiyalar vasitəsilə aparılan müharibə idi. Vətən müharibəsinin lap ilk günündən qazanılan zəfər yürüşü dostlarımızı heyran qoydu, düşmənlərimizi sarsıtdı. Cəmi iki gün keçmiş dünyanın aparıcı media qurumları mütləq Böyük Qələbə ilə nəticələnəcəyi artıq göz önündə olan bu müharibənin  "birinci əsgərini" müsahibələrə cəlb etdilər. Ali Baş Komandan Vətən müharibəsinin 3-cü günündə ilk müsahibəsini, 43-cü günündə isə müharibəyə dair son müsahibəsini verib.

Əlbəttə, bu müsahibələr ölkəmizin bütün media sistemində elə anındaca öz təhlillərini, interpretasiyalarını tapdı. Və bu müsahibələrin hər biri Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yanaşı, xalqımızı, Liderimizi, ordumuzu daha sıx, bəlkə tarixin heç zaman şahid  olmadığı şəkildə birləşdirdi. Prezidentin, Ali Baş Komandanın otuza yaxın bu müsahibələrinin bir kitab formatında mütləq nəşr olunacağına hamımızda güclü bir inam vardı. Səbirsizliklə gözlədiyimiz bu kitabı ilk olaraq  "Qanun nəşriyyatı" meydana qoydu. Həm də nəşriyyat təkcə müsahibələri deyil, habelə Prezidentin "zəfər çıxışları"nı, "zəfər görüşləri"ni və "zəfər tvitləri"ni də bu kitaba daxil etmişdir. Beləliklə, "Zəfər  Yolu" adlanan 22 çap vərəqi həcmində bu kitab Prezidentimizin, Ali Baş Komandanımızın 44 günlük Vətən müharibəsi dövründəki titanik fəaliyyətini bir daha yada salır, bugünkü, sabahkı nəsillərin bu müqəddəs, ədalətli Vətən müharibəsinin anatomiyasını dəqiq araşdırmaq, tədqiq etmək üçün əlçatan bir mənbə rolu oynayır. Digər tərəfdən, əgər Qurani-Kərim müqəddəs kitabdırsa, onda "kitab" sözü özü də müqəddəs anlayışdır və bütöv bir xalqın müqəddəs Qarabağ arzusunu gerçəkləşdirən bir xalq rəhbərini dünyaya bəyan etdiyi haqq səsi də müqəddəs kitab formatına düşməlidir.

"Zəfər Yolu"nun redaktoru yoxdur. Və bu da çox qanunauyğun bir faktdır. Çünki İlham Əliyevin nəinki yazılı nitqinin, hətta şifahi nitqinin də heç bir redaktəyə ehtiyac yoxdur. Etiraf edək ki, Prezidentin doğma ana dili bir yana, dünyanın bir neçə aparıcı dillərindəki danışığında da elə bir dəqiqlik, elə bir səlislik, elə bir aydın üslub var ki, bütün bunlara heyran qalmamaq olmur.

Ali Baş Komandanın 44 günlük Vətən müharibəsindəki informasiya fəaliyyəti kitabda dörd bölməyə ayrılır və bu bölgülərin hamısı "zəfər" leksemi ilə başlayır: "Zəfər çıxışları", "Zəfər müsahibələri", "zəfər görüşləri", "zəfər tvitləri": 44 günə yaraşan bir leksik vahid! Tanrı bizim ordumuza, xalqımıza bu 44 günün hər anında zəfər müjdəsi yetirdi. Amma Allah nə deyir? "Səndən hərəkət, məndən bərəkət!" Tanrı öncə bizdən hərəkət istəyir. Bizim Prezidentimiz Tanrının bu çağırışına beynəlxalq tiribunalardakı haqq səsilə, ordumuzun qüdrətini təmin etməklə, xalqın birliyini yaratmaqla, zamana, günə uyğun informasiya siyasəti formalaşdırmaqla, çoxlarının gözləmədiyi kadr islahatları ilə və daha bir çox tədbirləri ilə "hərəkət" göstərirdi. Prezidentin "hərəkəti" (bəlkə hərəkatı), Tanrının "bərəkəti" Vətən  müharibəsinin lap ilk günlərində özünü göstərdi. Xalqımızın heç vaxt yaddaşından silinməyəcək millətə ilk müraciət "Zəfər Yolu"nun da ilk səhifələrindədir.   Prezident sentyabrın 27-də xalqa müraciət  edir: Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları  barədə təhlili informasiya verir və artıq başlamış Vətən müharibəsində bizim haqlı olduğumuzu elan edir. Ermənistanın məkrli niyyəti, azğınlığı hətta işğal altında olmayan Tovuz rayonunda törətdiyi təxribatın mahiyyətini açan Ali Baş Komandanın inam dolu son cümləsi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" Prezident Vətən müharibəsinin başlandığı ilk anda qətiyyətlə elan edir: "Biz zəfər çalacağıq!" Bu sözlər yurdumuzun bütün guşələrində, birgə yaşadığımız bütün xalqların dilində qələbəyə inam səsi kimi çağladı. Bundan cəmi bircə həftə sonra Prezidentin xalqa yeni müraciətinin ilk sətirləri:  "Əziz həmvətənlər! Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!" Və bundan sonra belə müraciətlərin müntəzəmliyi xalqımızın qürur faktına çevrilir. Və bu müraciətlərin birində  Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin videokonfransda görüşü olur. Bu görüşün nəticəsində müharibənin bitdiyi, Ermənistanın kapitulyasiyaya uğradığı bildirilir. Videkonfransdan sonra Prezident İlham Əliyev xalqa müraciətlə  Vətən müharibəsinin zəfərlə bitdiyini elan edir və bu zəfərin milli tariximizdə tutacağı yeri qürurla bildirir...

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründəki Ali Baş Komandan kimi rolu, qəhrəmanlığı bizim gözümüzün qarşısında baş verirdi. Amma qarşıda bir mühüm vəzifə də var idi: Azərbaycanın haqq səsini dünyaya çatdırmaq. Maraqlı orasıdır ki, elə dünya özü də İlham Əliyevi əyilməz bir rəhbər, bir komandan kimi qəbul etdi və çox müxtəlif ölkələrin media kanalları onu müsahibələrə cəlb etdi. Prezident onların heç də hamısının xoş niyyətli olmadığını çox yaxşı bilirdi. Amma heç kəsə "yox" demədi. Arxayın olduğu güclü səbəblər vardı: Birincisi, haqqı heç kim sındıra bilməz; ikincisi, xalqın qətiyyəti dünyaya məlumdur; üçüncüsü, ordumuzun qələbə əzmini heç bir xarici ideologiya sındıra bilməz; dördüncüsü, Prezidentin savad diplomatiyası  qarşısında jurnalistin qərəzli yanaşmaları tab gətirə bilməz və s.

Xüsusi qeyd edək ki, Prezidentin xarici media nümayəndələrinə müsahibələri təkcə müsahibə alan jurnalistin ölkəsində deyil, digər ölkələrdə də ictimai rəyə təsir edirdi. Yaxud Prezidentin, məsələn, Rusiya informasiya vasitələrinə müsahibələri bu ölkənin TV kanallarının ermənipərəst, qeyri-obyektiv tok-şou iştirakçılarını qərəzsiz olmağa vadar edirdi. RTR TV-də Azərbaycana qərəzli münasibətilə seçilən  "60 minut" proqramına cəmi bir neçə dəqiqəlik müsahibəsi ilə İlham Əliyev bu qərəzli aparıcıları, ermənipərəst zatulinləri, familiyasından "yan" ixtisar etmiş Yusinləri (Yusinyan) seyt-nota saldı və onlar qərəzli münasibətlərini bir az səngitdilər. Rusiyanın RTR dövlət televiziyasının dünyaca məhşur aparıcısı Dmitri Kselyov başdan-ayağa ideoloji kanonlara xidmət edən "Vesti nedeli" analitik xəbərlər proqramı üçün müharibənin 3-cü günü müsahibə alır. Onlayn müsahibəyə həm də Paşinyan qoşulur. Bu anda Prezident İlham Əliyevlə savadsız, bəsirətsiz, simasız Paşinyanı müqayisə etməyin özü də savadsızlıq faktı olardı. Amma bircə onu deyək ki, D.Kiselyov özü də İlham Əliyevin arqumentlərinə, informativ bacarığına cəmi bir neçə dəqiqəlik diplomatik manevrlərinə heyranlıqla diqqət edirdi.

Prezidentin "Əl-Cəzirə", "TRT Haber", "CNN-Türk", "Euronews", "CNN İnternational", "Haber Qlobal", "Franc 24", Yaponiyanın "Nikkei", ABŞ-ın "Foks News", İtaliyanın RAİ-1, Almaniyanın ARD, "BBC news" kimi transmilli TV kanallarına müsahibələrindəki möhtəşəm diplomatik gedişləri Rusiyanın "Perviy kanal"ına, RBK-aya TV-lərə, "RİA-novosti", TASS, "İnterfaks" kimi informasiya agentliklərinə bir növ obyektivlik dərsləri verdi. Rusiyanın ORT (Pervıy kanal) televiziyasının A.Şeynin, V.Solovyov kimi ermənilərə tam açıq şəkildə qahmar çıxan proqram aparıcıları jurnalistikanın beynəlxalq aləmdə təsdiq olunmuş yaradıcılıq prinsiplərinin üstündən xətt çəkdilər və tam qərəzli ideoloji istiqamətə keçdilər. Lakin onlar da  sonda bizim zəfər yolumuzun zamana örnək yürüşlərini qəbul etmək məcburiyyətində qaldılar.

Azərbaycan Prezidenti bir sıra müsahibələrində xarici jurnalistlərin qərəzli suallarını xəfif ironiyalarla qarşıladı və peşə etikasına az-çox bələd olan həmin jurnalistlər elə efirdəcə özlərini yığışdırdılar. Bununla da Azərbaycan Prezidenti öz müsahibələri ilə həm də beynəlxalq jurnalistikaya yeni bir dərs keçdi. Biz Prezidentin 44 günlük Vətən müharibəsi dövründəki informasiya fəaliyyətini əks etdirən "Zəfər Yolu" kitabını həm də bugünkü jurnalistikamız üçün mükəmməl bir dərslik hesab edirik.

 

Nizami CƏFƏROV, akademik

Cahangir MƏMMƏDLİ, professor

525-ci qəzet.- 2021.- 8 yanvar. S. 19.