Əbədiyyətdəki əziz ünvanlarımız

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

Vətən müharibəsində ordumuzun qəhrəman döyüşçülərimizdən olan Cavanşir Xeyrulla oğlu Əhmədov 12.11.1999-cu ildə Bakının Ələt qəsəbəsində dünyaya gəlib. Atası Birinci Qarabağ veteranı olan Cavanşir uşaq yaşlarından vətənpərvər gənc kimi yetişib. 15 yaşı olanda hərbi məktəbə qəbul olmaq istəsə də, müəyyən səbəblərdən arzusu baş tutmur. O da atıcılıq kurslarına gedir və mülki həyatda da hərbi tərzdə geyimlərə üstünlük verir.

Xüsusi Təyinatlı Qrupun kursuna yazılmasında da başlıca səbəb vətənə sevgisi, döyüşə marağı olub. O, bu kursu sərrast nişançı-snayper kimi uğurla başa vurub və Vətən müharibəsi başlananda döyüşlərə qatılıb, ilk gündən ən ağır döyüşlərdə iştirak edib. Atası deyir ki, bu yolu Cavanşir özü seçmişdi: "Onun ən böyük arzusu Qarabağ uğrunda döyüşmək, həmişə ön cəbhədə olmaq idi. Elə bu arzusunun ardınca da getdi, hərbçi oldu. Müharibə vaxtı hər zəng edəndə başqa bir yerin adın çəkərdi ki, ordayam. Axırıncı dəfə Hadrutda olanda danışdıq".

İgid Cavanşir 2020-ci il oktyabrın 15-də Hadrut döyüşlərində şəhadətə yüksəlib.

 

***

Nihad Babayev Akif oğlu 30.08.1991-ci ildə Biləsuvarın Günəşli kəndində doğulub. 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə H.Əliyev adına Ali Hərbi Akademiyanı uğurla başa vurub. 2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində leytenant rütbəsi alır və həmin ildən Naxçıvanda xüsusi təyinatlı qrupda çalışır. 2016-cı ildə isə Türkiyədə hərbi ixtisaslaşdırma üzrə təhsil alır və ölkədə 50 zabitin keçə bildiyi təlimi müvəffəqiyyətlə keçir. 2018-ci ildə vətənə qayıdaraq, Xüsusi Təyinatlı bölüyün komandiri kimi xidmət edir, xüsusi xidmətlərinə görə kapitan rütbəsi alır. Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə qədər yüksəlir.

Vətən müharibəsinə ilk gündən könüllü müraciət edən Nihadın ilk müraciəti qəbul olunmur. O isə təkidlə Qarabağa göndərilməyi xahiş edir. Nəhayət, II mərhələdə onun da adı siyahıda olur. Yola çıxanda bacısı Ülviyyə Musayeva ilə əlaqə saxlayıb sevincini bölüşür: "Döyüşlər başlayandan deyirdi ki, getmək istəyirəm, aparmırlar. Deyirdim ki, çağıranda gedərsən, niyə tələsirsən? Deyirdi ki, yoldaşlarım döyüşür, şəhid olur, mən burda dayana bilmirəm. Döyüşə getdiyi gün zəng vuranda, səsində sevinc var idi. Deyirdi, torpaqlarımız uğrunda döyüşməyə gedirəm". Beləcə, 2020-ci il oktyabrın ortaları döyüşə yola düşür. Xüsusi təyinatlı kimi müharibədə iştirak edir. Oktyabrın 29-da Füzulinin Veysəlli kəndi istiqamətində, Ulyandağ deyilən yüksəkliklərin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olur. İgid kapitana şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

 

***

Cəbrayılov Rahib Ramin oğlu 27.12.2001-ci ildə Yevlaxın Quşçu kəndində doğulub. 2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub.

Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin problemə görə hərbi xidmətə də aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. Xidmətini Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib.

 

Vətən müharibəsi başlanan ilk gündən döyüşlərdə mərdliklə, qorxmazlıqla iştirak edən Rahib, Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik məqamına qovuşub.

 

***

Abbasov Samir Azər oğlu 10.06.1997-ci ildə Neftçalanın Xolqaraqaşlı kəndində anadan olub. Aşpaz işləyən Samir subay idi və valideynləri ilə yaşayırdı. 2020-ci il sentyabrın 21-də təlimə yollanıb, sentyabrın 27-dən döyüşlərə qatılıb. O, bu müharibədə topçu olub və həlledici döyüşlərdə yüksək əzmkarlıq, cəsarət göstərib.

Son dəfə qardaşıyla telefon əlaqəsi saxlayan cəsur topçumuz deyib: "Kəndə qazi olaraq gələcəm   işlərimi tamamlayandan sonra qismət olsa, ailəmlə birlikdə Şuşaya istirahətə gedəcəm".

Təəssüf ki, Samirin bu arzusu baş tutmadı və o, elə noyabrın 8-i Şuşa istiqamətində gedən döyüşlərdə yanına snaryadın düşməsi nəticəsində şəhadətə yüksəlib.

 

***

Nağıyev Nicat Azad oğlu 05.02.1995-ci ildə Yevlaxın Əcəmi kəndində evin 2-ci oğlu kimi dünyaya göz açıb. O, anası, qardaşı və qardaşının yoldaşı ilə Əcəmi kəndində yaşayırdı. 2020-ci il 27 sentyabrda müharibə başlayarkən könüllü quru qoşunlarına qatılıb. Gedərkən qardaşına "Mən şəhid olacam. Ancaq heç də pis olmayın, başınızı dik tutun. Vətən sağ olsun!" - demişdi. Tərtər, Kəlbəcər, Goranboy, Füzuli istiqamətində gedən döyüşlərdə şücaətiylə fərqlənib. 17 oktyabrda Ağdərə istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşı onun haqqında danışanda deyir: "Heç bir yaralını, şəhidi qoymazdı tank altında qalsın. Məni də Nicat xilas etmişdi. Heç vaxt özünü düşünməzdi. Ancaq bir şey fikirləşərdi "qabağa getmək". Bu fikirlə qabağa irəliləyərkən şəhid olmuşdu". Nicatın son danışığı anası ilə olub, "özündən muğayat ol, şəhid olsam, pis olmayın" - deyib.

 

***

Aslanov Babək Sakit oğlu 15 noyabr 1994-cü ildə Tovuzun Yanıqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra orduda gizir kimi xidmət etməyə başlayıb. Bir neçə il Naxçıvanda xidmət edib, sonra isə Füzuli rayonundakı hərbi hissələrin birində xidmətini davam etdirib. Vətən müharibəsi başlayan ilk gündən rəşadətlə döyüşüb, düşmənin başına od ələyən qəhrəmanlarımızdan olub. Füzuli rayonunun bir neçə kəndinin azad edilməsində iştirak edib. Oktyabrın 3-də qanlı döyüşlərin birində şəhadət şərbətini içib.

 

***

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 02.06.1995-ci ildə Bakıda doğulub. İbtidai sinifi Xətai rayonu 29 ¹li məktəbdə oxuyub və 5-ci sinifdən Xətai rayonu 25 ¹li tam orta məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə həmin məktəbi bitirib Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakültəsinə daxil olur və 2016-cı ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidməti başa vurub dönəndən sonra müxtəlif yerlərdə işləyib. Sonuncu olaraq "AzEuroTel" MMC-nin Mühasibat uçotu və maliyyə şöbəsində mühasib vəzifəsində çalışırdı. Nişanlı idi. 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılır. Sentyabın 27-dən Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə qatılır. Oktyabrın 8-i döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır, oktyabrın 9-u II Fəxri Xiyabanda torpağa tapşırılır.

 

***

Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkirin Kür qəsəbəsində anadan olub. 2003-cü ildə Kür qəsəbəsi Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin 3-cü sinifindən təhsilini davam etdirib. 2015-ci ildə məktəbi bitirərək AzTU-nun dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi fakültəsinə qəbul olub. Oxuduğu müddətdə sinif nümayəndəsi kimi fəaliyyət göstərib.

2016-cı ilin aprelin 25-də əmək fəaliyyətinə başlayıb. 2 iyul 2019-cu ildə bakalavr ali peşə-ixtisas dərəcəsi ilə təhsilini bitirib. Həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.

Öncə Ağcabədidə xidmət edib, dekabrdan isə xüsusi təyinatlı kimi qeydiyyata düşüb. Cəlilabadın Göytəpə hərbi hissəsində xüsusi təyinatlıda fəaliyyətini davam etdirib.

2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində ən öndə iştirak edənlərdən olub. Raul oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib, oktyabrın 15-də Şəhidlər Xiyabanında dəfn olunub.

 

***

Akifzadə Elmir Gündüz oğlu 01.09.1997-ci ildə Masallının Banbaşı kəndində anadan olub. 2015-ci ildə orta təhsilini C.Qasımov adına Banbaşı kənd tam orta məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanıb, 2016-cı ildə isə xidmətini başa vurub. O, 2016-cı il Aprel döyüşlərində də iştirak edib və fəxri fərmana layiq görülüb. 2018-ci ildə Rusiyada Kazan Dövlət Universitetinin maliyyə fakültəsinə qəbul olub.

2 bacının tək qardaşı olan Elmir Vətən müharibəsində Səfərbərlik xidmətinə çox saylı müraciətdən sonra könüllü cəbhəyə yollanıb, 8 oktyabr 2020-ci ildə Füzulidə gedən döyüşlər zamanı partlayış nəticəsində şəhadətə yüksəlib. Şəhidimizin son sözü bunlar olub: "Nənəm Füzulidən olub, ona demişdim ki, torpaqlarımızı alaq, gəlib səni aparıb hər yerin gəzdirəcəm..."

 

***

Bədəlov Valeh Vahid oğlu 10.10.1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 1996-2007-ci illərdə Tala 3 saylı məktəbdə təhsil alıb. 2012-ci ildə Qafqaz Universitetini bitirib, hərbi xidmətə yollanıb. Həmin ildə zabit  kurslarına yazılıb. Oranı bitirib Goranboyda zabit kimi xidmətə başlayıb. 2015-ci ildə XTQ kursuna qəbul olunub və həmin kursu da müvəffəqiyyətlə başa vurub. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. XTQ-də xidməti müddətdə nümunəvi xidmətinə görə medallarla, fəxri fərmanlarla mükafatlandırılıb. 2018-ci ildə keçirilmiş ordunun yüz illiyi paradının iştirakçısı olub.

XTQ kəşfiyyat qrup komandiri, baş leytenant V.Bədəlov 2020-ci ilin 27 sentyabrından ön xətdə aktiv döyüşlərdə qəhrəmanlıq göstərib. Murovdağın alınması əməliyyatında böyük xidmətləri olub. Cəbrayıl, Füzuli istiqamətində döyüşüb. Oktyabrın 7-də hücum zamanı qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra dövlətimiz tərəfindən "Vətən müharibəsi qəhrəmanı" adı verilib. Ailəli olan şəhidimizdən vətənə əmanət 2 qız övladı qalıb.

 

***

Nurlan Madər oğlu Hüseynov 03.07.1992-ci ildə İmişlinin Göbəktala kəndində doğulub. 2010-cu ildə hərbi xidmət keçib, 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu başa vuraraq snayperçi kimi xidmətə başlayıb, gizir rütbəsinə yiyələnib.

 

Gizir Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də xüsusi şücaətlər göstərib, 54 ermənini şəxsən məhv etmişdi. Daha sonra o, 2018-ci ildə Türkiyə, 2020-ci ildə isə 11 ölkə arasında keçirilən snayper atıcılığı üzrə yarışlarda birincilik qazanıb.

30 illik Qarabağ həsrətimizin sona çatması üçün Nurlan da öz canını əsirgəmədi. 10 nəfər kəşfiyyatçı yoldaşıyla çox sayda ermənini məhv edərək oktyabrın 14-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.

 

***

Quluzadə Orxan Elxan oğlu 29.06.1994-cü ildə Lənkəranda anadan olub. 2000-ci ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü lisey-məktəbini bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hələ uşaqkən Orxan idmana böyük həvəs göstərirdi. O, qaydasız döyüş idman növündən dərs almışdı. 2013-2017-ci illərdə Orxan müxtəlif yerlərdə çalışıb. Lakin respublikada cərəyan edən hadisələr Orxanın vətənpərvər hisslərini daha da dərinləşdirib, vətəninə olan məhəbbəti onu hərbçi peşəsinin vurğunu etmişdi. Buna görə o, könüllü 2017-ci ilin oktyabrında Dövlət Sərhəd Xidməti komandanına ərizə ilə müraciət etmiş, 2018-ci il martın 29-da Komandanın əmri ilə Yevlaxda "N" saylı hərbi hissədə xidmətə göndərilmişdi. Xidmətdə fərqləndiyinə görə, qısa zamanda ona kiçik gizir rütbəsi verilmişdi. Çevik hərbi dəstənin kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayperçi vəzifəsində xidmət edirdi. 2020-ci il II Qarabağ müharibəsi başlanan gündən Orxan snayper kimi döyüşlərə qatılır. Noyabrın 8-də Zəngilanın Şükrütaz yüksəkliyi uğrunda gedən döyüşlərdə 18 erməni hərbi qulluqçusunu məhv edərək, yaralı yoldaşlarını döyüş meydanından son nəfəsə qədər xilas etmiş, qəhrəmancasına şəhid olmuşdu. Vətən müharibəsində göstərdiyi şücaətə görə şəhadətindən sonra kiçik gizir O.Quluzadə "Qarabağ" orden ilə təltif olunub. Qəhrəman şəhidimizin 2 yaşında Ayla adlı qız övladı yadigar qaldı.

 

***

Mehman Musa oğlu Yusifov 18.07.1979-cu ildə Tovuzun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində doğulub. Ailənin altıncı övladı olan Mehmanın özündən başqa üç qardaşı və dörd bacısı var idi. 1985-1996-cı illərdə E.Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. 1998-cı ildə həqiqi hərbi xidmətə çağırılan Mehman 2000-ci ildə xidmətini başa vuraraq təxris olunub. Daha sonra 2002-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub.

O, 19.04.2009-cu ildə Yusifova Günel ilə ailə həyatı qurub. Məhəmməd, Fatimə və Süleyman adlı 3 övladı var.

M.Yusifov 2002-ci ildə SQ-in TTM-nin nəzdindəki gizir hazırlığı kursuna daxil olub. XTQ və keçdiyi digər çoxsaylı kurslar sayəsində lazımi biliklərə yiyələnib. 18 illik xidməti ərzində çoxsaylı əməliyyatlarda iştirak edib. Eyni zamanda, 2016-cı ildə Aprel döyüşlərində cəbhədə olub. 27.09.2020-ci ildə başlayan II Qarabağ müharibəsinin ilk günündən cəbhədə olan Yusifov 5 oktyabrda Cəbrayılda son döyüşünə qatılır. Baş gizir M.Yusifov və onunla birlikdə 7 silah yoldaşı 300-ə yaxın düşmənlə son güllələri bitənə qədər döyüşür və qəhrəmancasına şəhid olurlar. Mehman oktyabrın 6-da Bayramlı kəndində dəfn olunub.

Xidməti müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (2008), III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (2012), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (2013), II dərəcəli "Qüsursuz xidmətə görə" medalı (2016), "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (2018), şəhadətindən sonra isə "Qarabağ" ordeni ilə təltif olunub.

 

***

Zaur Ələddin oğlu Nəbiyev 01.07.2001-ci ildə Şəmkirin Ələsgərli kəndində anadan olub. Həmin kəndin N.Nəsirov adına tam orta məktəbini bitirib. Atası Ələddin Əlixan oğlu Nəbiyevi 4 yaşı olarkən itirmişdi. Anası Lamiyə Nəsib qızı Nəbiyeva məktəb qarovulçusu vəzifəsindən işləyib, kənd təsərrüfatı ilə məşğul olub. O, bütün çətinliklərə baxmayaraq, Zauru və iki bacısını (Gültəkin və Aytənin) böyüdüb boya-başa çatdırmışdı. Böyüdükdən sonra Zaur bacılarına həm ata, həm də qardaş olmuşdu.

Zaur əsgərliyə yola düşərkən belə bir söz söyləmişdi: "İnşallah, şəhidlik zirvəsinə ucalaram" və istəyinə nail oldu. O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və orda 2020-ci il oktyabrın 4-də şəhidlik zirvəsinə ucalıb.

 

***

Tural Zahid oğlu Cuvarov 01.05.1996-cı ildə Şəmkirin Ələsgərli kəndində doğulub. 2003-2014-cü illərdə Ələsgərli kənd orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Tural 2020-ci il sentyabrın başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda torpağa tapşırılıb.

 

Şəhadətindən sonra T.Cuvarov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

Əslən Borçalı mahalından olan Qənbərov Bilal Xanlar oğlu 29.09.1993-cü ildə Bakıda 3 bacının tək qardaşı olaraq doğulub. Ona 1941-1945-ci illər Böyük Vətən müharibəsinin veteranı olmuş qəhrəman babasının adı qoyulub.

2000-2011-ci illərdə Səbail rayonu E.Əliyev adına 162 nömrəli tam orta məktəbə təhsil alıb. Bilal ailəli olub ayrılıb və bu evlilikdən Nazlı adında bir qızı var. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Cəbhədə olanda hər dəfə "Nazlıdan muğayat olun" - deyib sağollaşardı.

2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də tərxis olunmuşdu. Həmin il sentyabrın 29-u öz doğum günündə II Qarabağ müharibəsinə yola düşüb. Hərbi Səfərbərliyə könüllü qoşulduğunu evdə deməmişdi. Müharibəyə deyib-gülərək gedən Bilal qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi. O, Hadrut, Cəbrayıl və Füzuli şəhərləri uğrunda düşmənə qarşı cəsarətlə vuruşub. Saç rənginə görə döyüş yoldaşları tərəfindən "Sarı" adlandırılan Bilal noyabrın 3-ü Şuşa döyüşlərində şəhadətə yüksəlib, noyabrın 6-da Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

 

***

Teymur Tehran oğlu Məcidzadə 10.10.1992-ci ildə Füzulinin Gecəgözlü kəndində doğulub. 8 aylıqkən ailəsi ilə birlikdə Füzulidən məcburi köçkün düşüblər. Orta məktəbi uğurla başa vuran Teymur 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə daxil olub.

II Qarabağ savaşı başlayanda, sentyabrın 27-si Teymur da vətənin müdafiəsinə qatılmışdı. Döyüşlərdə saysız qəhrəmanlıqlar, yüksək şücaət göstərən Baş Leytenant T.Məcidzadə döyüş yoldaşları, komandirləri tərəfində çox sevilirdi.

Ömrünün 28-ci payızında - 2020-ci ilin 9 noyabrında Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Məzarı III Fəxri Xiyabandadır.

Şəhadətindən sonra "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet. 2021.- 8 yanvar.S. 22-23.