Şəkillər xatirələrdir, yoxsa xatirələrdir şəkil olan?  

 

 

Xatirələr həmişə şəkillər demək deyil. Necə ki, şəkillər artıq sadəcə xatirə üçün çəkilmir. Bəzi anlar sonsuza qədər davam edir - yaşanılır, yaddaşda qalır, şəkillərə sığdırılmır. Hansı şəkil əvəz edə bilər xatirəmizdə canlanan anın gözəlliyini? Axı şəkillər onu materiallaşdırır, xatirəmizdə qalan anlar isə həmişə canlıdır, hərəkət halındadır... Həmin vaxtkı hisslər, duyğular sanki anlarla birgə yaddaşımıza köçürülür. Möcüzəlidir, yaddaş itirilə biləcək bir şey olmasa.

 

Niyə həmişə xoş xatirələri yada sala bildiyimiz "indiki" gündə qala bilmirik? Həmişə arzum olub ki, indiki gündən çox uzaqlaşmayım. Necə qeyri-real, utopik arzudur, eləmi? Yadımdadır, son zəngimə bir gün qalmış gecə düşünürdüm, arzulayırdım ki, bu günlərdən daha da çox uzaqlaşmayaq. Ona görə yox ki, gələcək maraqlı deyildi. Sadəcə insan xoşbəxt olduğu günlərdən uzağa düşmək istəmir. Axı, zamanı dayandırmanın bir yolu olmalı idi. Amma yoxmuş. İndi o günlərdən az-nə çox, düz 7 il uzaqdayam...

 

Yaxşı ki uzağam, illər daha da xoşbəxt günlərə yelkən açdırdı. Bu gün bəs?.. Bu gün yaşayırıq, həyatdayıqsa, deməli, fərqinə varmasaq da, xoşbəxtik. Çoxlu şəkillər çəkdiririk, paylaşırıq. Bir çəkdirmədiklərimiz var - yada düşəndə hiss etdiyimiz duyğu həyəcanla bizi yenidən o anlara aparır. Hətta yaşanmayan, yaşanmasına izn vermədiyimiz anların da fotosu olur beynimizdə. Həmin an hiss etdiklərimizi xatırlamaq bizi yenə o günə qaytarır.

 

Şəkillər qədər önəmli olsalar da, xatirə olaraq anılmaq üçün çox kiçik vasitədir. Ən böyük vasitə isə gözlə görülməyən, ancaq hisslərə dolu olan qəlbdir: hiss edəcəyini bizdən soruşmur, birdən özümüzü o hissin içində tapırıq. Anları xatirə edən, beyinə düşünmə siqnalları göndərən məhz odur - ən təbii, sonsuz tükənməz hisslərin olduğu yer.

 

"Titanik" filmində Rouzun dediyi kimi: "Onun məndə bircə şəkli də yoxdur. O, indi ancaq xatirələrimdədir".

 

 

Nəzrin HƏSƏNOVA

 

525-ci qəzet.- 2021.- 27 yanvar.- S.21.