Azərbaycan Ədliyyəsinin tarixinə
dair dəyərli nəşr
Ötən
il Azərbaycan ədliyyəsinin 100 illiyinə
həsr olunmuş "Azərbaycan Ədliyyəsi davamlı
inkişaf yolunda" (Bakı, "Ədliyyə", 2020.)
adlı kitab işıq üzü görüb.
Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri, I dərəcəli dövlət
ədliyyə müşaviri cənab Fikrət Məmmədovun
müəllifi olduğu bu kitabda Azərbaycanın ədliyyə
tarixinə nəzər salınmış, inkişaf mərhələləri
təhlil edilmiş, ədliyyəmizin bugünkü fəaliyyət
prinsipləri haqqında söhbət
açılmışdır. Kitabın nəşri
tarixi əhəmiyyət daşıyır. Ona görə ki, bu nəşr özündə
lazımi arxiv sənədləri cəmləşdirməklə
yanaşı, gənc nəsil üçün bu sahə
üzrə əsas bilik bazasını təmin edir.
Yazılı məlumatlardan əlavə, fotomateriallarla zəngin
olan kitab tarixi əhəmiyyət kəsb edən məqamlarla
oxucunu əyani tanış edir. Bu da öz növbəsində kitabın nəfis tərtibatından
və zənginliyindən xəbər verir.
Akademik
Yaqub Mahmudov "Ədliyyə tariximizə sanballı töhfə"
adlı ön sözdə kitabın əhəmiyyəti barədə
yazır: "Azərbaycan Ədliyyəsi davamlı inkişaf
yolunda" kitabının işıq üzü görməsi
ədliyyə tariximizin bütöv halda, sistemli şəkildə
araşdırılması baxımından çox
mühüm hadisədir, məhkəmə-hüquq tariximizə
sanballı töhfədir. Olduqca zəngin
illüstrasiya materialı kitabı daha oxunaqlı edir. Bu qiymətli əsərin bütün oxucular tərəfindən
böyük maraqla qarşılanacağına şübhə
etmirəm".
Kitabın birinci hissəsi Azərbaycan Ədliyyəsinin
tarixi köklərindən bəhs edir. İlk fəsil
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə qədər
Azərbaycan ərazisində tətbiq edilmiş qanunlar toplusu,
onların yaranma və icraolunma prinsipləri haqqındadır.
Ədliyyə haqqında ilkin anlayışlar Azərbaycanda
ən qədim dövlətçilik ənənələrinin
əsasında təhlil olunub. Bu fəsildəki
qeydlər onu göstərir ki, mövcud olmuş
dini-siyasi-ictimai hadisələr qanunların
formalaşmasında birbaşa rol oynayıb. Vaxtilə Avestanın müddəaları mühakimə
qaydalarına öz təsirini göstərib. Bu proses
İslam dininin dərin kök saldığı dövrə qədər
davam edib. Ümumiyyətlə, zamandan zamana
püxtələşən qanunlar toplusu heç vaxt sabit
forma almayıb. İslam dini Azərbaycanda
yayıldıqdan sonra bir çox məsələlər kimi
mütləq hökm çıxarmaq üçün Quran əsas
mənbə olub. Kitabda bu haqda belə qeyd olunur:
"Müsəlman hüququnun əsas mənbələri olan
Quran və Sünnədə dini-əxlaqi, sosial-etik normalarla
yanaşı, müxtəlif məsələlər üzrə
çoxsaylı hüquq normaları da yer almışdı. Sünnə ərəbcə "nümunə"
və ya "adət-ənənə" mənasını
verən, Məhəmməd Peyğəmbərin hərəkət
və əməlləri, həmçinin, onun dediklərindən
ibarət olan mühüm mənbədir".
Həqiqət, ədalət, qanun anlayışları
barədə Azərbaycan ədəbiyyatında qiymətli əsərlər
mövcuddur. Kitabda bu məsələyə xüsusi toxunulub.
Azərbaycan şifahi xalq ədəbiyyatının ən dəyərli
nümunəsi olan "Kitabi Dədə Qorqud" eposunda, eləcə
də, klassiklərimizin - Nizami Gəncəvi, Nəsrəddin
Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzulinin əsərlərində
nəyin həqiqət olduğu, mütləq haqq barədə,
eyni zamanda, cəmiyyətin idarə olunması, yaşam tərzi
haqqında ümumibəşəri fikirlər mövcuddur.
Azərbaycanda Orta əsrlərdən üzü bəri
yaranan iri dövlətlər və tez-tez əvəzlənən
hakimiyyət qanunlarda da mütəmadi dəyişikliklərin
olması ilə nəticələnib. Hər bir
hökmdarın idarə üsulu müxtəlif olub və bu da
müxtəlif illərdə "Qanunnamə"lərin
yazıya alınması ilə nəticələnib. "Azərbaycan Ədliyyəsi davamlı inkişaf
yolunda" kitabında xronoloji ardıcıllıq gözlənilməklə
bütün proseslər öz əksini tapıb. Kitabda ardıcıl olaraq yaranan dövlətlər,
eləcə də həmin dövlətlərin idarə
üsulları, o dövrlərdəki qayda-qanunlar təhlil
edilərək sadalanıb. Xüsusən, Azərbaycan
tarixində dərin iz salmış Səfəvilər
dövləti haqqında zəngin məlumatlarla
rastlaşırıq: "Azərbaycan xalqının mədəni-tarixi
təkamül prosesində intibah dövrü kimi səciyyələndirilən
XVI əsrdə Səfəvilər dövlətinin
yaranması ilə Azərbaycan feodal pərakəndəliyindən
sonra yenidən özünün dövlət
bütövlüyünü əldə etmişdir".
Birinci
hissənin ilk fəsli xanlıqlar dövründəki vəziyyət,
habelə Çar hökumətinin işğalından sonra Azərbaycanda
siyasi-sosial quruluşun təsviri ilə yekunlaşır. Kitabda göstərilən faktlardan məlum olur ki,
bir çox sahədə olduğu kimi, hüquqi müstəvidə
də Çar hökuməti öz ambisiyalarını güdərək
Azərbaycan xalqı ilə ədalətli münasibətdə
olmayıb. Çar hökumətinin cəza sistemi barədə
kitabda qeyd olunur: "Şimali Azərbaycan çar Rusiyası
tərəfindən işğal olunduqdan sonra burada
ayrı-ayrı yerlərdə həbsxanalar tikilmişdir. Lakin
həbsxanalarda məhkumların
saxlanma şəraiti, tibbi təminatı lazımi səviyyədə
təşkil edilmir, müəssisələr həddindən
artıq yüklənir, infrastruktur bir müddət sonra
dağılırdı. Bunu Rusiya Baş Həbsxanalar
idarəsinin rəisi Azərbaycan həbsxanalarını gəzdikdən
sonra öz qeydlərində də etiraf etmişdi".
"Azərbaycan Ədliyyəsinin tarixi" adlanan I hissənin
II fəsli Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ədliyyənin təşkili və fəaliyyəti barədədir. Kitabın ən
təqdirəlayiq missiyalarından biri də ədliyyə
sistemi ilə bağlı məhz bu dövrə aid
nüanslarının geniş şəkildə
araşdırılıb böyük kütləyə təqdim
olunmasıdır. AXC dövrünə aid
sənədlərin əyani şəkildə təqdim
olunması oxucuda çox böyük maraq yaradır.
Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması dövlətçilik ənənələrimizi
yenidən dirçəltdi. Demək olar ki,
bütün sahələrdə sistemləşdirilmiş
sturuktur yaradıldı. Kitabda AXC-nin fəaliyyəti barədə
yazılır: "Mövcudluğunun ilk günlərindən
xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə
əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün
ölkə vətəndaşlarına eyni hüquqlar verərək
irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Cümhuriyyət parlamentinin il
yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar
milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə,
siyasi və iqtisadə inkişafa, mədəniyyət və
maarif sahələrində sürətli irəliləyişə
imkan verdi". Kitabda Azərbaycanın ilk
Ədliyyə naziri Xəlil bəy Xasməmmədovun fəaliyyəti
barədə söhbət açılır. Xüsusi
maraq cəlb edən məqamlardan biri odur ki, vaxtilə AXC-nin
Ədliyyə nazirliyi azərbaycanlılara qarşı törədilmiş
1928-ci il 31 mart soyqırımı barədə
geniş araşdırmalar aparıb. Bu
araşdırmalar nəticəsində məlum olan faktlar
tarixi həqiqətlərin aşkara
çıxarılmasında mühüm rol oynayıb.
I hissə "Azərbaycan ədliyyəsi Sovet
dövrünün ilk illərində" adlı III fəsillə
yekunlaşır. Bu fəsildə 20-60-cı illərdəki
ədliyyə sistemi təhlil olunub, eyni zamanda, həmin
dövrdə strukturda olan mənfi cəhətlər
aydınlaşdırılıb. Kitabda təqdim
olunan faktlardan məlum olur ki, bu quruluş Çar hökuməti
ilə bir çox xüsusiyyətinə görə fərqlənsə
də, Azərbaycan xalqına qarşı münasibət dəyişməz
olaraq qalıb, həmin hakimiyyət xalqın yox, öz
maraqlarını güdüb.
"Azərbaycan Ədliyyəsi davamlı inkişaf
yolunda" kitabının II hissəsi Ümummilli lider Heydər
Əliyevin hakimiyyət illərində Azərbaycan ədliyyəsinin
inkişaf mərhələləri barədədir. Ümummilli lider Heydər
Əliyev həm Sovet dövründə, həm də müstəqil
Azərbaycanın Prezidenti olduğu vaxtlarda bir çox sahələrdə
olduğu kimi, ədliyyə sahəsində də uğurlu
islahatlar aparmış və Azərbaycan xalqının firavan
həyatı naminə ali həqiqətin bərqərar
olması üçün çalışmışdır. Sovet dövründə Heydər Əliyevin Azərbaycana
rəhbərlik etməsi xalqımız üçün
çox əlamətdar hadisə idi. Çünki
o, bütün məqamlarda milli təəssübkeşliyini
büruzə verirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə
gəldiyi andan etibarən Azərbaycanda hüquq-mühafizə
sahəsində olan problemləri önə çəkmiş
və bir çox məsələlərin həllinə nail
olmuşdur. Onun fəaliyyətindəki əsas
məqamlardan biri də o idi ki, bu sahə üzrə
ixtisaslaşmış kadrların hazırlanmasına
xüsusi diqqət yetirirdi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı illərdə də ədliyyə sahəsində mühüm addımlar atıldı, Azərbaycan ədliyyəsi daha da püxtələşdi. Kitabda qeyd olunduğu kimi: "Dahi öndər milli dövlətçiliyi qorumaqla, gənc müstəqil respublikanı dünyaya tanıtmaqla bərabər, onun sonrakı onilliklər üçün inkişaf kursunu da müəyyən etdi".
"Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabının "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı" adlı III bölməsi isə dövlətimizin başçısının Azərbaycan Ədliyyəsinin inkişafı naminə atdığı uğurlu addımlardan bəhs edir. Cənab Prezidentin fəaliyyətə başladığı ilk vaxtlardan bu günə qədər ədliyyə sahəsində islahatlar davam edir, ildən-ilə məhkəmə sistemi daha da püxtələşir. Bu sahə Azərbaycan hökumətinin daim diqqətindədir. Bunun göstəricisidir ki, Azərbaycan ədliyyəsindəki vəziyyət heç vaxt sabitləşmir, daha intensiv və inkişafyönümlü qərarlar qəbul edilir. Müəllif bu barədə qeyd edir: "Cənab İlham Əliyev ölkə Prezidenti vəzifəsində fəaliyyətə başladığı ilk günlərindən məhkəmə sisteminin müasirləşdirilməsinə və fəaliyyətinin təkmilləşdirlməsinə xüsusi diqqət göstərmiş, bu barədə zəruri tövsiyə və tapşırıqlar vermişdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönələn islahatlar çərçivəsində ölkəmizdə məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması üzrə ardıcıl tədbirlər görülür".
Kitabın sonunda Azərbaycan Ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən maraqlı fotolar, eyni zamanda, Azərbaycanın Ədliyyə nazirləri haqqında məlumatlar öz əksini tapıb.
Azərbaycanın Ədliyyə naziri cənab Fikrət Məmmədov "Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda" kitabını ərsəyə gətirməklə Azərbaycan ədliyyəsinə dair böyük bir tarixi salnamə yaratmış oldu. Elə bir salnamə ki, onillər keçsə belə, bu nəşr tarix səhifələrimizdə zəngin maddi irs kimi qorunub saxlanılacaq, nəsillərdən nəsillərə ötürüləcək.
Nadir RZALI
525-ci qəzet.- 2021.- 27 yanvar.- S.10.