Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

[email protected]

 

***

 

Quliyev Elgün Vasif oğlu 17 sentyabr 1992-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olub. 1998-ci ildə Şamaxı rayonu T.Kərimov adına 2 saylı Göylər kənd orta məktəbinin birinci sinifinə gedən Elgün 2005-ci ildə İsmayıllı rayon N.Behtiyev adına İsmayıllı kənd orta məktəbində təhsilini davam etdirib. Eyni zamanda, İsmayıllı rayonunda hazırkı "Nihal" hazırlıq kursunda dini təhsil alıb.

 

Daha sonra 2007-ci ildə Şəki İslam Hafizlik Kollecinə daxil olub və bir il orada təhsil alaraq 2008-ci ildə Şəki İslam Hafizlik Kollecini Hafiz (Quranı ərəbcədən əzbər bilən) kimi bitirib. 2009-cu ildə İsmayıllı rayon N.Behtiyev adına İsmayıllı kənd orta məktəbindən məzun olub. 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında oxuyub. 2014-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində Həqiqi Hərbi Xidmətdə olub. 2016-cı ildə Aprel döyüşləri zamanı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət edib. 2016-2020-ci illərdə Bakı şəhəri ÖZSÜT restoranında əmək fəaliyyətini davam etdirib. 2020-ci il MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında 52 balla Lerik rayon Sors kəndinə Tarix müəllimi təyin olunur.2020-ci il 29 sentyabrda könüllü olaraq İkinci Qarabağ -Vətən müharibəsinə yollanır.Vətən müharibəsinin son günlərində, 8 noyabr- Şuşa uğrunda gedən döyüşlərində fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Elgün Quliyev noyabrın 9-da Şuşaya olan şanlı hücum nəticəsində şəhidlik zirvəsinə ucalır. O, noyabrın 12-də böyüyüb boya-başa çatdığı Şamaxı rayon Dağ Göylər kəndində dəfn olunub.

 

Təəssüf ki, şəhidimiz imtahan verib qazandığı müəllimlik adını bir gün belə daşıya bilmir, yəni müəllim kimi işləyə bilmir. Onun son sözlərindən biri də məhz bu haqda olur: "Tarix müəllimi ola bilməsəm də, yəni işləyə bilməsəm də, bəlkə tarix yazdım".

 

Elgün Quliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Səbuhi Rövşən oğlu Sadıqov 9 may 1996-cı ildə Biləsuvar rayonunda anadan olub. Əslən Füzuli rayonundan olan Səbuhi Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından idmana böyük həvəsi olan Səbuhi Sadıqov kiçik yaşlarından karate, kikboks ilə məşğul olub, 8-9-cu sinifə kimi yüngül klublararası turnirlərdə iştirak edib. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi bu idman növü üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunub, çempion adını qazanıb. MMA (Qaydasız döyüş) üzrə professional olaraq məşğul olub. Ultimax döyüş növləri federasiyasının üzvü idi.

 

O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəldib.

 

2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrdə 1 il 6 ay xidmət edib. 2015-2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olub. Gürcüstan Respublikasında Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparıb və qara kəmər qazanıb. Bununla yanaşı, şəxsi "Comando Fight Klub"unu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirib. O, Gürcüstan Respublikasında Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında 1 tələbəsi dünya çempionu olub, digər 3 tələbəsi isə fərqli dərəcələrlə III yeri qazanıblar.

 

28 sentyabr 2020-ci ildə Vətən müharibəsinə könüllü yollanan, ailəsi ilə "Vətən dardadır" deyərək sağollaşan Səbuhi Sadıqov "dua et, ana, mən arzuma çatım" sözlərini deyib. Nişanlı olan Səbuhi müharibədə Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi 37 gün xidmət edib. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib və Laçında qəhrəmancasına şəhid olub. Noyabrın 5-də Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn olunub.

 

Səbuhi Sadıqov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

İbrahimov Murad Valeh oğlu 6 sentyabr 1993-cü ildə Gəncədə doğulub. 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-2009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alıb. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. 2014-cü ildən MAHHX HQ kimi Azərbaycan Ordusunda xidmətə başlayıb. Uşaqlıq arzusu hərbçi olmaq, vətənin keşiyində durmaq, onu qorumaq olub. 2-ci Qarabağ müharibəsi başlandığı ilk günlərdən Murad öz döyüş yoldaşları ilə ön cəbhəyə yollanır. Murovu tanıyırdı, ora döyüşə getməyin təhlükəli olduğunu da bilirdi. Amma ora getməkdə israr edib, komandirlərinə "məni də göndərin" deyə təkid edib. Murad sonuncu dəfə 2020-ci ilin oktyabr ayının 2-də, müharibənin 5-ci günündə evə zəng edərək "Mən Murova gedirəm, bəlkə qayıtmadım" deyib. Təcrübəli hərbçi idi, bilirdi ki, döyüşdə Murov dağları gedər-gəlməz sayılır, o dağlardan geri qayıtmaya bilər, amma bu, onu qorxutmayıb, Vətən üçün ən çətin imtahanına getməyi könüllü istəyib. Murad İbrahimov Kəlbəcər rayonu və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 3 oktyabr 2020-ci il tarixində Kəlbəcər rayonu istiqamətində bir bölük döyüşçü ilə Murova yollanıblar. O döyüşçülərin böyük əksəriyyəti sonralar Azərbaycan tarixinə Vətən şəhidləri kimi düşəcəkdilər. Murad İbrahimov da onlardan biri olacaqdı. Batalyon 3 istiqamətdə hərəkət etməli idi. Muradın da daxil olduğu 24 nəfərlik taqım Ağdərə istiqamətində irəliləyərək döyüşüb. Murad Qaragöl istiqamətində (Çınqıllıq adlanan ərazi) gedən qızğın döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Son döyüşdə ayağından yaralanıb, lakin döyüşü dayandırmayıb, yaralı halda atışmağa davam edib. Yaxınlığa düşən top mərmisi daha ağır yaralanmağına səbəb olub, sol qolu çiyninədək yanıb. Amma ağır yarası, axan qanı onu sarsıtmayıb, döyüş yoldaşları ilə birlikdə güllə yağışı altında Vətənə olan son xidmətlərini gerçəkləşdiriblər və qəhrəmanlıqla şəhid olublar. Murov dağı o gecə 3 ayrı istiqamətdə döyüşən 60-dan çox igidimizə məzar olub. Murad İbrahimov da o gənclərdən biri oldu. Muradı və şəhid olan digər döyüşçü yoldaşlarını tapmaq asan olmadı. Ərazini örtən qalın qar axtarışlara mane olurdu. Xilasetmə qrupları çətin şəraitdə işləyirdilər. Şəhidləri tapmaq onların 100 gündən çox axtarışından sonra mümkün oldu. Murad İbrahimov da şəhid olduğu gündən 111 gün sonra tapıldı, 23 yanvar 2021-ci ildə Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.

 

Ailəli olan şəhidimizin Əli adlı bir oğlu yadigar qalıb. Murad İbrahimovun qardaşı da hərbçidir.

 

***

 

Anar Talıb oğlu Əliyev 16 may 1991-ci ildə Oğuz şəhərində doğulub. 1998-2009-cu illərdə Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Oğuzda müxtəlif sahələrdə çalışıb.

 

Vətən müharibəsində elan olunan qismən səfərbərliklə cəbhəyə yollanan Anar Füzuli döyüşlərində şəhidlik zirvəsinə yüksəlib və oktyabrın 27-də Oğuz şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

Şəhidimizin bir oğlu övladı vətənə əmanət qalıb.

 

Anar Əliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Əmrah Şahid oğlu Əkbərov 1998-ci il fevralın 21-də Lerikin Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinifinə gedir. 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta maktəbdə davam etdirir. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2016-cı ildə həmin liseyi bitirib.

 

Əmrah Əkbərov 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2020-ci ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq baş kəşfiyyatçı kimi xidmətə başlayıb.

 

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Baş Kəşfiyyatçı Əkbərov Əmrah Hadrut istiqamətində gedən döyüşlərdə kiçik kəşfiyyat dəstəsi ilə düşmənin arxasına keçır. Düşmən tərəfi Əmrahgilin dəstəsini müəyyən edə bilir və ağır döyüş başlayır. Bir neçə saat döyüşdən sonra düşmən ağır itkiyə məruz qalır. Əmrahın döyüş yoldaşlarının yarısı şəhid olur, bir neçəsi yaralanır. Əmrah da özünün ağır yaralı olduğunu və silahında mərmisinin qurtardığını görəndə qabağa gedərək üzərində saxladığı son qumbaranı partladaraq bir neçə düşmən əsgərini məhv edir və eyni zamanda, özüdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Oktyabrın 12-də şəhid olan Əmrah Əkbərov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

***

 

Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlərin çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində qulluq edib.

 

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə minaatan kimi xidmət edib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər xiyabanında dəfn olunub.

 

Böyükağa Şahverdiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Hacıyev Fərid Təşkilat oğlu 4 oktyabr 1989-cu ildə Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub. 2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirib. Vətənə olan sevgisi onu hərbi xidməti başa vurduqdan sonra yenidən hərbi xidmətə qayıtmağa sövq edir.

 

Hacıyev Fərid İkinci Qarabağ müharibəsinə Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi qatılır. O, 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilib.

 

Ailəli olan şəhidimizin iki azyaşlı övladı yadigar qalıb.

 

Fərid Hacıyev şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Naim Süleyman oğlu Ağayev 29 avqust 1998-ci ildə Rusiya Federasiyasının Saratov vilayətində doğulub. Əslən Ağcabədi rayonunun Muğanlı kəndindən idi. 2004-cü ildə Azərbaycana köçdükləri üçün Naim elə həmin il Ağcabədi rayon Muğanlı kənd Sarvan Quliyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Naim 2015-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2018-ci ilə qədər davam edən hərbi xidmət müddətində təlimlərdə iştirak edib.

 

Ordudan tərxis olunandan sonra o, MAHHXHQ əsgər olur. 2020-ci ilin 7 iyununda yenidən ordu sıralarına çağırılır.

 

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində əsgər Naim Ağayev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə mühüm hərbi əməliyyatlarda iştirak edir və döyüş tapşırığını böyük müvəffəqiyyətlə yerinə yetirir. O, 30 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olur.

 

Oktyabrın əvvəlində anasıyla telefon danışığında "sənlə qardaşımın ad gününə nə olur, olsun özümü çatdıracam, 1-2 saatlıq da olsa, icazə alıb gəlib sizi görəcəm" - deyən Naim sözünə əməl edir. O, oktyabrın 30-da anasıyla qardaşının ad günündə şəhid adıyla evə qayıdır və torpağa tapşırılır.

 

Naim Ağayev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

Dadaşzadə Mahir Qərib oğlu 1993-cü il sentyabrın 28-də Beyləqan rayonu Allahyarlı kəndində doğulub. Cəmşid Naxçıvanski adına hərbi liseyi əla qiymətlərlə bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi akademiyasına qəbul olub. 2014-cü ildə akademiyanı bitirib və Təlim Tədris Mərkəzində tağım komandirliyi kursunu keçib. 2015-ci ildə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 5 ay sonra posta çıxıb və xidmətini orda keçib. Həmin post dəniz səviyyəsindən 3500 kilometr yüksəklikdə yerləşir. 2019-cu ildə Qazax rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə edib.2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Tovuz döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ müharibəsi zamanı böyük şücaətlə vuruşub, Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 25-dən 26-na keçən gecə Füzuli istiqamətində şiddətli döyüş başlayıb. Əsgərlərinin yaralandığını, hətta bəzilərinin şəhid olduğunu görən Mahir özünün yaralı olmasına baxmayaraq, döyüş meydanını tərk etməyib, "bir əsgərimin də düşmən əlinə keçməsinə imkan vermərəm" deyərək yaralıları döyüş bölgəsindən çıxarıb. Özü yaralı olduğu halda 35 əsgəri çıxara bilib. Sonuncu əsgəri çıxarandan sonra həmin əraziyə yenidən minamyot atılıb və Mahir onun qəlpəsi nəticəsində şəhid olub. "Qoymaram bir əsgərim də şəhid ola" deyən, anasına "dua et, əsgərlərimi şəhid verməyim" deyən Mahir Dadaşzadə özü şəhidlik zirvəsinə ucaldı. O, Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

 

Mahir Dadaşzadə şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medallarıyla təltif edilib.

 

***

 

 

Baxşəliyev Araz Yavər oğlu 18 sentyabr 1993-cü ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olub. 2000-2011-ci illərdə Horadizdə yerləşən Mahir Səfərov adına 1 N-li tam orta məktəbdə təhsil alıb. 2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Daxili qoşunlarda keçib. 2013-cü ildə həqiqi hərbi xidmətini bitirərək Horadizə dönür. 2014-cü ildə könüllü olaraq müddətdən artıq hərbi xidmətə yollanır. Əvvəlcə çavuş, manqa komandiri, sonra isə minaatıcı komandiri vəzifəsinə təyin olunub. Xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi medalı" və Silahlı Qüvvələr günü münasibətilə, hərbi intizamın yüksəldilməsində fəal iştirakına görə Fəxri fərmanla təltif olunub. 27 sentyabr 2020-ci il tarixindən 2-ci Vətən müharibəsində əks hücumda düşmənin bir neçə mövqeyini, postunu dəqiq və düzgün atışları ilə məhv edib. Döyüş əməliyyatlarında böyük şücaətlə iştirak edib. Bir neçə döyüş yoldaşlarını düşmən mühasirəsindən xilas edib. 28 sentyabr 2020-ci ildə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub. Füzuli rayonu Horadiz şəhər qəbiristanlığında dəfn olunub.

 

Araz Baxşəliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

İlkin Rəfail oğlu Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə orta təhsil alıb. 2019-cu ildən Qərb Universitetinin Kollecində təhsil alırdı.

 

O, 2020-ci ilin aprel ayında təhsilini donduraraq hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 10-də şəhid olub və Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn edilib.

 

İlkin çox səmimi, mehriban, sevgi dolu, dostcanlı, vətəninə bağlı bir övlad idi. Hər zaman vətənpərvər ruhda musiqilərə qulaq asırdı. Atası Rəfail bəy deyir ki, İlkin bu yüksək keyfiyyətlərinə görə az yaşda çox dosta sahib olmuşdu. O, hərbi xidmətə getməzdən öncə bütün dostlarından, ailə üzvlərindən halallıq almışdı. İlkin müharibədə vurulduqdan sonra əllərindən əlcəyini çıxarıb döyüş yoldaşlarına verərək deyib ki, "əlcəklərimi ailəmə çatdırın". Anası Reyhanə xanım bugün o əlcəkləri qucaqlayıb övladının qoxusunu alır.

 

İlkin Quliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

Kamil Araz oğlu Atakişiyev 12 iyun 2000-ci ildə Oğuzun Xaçmaz kəndində doğulub. 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Kəşfiyyatçı olub. Əsgəri xidmətini başa vurduqdan sonra doğma Xaçmaz kəndinə qayıdıb.

 

Vətən müharibəsinin ilk günlərindən ölkəmizdə elan olunan qismən səfərbərliklə döyüşlərə qatılan Kamil Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərin birində yaralanıb, hospitalda müalicə aldıqdan sonra yenidən israrla döyüşə yollanıb. Laçın dəhlizi istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib və noyabrın 27-də Xaçmaz kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

Kamil Atakişiyev şəhadətindən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 28 yanvar.- S.12-13..