Ən
şirin nemət
Nigar hər dəfə Onunla
"görüş"ə həsrətlə can atsa da,
mənzilbaşına yaxınlaşanda ürəyi
qulaqlarında döyünür, dizləri bükülür,
ayaqları sözünə baxmırdı.
Beləcə, gənclik şövqünü
itirməmiş, məhəbbət və qayğı dolu
baxışları ilə Nigarı qarşılayan Ona
yaxınlaşdı, ehmalca "qarşısında" diz
çökdü. Qəlbindəki
xatirələr yumaq-yumaq çözələnib,
gözlərində yaşa dönüb
gilələndikcə, yanağıboyu yuvarlandıqca,
ürəyinə bir sərinlik gəldiyini hiss edirdi...
***
Evə
"gələn qəfil qonaq" valideynləri evdə
tək qoyduqları üçün darıxan dəcəl
qardaş-bacı - Poladla Nigar üçün əsl
əyləncəyə çevrilmişdi. Evi
dörd dolanıb, nəhayət, çölün
sazağından pənah gətirmiş bu "qəfil
qonağı" - balaca sərçəni tutmuşdular. Onunla bir
xeyli vaxt keçirdikdən sonra quşcuğazın
məskəni göylər, peşəsi uçmaq olduğunu
anlayaraq onu azadlığa buraxmaq qərarına
gəlmişdilər. Nigarın:
"Gəl elə edək ki, heç kim ona
toxunmasın" - istəyinə rəğmən Poladla
birgə bir parça kağıza "Azadlıq ən
şirin nemətdir! Polad, Nigar" yazaraq sapla
quşcuğazın ayağına
bağlamışdılar...
Eyvana
çıxdıqda Nigarın balaca ovcuna sığınan
sərçə əvvəlcə havanın təmasından
qurcuxmuş, sonra isə bir andaca səmaya
pərvazlanmışdı. Lakin
yazıq quşcuğaz uçmağı ilə
ayağındakı metryarımlıq, üçqat, nazik
tikiş sapı eyvanla üzbəüzdəki tut
ağacının budaqlarına dolaşmış,
quşcuğaz, sanki bilərəkdən "Azadlıq"
nişanəli ayağından asılmışdı... Bir
müddət sonra gününü məhəllənin
küçəyə doğru səmtində
yerləşən balaca yeməkxananın
həndəvərində dolaşmaqla keçirən,
sapsarı, tosun, şümürgöz pişik
tənbəl-tənbəl, arxayıncasına
sərçənin dalınca ağaca dırmanmağa
başlamışdı. Polad
üzünü qardaşının köksünə dayayaraq
hıçqıran Nigarı qucaqlayaraq eyvandan içəri
aparmışdı...
Evə dönən ana
mənzildəki çəkilmiş pərdələri,
tapdanmış yataqları, böyrü üstə qalan
kəfkirli saatı, döşəmədə üz
bölünmüş büllur qəndqabını, barrikada
kimi düzülmüş stulları görüncə:
"Evi müharibə meydanına döndərmisiniz ki!"
- deyə uşaqları məzəmmət etmiş, hadisəni
təfərrüatı ilə öyrəndikdən sonra
onları bağrına basmış, günahlarından
keçmişdi... Yazıq ana, nə biləydi ki, əsl
müharibənin ona dağ çəkəcəyi
günlər hələ qabaqdadır...
***
İki
gün idi, başlayan döyüş axşama doğru daha da
şiddətlənmişdi. Azğın
ermənilər həm canlı qüvvə, həm də
silah-sursat cəhətdən üstün idi. Kəndi
bu mənfurlara təslim etmək olmazdı. Bir
çarə düşünmək lazım idi.
- Komandir, - deyə Polad sükutu
pozaraq təmkinlə sözə başladı. - Onlara qan
uddurmaq mənə borc olsun! Uşaqlığım bu
kənddə, babamgildə keçib! Buranın hər
daşına-qayasına bələdəm. Gəl mən bu meşəlikdə onları bir az ləngidim! Ordan-burdan ataram, elə bilərlər
çoxuq! Siz də vaxt qazanıb, bax, o Oğuztəpənin
dalına, düşmənin arxasına keçər,
onları dərənin yaxınlığında
tələyə salıb yaxşıca dərslərini
verərsiniz!
- Can şirin şeydir, Aslanov,
duruş gətirə bilməzsən, kənd güdaza
gedər! Özün də bilirsən, bir-iki
yaşlıdan-uşaqdan başqa, kənd yerindədir,
bacarmarıq, qırğına verərik! Yoxsa bilirəm,
quşu gözündən vuransan!
- Can şirindir, komandir, oğluma da
söz vermişəm, qayıtmalıyam! Amma dünyada candan
şirin, qiymətli olan azadlıqdır! Bax, bu torpaqdır!
Uşaqlıqda qarış-qarış gəzdiyin bu torpaq
murdar düşmənin caynağına keçəndən
sonra yaşamağın nə mənası?..
Yoldaşları
səhərə yaxın erməni quldurlarını
dərə yaxınlığında tələyə
salıb məhv etmiş, Polada çatanda artıq onun
pulemyotu susmuşdu. Onu
meşənin kənarında pulemyotunu sinəsinə
sıxıb arxası üstə düşən
tapmışdılar. Sinəsindən
güllə yarası alan Poladın ağarmış
çöhrəsində məmnun təbəssüm,
gülümsünərkən sol yanağındakı
batıq donub qalmışdı...
***
- Bibi, gecdir, gedək!
Nigar
heç nə anlamırmış kimi donuq baxışlarla
ətrafı seyr etdi. Zaman, məkan
qavrayışını bərpa edənəcən bir
müddət beləcə donub qaldı. Ətrafındakı
"daş sərkərdə"ləri seyr edib
Şəhidlər Xiyabanına nə zaman, kiminlə
gəldiyini xatırladı. Qardaşı
Poladın yeganə yadigarı - Azadın ona doğru
uzanmış ovuclarına dirsəklənərək ayağa
qalxdı, qəddini düzəltdi. Baxışları
ilə bu güclü ovucların sahibinin boyunu oxşadı. Sanki
ömrünü onun yolunda şam edib min bir əziyyətini
çəkməyibmiş kimi, "Nə yaman
böyüyüb, enlikürək, cüssəli bir kişi
olub oğlum!" - deyə fikirləşdi. Bəlkə də, uzun müddətdir, görmədiyi
üçün ona belə gəldiyini düşündü. Tibb fakültəsini uğurla başa vuran Azad
Türkiyə Cümhuriyyətində - Ankara Universitetinin Tibb
fakültəsində rezidentura təhsili almış,
üç il idi ki, müəlliminin təklifi
ilə oradakı məşhur klinikalardan birində ümumi
cərrah kimi işləməyə, tanınmağa
başlamışdı. Lakin üç gün olardı ki, Vətənə
qayıtmışdı...
Dünənki söhbətlərini
xatırladı... Azadın bu gəlişindən
sümüyü sızıldayan Nigar yalvarış dolu,
məhzun baxışlarını qardaşı oğluna
zillədikdə Azad bu baxışların sözlərə,
kəlmələrə çevrilməsinə yol
verməmək üçün söhbəti özü
açmışdı:
- Bibi, artıq
danışmışam. Sabah ön cəbhəyə yollanıram. Cəbrayıl
şəhərində yeni səhra hospitalı
yaradacağıq. Yaralı
əsgərlərimizə kömək lazımdır.
Kövrəlmiş bibisinin
qırış-qırış olmuş əllərini, sanki
hamarlamaq istəyirmiş kimi tumarlaya-tumarlaya dodaqlarına
yapışdırmış, sözünə davam etmişdi:
- Axı dövlətimiz mənə pulsuz təhsil verib, mənim qayğımı
çəkib. Nə
qədər atamın kölgəsində daldalanmalıyam? Vətənin bu günündə -
azadlığımızın rəmzi olan
torpaqlarımızın azad olunmasında mənim də bir
payım olmasa, sabah necə qürurla deyə
bilərəm: "Mən şəhid oğluyam?!"
Nigar
dolmuş gözləri ilə canından əziz bildiyi
qardaş əmanətinə - Azadına, onun atasından qalma
iri, ala gözlərinə qürurla baxmış, "Yox,
sən elə şəhid oğlusan!" - deyib onu qucaqlamışdı.
***
Şəhidlər
Xiyabanına ziyarətə gələn bir dəstə
məktəblinin səsi Nigarı yenidən xəyaldan
ayırdı. Əlindəki
tər qərənfilləri qardaşı Poladın
məzarına düzüb onunla vidalaşdı. Ətrafa
nəzər saldı. Dünənki
buludlu, tutqun səmadan əsər-əlamət
qalmamışdı. Oktyabr
ayı olmasına baxmayaraq, Günəş qara buludları
yara bildiyi üçün, sanki sevincək-sevincək mehriban
"qolları" ilə ətrafı
"qucaqlamağa", isitməyə, işıqlandırmağa
can atırdı. Əvvəlcə, nizami ordunun
müsəlləh əsgərləri kimi səf-səf
düzülmüş şəhid məzarlarına, bir-biri
ilə itələşə-itələşə
yaxınlaşan balaca məktəblilərə, sonra Azada
baxdı... Uşaqlıqda qardaşı Polad ilə birgə
aydın səmaya, azadlığa buraxmaq istədikləri o
balaca quşcuğazı xatırladı... "Azadlıq
ən şirin nemətdir!" - deyib Azadının boynuna sarılıb hönkürdü...
Mehriban SULTAN
525-ci qəzet.- 2021.- 20 yanvar. S. 21.