İlham Qəhrəmanın "Bir adamlıq şəhər"i

 

"Qanun" Nəşrlər evi şair İlham Qəhrəmanın yeni şeirlər kitabını çap edib. "Bir adamlıq şəhər" adlanan kitabda şairin son illərdə yazdığı müxtəlif mövzulu şeirlər yer alıb. Müəllif poeziya sahəsində oxucularla doqquzuncu görüşü olan kitabı Qarabağ qazisi mərhum Zaman Hüseynovun xatirəsinə ithaf edib. Bu haqda avantitulda xüsusi qeyd var. Şairin 2019-cu ildə qələmə aldığı yurd həsrəti qaçqınçılıqdan bəhs edən "Yaddaş" poeması da kitaba salınıb. Eyni zamanda oxucular müəllifin 44 günlük Vətən müharibəsinin bədii xronikasını əks etdirən bayatılarını da bu kitabda oxuya biləcəklər.

İlham Qəhrəman yaradıcılığını səciyyələndirən özünəməxsus obrazlar, bədii tapıntılar, orijinal ifadə tərzi  "Bir adamlıq şəhər"dəki şeirlərində başlıca cəhətlərdir.

Kitabın içindəkilər mövzu baxımından bölmələrə ayrılaraq altı başlıq altında toplanmışdır. 1000 nüsxədə çap olunan kitabın redaktoru ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.

Qeyd edək ki, bu gün saat 14:00-da Atatürk Mərkəzində "Bir adamlıq şəhər" kitabının "İmza günü" keçiriləcək. Hər kəsin dəvətli olduğu tədbirə gələn şəhid və qazi ailələrinə kitab hədiyyə ediləcək.

 

525-ci qəzet.- 2022.- 2 aprel.- S.13.