Başlıbel qətliamının 29-cu ili

 

ŞƏHİDLƏRİN AİLƏ ÜZVLƏRİ VƏ HADİSƏ ŞAHİDLƏRİNİN KƏLBƏCƏRƏ SƏFƏRİ TƏŞKİL EDİLİB

 

Son bir neçə əsrin tarixi göstərir ki, taleyin qismətilə bəxtimizə düşmüş mənfur, dönük qonşumuz, dinc vaxtlarda yazıq dona girib, öz xəyanətkar niyyəti üzrə əl altdan davamlı təxribatlar törədib və bu zaman  onun-bunun hesabına pis xislətli məqsədlərinə nail olmağa çalışıb, həm də yüzilliklər ərzində, əlinə fürsət düşdükcə, dinc azərbaycanlıların başına bir-birindən alçaq üsullarla min oyun açıb.

 

Bu cür iblis sifətli düşmənin xüsusən 30 il bundan qabaq, Birinci Qarabağ gedişində  törətdikləri vəhşiliklər normal insan ağlının dərk edə bilməyəcəyi bir dərəcədə iyrəncdir.

 

Erməni silahlı quldurlarının  "hünər nümunələri"ndən biri də onların Kəlbəcərdə törətdikləri,  "Tunel qətliamı" ("Başlıbel qətliamı") adı ilə tanınan dəhşətli hadisədir.

 

Ermənilər və onların xaricdən gətirdikləri muzdlu terrorçular  29 il bundan öncə, 1993-cü il martın 31-də Kəlbəcər rayonunda "Tunel" adlanan ərazidə kütləvi qırğın törədiblər. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran düşmən həmin gün daha təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları qadın, uşaq, ahıl demədən, gülləbarana tutub, onlarla dinc sakini öldürüb, yaralananlarsağ qalanları isə girov götürüb, onları uzun müddət dəhşətli işgəncələrə məruz qoyub.

 

44 günlük Vətən müharibəsində alçaq düşməni darmadağın etdikdən sonra xalqımız öz doğma torpaqlarında 30 il qabaqkı o ağır günlərin qurbanlarının xatirəsinə ehtiram göstərmək imkanı da qazanıb. Erməni xislətinin bu qeyri-insani nümunəsinin qurbanları anmaq məqsədilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qətliamda şəhid olan mülki vətəndaşların bir neçəsinin ailə üzvlərinin və şahidlərin Kəlbəcərə səfəri təşkil edilib.

 

"1918-ci il mart qətliamının düz 75 illiyi günündə, 1993-cü ilin martın 31-də ermənilər burada silahsız azərbaycanlılara qarşı daha bir qətliam törədiblər. 53 nəfər öldürülüb, 64 nəfər girov götürülüb. Xocalıdan sonra ən böyük qətliam burada törədilib. Bilirsiniz ki, həmçinin Ağdaban qırğınında 33 nəfər, Başlıbeldə 19 nəfər dinc vətəndaşımız qətlə yetirilib"- deyə, QMKİDK nümayəndəsi Sənan Hüseynov bildirib.

 

O, həmçinin qeyd edib ki, bu hadisələrdə qətlə yetirilənlərə şəhid statusu verilməsi üçün önların dəfn yeri tapılmalı, nəşi eksqumasiya olunmalıdır ki, hazırda bu istiqamətdə işlər aparılır.

 

Kəlbəcərin Günəşli kəndinin sakinlərini tuneldə  öldürülən yaxınlarının xatirəsini anaraq, həmin əraziyə güllər düzüb, qətlə yetirilənlərin qisasının yerdə qalmadığını vurğulayıblar.

 

"Atam Aslan Mirzəyev və bacım Afaq Mirzəyeva burada alçaq erməni yaraqlıları tərəfindən öldürülüblər. Martın 31-də Kəlbəcərin işğalı ərəfəsində kənddən yük maşınında başqa sakinlərlə birgə çıxıb bu tunelə sarı yol alıblar. Maşını ermənilər tuneldə vurub, atam və bacım ölüblər. Bacımın qucağndakı bir yaşlı körpəsi sağ qalıb, ermənilər onu girov kimi götürüblər. Yalnız  yarım ildən sonra Qırmızı Xaç C+əmiyyətinin xətti ilə onu qaytara bildik. İndi şükür edirik ki, qəhrəman ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı qaytarıb, doğma yurdumuza qayıtmaq imkanımız yaranıb"- deyə, Kəlbəcər sakini Əfsəl Mirzəyev bildirib.

 

"Mənin də atam bu qətliamın qurbanıdır. O, tuneldəki gülləbaran zamanı yaralanmışdı. Uzun müddət girovluqda qalmışdı. Sonra beynəlxalq təşkilatlar vasitəsilə geri verildi. Amma ayağı çox ağır yaralı idi. Bakıda bir ayağını amputasiya etdilər. Ondan sonra da çox yaşamadı, həm o hadisələrdən sarşılmışdı, həm doğma yurdun dərdini çəkirdi" -deyə, daha bir kəlbəcər sakini, Maqsud Rəhimov bildirib.

 

Sözügedən, 1960-cı ildə salınmış, eni 4, hündürlüyü 5, uzunluğu 200 metr olan tunel Tərtər - Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir.

 

Zakir MURADOV,

 

Kəlbəcər-Gəncə

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.5.