Mirvarid Dilbazi 110 illiyində anılıb

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin həyata keçirdiyiMirvarid Dilbazi Azərbaycanın ilk qadın Xalq şairi” layihəsi çərçivəsində görkəmli sənətkarımızın 110 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyindən məlumat verilib.

Tədbirdə çıxış edən “Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, layihənin rəhbəri Güllü Eldar Tomarlı layihənin həyata keçirilməsinə dəstək verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirib, tədbir iştirakçılarını layihə barədə məlumatlandırıb. Görkəmli şairimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra layihə rəhbəri çıxışına davam edərək deyib ki, Azərbaycan poeziyasının adı qürurla anılan nümayəndələrindən biriüzü nurlu Xalq şairimiz Mirvarid xanım Dilbazidir. Poeziyaya bağlı öz ömrünü ədəbiyyatımızın daha da zənginləşməsinə həsr edən Mirvarid Dilbazi özündən sonra çox zəngin irs qoyub. Onun şeirləri milli-mənəvi dəyərlərimizin halal mayasından qidalanmış və müəllifə böyük şərəf gətirmiş, el məhəbbəti qazanmışdır. Mirvarid xanımın dillər əzbəri olan neçə-neçə şeirinə musiqi əsərləri yazılıb, mahnılar bəstələnib. Onun uşaq şeirləri, nağılları körpələrimizə layla əvəzi olub.

Mirvarid Dilbazinin tərcümələri sayəsində başqa xalqların poeziya nümunələri Azərbaycan oxucusuna çatdırılıb.

Biz, Mirvarid Dilbaziyə həsr olunmuş ədəbi tədbirlər, poeziya günləri keçirməklə onun yaradıcılığına yenidən qayıtmaq, öyrənmək düşüncəsindəyik. Bu il Azərbaycanın ilk qadın Xalq şairi, Məclisimizin adını daşıyan Mirvarid Dilbazinin 110 yaşı tamam olur. Biz də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi olaraq Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında "12 yanvar 2004-cü il tarixi Sərəncamı”nı əlimizdə əsas tutaraq onun kitablarının yenidən nəşrinə nail olmağı qarşımıza məqsəd qoymuşuq. “Bənövşələr üstə göz yaşları" və "Çiçəkdən-çiçəyə" kitablarını artıq çapa hazırlayıblar. Mirvarid Dilbazi haqqında yazılan məqalələrdən, elmi-publisistik yazılardan, şeirlərdən, xatirə şəkillərdən ibarət bir kitab da artıq çapa hazırlanır. Bundan başqa həyata keçirdiyimiz bu layihə çərçivəsində Mirvarid Dilbazi yaradıcılığını təbliğ edən sayt hazırlanıb oxucularımızın ixtiyarına veriləcək. Yaxın günlərdə də həmin saytın təqdimat mərasimi keçiriləcək”, - deyə G.E.Tomarlı qeyd edib.

Sonra tədbirdə iştirak edən Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, şairin yaxın qohumları, Mirvarid Dilbazi sevərlər, tanınmış şeir və sənət adamları, ziyalılar görkəmli şairimizlə bağlı öz xatirələrini bölüşüb, şairin yaradıcılığından söhbət açıb və şeirlərini səsləndiriblər.

 

Sonda görkəmli sənətkarımızın öz səsi ilə sənədli filim nümayiş etdirilib.

 

525-ci qəzet.- 2022.- 19 aprel.- S.9.