"Tanrının göz yaşları" səngimir

 

Yaziçi-publisist Qafar Cəfərlinin yeni romanı barədə mülahizələr

 

Tanrı ağlayırmı, ümumiyyətlə bu cəhət Yaradana xasdırmı? Çox düşünüb-daşınırsan, sual ətrafında baş sındırırsan, nəticə hasil olmur. Yada görkəmli söz ustası, Xalq şairi Ramiz Rövşənin ideal misraları, daha doğrusu, "Gecə yağış yağar" şeiri düşür:

 

...Hıçqırar torpağın altında köklər,

Kölgələr yeriyər Xirosimada.

Bəlkə paltar yuyar xanım mələklər,

Allahlar ağlayar bəlkə səmada.

 

Bəli, həqiqətən Tanrı ağlayır, o zaman ki, yaratdığı bəndəsi üzünə olur, zülmət işığa qalib gəlmək istəyir, haqqın bükülməz qolu zorla burulur, sular tərsinə axmağa başlayır. Buna görə yazıçı uzaq mənzil qət etmir, xalqımızın son illər üzləşdiyi Qarabağ problemini çözələyir. Başımıza gətirilən müsibətlə yada salınır. Və axırda təhrik olunduğumuz bu amansız savaşda Müzəffər Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlığın, şücaətin fonunda torpaqlarımız murdar düşmən tapdağından qurtulur, xalqımızın üzü gülür. Bəs bu zaman necə, Tanrının tutulmuş üzü heç olmasa, bircə dəfə açılırmı? Və ümumiyyətlə o, gülməyə macal tapırmı? Deməli, haqq nahaqqı üstələyirsə, detektiv roman müəllifinin də çiçəyi çırtlayır, sifəti açılır, Allaha bəndəlik eləməyin şükranlığının mənəvi təmasından qidalanmağı gücünü xeyli artırır.

 

Qafar Cəfərli təxminən 160 səhifəlik yığcam romanını niyə "Tanrının göz yaşları" adlandırması sona yaxın fəsillərdə açılır. Təbii şəkildə, yazıçı, heç bir süni qondarma yaratmır - elə ki, binəva Cəmilin oğlunun şəhid olması xəbəri Ərənlər kəndinin qapısını döyür, həqiqi hərbi xidmətdən sonra İkinci Qarabağ savaşına könüllü getmiş Babək Muradlının nəşi torpağa tapşırılır, o zaman Tanrı göz yaşı tökür, hətta hıçqırtısını hamı eşidir. Molla Məmmədəlidən tutmuş divanə Ədalətəcən.

 

Buna Nərmin ananın ürəyi dözərmi? Axı Tanrı iki dəfə onu bala sınağı ilə imtahana çəkib, üz-üz qoyub. Əvvəl çörək qazanmaq adı ilə Rusiya Federasiyasının Perm vilayətinə üz tutmuş oğlu Cəmili itirib. Öldüsündən və qaldısından xəbər-ətər gəlməyib. Ana-ata çox cəhd eləyiblər, bu boyda uzaq yolu getmə, cəlayi-Vətən olma, camaat necə, biz də elə. Səni külfət basmayıb ki, Allaha şükür, ikimərtəbəli evin-eşiyin də düşmən gözü qaytarır. Ancaq inadkar və pəhləvan cüssəli oğul valideynlərinin sözlərinə haqq qazandırsa da, yenə bildiyindən dönməyib: "mən kişiyəm, nə qədər ki, cavanam, çörəyimi tapmalıyam, üstəlik, sizisaxlamaq borcumdur. Burda heç nə çıxmır, sanki bütün qapılar üzümə bağlanıb. Allah qoysa, işimi quran kimi əlaqə yaradacaq, müvəqqəti də olsa, icazənizlə ailəmi də özümlə aparacam. Məndən ötrü darıxmayın, hər şey yaxşı olacaq. Ona xeyir-dua verməyə məcbur olan valideynləri nə bilsinlər ki, taleyi qara gətirəcək, bəxt tamamilə onların xanimanından üz döndərəcək - yalnız 20 ildən sonra Cəmilin Ağa adlı bir həmyerlisi tərəfindən öldürüldüyü açılar. Bu zaman isə nə Nərmin vardı, nə Mürsəl dayı (atası), nə də Tibb Universitetinə yenicə daxil olmuş, lakin elə ikinci kursdaca xəstəlikdən vəfat etmiş sevimli bacısı Şəms...

 

"Tanrının göz yaşları" həqiqətən dəhşətli həyat hekayətidir, ailə dramıdır. Silsilə faciələr Ərənlər dağ kəndində məskunlaşan bütöv bir ailəni caynağına alıb. Cəmilin üzünü görmədiyi oğlu Babək Muradlıya əyan idi ki, atası Birinci Qarabağ savaşının iştirakçısıdır, harda olsa, bir gün evinə-eşiyinə dönər. Yalnız Cəmilin susqunluğu, biganəliyi hamıya yer eləyirdi. Həyat yoldaşı, həyalı-ismətli gəlin Vəfa (onun anası, Nərminin rəfiqəsi Ceyran) Cəmilin onu atdığını ağlına belə gətirmirdi. Babəkin orta məktəbi bitirməyi İkinci Qarabağ savaşına təsadüf etdi. Düzdür, ilyarımlıq hərbi xidmətini başa vuranda, hələ savaş başlamamışdı. Gözəl arzularla yaşayırdı Babək, anası Vəfa, nənəsi Nərmin. Çünki Babəkin bu yurd-yuvada çıraq yandıracaqlarına əmin idilər. Ah, müharibə, müharibə. Evləri xaraba qoyan, anaları gözüyaşlı edən dəhşətli fəlakət anları...

 

Yazıçı ustalıqla hadisələri bir-birinə bağlamaq üçün cilalayır. Bu vaxt oxucu zaman fərqlərini itirir, yaddan çıxarır. Nərminin dəfn mərasimində qəfildən hava tutulur, əvvəl narın, daha sonra şıdırğı yağış başlayır. Şiddətli yağışı, ani təbiət hadisəsini yazıçı belə mənalandırır: "Dəfn bitər-bitməz yağan gur yağış anındaca həyatı dondurdu. İnsanlar daldalanmaq üçün ətrafa səpələndilər. Ədalərin yağış altda üzünü göyə tutub əl-qolla danışması çoxlarına qəribə gəldi. Qeyrət kişi oğluna yaxınlaşanda onun göz yaşlarında boğularaq: "Tanrım, sən də mənim kimi bu bədbəxt ailənin halınamı ağlayırsan?" - deməsini eşidəndə tükləri biz-biz oldu.

 

Aha, ucalardan uca Tanrı xəlq elədiyi insanın faciələrinə dözmür, göylərdən yağışını tökür  - bütün bunlar Tanrının göz yaşları deyilmi? Əlbəttə, Ulu Yaradan dəsmal götürməyəcək ki, göz yaşlarını təmizləsin. Kitab müəllifinin uzun həyat təcrübəsi, hüquqşünas-psixoloq kimi müşahidələri, obrazları yaratmaq bacarığı, onları danışdırmaq cürəti yalnız heyrət doğurur. Və təsdiq edir ki, təkcə istedadın hesabına xarakterlər, sürətlər silsiləsi yaratmaq qeyri-mümkündür. Bunun üçün mütləq surətdə o hadisələrin xeyli hissəsini yaşamağa məhkumsan. Əgər dahi nobelçi Ernest Heminquey həqiqətən müharibə iştirakçısı olmasaydı, "Əlvida, silah" sənət incisi də yaranmazdı. Bu müqayisə bir qədər böyük görünür, reallıq isə söylədiyimiz kimidir.

 

Azərbaycan xalqının apardığı 44 günlük tarixi müharibə göstərdi ki, el bir olsa, doğrudan da dağ oynadar yerindən. Xalqın yetkinliyi bütün mərhələlərdə birliyindədir. Romanda adı çəkilən "Ərənlər" yaşayış məntəqəsi simvolik məna-məzmun daşıyır. Göründüyü kimi ərənlər elə qəhrəmanlar, igidlər, comərdlər deməkdir. Bu şərti toponim Azərbaycan kəndlərinin simvolik adıdır. Bəli, 44 günlük müharibə dövründə bakılı da ərən idi şəkili də, qarabağlı da, şirvanlı da, naxçıvanlı da, lənkəranlı da. Hamı Ali Baş Komandanın - Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birləşmişdi ki, düşməndən qisas alınsın, onlar torpağımızdan qovulsun, şəhər və kəndlərimiz azad edilsin, dirçəlsin, yenidən qurulsun. Yazıçı yüksək səriştə ilə inamı, etibarı, ləyaqəti, dəyanəti önə çəkir, nikbin notları bütün fəsillər boyu səpələyir, adamlarda xoş ovqat yaratmaq, qələbə əzmini möhkəmləndirmək üçün müxtəlif ştrixpriyomlardan sərişrəli şəkildə istifadə edir.

 

Romanda dolğun, bitkin obrazlarla bahəm epizodik surətlər də var. Onların varlığı hadisələrin dinamikliyini artırır. Doğrudur, bu insanların müsbət tipləri də var, mənfi tipləri də. Müəyyən düyünlərin açılmasına xidmət edən bu kitab qəhrəmanları olduqca maraqlı işlənib.

 

Əlbəttə, qısa müddət ərzində, operativ surətdə ən yeni tarixdə baş verən xalqın taleyüklü problemini nəsrə çəkmək, real qəhrəmanları bədii obrazlara çevirmək, mürəkkəb siyasi məsələlərə, ölkənin daxilində cərəyan edən haqlı-haqsız hadisələrə münasibət bildirmək asan deyil. 65 yaşını qeyd edən qələm dostumuzun 44 gün müddətində şanlı qələbəmizlə sona çatan müharibə haqqındakı təzə romanı göstərir ki, o, vicdanlı ədib kimi sözünü deməyi bacarır, gənc nəsli vətənpərvərliyə çağırmaq üçün söz sənətinin qüdrətindən məharətlə yararlanır. Bizdən isə hörmətli Qafar Cəfərliyə "yaşın və yeni əsərin mübarək" demək qalır.

 

Şəhriyar TƏYYAROĞLU,

Ağacəfər HƏSƏNLİ  

 

525-ci qəzet.- 2022.- 23 aprel.- S.21.