Torpaqları
oğurlayanlar
Torpaq onun
üstündə nisbətən qədim dövrlərdən
yaşayanlar üçün tam haqlı olaraq vətən
sayılır, çünki həmin xalqın əcdadları,
ata-babaları bu ərazidə məskunlaşmış,
yaşayış üçün onu yararlı hala
salmış və indiki nəsilə öz sahibindən
ayrılması mümkün olmayan və müqəddəs
sayılan bir irs kimi qoyub getmişlər.
Bu məkan zaman
kimi çox şeyin - sevincin də, kədərin də
şahidi olmuşdur, uğrunda mərd oğulların
axıtdığı qanla da suvarılmış, bu sehrli
varlıq təkcə sadəcə yaşayış məskəni
deyil, həm də daim xalqın qeyrət simvolu və ilham mənbəyi
rolunu oynamağını davam etdirmişdir. Hər
qarışı, onun üstündə yaşayanlar
üçün əzizdir, axı məxsus olduğu
xalqın ümumi doğma evidir. Ev qonaq qəbul
edə bilər, lakin heç kəsə güzəştə
gedilə bilməz, bağışlana bilməz. Onun itirilməsi, düşmən tərəfindən
işğal edilərək özününki sayılması,
həqiqi sahibi üçün əsl faciə, ağır
matəm xarakteri daşıyır.
Azərbaycan ərazisinin bir hissəsi siyasi
qarmaqarışıqlığın və möhkəm iradənin
kasadlığı ucbatından 1990-cı illərin əvvəllərində
Ermənistan ordusu tərəfindən işğal edilərək,
itirilmişdi.
Düşmən özü üçün əlverişli
şəraitdən istifadə edib, onu oğurlayaraq qəsb
etmişdi. Bu böyük dərd hər
bir azərbaycanlını ruhən əzir, illərlə ona mənəvi
əzab verirdi. Nəhayət bütöv xalqın qeyrətinin
alçaldılmasına son qoyuldu, bu vəzifənin uğurlu həllini
xalqın lideri öz üzərinə götürdü. O,
düşmənin növbəti azğınlığına
cavab olaraq, ordunu, Axilles kimi onun qüvvət aldığı
yerin rəmzi sayılmalı olan xalqı ölüm-dirim
mübarizəsinə qaldırdı və torpaqlarımız
düşmən əsarətindən azad edildi. Respublika
prezidenti İlham Əliyev Zəfər bayramının hərbi
paradında Ali Baş Komandan kimi qələbəni ordunun,
xalqın adına ünvanlasa da, hamıya
tam aydın idi ki, bu qələbənin həqiqi və birinci
müəllifi məhz onun özüdür. Çünki
o, hər şeyi, ən xırda detallarına qədər
ustalıqla ölçüb biçmişdi və onların
həyata keçirilməsi kimi mürəkkəb prosesin
gedişinə nəzarəti də daim, son qələbə
anınadək öz əlində saxlamışdı. Bu fəaliyyət həm də Silahlı Qüvvələrin
Baş Qərargah xidmətinə bərabər sayıla bilərdi.
O, təkcə hərb meydanında deyil, diplomatik cəbhədə
də bir-birinin ardınca qələbələr
çalırdı.
Əksər dövlətlər, vaxtilə düşmənə
havadarlıq edənlər də daxil olmaqla Azərbaycanın ədalətli
müharibə apardığı qənaətinə gəldilər,
onun öz ərazisini işğaldan azad etməsinin beynəlxalq
qanunlara tam uyğun olduğu ilə razılaşmalı
oldular. Ölkə rəhbərliyinin diplomatik
uğurları işğalçı dövlətə
göstərilən qəyyumluqlara son qoydu və Ermənistanın
başı üzərində qurulan himayə çətiri
yırtılaraq, artıq onu əsasən köməksiz
qoymaqla, qəlpə yağışından mühafizə edə
bilmədi.
Düşmənin məğlubiyyəti hərtərəfli
olduğu kimi, ordumuzun da qələbəsi tam və qəti
olmaqla mütləq xarakter daşıyırdı. Azad olunmuş
ərazilərdəki şəhər və kəndlərin
bütünlüklə dağıdılıb,
xarabalıqlara çevrilməsi mənzərəsi isə
apokalipsis təəssüratı yaradırdı, düşmən
bu geniş məkanı cəhənnəmin dəhşətli
görünüşünə bənzətmək məqsədini
güdmüş və tarixdə görünməmiş
geniş miqyaslı vandalizm nümunələri yaratmaqla öz
iyrənc niyyətinə nail olmuşdu. Onun
vəhşiliyi ilə müqayisədə orta əsrlərin
ordularının dağıdıcılıq əməlləri
də sönük görünür.
Ermənilər qatı millətçilərin yalanlardan
ibarət olan və üfunət yayan təbliğatına
uyaraq başlarını itirmişdilər, onların guya qisas
almaq çağırışlarına və xoş gələcək
barədəki vədlərinə aldanaraq, bu eybəcər
qüvvələrlə asanlıqla həmrəyliyə
girmiş, düşmənçiliyin əsl yanacağına
çevrilmişdilər. Ermənistan ordusu
öz dövlətinin işğalçı siyasətinə
xidmət edirdi, minlərlə gənc döyüşlərdə
həlak olduğu halda, onların valideynlərinin etiraz səsi
eşidilmirdi. Yalnız müharibənin
son fazasında gücləri, oğlanlarını yeni
çağırışlar vaxtı gizlətməyə,
orduda xidmətdən yayındırmağa
çatırdı.
Düşməni
təkcə döyüş meydanında məğlub etməklə
iş bitmir, barbar əməllərinə görə onu cavab
verməyə məcbur etmək lazımdır. Ermənilər
bunu rəhmsizlik kimi qiymətləndirə bilər, lakin
öz dəhşətli əməllərini yada salsalar, bu cəza
onlardan heç də qisas almaq deyil, adicə məzəmmət
tədbiri kimi qiymətləndirilə bilər və əslində
cəzanın cinayətə uyğun olması barədəki
dünya təcrübəsinə məhəl qoymamaq nümunəsi
hesab edilə bilər. Məğlub
olmuş düşməndən təzminat alınması həm
də Ermənistan rəhbərliyini və erməni qatı
millətçilərini sərsəm ideyalardan,
insanlığa zidd olan əməllərdən çəkindirməyə
kömək edə bilər.
Azərbaycan
xalqı say tərkibinə görə böyük dünya
millətləri ilə müqayisədə kiçik
xalqdır. Lakin mənəvi zənginliyinə,
malik olduğu dəyərlər sisteminə görə
böyük xalqdır, 44 günlük müharibə də
göstərdi ki, igidlikdən, qəhrəmanlıqdan da xali
deyildir və bunları düşmənin başında
sınamağı bacara bildi.
Bədnam qonşumuz indi yaşadığı ərazilərə
sonradan gəlmişdir, bu məkan vaxtilə başqalarına
mənsub olduğuna görə Ermənistan dövlətinin
coğrafi xəritəsi qurama yorğan üzünə bənzəyir. Bədbəxtlikdən
köçərilik həyatı, onları millətçilik
sipərinə yiyələnməyə sövq etmiş, ermənilər
uşaqlıqdan qonşu xalqlara qarşı nifrət ruhunda tərbiyə
olunmuşlar. Qatı millətçilər
bu iyrənc hissi qızışdırmaq üçün
heç nəyə əsaslanmayan uydurmalara da əl
atmışlar. Lakin onun liderləri unudurlar ki, başqalarından daha
çox öz doğma xalqlarına ziyan vururlar. Qonşulara
qarşı düşmənçilik edən xalq izolyasiyada
yaşamaqla, izqoya çevrilmək "mükafatını"
qazanır. Qatı millətçilər öz
xalqına mənsub olan on minlərlə ailənin
yaşadığı yerləri tərk etmələri ilə,
onları didərgin həyatı yaşamağa məcbur
etmişdilər. Çünki Ermənistan
rəhbərliyi öz ata-baba yurdlarında yaşayan azərbaycanlıları
doğma evlərindən qovmaqla, böyük qaçqınlar
kütləsinin yaranmasına səbəb olmuşdu. Bumeranqın zərbəsindən isə qaça
bilmədilər.
Ermənilər Qarabağa əsasən XIX əsrin əvvəllərində
gəlmişdilər, çar Rusiyasının dövlət
siyasətinə uyğun olaraq İrandan buraya
köçürülmüşdülər. 1828-ci ilin
aprelində Rusiya-Persiya müharibəsinə son qoyulanda
bağlanan bədnam Türkmənçay müqaviləsinin
şərtlərindən biri Persiyada yaşayan ermənilərin
Rusiya ərazilərinə sərbəst
köçürülməsi idi. Müqavilənin
imzalanmasında fəal iştirakına görə A.S.
Qriboyedov Rusiyanın səfiri təyin edilmişdi. O, həmin
ilin payızında Persiya hökmdarı Fətəli şahla
(O, Ağa Məhəmməd şahdan sonra Qacarlar sülaləsinin
ikinci nümayəndəsi olmaqla, 37 il ərzində taxt-tacda
olmuşdu) görüşüb, müqavilə şərtlərinin
həyata keçirilməsinə və təzminatın ödənilməsinə
nail olmaq üçün o vaxtlar səfirliyin yerləşdiyi
Təbrizdən paytaxt Tehrana gəlmişdi. Bu
vaxt ermənilər ondan kömək almaq üçün səfirliyə
axışırdılar.
İrandan qaçmaq istəyənlərin arasında xəyanət
etmiş adamlar da var idi. Onlardan biri şahın hərəmağası,
baş xəzinədarı və qiymətli
daşlarının mühafizəçisi xədim Yaqub
Markaryan (ona Yaqub Mirzə deyirdilər) idi və o da səfirlikdə
gizlənmişdi. Onun bilavasitə təhriki
ilə hərəmxana qızları da qaçıb, səfirlik
binasında məskunlaşmışdılar, onların
arasında iki erməni qızı da var idi. Şah qəzəblənib,
səfir Qriboyedovdan xaini ona qaytarmağı tələb etdikdə,
səfir rədd cavabı verdi. Bu vaxt həm də xəzinədən oğurluq etməkdə
ittiham edilən Yaqub Mirzənin başı üçün
mükafat təyin edildi. İslam fanatikləri
hərəm qızların qaçırılmasını
milli namusa həqarət olunması kimi qiymətləndirdilər,
İranda ictimai mərkəzlər rolunu oynayan bazarlarda və
məscidlərdə geniş rusofobiya təbliğatı
aparıldı. Səfirliyə hücum təşkil
edildi, binanın qarşısına yüz minə qədər
tehranlı toplaşmışdı. Səfirliyi
35 nəfər silahlı rus mühafizəçisi qoruyurdu.
30 yanvar 1929-cu ildəki hücum vaxtı 38 nəfər,
o cümlədən, səfir Qriboyedov öldürüldü. Diplomatik
toxunulmazlıqdan sui-istifadə edilməsinin digər cəhətlərinə
görə də onu ittiham edirdilər. Hərəmlərə
səfirlikdə sığınacaq verilməsi isə həddi
aşmaq nümunəsi idi. Onun nisbətən cavan
yaşında qətlə yetirilməsi də qatı
islamçıların olduğu bir ölkədə bədbəxlikdən
öz ağlının bəlasını çəkdiyini
göstərir, axı o, məşhur pyesinin
adını da, elə bil ki, güzgüdə öz əksinə
baxaraq "Ağıldan bəla" qoymuşdu.
Bir müdrikin yazdığına görə, tamaşanın
birinci səhnəsində divardan asılan tüfəng
dördüncü səhnədə hökmən atəş
açacaqdır. Xainlərə də odlu silah kimi etibar etmək
olmaz, çünki xəyanət daha böyük bədbəxtliklərə
yol açır. Qarabağa köçürülən
ermənilər bir əsr yarımdan, dəqiq deyilsə 160 il
sonra nankorluq edərək tarixi Azərbaycan torpaqlarını
guya öz mülkiyyətləri kimi, ondan ayırmaq və Ermənistana
birləşdirmək üçün separatizm hərəkatına
başladılar və silaha əl atdıqda onlara köməyə
gələn Ermənistan ordusu ölkəmizin xeyli ərazisini
işğal etdi. Hər cür mənfur peşəyə
asanlıqla yiyələnən ermənilər başqa
xalqın tarixi və qanuni torpaqlarını oğurlamaq,
özlərininki etmək istəyirdilər.Təəssüf
ki, onlara bənzər torpaq oğruları başqa yerlərdə,
başqa dövrlərdə də olmuşdur.
Buna misal gətirmək üçün qəribə bir
hadisə yada düşür. 1969-cu ilin iyulunda
ABŞ astronavtları Neyl Armstronq və Edvin Oldrin tarixdə
ilk dəfə olaraq Ayın səthinə endilər. Bundan əvvəl onlar ölkədə Ayın səthini
andıran səhralardan birində məşq edirdilər.
Həmin ərazidə hindu
tayfasının icmaları yaşayırdı. Bir hindu ilə
tanış olduqda, bu qoca kişi onların burada nə işlə
məşğul olmaları ilə maraqlandı. Onlar bildirdilər ki, Aya səyahət etməyə
hazırlaşırlar. Həmin adam
onlardan bir xidmət göstərmələrini xahiş etdi.
Astronavtlar bu xidmətin nə olduğu ilə maraqlandıqda, hindu dedi ki, biz inanırıq ki, Ayda ruhlar
yaşayır, tayfamız onlara bir mesaj göndərmək istəyir,
axı onlar bizim dili bilirlər.
Astronavtlar
razılıq verdikdə, kişi öz
tayfasının dilində dediyi sözləri təkrar etməyi
onlardan xahiş etdi ki, yadlarında möhkəm saxlaya bilsinlər.
Onu da əlavə etdi ki, bu sözlər
Aydakı ruhlarla bizim birgə sirrimiz olduğundan, onu
anlaşılan şəkildə sizə deyə bilmərəm.
Onlar sözləri dəfələrlə təkrar edib, əzbərlədilər
ki, unutmasınlar. Düşərgəyə
qayıtdıqda tərcüməçi tapıb, ifadəni
ona dedikdə, o, gülməyə başladı.
Astronavtlar təəccübləndikdə, tərcüməçi
dedi ki, onların tələffüz etdiyi mesajın məzmunu
belədir: "Bu adamların sizə dediyi bir sözə də
inanmayın. Onlar gəlmişlər ki, sizin
torpaqları oğurlasınlar".
Qoca hindunun Aya göndərmək istədiyi mesaj fantaziya
xarakteri daşısa da, onda həm də dərin hikmət var
idi, axı vaxtilə onların torpaqlarını ağdərililər
oğurlamışdılar. XVII əsrin əvvəllərindən
başlayaraq Avropadan Şimali Amerikaya gələnlər
hinduları ucuz bəzək şeyləri, muncuqlarla
aldadıb, torpaqlarını əllərindən
alırdılar. Sonra hindu əhalisi olan tuzemləri
müxtəlif bəhanələr irəli sürməklə qırmağa
başladılar. Az sayda sağ
qalanları isə rezevasiyalarda yaşamağa sövq etdilər.
Boş vədlərə inanan hindular nəsillərlə
acı taleyi yaşamalı oldular. Bundan bir əsr əvvəl
əsarət və qırğın törətmək yolu ilə
var-dövlət qazanmaq üçün Meksikaya gələn
ispan konkistadoru Ernan Kortes, Cənubi Amerikadakı İnka
imperiyasına daha kiçik qüvvənin müşayiətilə
müdaxilə edən və eyni məqsədi güdən
Fransisko Pisarro müvafiq olaraq atsteklərə və
imperiyanın hakim əhalisinə qarşı daha böyük
qəddarlıq nümayiş etdirmişdilər.
Torpaq oğurluğu ilə məşğul olanlar təbiətcə bir-birlərindən o qədər də fərqlənmirlər, hər cür xəyanətkarlığa da əl atmağı bacarırlar. Ermənilər torpaqları oğurlamağa nisbətən gec başlamışdılar. Onlara rus çarı I Nikolay və onun daha iradəsiz xələfi olan Mixail Qorbaçov köməklik göstərmişdi. Lakin Azərbaycan torpaqlarını işğala məruz qoyub, qəsb etmək və əsarətdə saxlamaq cəhdi ermənilərə baha başa gəldi. 2020-ci ilin payızındakı müharibədə qalib gələn ordumuz bütün torpaqları azad etdi, oğurlanmış torpaqlar qanuni sahibinə qaytarıldı.
Azərbaycanlılara müdrik dərsi, ən böyük məsləhətçi olan zaman özü verdi. Uzun müddət ərzində mehribanlıq göstərdiyi və hətta ona hər cür imtiyazlar bəxş etdiyi ermənilər bu xalqın doğma ölkəsinin bütün ictimai məsamələrinə nüfuz etmişdi. Ona görə də öz ağuşunu onlara geniş şəkildə açmaqla, xalqımız bağışlanmaz sadəlövhlüyünün acı nəticələri ilə də üzləşməli oldu. Torpaqları oğurlayanlarla isə tarixin öyrətdiyi kimi müvafiq qaydada davranmaq lazımdır, onların xəyanətinə, heç vaxt yaddan çıxara bilməyəcəkləri sərt cavab verilməlidir. Ermənilərin gələcəkdə iqtisadi fayda götürmək naminə bəyan edəcəkləri saxta "qardaşlıqlarına" da qətiyyən inanmaq olmaz. Heç bir şübhə yoxdur ki, onların viran qoyduqları şəhərlər və kəndlər hökmən bərpa ediləcək, xarabalıqlar bütünlüklə yoxa çıxacaq, lakin ürəyimizdəki şırımlar, çapıqlar uzun illər ərzində qaysaq bağlaya bilməyəcək, onların iblis əməllərinin izi şüurumuzu xeyli müddət tərk etməyəcəkdir.
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 26 aprel.- S.12..