Azərbaycanlı rejissora xüsusi mükafat

 

 

Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb.

AZƏRTAC xəbər verir ki, foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıblar.

Azərbaycandan bu festivalda “ANİMAFİLM” beynəlxalq animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi və rejissoru Elçin Hami Axundov iştirak edib. Rəşid Ağamalıyev həm də festivalın münsiflər heyətinin üzvü olub.

Daşkənd Beynəlxalq Animasiya Forumunun bağlanış mərasimində tanınmış rejissorumuz Elçin Hami Axundov “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafat alıb. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.

Festival çərçivəsində “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxil olunub.

Azərbaycan nümayəndələri bu proqramla bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarında iştirak ediblər.

 

525-ci qəzet.- 2022.- 26 aprel.- S.9.