"Cəhənnəm sakinləri"nin düşüncələr mozaikası  

 

 

 

Xalq yazıçısı Elçinin qələmə aldığı, mövzusu 1937-ci  ilin repressiya dönəmini əhatə edən "Cəhənnəm sakinləri" pyesi üzrə Azərbaycan Dövlət milli Akademik Dram Teatrı eyni adlı tamaşa hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azərpaşa Nemətovdur.

 

Əsərdə yeni ilin gəlişini qeyd etməyə hazırlaşan cütlük - Qadın (Xalq artisti Məleykə Əsədova) və Kişi (Əməkdar artist Elşən Rüstəmov) saatın əqrəblərinin gecə saat on ikinin üzərinə gəlməsini aşırı səbirsizliklə gözləyirlər və bilirlər ki, uzun illər ünsiyyətdə olduqları yaxınlarını, qonşularını, qohum-əqrəbalarını, doğmalarını, tanışlarını və heç bir günahı olmayan yüz minlərcə talesiz insanları azğın çovğun kimi sovurub aparan amansız 1937-ci il bu dəqiqədən etibarən tarixin ən keşməkeşli və qanlı səhifələrindən biri kimi birdəfəlik yaddaş salnaməsinə qovuşacaq.

 

Pərdə açıldığı andan tamaşaçının diqqəti  bir neçə ailəni özündə güclə yerləşdirə biləcək dar kommunal mənzildə az qala bir-birinə sığınaraq daldalanananbaan "çovğunun gəlişini qorxu və təlaş içində gözləyən, necə deyərlər, "ölümü gözləmək, ölümün özündən də qorxuludur" deyimi ilə yaşayan bina sakinlərinə və bu sakinlərdən fərqli olaraq bu cütlüyün nisbətən əmin-amanlıq və salamatçılıq ab-havasında yaşamasına, başlıcası da NKVD-nin ayıq-sayıq nəzarətçilərinin özəl "himayədarlığına" arxayınçılıq faktına yönəlir. Sual olunur: onların belə bir "imtiyazı haqq etməsinə" səbəb olan nədir, onlarkimi üstünlüyə qabildirlər ki, qapı qonşuları ilə müqayisədə nisbətən daha rahatdaha xatircəmlik ab-havasında nəfəs alıb bu yaşamın dadını çıxarmağa haqq edirlər?.. Bu sualı quruluşçu rejissor A. Nemətovun bəyan etdiyi əsas fikirdən yola çıxaraq açıqlamaq mümkündür: mövcud olmaqsiyasi repressiyaya məhkum edilməmək kimi ölüm-dirim savaşında öz canını qurtarmaq üçün, illərcə hökm sürən puç, aldadıcı ideologiyaya tapınaraq yaxınlarını bada verən, düz-çörək kəsdiyi insanları dar ağacına sürükləyən lərin və onları törədən mövcud quruluşun (1937)  tənqididir bu tamaşa!

 

A. Nemətovun quruluşunda  pyesin əsas qəhrəmanlarından olan Kişi və Qadın obrazları məhz bu kontekstdən sərgilənir: onların hər ikisi bir-birindən  xəbərsiz məxfi şəkildə NKVD-yə casusluq edən çuğulçudurlar. Bu agentlərin üzdəniraq fəaliyyəti nəticəsində hər gün və hər an qapı qonşularından biri tutulub ya dar ağacına asılmağa və ya güllələnməyə göndərilir.

 

Tamaşanın gedişatında əsas yükü daşımaq missiyası Qonaq obrazını ifa edən Xalq artisti Nurəddin Mehdixanlının üzərinə düşür. Onun ifa etdiyi bu obraz yalnız qonaq qismində və qiyafətində qalmır, o eyni zamanda həmin dönəmin ab-havasını, mühit və şəraitini, dəhşət dolu anlarını sərgiləyən İblisdir. Lakin o, eyni zamanda ərlə-arvadın qapıbir qonşularını "dənləyərək" gedər-gəlməzə göndərən və sonradan hər ikisinin tək qalaraq biri-birilərini məhşər ayağına çəkdikləri və bir-birinə nələr törətdiklərinin hesabatını verdikləri an peyda olan İblis-Vicdan ikiləmidir. Vicdanları çoxdan iflic olmuş ərlə arvadı onların mənəvi ikinci "mən"i olan Vicdandan daha çox İblis mühakimə edə bilərdi və edir də.

 

Səhnədə, ölümə məhkum olunmuş  iki adi adam - son dərəcə pak görünən, əslində isə iblis xislətli ərlə arvad və bunların indiyə qədər törətdikləri mənəvi-əxlaqi cinayətlər müqabilində əməlləri "toya gedəcək" İblis qarşı-qarşıya gəlir. İblis onları məhşər ayağına çəkərək, bir ittihamçı kimi müttəhimlik kürsüsündə çox cılız görünən bu yaratdıqlarının üzlərini açır, onların bir şəxsiyyət və bir fərd kimi heç olduqlarını, sağ qalmaq naminə dəridən - qabıqdan çıxaraq heç bir günahı olmayan insanların həyatı ilə oynayıb onları güdaza verdiklərini ifşa edir.

 

Saatın əqrəblərinin gecə saat on ikini göstərdiyi andan etibarən cütlük çağırılmamış bu əcaib qonağı öldürmək qərarına gəlir və belə güman edirlər ki, başlarının üzərini almış bu təhlükəni məhz bu yolla sovuşdura, qorxunc, vahiməli 1937-ci ilin pəncəsindən bu minvalla qurtula bilərlər. Lakin qurtuluş baş vermir, çünki İblis ölməzdir, çünki o, ölümə məhkum deyildir.

 

Burdan belə bir nəticəyə varmaq mümkündür ki, yer üzündə insan oğlunun şər hissləri nə qədər əbədidirsə və bu şər əməllər nə qədər ki, siyasi repressiyalar törədirsə, İblisinmövcud olması bir o qədər qaçınılmazdır. Mövcudluq uğrunda mübarizədə əsrlərlə yaşayan boş, mənasız, aldadıcı nəfsə az qala sitayiş edən, çox zaman isə çaşan, çıxış yolunu tapa bilməyən, xəyanətə, zorakılığa, vəhşi ehtirasa kölə olan çağdaş insanı faciəli duruma salan həmin dönəmin ictimai-siyasi səbəb və  nəticələrini göstərmək tamaşanın müəllifi Azərpaşa Nemətovun başlıca qayəsi olub.

 

Rejissor A. Nemətov tamaşanın müəllifi kimi onun plastik həlli, kompozisiya  bütövlüyü və bədii obrazının ərsəyə gəlməsində maraqlı axtarışlar aparıb. Belə ki, səhnənin dairəsi üzərində bir müstəvidə qurulan qapılar səhnə hərləndikcə pərən-pərən olaraq bir neçə qapıya çevrilir və müəyyən məsafə ilə yanaşı qoyulmuş bu qapılar sanki məzarlıq ovqatı yaradır. Bu da təsadüfi deyil, çünki bu, ərlə arvadın az sonra çuğulluğu nəticəsində repressiyaya məhkum olunacaq qonşuların sifətlərinə birdəfəlik və əbədi bağlanacaqgeri qayıdışları olmayan ölüm qapılarıdır. Rejissor burada qapını yalnız getmək və ya çıxmaq üçün açılıb bağlanan bir vasitə kimi deyil, insanların aqibət və taleyində həlledici rol oynayan, qismət və imkan mənbəyi kimi dəyərləndirməyə çalışır. Buradakı qapılar səssiz və cansız bir nəsnə olduqları üçün, təbii ki, heç bir hadisə özəlliyi və anlamı daşımır. Amma onların zaman-zaman açılması, qapanması bu qapıların konflikt faktına və kolliziya ünsürünə çevrilməsinə imkan yaradır, çünki bu qapıların açılması sayəsində biz tamaşaçılar ərlə arvadın, eləcə də qonşuların dünyası və problemlərinin dərinliklərinə baş vururuq. Bu tamaşada səksəkə, qorxu  təlaşla yaşayan qonşular amansız repressiyalara məruz qalmasınlar deyə bu qapıların açılmasını istəmirlər. Cütlükdən ibarət qarşı tərəfsə təhlükələri öz üzərindən sovuşdurmaq, qorxunc və dəhşət dolu bu mühitdə ayaqlarını sağlam şəkildə zəminə basıb mövcud olmaqbu məqsədlə qurbanlar vermək, öz ağalarının yanında alnıaçıq olmaq, xəbis niyyətlərini  gerçəkləşdirmək naminə həmin qapıların dərhal açılmasını istəyirlər. Qapılar sanki canlanıb dilə gəlir, iştirakçı aktyorlarla səhnə mizanlarını bərabər şəkildə paylaşır, onların oyundaşına  çevrilir.

 

Beləcə, hər iki qarşı tərəfin marağı özəlliklə bu konflikt faktında uzlaşır. Rejissor "qapının açılıb bağlanması" konflikt faktına xüsusi diqqət yetirir. Bununla o, uzun illər çözümü hələ də araşdırılan suala cavab almaq istəyir: nədən bu qapılar hər zaman qapalı qalmalı, nədən insanlar qorxu hissindən qurtulmaq üçün onların qapalı qalmasını istəməli, nədən bu qapılar yalnız kiminsə qanını axıtmaq, kiminsə tifaqını dağıtmaq, heç bir şeydə günahı olmayan insanları gözüyaşlı qoymaq, atanı oğuldan, oğulu anadan, bacını qardaşdan, sevənləri bir-birindən ayırmaq üçün açılmalıdır? Əcəba bu qapılar təmiz bir niyyət, xoş bir məramla, xeyirxahlığı, insansevərliyi, qardaşlığı müdafiə edən fikirlər, düşüncələr məqsədi ilə açıla bilməzmi?

 

A. Nemətov beləcə, səhnədə quraşdırmış olduğu qapıları bədii obraz səviyyəsinə  qaldırmaqla onların tamaşanın ideya bədii istiqamətində  tutduğu yeri açıqlamağa çalışır.

 

Tamaşa maraqlı sonluqla bitir. Qonşuları fələyin hökmünə buraxdıqdan və ortalıqda ins-cins qalmadıqdan sonra cütlük bir-birilərini törətdikləri əməllər üstündə mühakiməyə qalxır. İndi onlar meydanda tək qalmışlar. Bəs onları mühakimə edəcək bir kimsə yoxmu? Yüzlərlə insanı məhbəsə, sürgünə, cəllad kötüyünə  sürükləyən bu iki məxluq cəzasızmı qalacaq? Bu sualın cavabı özünü çox da gözlətmir. Budur, bizə tanış olan həmin hənirti səsləri... Maşın səsi... Qapının çırpılması... Ayaq tappıltısı...Və nəhayət qapı zənginin çalınması... Qapıda isə bizə yaxşı tanış olan, az öncə ərlə arvadın kəllə-kəlləyə gəlməsində az qala referi özəlliyi daşıyan Qonaq-İblis dayanmışdır. Amma bu dəfə o, İblisdən daha çox onların canını almağa gəlmiş NKVD əzrayılına bənzəyir. Hətta qiyafətindən daha çox alman-faşist nasistlərinin geymiş olduğu dəri plaşfurajka sanki gestapo rəisi olduğunu xatırladır.

 

Budur, haqq-hesab zamanı gəlmiş, qıl körpüsündən  keçmə anı yetişmişdir. iblis bütün yaxınlarına, dostlarına, tanışlarına, qohum və qonşularına iftira ataraq ləkələyən, şərləyərək ölüm ayağına göndərən bu iki antipodu müttəhimlər kürsüsünə çəkərək ittiham edirson hökmü oxuyur: "Cəhənnəmə qədər yolunuz var! Oraya xoş gəldiniz!"

 

Nemətovun final səhnəsində pərdə qapandığı an iblisin NKVD qiyafətində  avassenaya yaxınlaşaraq şəhadət barmağını dodağının üstünə qoyub tamaşaçılara müraciətlə "Susun!" işarətini verməsi mizanı da rəmzi bir məna daşıyır və tamaşanın baş hadisəsini bəyan edir: "...Sağ-salamat qalmaq istəyirsənsə, dilini farağat tutub susacaq və deyilənlərə danışıqsız əməl edəcəksən. Əks təqdirdə günlərin bir günü cəhənnəmin qapıları üzünə taybatay açılacaqdır".

 

Gəncəli Xəzər

Rejissor, Əməkdar artist,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 28 aprel.- S.12.