Ağsuda Aşıq Şakirin 100 illiyi qeyd olunub

 

Aprelin 28-də Ağsuda Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi, Aşıq Bilalın layiqli davamçısı Aşıq Şakir Hacıyevin anadan olmasının 100 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib. Tədbirdə icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Milli Məclisin deputatı Tahir Kərimli, “Aşıq Şakiri ürəklərdə axtarın” kitabının müəllifi, jurnalist Tofik Abdullayev, Aşıq Şakirin nəvəsi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti Qətibə Mahmudova, Aşıq Şakirin qızı Soltanxanım Mahmudova iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı uzun illər ötməsinə baxmayaraq ismi bu gün də dillər əzbəri, sevgisi milyonların qəlbində olan görkəmli saz-söz ustası Aşıq Şakirin ömür tarixçəsindən, 30 illik sənət yolundan danışıb. Bildirilib ki, ustad aşıq 2 dastanın, 20-dək qoşma, gəraylı və müxəmməsin müəllifidir. Azərbaycan radiosunun “Qızıl Fonduda saxlanılan “Kəndimiz” mahnısının xoş sədaları günümüzədək toyların-məclislərin, el şənliklərinin bəzəyidir. Ustad aşığın ifasında səslənən “Nərgiz”, “Nə bağ bildi, nə də bağban”, “Maral”, “Şirvan şikəstəsi”, “İnciməsin” (“Şakir gözəllənməsi”), “Səhər-səhər” və digər onlarca mahnı bu gün də sevilə-sevilə dinlənilir. 1950-ci ildə onaXalq aşığı” fəxri adı verilib, 1967-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Şakir Şahverdi oğlu Hacıyev 1979-cu il aprelin 10-da 57 yaşında vəfat edib.

Tədbirdə səsləndirilən Aşıq Şakirin “Nə bağ bildi, nə də bağban” mahnısını zalda iştirakçılar ayaq üstə alqışlarla qarşılayıblar.

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxışında Azərbaycan aşıq sənətinin inkişafında Şakirin xüsusi payı olduğunu vurğulayıb.

 

Məclisdə çıxış edən Tofiq Abdullayev, Milli Məclisin deputatı Tahir Kərimli ustad sənətkarın Azərbaycan aşıq sənətindəki xidmətlərindən danışıblar.

Məclisdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycanda əsrlər boyu süzülüb gələn aşıq sənətinə göstərilən qayğıdan danışıb, bu gün Aşıq Şakirin 100 illiyinə həsr olunan sazlı-sözlü məclisin müqəddəs Ramazan ayına təsadüf etdiyini xatırladıb.

Aşıq Şakirin nəvəsi Qətibə Mahmudova məclisin təşkilatçılarına təşəkkürünü bildirib.

Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlının, xanəndə Elbrus Niftəliyevin, Aşıq Rza Məmmədovun, Aşıq Şakirin nəvəsi, babasının davamçısı Babək Şakirlinin, Aşıq İnci Şirvanlının məclis boyu oxuduqları “Bala Nərgiz”, “Kəndimiz”, “Boylana-boylana”, “Şirvan gözəlləməsi”, “Şirvan şikəstəsi” və digər mahnılar hər kəsə xüsusi əhvali-ruhiyyə bəxş edib.

Qeyd edək ki, tədbir AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının, Ağsu rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilib.

 

525-ci qəzet.- 2022.- 30 aprel.- S.17.