Şairlər təkcə şeirləri
ilə yadda qalmır...
...Eşidəndə ki, Arif Buzovnalının 50 yaşı tamam olur, inanmağım gəlmədi. Bəlkə tanışlığımızın
"ömrünün cavan"
olması və ya onun özünün,
maşallah, gənc, gümrah görünüşü
məndə belə bir qənaət yaratmışdı. Əslində heç vaxt onun yaşı haqda düşünməmişdim
də. Amma bu həqiqətdir
ki, Arif ilk tanışlıqda insanlarda
səmimi hiss, xoş təəssürat, təbii
maraq yaradan şəxsiyyətdir.
Yaradıcılığını tanımasan belə, mənalı təbəssümü, dilindən daha çox söz deyən gözləri, "əfəndi" rəftarı Arifin "dolu adam" olmasından, saf mənəviyyatından xəbər verir. Ancaq olub ki, onun simasının ani "bulud kimi dolmasını", gözlərində kədər, nisgil qığılcımlarının parlamasını da sezmişəm və düşünürəm, bu halın özü də şairə yaraşıq gətirən haldır. Sevdiyim misralar var...
"Bir od düşdü buluduna
Yandı könül eşq oduna..."
Elə Arifin 50 yaşı haqda düşünə-düşünə təxminən 50 il əvvəl şahidi olduğum bir əhvalat yadıma düşdü...
...1973-cü ilin payızı idi. Mən o zaman Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun 1-ci kurs tələbəsi idim. O soyuq payız günlərinin birində Bakının bütün musiqi ictimaiyyəti, qocaman ifaçılar, tanınmış musiqiçilər, hörmətli ziyalılar, Musiqi texnikumunun akt zalına, koridora, hətta küçəyə belə toplaşaraq böyük izdiham yaratmışdılar. Həmin gün insanlar dahi Üzeyir Hacıbəylinin tələbəsi, görkəmli bəstəkar, tarzən, dirijor, pedaqoq Adil Gəray Məmmədbəylini son mənzilə yola salmaq üçün toplaşmışdılar. Musiqi aləmində böyük nüfuz və ehtiram sahibi olan Adil Gərayın əsərləri çox məşhur idi. Xüsusi ilə tar üçün bəstələdiyi orijinal əsərlər bu alət üçün tərtib olunan proqram və repertuarın bəzəyi olmaqla ən parlaq ifaçıların sevə-sevə ifa etdiyi əsərlər idi. Vida mərasiminə gələnlərin bir çoxu koridorda, texnikumun qarşısında kiçik qruplar halında toplaşaraq söhbət edirdilər. Söhbət edənlərin arasında çox məşhur insanlar da var idi ki, mən onların çoxunu ilk dəfə yaxından görürdüm. Hiss olunurdu ki, toplaşanların özləri də bir-birini çoxdan görməyiblər. Arxamda dayanıb söhbət edənlərdən birinin səsi məni qəfildən cəlb etdi: - "Heç Müşfiq yadına gəlir?.." Məktəb illərindən ən çox sevdiyim şairin adını eşidib arxaya çevrildim. İki yaşlı kişi asta səslə Müşfiqdən danışırdı. Nakam şair haqda nəsə yeni bir söz eşitmək məni çox maraqlandırsa da, marağımı büruzə verməyə, danışanlara daha yaxın getməyə utandım. Ətrafdakı izdihamın səs-küyü isə söhbəti eşitməyə imkan vermirdi. Az sonra daha bir neçə kəlməni aydın eşitdim: - "Onun necə möhkəm, gözəl bədəni vardı..." və səslər yenə qarışdı. Elə bu an izdiham hərəkətə gəldi. Adil Gərayı son mənzilə yola salma mərasimi başladı. İndiyə qədər kim olmalarını bilmədiyim o iki nəfər yaşlı kişiyə mən bir daha rast gəlmədim. Amma Müşfiq haqda yeni söz-söhbət eşitmək arzum heç vaxt səngimədi. Unutmadığım bu xatirə çox illər sonra mənə bir mətləbi anlatdı: ..."Demə şairlər təkcə şeirləri ilə yadda qalmır..." Bu fikri Arifə ünvanlayıram. Arif Buzovnalı şair olmasaydı da, təmasda olduğu insanların yaddaşında, qəlbində iz qoya biləcəkdi. Amma o, şairdir. Şeiriyyət aləmində onun üz tutduğu ünvanı var, sözü və sözə olan münasibəti var.
"...Sözə çatdır əməli Ustad ol..."
Hərdən təəssüflənirəm ki, Arifi gec tanımışam, onun şairlikdən ustadlığa doğru getdiyi ağır sənət yolunu izləyə bilməmişəm. Hardan başlayıb bu yol? Əlbəttə, təxəllüs götürdüyü Buzovna kəndindən. Yüzlərlə şairin, alimin, din xadiminin, incəsənət adamlarının vətəni olan Buzovna kəndi Azərbaycanın sakral, müqəddəs məkanlarından biridir. Hələ uşaqkən nənəmin əlindən tutub "Əliayağı" ziyarətgahına getməyim yadımdadır. O vaxt çox şeyi anlamasam da, ziyarətgahı əhatə edən hündür qum təpələri, dua edən insanların pak siması məni heyrətləndirmişdi. Uca Allaha, İslam dininə sonsuz sevgi, insanlara hörmət, qədim ənənələrə ehtiram bu torpağın insanlarını bu gün də fərqləndirən, sevdirən cəhətlərdir. Arifi yetirən, böyüdən mühit əlbəttə ki, saf və təmizdir. Və bu saflıq və təmizlik onun şeirlərinin mayasıdır. Şeirləri oxuduqca onun bütün məlum şeir vəznlərində rahatlıqla, ustalıqla gözəl nümunələr yaratması bizdə məmnunluq doğurur. Xüsusilə əruz vəzninə onun münasibəti, əruzun həm klassik, həm müasir modellərinə yaradıcılıqla yanaşması uğurlu nəticələri ilə göz qabağındadır. Bu gün Azərbaycan şeiriyyətində əruzun yeni intibahını görməmək mümkün deyil. İlqar Fəhmi, Soltan Əlizadə, Vidadi Arif, Azər Sani, Gülarə Munis, Səyyar və onlarla belə püxtə şairlərin sırasında Arif Buzovnalı da XXI əsr Azərbaycan əruzunun yeni zirvələrini fəth edirlər. Arifin böyük xidmətlərindən biri də odur ki, əvvəllər pərakəndə halda yazıb-yaradan əruzçuları bir araya gətirib, onların fəaliyyətini hərəkat halına salıb, sağlam bir məcraya yönəldib, AYB-inin sədrlik etdiyi "Xəzər" bölməsində birləşdirə bilmişdir. Bu bölmənin nəşr etdirdiyi "Xəzər təzkirəsi" adlı şeir almanaxı da son illər AYB-in fəaliyyətində ən gözəl hadisələrdən biridir.
Qədim Dünyanın amansız qaydalarından biri də asılmağa məhkum edilmişlərin öz dar ağaclarını edam yerinə qədər öz çiyinlərində daşımaları idi (İsa Məsihin edamını yada salaq). Hətta xaçpərəst dünyasında belə məsəl də vardı: "Hər kəs öz dar ağacını özü daşıyır..." Əlbəttə, zaman çox şeyi dəyişir, elə məsəlləri də. Bu köhnə məsəl bu gün də çiyinlərinə könüllü olaraq ağır yükü, çətin vəzifəni götürən adamlar haqda başqa cür səslənir: "O, öz missiyasını (daşıyır) yerinə yetirir..."
Bu gün Arif Buzovnalının da öhdəsinə götürdüyü vəzifələr az deyil. O, şairdir, tərcüməçidir, tədqiqatçıdır, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədridir və bütün bu vəzifələri o, həvəslə, sevə-sevə yerinə yetirir. Onun ən müqəddəs missiyası - xalqımızın böyük ədəbi sərvətinə, bu zəngin xəzinəyə sahib olmaq, onu layiqincə daşımaq və ötürməkdir. Əslində bu missiya - alın yazısı kimi bir şeydir. Alın yazısı isə çox ucalarda yazılır...
Bəli, 50 yaş gəlib çatıb... çox gözəl, gələnə qapı açarlar, xoş gəlmisən deyərlər. Mübarək olsun 50 yaşın - əzizim Arif.
Qələm əhlinə ünvanlanan
arzular bəlkə bir
az fərqli olur. Mənim
də bir az fərqli arzum var... İstərdim ki, bu gündən daha 50 il, 100 il keçsin,
Bakının qədim parklarının birində iki kişi üz-üzə
gəlib söhbətə başlasın. Söhbətin bir məqamında biri o birisindən soruşsun:
- "Heç Arif
Buzovnalı yadına gəlir? Onun necə
gözəl..." Bu anda
Bakının dəli xəzrisi kişinin
sözünü ağzından alıb
yağış kimi doğma
şəhərə səpələsin... Hamı Arifi xatırlasın, hərə bir cür, hərə
özünə görə... Axı şairlər təkcə
şeirləri ilə yadda qalmır.
Sərdar FƏRƏCOV
Bəstəkar
Xalq
artisti
Üzeyir Hacıbəylinin
Ev-Muzeyinin direktoru
525-ci qəzet.- 2022.- 2 avqust.- S.7.