XX əsrin portreti
Son onilliklərdə bəlkə də ilk dəfə
idi ki, təxminən 400 səhifəlik kitabı birnəfəsə
oxudum. Söhbət görkəmli alim və dövlət
xadimi, 1950-1958-ci illərdə Azərbaycan Elmlər
Akademiyasına rəhbərlik etmiş akademik Musa Əliyevin
"Öz dəst xəttimlə" ("Svoim
poçerkom") adlı memuarlarından gedir. Əgər əsərə bir neçə kəlmə
ilə qiymət vermək zərurəti yaransaydı, əsla
tərəddüd etmədən onu məzmun və mahiyyət
baxımından yazıya başlıq seçdiyim şəkildə
- "XX əsrin portreti" adlandırardım. Həm də
retuşsuz, gerçək portreti...
Birnəfəsə oxuduğum kitab haqda yazmaya bilməzdim.
Aspirantlıq illərində EA Rəyasət Heyətinin
binasında Musa Əliyevin Akademiyanın digər prezidentləri
ilə yanbayan asılmış portretini görmüşdüm. Sifətindən
nəciblik və xeyirxahlıqla birlikdə qətiyyət, dəbdə
olan ifadə ilə desəm, özgüvən - özünə
inam yağırdı. O dövrdə internet, vikipediya
olmadığından təbii ki, maraqlandığın şəxs,
yaxud hadisə ilə bağlı bir neçə dəqiqə
ərzində məlumat əldə etmək imkanı yox idi.
Yadımdadır ki, İnstitutumuzun tanınmış və
yaşlı alimlərindən biri Akademiya rəhbərliyinə
istehsalatdan gəldiyi üçün Musa Əliyevin Rəyasət
Heyətinin iclaslarında bəzən "Yoldaş institut
direktorları!" əvəzinə çaşıb
"Yoldaş zavod direktorları!" dediyini
danışırdı. Bu, yəqin ki, sadəcə uğursuz
zarafat idi...
Memuar ədəbiyyatına
günümüzdə hər zaman olduğundan daha
böyük tələbat var. Çünki oxucu rəsmi
tarixşünaslığın ştamp və qəliblərindən
bezib. Həyat haqda, dövrün ruhu,
insanları haqda canlı şahidlərdən eşitməyi
daha üstün tutur. Lakin gerçəkçi,
obyektiv xatirə yazmaq ilk baxışdan
göründüyü qədər asan deyil. Azərbaycanda
isə, etiraf edək ki, lap çətindir. Kiminsə
babası, hətta ulu babası haqda xoşa
gəlməyən bir həqiqəti dilə gətirsən,
yaxud sirr pərdəsini qaldırsan, mütləq düşmən
qazanacaqsan. Tərif-özünüreklam
janrında yazılmış memuarlar isə təbliğati
materiallardan çox da cəlbedici deyil. Saxta
notlar, qeyri-səmimi məqamlar belə xatirələrdə
daha çox nəzərə çarpır.
Akademik Musa Əliyevin memuarları hətta üzərində
müəyyən "təmizlənmə" işləri
aparılandan sonra da dövrə və hadisələrə
münasibətdə kifayət qədər tənqidi, lakin
obyektiv və prinsipial təsir bağışlayır. Müəllif
özünün, ailəsinin, dost və
yaxınlarının, hətta əleyhdar və rəqiblərinin
mürəkkəb bioqrafiyasından çıxış edərək
bəşər tarixinə mütəhərrik, ziddiyyətli
yüzillik kimi daxil olan XX əsrin geniş panoramını
yaradır. Əks təqdirdə onun xalq və
tarix qarşısında böyük məsuliyyət hissi ilə
yazdıqlarını "dövrün portreti"
adlandırmaq mümkün olmazdı.
Musa Mirzə oğlu Əliyev 1908-ci ildə,
çoxsaylı azərbaycanlı icmasının
yaşadığı Aşqabad şəhərində
doğulub. Valideynləri Azərbaycanın tarix və mədəniyyət
baxımından iki mühüm, özünəməxsus
regionunu təmsil edirdilər. Atası
Şamaxıdan, anası Şuşadan idi. 1985-ci ildə Moskvada vəfat edib. Tərcümeyi-halının iki mühüm hadisəsi
- doğumu və ölümü Vətəndən uzaqlarda
baş versə də, bütün şüurlu həyatı
Azərbaycana bağlı olub. Bilik,
qüvvə və bacarığını doğma Vətəninin
inkişafına, çiçəklənməsinə sərf
edib. Aradan illər keçəndən sonra yetirməsi,
akademik Akif Əlizadə bu şəksiz həqiqəti
vurğulayaraq yazırdı: "Böyük müəllimim
harada işləməsindən asılı olmayaraq həmişə
doğma vətəninin, Azərbaycanın naminə
çalışmışdı".
Mükəmməl roman qədər maraqlı, ibrətamiz
memuarları tam əsasla Musa Əliyevin doğma xalqı, tarix
və elm qarşısında son fədakarlığı
adlandırmaq mümkündür. Alim on ümumi dəftəri
əhatə edən həyat hekayəsini şairlər
demişkən, ömrünün qürubunda - 1970-ci illərin
sonunda yazmağa başlamışdı. Həmin
dövrdə artıq səhhətində ciddi problemlər
yaranmışdı. Həkimlərin
bütün səylərinə baxmayaraq, görmə qabiliyyətini
itirirdi. "Bu, mənim həyata sonuncu töhfəmdir,
- deyə müəllif əsərin finalında, onuncu dəftərdə
yazırdı: - Artıq deyə bilərəm ki, kor
olmuşam. Çox çətinliklə
yazıram. Heç nə oxuya bilmirəm.
Sona (həyat yoldaşı - V.Q.) kömək
edir. Bu gedişlə böyük əsər
üzərində işləmək mümkün deyil.
Yarım il ərzində görmə
qabiliyyətimi demək olar ki, bütünlüklə itirdim. İndi həkimlər heç olmazsa, qismən
görə bilməyim üçün əllərindən gələni
edirlər".
Memuarların ilk oxucusu Musa Əliyevin qızı - şərqşünas
alim, mərhum Rəna xanım idi. İstər texniki, istərsə də
emosional baxımdan mütaliəsi o qədər də asan
başa gəlməyən əlyazmasını oxuyub bitirəndən
sonra Rəna xanım qərar vermişdi: atasının həyat
hekayəsi mütləq çap edilməli, geniş
auditoriyaya çatdırılmalıdır. Ancaq xeyirxah niyyəti
yalnız aradan 40 ilə yaxın bir vaxt keçəndən
sonra gerçəkləşdirmək mümkün olmuşdu. Kitab
bu il "Çaşıoğlu" nəşriyyatında
Əməkdar jurnalist Nadejda İsmayılovanın geniş
müqəddimə və sanki düşünmək
üçün pauza rolu oynayan çoxsaylı
aydınlaşdırıcı şərhləri,
orijinalın mətninə zəruri müdaxilələri ilə
çap edilib. Bu mənada Nadejda xanım tam əsasla
həmmüəllif sayıla bilər. Redaktor-resenzent
vəzifəsini isə ADA Universitetinin rektoru,
tanınmış alim və diplomat Hafiz Paşayev öz
üzərinə götürüb. Burada
da bir qanunauyğunluq var. Rəna xanımın həyat
yoldaşı kimi, təbii ki, o, Musa Əliyevi yaxından
tanıyırdı, elmi və ictimai fikir tarixindəki yerinə,
mövqeyinə, vətəndaşlıq və insani keyfiyyətlərinə
dərindən bələd idi. Hafiz müəllimin
xatirələrdəki bu və ya digər mövzu, yaxud məsələlərlə
bağlı qısa müsahibələri izahedici mahiyyət
daşımaqla bir sırada keçmişin fakt və hadisələrinə
müasirliyin gözü ilə baxmağa, müəllifin fəhm
və uzaqgörənliyini daha bariz şəkildə aşkara
çıxarmağa imkan verir. Həm də
belə müdaxilələr əsərə müəyyən
bir interaktivlik gətirir.
Musa
Əliyev də mənsub olduğu xalqın əksər
nümayəndələri kimi çoxsaylı məhrumiyyətlərə
qatlaşmalı, XX əsrin bir-birindən çətin
sınaqlarından çıxmalı olmuşdu. 9
yaşında anasını, bir il sonra yeganə
qardaşını itirmişdi. Ermənilərin
Şamaxıda törətdikləri soyqırımı
zamanı əmisi, I Dövlət Dumasının deputatı,
tanınmış ictimai-siyasi xadim Məhəmmədtağı
Əlizadə, çoxsaylı qohumları qətlə
yetirilmişdi. Bolşevik inqilabı nəticəsində
ailələri müflis vəziyyətə
salınmışdı.
Atası geniş imkanlara malik tacir olsa da, oğlunun
biznesini davam etdirməsi fikrini yaxın buraxmamışdı. Hər vasitə
ilə onu yaxşı təhsil almağa təşviq
etmişdi. Doğrudur, Mirzə Mahmud onun həkim
olmasını istəyirdi. İstəyi
baş tutmamışdı. Amma tale fədakar ataya yeganə
övladının görkəmli alim və dövlət
xadimi kimi tanındığı, respublika Nazirlər Soveti sədrinin
birinci müavini, EA prezidenti kimi yüksək vəzifələr
tutduğu günə qədər yaşamağı qismət
etmişdi.
Musa Əliyev orta məktəbi Aşqabadda başa vurub
Bakıya gəlmişdi. Çətin müsabiqədən (175 yerə
600 nəfər iddiaçı vardı) keçib Azərbaycan
Politexnik İnstitutunun energetika fakültəsinə qəbul
olunmuşdu.
1920-ci illərin
ortalarında bir müddət Bakı Universiteti və Azərbaycan
Pedaqoji İnstitutunda çalışan türk alimi və
ictimai xadim Mühitdin Birgen vətənə döndükdən
sonra çap etdirdiyi xatirələrində dövrün Azərbaycan
gəncliyinin yüksək mədəni-intellektual səviyyəsindən,
biliklərə yiyələnmək təşnəliyindən
söz açaraq yazırdı: "Milli həyata yeni gələn
bu nəsil o qədər böyük həvəslə
çalışıb öyrənirdi ki, onların
arasında onlar kimi çalışmamaq üçün bir
müəllim gərək insan yox, hissiz, duyğusuz daş
parçası olaydı. Bakıdakı bir illik işim də
daxil həyatımda on bir il müəllimlik
etmişəm. Bu qədər sürətlə
yüksələn tələbə kütləsini heç
zaman görmədim, bir də görəcəyimi təsəvvür
etmirəm".
Heç şübhəsiz, Musa Əliyev həmin gəncliyin
ən parlaq nümayəndələrindən idi. Alimin
sonrakı həyat yolu da bu həqiqəti təsdiq edir.
İnstitutu başa vuranda o, Azərbaycanda geologiya sahəsində
nəzəriyyə ilə təcrübəni bacarıqla sintez edən
mütəxəssis kimi tanınırdı. Dəfələrlə
biri-birindən çətin ekspedisiyalarda olmuşdu. Nadejda İsmayılovanın yazdığı kimi,
"Yura dövrünün balıqqulaqlarına mənzil
qonşularından daha yaxşı bələd idi". Leninqraddakı aspirantura illəri isə gənc azərbaycanlı
alimi Ümumittifaq miqyasına çıxarmışdı.
28 yaşında müdafiə etdiyi namizədlik
dissertasiyası elmdə yeni söz sayılırdı. Yura dövrünə aid aşkar etdiyi yeni
balıqqulaqları növünə Vətəninin şərəfinə
tseramus-azərbaycanius adını vermişdi.
Şübhəsiz, bu, bir alim üçün həqiqi triumf
idi...
Ad təsadüfi seçilməmişdi. Çünki
Azərbaycana xidmət, azərbaycanlı adını uca tutmaq
Musa Əliyevin genində, təbiətində idi. Uzun həyatı boyu bu yolda karyerası, bəzən
hətta azadlığı bahasına başa gələ biləcək
riskli addımlardan çəkinməmişdi. Elmi və ictimai-siyasi fəaliyyətinin devizi "Hər
şey Azərbaycan üçün! - olmuşdu.
Gürcü qonşularımızın Stalinin
hesabına Qafqazda at oynatdıqları qorxulu 1937-ci ildə Azərbaycan
Geologiya bürosunu Zaqafqaziya Geologiya trestinin tərkibindən
çıxarıb müstəqil idarəyə
çevirmişdi. Dəfələrlə
Bakıda özlərinə isti yuva qurmuş arxalı erməni
elm məmurlarına öz yerlərini göstərmişdi.
Ötən əsrin 30-cu illəri qəribə dövr
idi. İnsanları çox gənc deyiləcək
yaşda mühüm vəzifələrə irəli çəkir,
üzərlərinə böyük məsuliyyət qoyurdular.
Məsələn, memuarlarda haqqında hörmətlə
söz açılan Hüseyn Rəhmanov 32 yaşında
respublika Nazirlər Sovetinin sədri olmuşdu. Eyni taleni
Musa Əliyev özü də yaşamışdı.
30 yaşında bütün keçmiş SSRİ-də və
dünyanın bir çox ölkələrində AZİ kimi məşhurlaşan
mühüm neft akademiyasının - Azərbaycan Sənaye
İnstitutunun rektoru təyin edilmişdi. Onun prinsipial idarəçiliyi
və həyata keçirdiyi islahatlar nəticəsində cəmi
iki il sonra - 1940-cı ildə Sənaye
İnstitutu Moskva Neft İnstitutunu arxada buraxaraq ölkənin
neft profilli ali məktəbləri arasında birinci yeri
tutmuşdu. Maraqlıdır ki, 1940-1941-ci tədris
ilində Azərbaycanın gələcək rəhbəri
Heydər Əliyev də bu institutda təhsil
almışdı.
Vaxtı
ilə tələbəsi olduğu ali məktəbin
80 illik yubileyində çıxış edən Prezident
H.Əliyev təhsil illərini xatırlayaraq demişdi: "O
dövrdə aldığım təhsil, tərbiyə, bilik,
öyrəndiyim intizam mənim gələcək həyatımda
fövqəladə dərəcədə böyük rol
oynadı. Ona görə də həmin illəri
həmişə böyük məmnuniyyətlə yada
salıram. O vaxt burada rektor Musa Əliyev idi. Sonralar
böyük alim kimi tanındı, Elmlər
Akademiyasının Prezidenti oldu..."
İkinci Dünya müharibəsinin ağır illərində
Musa Əliyev Moskvada, Xalq Neft Komissarlığı tədris
müəssisələrinin rəhbəri vəzifəsində
çalışmışdı. Böyük ölkənin müxtəlif
guşələrinə səpələnmiş 3 neft
institutunun, 25 neft texnikumunun fəaliyyətini əlaqələndirmiş,
onlardan bəzilərinin bütün avadanlıq, müəllim
və tələbə heyəti ilə birlikdə arxa cəbhəyə köçürülməsini təmin
etmişdi. Amma belə mühüm xidmətlərinə
baxmayaraq, müharibənin sonunu Azərbaycan KP MK elm və təhsil
şöbəsinin müdiri - yəni əvvəlkindən
qat-qat kiçik vəzifədə qarşılamalı
olmuşdu. Çünki Mir Cəfər
Bağırov potensial rəqib kimi gördüyü hər bir
tanınmış azərbaycanlını dərhal zərərsizləşdirməyi,
yaxud da gətirib gözünün qabağında
saxlamağı onun inkişafına meydan açmaqdan daha
üstün tuturdu. Görünür, hərtərəfli
biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə,
tükənməz enerji və işgüzarlığa malik
Musa Əliyev də onun nəzərində belə potensial rəqiblərdən
idi.
Amma
hamını xof altında saxlamaqla bir sırada
M.C.Bağırova da təmiz, namuslu, iş bacaran adamlar
lazım idi. Ona görə də Musa Əliyev
1947-ci ildə respublika Nazirlər Soveti sədrinin birinci
müavini - Dövlət Plan Komitəsinin sədri təyin
olunur. Qısa müddət ərzində onun təqdimat
və təşəbbüsü ilə SSRİ Dövlət
Plan Komitəsi Bakıda Akademiya şəhərciyi, Dövlət
kitabxanası, Akademik Dram teatrı, Şamaxı Astrofizika rəsədxanası,
Gəncədə Alüminium zavodu, Sumqayıtda boru prokat və
sintetik kauçuk zavodları kimi strateji əhəmiyyətə
malik iri miqyaslı tikintilərin həyata keçirilməsinə
vəsait ayırır. Azərbaycanda əsrin
tikintiləri sayıla bilən Bakı metrosu və Neft
Daşları da Musa Əliyevin adı və fəaliyyəti
ilə bağlı idi. Bağırovla sərt
polemika şəraitində açıq dənizdə neft
istehsalının böyük perspektivi olduğunu sübut edəndən
sonra Moskvada SSRİ Nazirlər Soveti sədrinin müavini
Beriyanı da inqilabi ideyanın tərəfdarları
sırasına çəkə bilmişdi.
1950-ci
ilin yanvarında Azərbaycan EA-nın üç həqiqi
üzvü - prezident M.Mirqasımov, akademiklər - Səməd
Vurğun və Georgi Qazıyev M.C.Bağırovun yanına
gedib "respublikanın xozeyinini" böyük alim, görkəmli neftçi-geoloq kimi
Musa Əliyevin EA-ya həqiqi üzv seçilməsinin zəruriliyinə inandırmışdılar.
Mart ayında isə taleyində daha bir gözlənilməz
dəyişiklik olmuşdu - eyni alimlər yenidən
Bağırova müraciət etmişdilər. Acınacaqlı vəziyyətdə olan
Akademiyanı düşdüyü vəziyyətdən
qurtarmaq üçün Musa Əliyevin bilik, təcrübə
və təşkilatçılıq qabiliyyətinə
ehtiyac duyulduğunu demişdilər. Bağırov
seçim ixtiyarını onun öz öhdəsinə
buraxmışdı. Musa müəllim isə
dövlət ierarxiyasında daha böyük vəzifə
tutmasına baxmayaraq, elmi fəaliyyətə
üstünlük vermişdi.
Xatirələrində qeyd etdiyi kimi, səkkiz illik fəaliyyəti
ərzində Akademiyanın siması əsaslı şəkildə
dəyişmişdi. Sağlam elmi mühit
yaradılmışdı. Elmi
işçilərin sayı 1050 nəfərdən 2500 nəfərə
çatdırılmışdı. 1950-ci
ildə EA əməkdaşlarının yalnız 30 faizi yerli
xalqın nümayəndələri idi. 1958-ci
ildə isə bu göstərizi 70 faizə yüksəlmişdi.
Moskva, Leninqrad, Xarkov kimi elmi mərkəzlərə göndərilən
azərbaycanlı aspirantlar sonrakı onilliklərdə
respublikada və İttifaq miqyasında müxtəlif elmi
istiqamətlərin aparıcı nümayəndələrinə
çevrilmişdilər.
Müəyyən obyektiv səbəblərə görə
Musa Əliyev 1958-ci ildə Azərbaycanı tərk etməli
olmuşdu. SSRİ EA-nın o zamankı prezidenti, akademik
A.N.Nesmeyanovun dəvəti ilə Moskvaya gedib EA və SSRİ
Neft Maşınqayırması Sənayesi nazirliyinin elmi-tədqiqat
Geologiya və Neft-qaz yataqlarının istismarı institutunun
direktor müavini vəzifəsində
çalışmışdı. Ona əslində
direktorluq təklif olunmuşdu. Lakin təbiətən
təvazökar insan olan Musa Mirzəyeviç İnstitutda
SSRİ EA-nın dörd həqiqi üzvünün
çalışdığını əsas gətirərək
təklifi qəbul etməmişdi. Xatirələrində
bu İnstitut haqda yazırdı: "...son istinadgahım olan
bu İnstitutu sevdim. Nəhayət burada xalis elmlə
məşğul olmağa, tədqiqatlar aparmağa, yazmağa
və fundamental əsərlər çap etdirməyə imkan
tapdım".
Amma bu da hələ son deyildi. Həyatının altıncı
onilliyinin tamamında akademik Musa Əliyev vacib missiya ilə -
birgə Sovet-Əlcəzair neft müqaviləsinin rəhbəri
kimi müstəqilliyinə yenicə qovuşmuş ərəb
ölkəsinə yollanmışdı. Azərbaycanlı
alimin namizədliyi üzərində Sov.İKP MK-nın neft
şöbəsi və SSRİ Neftçıxarma sənayesi
naziri V.A.Şaşin xüsusi israr etmişdilər. Musa
Əliyevin qarşısında texniki-iqtisadi deyil, həm də
siyasi-ideoloji vəzifələr qoyulmuşdu: Fransa və
ABŞ-ın Əlcəzair neft sənayesinə müdaxiləsini
minimuma endirməli idi. Musa Əliyev
çalışdığı bütün sahələrdə
olduğu kimi, burada da yüksək göstəricilərə
nail oldu. Birinci müqavilənin müddəti başa
çatandan sonra əlcəzairlilər onun ikinci müddətə
qalmasına israr etdilər və istəklərinə nail
oldular. 1970-1971-ci illərdə ölkədə
2000 nəfərdən çox sovet neft mütəxəssisi
çalışırdı. Sovet alimlərinin akademik
Musa Əliyevin rəhbərliyi altında Saxara və
Atlasın geologiyasına dair rus, ingilis, fransız və ərəb
dillərində çap olunan iki monoqrafiyası indi də
Əlcəzairin neft profilli ali məktəblərində
dərslik kimi istifadə olunur.
Trafaret
ifadə kimi səslənsə də, Musa Əliyevin həyatı
xalq üçün, vətən üçün ideya naminə
yaşanmış ömür idi. Azərbaycanın XX
yüzillikdə keçdiyi çətin və şərəfli
yol onun taleyində öz təcəssümünü
tapmışdı. Musa müəllim gördüyü
böyük işlərlə bu əsrin portretini
cızanların ön cərgəsində olmuşdu. Onun
geniş, çoxcəhətli fəaliyyəti həm də gələcəyə
- XXI əsrə aparan yollara işıq salmışdı.
Vilayət
QULİYEV
525-ci qəzet.-
2022.- 6 avqust.- S.8;9.