Ədəbiyyat yolçuluğu: başlanğıcdan bugünəcən  

 

İLK "GƏNCLƏR GÜNÜ"M VƏ "BİR TAY AYAQQABI"

 

"İki ötən dürdən sinəmdə dağ var: itən cavanlığım, bir də dünyadan köçən dostlarım..."

Xaqanidən oxuduqlarımdan

...Elə bil lap dünən idi. Halbuki indi aradan 50 iləcən bir vaxt keçib. 1973-cü ilin sonlarında yaradıcılıq yollarında ilk kövrək addımlarını atan gənc yazarlara dəstək olmaq, yeni istedadları üzə çıxarmaq məqsədi ilə o illərdə AYB-ə sədrlik edən Xalq yazıçısı, böyük sənətkar Mirzə İbrahimovun təşəbbüsü ilə bir vaxtlar keçirilən ənənəvi "Gənclər günü" bərpa edildi. Qəzetlərdə də bu haqda elanlar verildi. O zaman ali məktəbin sonuncu kurs tələbəsi, 21 yaşlı bir gənc olan mən də ədəbi həyatımızda mühüm hadisəyə çevrilən o "Gənclər günü"nün ilk iştirakçılarından biri oldum. Ayda iki dəfə, hər ayın ikinci və sonuncu həftəsinin cümə günü keçiriləcək bu ədəbi məclisin ilk yığıncağı dekabrın ortalarına düşmüşdü.

Tədbirdə əlliyə yaxın gənc yazar iştirak edirdi. Tədbiri Mirzə müəllim özü aparırdı. O, əvvəlcə "Gənclər günü"nün keçirilməsinin məqsədindən danışdı, gənc yazarlara yaradıcılıq uğurları arzuladı, İttifaqın onlara hər cür diqqət və qayğı göstərəcəyini dedi.

O gün həmin tədbirdə kimlər yox idi? Ədəbiyyatımızın o illərdə yaşayıb-yaradan az qala bütün klassikləri, o zaman yaxşı tanınan, sonralar isə Xalq yazıçısı, Xalq şairi adlarına layiq görülən neçə-neçə qələm adamı. Nə isə... O "Gənclər günü"ndə iştirak edən gənclərin, demək olar ki, hamısı şeir yazırdı, hərə özlüyündə bir şair idi, aralarında tək-tük nəsr yazanlar var idi. Bunu sonralar biləcəkdim. Bəlkə də buna görə bir ağsaqqal şairimiz (o, İttifaqda poeziyaya baxırdı) sədrin çıxışından sonra ən əvvəl ayağa qalxdı. Çıxışına şeir yazan cavanlara ədəbiyyat dərsi keçməklə başlayıb özlüyündə müdrik bildiyi nəsihətlərini verdi, çıxışını yekunlaşdırmaq ərəfəsində birdən-birə şaqqanaq çəkdi:

- Bugünkü "Ədəbiyyat və incəsənət" qəzetində bir cavan şairin şeirlərini oxudum, - dedi. - Görün nə yazır:

 

 

Balıq olmaq istəyirəm,

lap balaca,

bapbalaca bir balıq,

gümüşü balıq...

 

- Ha-ha-ha... Ağsaqqal şair öz gülüşündən ləzzət ala-ala: - Əşşi, balıq olursan ol də, daha gümüşü niyə? Qızıl balıq ol ki, heç olmasa kabab çəkib yeyək.

Bəlkə də ağsaqqal şairə yarınmaq üçün bir neçə həmyaşıdı ilə yanaşı, gənc yazarlar da ona qoşulub gülüşdülər. "Ədəbiyyat və incəsənət" qəzetinin həmin sayında dərc edilən o şeirin müəllifinin, yaxşı tanıdığım, aramızda xoş münasibət olan Camal Yusifzadənin ağsaqqal şairin istehza, lağ hədəfinə çevrilib məsxərəyə qoyulması mənə yer elədi. Şair şeirin alt qatında sətiraltı mənalarla amansız 1937-ci il repressiyasında Nargin adasında güllələnib nəşləri Xəzərə atılan, yəqin ki, meyitləri sonralar balıqlara yem olan günahsız qurbanlarından söz açırdı... Hövsələsiz, cavanlıq yaşımın səbrimin yüyəni əlimdə olmayan bir vaxtında yerimdən qalxıb üzümü ağsaqqal şairə tutub hiddət dolu bir səslə: - O şeiri bugünkü qəzetdə mən də oxumuşam, - dedim, - şeirin ayrı-ayrı misralarını təhrif edə-edə niyə o şeirlə hələ diqqətlə tanış olmayanlarda yanlış təəssürat yaradırsınız?

Elə bil zalda birdən-birə bomba partladı. Ağsaqqal şairlə birgə ona yaxın olanlar da əvvəlcə donub qaldılar, sonra isə ağsaqqal şair elə bil birdən-birə özünə gəldi, az qala yerindən qalxıb üstümə cummaq, əl qaldırmaq istədi. Cavanlar isə bu qəfil səhnəyə mat qalıb susur, gah ağsaqqal şairə, gah da mənə heyrətlə baxırdılar. Ağsaqqal şair hücumda idi, kükrəyib coşur, mən də cavab qaytara-qaytara, deyəsən, pis müdafiə olunmurdum. O vaxt özlüyümdə mənə elə gəlirdi. Mirzə İbrahimov ayağa qalxmışdı. Bir neçə dəfə üstümə acıqlandı ki, a bala, otur, otur yerində.

Ağsaqqal şairi də öz həlim səsi ilə məzəmmət edib sakitləşdirməyə çalışırdı ki, əşşi, bəsdir, uşağa baş qoşdun. Burasını da deyim ki, nə qədər həyəcanlı olsam da, hiss edirdim ki, birdən-birə bu qəfil replikam, ağsaqqal şairlə söz güləşdirməyim, deyəsən, böyük sənətkarda mənə qarşı nəsə bir hüsn-rəğbət oyadıb. Bunu mən dekabrın ikinci yarısında "Gənclər günü"nün növbəti məşğələsində əmin oldum. Tədbiri açandan sonra Mirzə müəllimin gənclər arasında ilk əvvəl mənə üz tutub:

- Şeirlərindən oxu... - dedi. - Görək dilin varsa, dilçəyin də varmı?

- Hekayə yazıram, - dedim. Mirzə müəllimin mənə marağı daha da artdı.

- Hekayə olsun, oxu, - dedi, - qulaq asaq...

Özümlə 2-3 hekayə götürmüşdüm ki, hərəsinin də həcmi səhifə yarım, heç iki səhifə də deyildi. Əvvəlcə "Buz heykəllər əriyir" adlı hekayəmi oxudum (Təvazökarlıqdan uzaq olsa da, sonralar "Ulduz" jurnalında çap olunan bu hekayəm haqqında mərhum akademik Bəkir Nəbiyev "Söz ürəkdən gələndə" kitabında xeyli xoş sözlər demişdi). Mirzə müəllim razılıqla:

- Birini də oxu, - dedi, - amma o da belə qısa olsun ki, başqa cavanları da dinləməyə vaxtımız qalsın.

Deyə bilmədim ki, indiyəcən yazdıqlarımın hamısı elə vur-tut ikicə səhifədirlər.

Davadan xeyli keçsə də, oğullarının "itkin düşmüş" xəbərini alsalar da, hələ də yol gözləyən, onların nə vaxtsa bir gün geri dönəcəklərinə inanan və günlərin bir günü gecə qatarı ilə itkin düşmüş bir əsgərin qayıdacağı xəbərini qəflətən alıb, hər biri də özlüyündə onu öz oğlu hesab edən, səhəri ümidlə dirigözlü açan analardan söz açan səhifə yarımlıq "Ümid" adlı o hekayəmdə belə bir məqam var: darvazanın döyüldüyünü eşidən ana "Gəldim, gəldim..." deyib özünü qapıya səsindən tez çatdırır.

 

O tədbirdə iştirak edən böyük söz ustadlarımızdan biri, istedadlı cavanlara dayaq duran, hekayəm haqqında yerindən qalxıb ilk söz deyən Xəlil Rzanın çıxışını yəqin ki, ömrüm boyu unutmaram. Geniş qəlbli sənətkar vəcdlə: - Hələ də səsdən iti sürət yoxdur. Görün Aydın nə yazıb: "Gəldim, gəldim... Qapıya səsindən tez çatdı". Ümidlə yol gözləyən ananın oğul həsrətini bundan təsirli necə təsvir etmək olar?!

Sonra da Xəlil Rza üzünü yaşlı qələm ustalarına tutub:

- Gəlin Aydının qədrini bilək, - dedi.

Deyim ki, o məclisdə Xəlil Rzadan sonra hekayələrim haqqında digər tanınmış qələm adamları da xoş sözlər dedilər. Bütün bunlar "Gənclər günü" ilə bağlı "Ədəbiyyat və incəsənət" qəzetinin (1974-ci il yanvar saylarından biri) dərc olunan yazıda qeyd edilib.

Mirzə İbrahimov tədbirdə iştirak edən "Azərbaycan" jurnalının baş redaktoru Cəlal Məmmədova göstəriş verdi ki, hekayələrimlə yaxından tanış olsun.

lll

 

...Nə isə... 1973-cü ilin həmin soyuq dekabr ayının sonlarında ünvanı əlçatan, metroya yaxın bir yerdə yerləşən "Bakı" qəzetinin redaksiyasına hekayələrimdən birini - "Bir tay ayaqqabı" apardım. O illərdə şeirləri cavan oğlanların, cavan qızların dillərinin əzbəri (elə mənim özümün də) olan, çalışdığı "Bakı" qəzeti redaksiyasında, necə deyərlər, şeirə, hekayəyə baxan Nüsrət Kəsəmənliyə təqdim etdim. Sonralar aramızda uzunmüddətli səmimi münasibətlər olan, dəfələrlə Şabrana (keçmiş Dəvəçi) yolu düşəndə mənə də baş çəkən, oturub durduğum Nüsrət müəllim elə yanımdaca hekayəni oxuyub: - Yaxın günlərdə çap edərik, - dedi.

Artıq ali məktəblərdə növbəti imtahan sessiyaları başlanmışdı. Sonuncu kurs tələbəsi kimi imtahan həyəcanlarını bir tərəfə qoyub soyuq qış axşamlarında yataqxanamıza yaxın köşkə yollanır, "Bakı" qəzetinin növbəti sayını alıb elə köşkün yanındaca səhifələrə baxırdım. Və nəhayət, qəzetin 1974-cü il 10 yanvar sayını alıb yenə də vərəqləyəndən sonra bu dəfə az-qala qəzetin bütün nüsxələrini alanda satıcının heyrətini, məndən nəsə soruşduğunu heç eşitmədən yataqxanaya, hekayələrimin ilk oxucuları olan tələbə dostlarımı da sevindirməyə tələsdim. Çox nüfuzlu, geniş oxucu auditoriyasına malik bir mətbu orqanında ilk hekayəmin çapından sonra az qala yerə-göyə sığmırdım. Bəlkə də o sevincin hesabına heç düz-əməlli hazırlaşmadığım qış semestr imtahanlarını da gözləmədiyim uğurla tamamladım.

Aradan bir il keçdi. Yenə də qış ayları idi. Amma bu dəfə mən doğma rayonumuzun ucqar dağ kəndlərinin birində - Qəzənfər Musabəyovun, onun bacısı Ayna Sultanovanın doğulub böyüdükləri məşhur Pirəbədil kənd məktəbində təyinatla müəllim işləyirdim. Fevralın ortaları idi. Kənd poçtalyonunun adi konvertdən fərqli bir bağlamanı ünvanıma gətirdiyi o qış gününü hələ də hərarətlə xatırlayıram. Dərhal bağlamanı açdım. Fevral ayının tamamına hələ xeyli günlər qalsa da, mənə yollanan bu bağlama "Ulduz" jurnalının 1975-ci ilin 2-ci sayı idi. Dərhal jurnalı vərəqlədim. Və səhifələrin birində "İlk hekayələr" rublikası altında "Buz heykəllər əriyir..." adlı hekayəm. Jurnalda nəsrə baxan şöbə müdiri, hekayəni çapa təqdim edən unudulmaz dostum, xatirəsi yaddaşımda həmişə əziz Səyavuş Sərxanlının bircə cümləsi: "Aydın, qoy bu ilk addım həqiqətən böyük bir yolun başlanğıcı olsun..."

İndi aradan yarım əsrə yaxın bir vaxt keçsə də, o gözəl şairimizin, xeyirxah, qədirbilən dostumun ruhunu şad edə bilmişəmmi?.. Nə bilim...

 

(Ardı var)

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2022.- 9 avqust.- S.8.