"Xəzər gözəli"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır. Onunla Xalq rəssamı Səttar Bəhlulzadənin "Xəzər gözəli" əsəri haqqında danışmışıq.

XX əsr Azərbaycan təsviri sənətinin böyük rəssamlarından biri də Səttar Bəhlulzadədir. Onun yaradıcılıq üslubu impressionizm olub. Rəssamın özünəməxsus qeyri-adi yaradıcılıq xüsusiyyəti vardı. Rəssamlıq məktəbində S.Bəhlulzadə yaradıcılığı ilə yeni səhifə, yeni üslub açılmışdı. Səttar yaradıcılığında əsasən peyzaj, mənzərə, natürmort janrları üstünlük təşkil edir. Bəhlulzadənin tarixi şəxsiyyətlərə, tarixi mövzulara həsr etdiyi silsilələri məşhurdur. Daha sonra Abşeron neft mədənləri, bağ və kəndlər təsvir olunan sənət nümunələri göz oxşayır. Səttarın vətənə olan sevgisi, torpağa olan bağlılığı, fəaliyyətini səciyyələndirən sözlərini "Mən ilhamnatura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və başqasına belə bir hərəkəti tövsiyə etmərəm" sözləri vətən sevgisi, doğma yurda bağlılığının göstəricisidir.

 - Səttar Bəhlulzadə yaradıcılığında mənzərə janrı xüsusi yer tutur. Rəssamın ənənəvi yaradıcılıq motivləri bu əsərdə özünü necə göstərir?

- Hər bir rəssamın əsərlərini hansı janrda çəkməsi, oxucuya daha dolğun şəkildə çatdırması üçün vacib şərtdir. Bildiyimiz kimi, Səttar Bəhlulzadənin yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun Xəzər sahilinə, Abşeron neft mədənlərinə həsr olunan mənzərə əsərləri vardı. Bu əsərlər daha çox lirikromantik əhval ruhiyyədədir. Səttar gördüyü bir mənzərəni fırçasını əlinə alaraq vərəqə köçürür. Onun əsərləri sanki axır. Səttarın mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi yaradıcılıq motivləri hiss edilir. Onun "Xəzər axşamı", "Xəzər gözəli", "Əbədi məşəllər" və s. sənət nümunələri öz aktuallığını bu günqoruyub saxlayır.

- Tablonun texniki xüsusiyyətləri necədir?

- Əsərdə material olaraq kətandan, texnika olaraq yağlı boyadan istifadə olunub. Ölçüsü 134x200 sm nisbətindədir. Tablo romantik əhval ruhiyyədə işlənib. Rəssamın Xəzər obrazı lirikromantik təəssürat bağışlayır. Azərbaycan təsviri sənətininin uzunmüddətli inkişafı ərzində Xəzər Səttar Bəhlulzadənin və digər rəssamların ilham mənbəyi olub. Səttarın vətənə olan sevgisi bu obrazın yaranma səbəbidir. Xəzərin emosionallığı, ekspressivliyi, dalğaların dramatik olması tabloda öz əksini tapıb. Əsərdə Səttarın manerasının ifadəliliyi, emosionallığı özünü aydın şəkildə büruzə vermişdi.

"Xəzər gözəli" ilə bağlı bir maraqlı məlumatı sizinlə bölüşmək istərdim. Ümumittifaq sərgisində əsəri görən Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları müəllifin ardınca Bakıya gəliblər. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini deyiblər. Səttar isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını söyləyib. Qazaxıstanlılar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl verməyə hazır olduqlarını bildiriblər. Yenə də razılıq ala bilməyəndə rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər. Səttarın "600 rubl" deməsi qonaqları xeyli təəccübləndirib. Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar etməyi xahiş ediblər. Rəssamsa "Təkrarçılıqla məşğul olmuram" cavabını verib. Əsərə bu məbləğin verilməsi rəsmi dairələrin o vaxtlar Səttar Bəhlulzadəyə qarşı apardıqları mənəvi təzyiqlərin sınanılmış forması idi.

- Tablo hazırda harada saxlanılır?

- Səttar Bəhlulzadənin bu möhtəşəm kompozisiyalı əsəri hazırda Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunub saxlanılır.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Səttar Bəhlulzadənin "Xəzər gözəli" əsərində rəng çalarlığı, ruhu sakitləşdirən mavi rəng tonları, qəlbi oxşayan rənglərdən istifadə edilərək çəkilməsi Azərbaycan rəngkarlığının bariz nümunəsi sayılır. Əsərdə açıq səma mavisi ilə tünd mavi rəngin vəhdəti təşkil olunmuşdu. Neft buruqlarının dumana bürünməsi rəngin parlaqlığının daha həzin şəkildə nəzərə çarpmasına səbəb olub. rənglə bir neçə predmentin çəkilməsi tablonun lirik ruhiyyədə ərsəyə gəlməsinə zəmin yaradır. Dəniz mavisi Xəzərin sahilinin romantikdaha dramatik olduğu təəssüratı yaradır. Rəng koloriti açıq dəniz mavisi tonunda həll olunur. Ruhu oxşayacaq rəng koloritini Səttar Bəhlulzadənin Xəzərə olan sevgisinin nişanəsi kimi də dəyərləndirmək olar.

- Əsərin kompozisiyası necədir?

- Əsərin kompozisiyasında əsasən Xəzərin daha sakit, lirik, romantik ab-havada olması öz əksini tapır. Axşamçağı neft daşlarının sahildən görünməsi nəzərə çatdırılır. Qum təpələri üzərində rəngli göyərçinlərin sıra ilə düzülüşü təsvir olunub. Neft buruqlarının dumana bürünməsi və gözdən itməsi məqamı gözə çarpır.

- Bu rəsm bizə nə deyir?

- Rəssam vətənə olan sevgisini, doğma yurda bağlılıq hissini bu əsər vasitəsilə bizlərə çatdırır. Xəzərin lirikromantik fonunda sanki öz hiss və duyğularını ifadə edir. Rəssam füsunkar fırçası ilə Xəzərin axşamçağı necə həzin və sakit olmasını göstərir, romantik və emosionallığı həkk edib bizi xəyal və düşüncələrə apararaq gözümüzün önündə dənizi canlandırmağa səsləyir. Xəzəri sanki insan hisslərinə bənzədir.

 

Aytac SAHƏD