Aşıq poeziyasında Kərbəla mövzusu

 

 

Başlanğıcda təriqətlə, təkkəylə bağlı olan, aşiqlikdən aşıqlığa keçən və XVI yüzildə ayrıca bir zümrə ədəbiyyatına çevrilən aşıq şeirində Kərbəla hadisəsinə, İmam Hüseynin zülmə, zalimə qarşı üsyanına xüsusi diqqət verilmişdir. İstər Türkiyədə, istərsə də Azərbaycanda aşıq şeirinin birinci dərəcədən mövzusu təvəlla və təbərra olmuş, Hz.Hüseynin faciəsi, Məhərrəmlik və Kərbala hadisəsi haqq və batilin mübarizəsi aspektindən dəyərləndirilmişdir. Ancaq Azərbaycanın sovetləşməsi ilə ateistləşən elmi mühit toplama işində dini-irfani mövzuları, xüsusən də Məhərrəmliklə, Kərbəla faciəsiylə bağlı şeirləri və dastanları, əfsanə və nağılları, mənkabə və şəbihləri yazıya almaqdan israrla qaçınmış, yazıya alınanları da çap etməmişdir. Zaman keçdikcə, xüsusən də aşıqların birinci qurultayından sonra saz şairləri ateist təbliğatın təsiri altında qalmış dini-irfani mövzulara çox az müraciət etmişdir. Buna baxmayaraq, sovetləşməyə qədərki dönəmdə dini-irfani şeirlərə Azərbaycanda Aşıq Alının, Aşıq Ələsgərin, Növrəs İmanın, Aşıq Nəcəfin və bəzi el şairlərinin əsərlərində rast gəlirik.

Türkiyədə XVI yüzildən etibarən istər ələvi və bəktaşi saz şairlərinin, istərsə də digər aşıqların, özəlliklə Aşıq Yunusun, Pir Sultan Abdalın, Təslim Abdalın, Dədəmoğlunun, Kalbinin, Noksani Babanın, Dəli Boranın, Miratinin, Sıdkinin, Hüzninin, Yesarinin, Fakirinin, Səyyah Dədənin, Haki Babanın, Əli Rıza Özbəktaşın və digərlərinin qoşma, gəraylı, səmai tərzində deyilmiş və Kərbəla mövzusuna həsr olunmuş şeirləri geniş yayılmışdır. Ələvi və bəktaşilərin ozan, zakir, qəmbər dedikləri xalq şairləri, həm də bu zümrədən kənarda qalan digər aşıqların şeirləri Şahi Mərdan adlandırdıqları Hz.Əli sevgisi ilə yoğrulmuşdur. Bununla bərabər, şeirlərini Kərbəlaya, Hz.Hüseynə həsr edən ozanlar olduğu kimi, bu vahim olayı poeziyada təşbeh, istiarə kimi işlədənlər də çoxdur. Təbii ki, ələvi-bəktaşi aşıqlarının dilində İmam Hüseyn fədakarlıq, qəhrəmanlıq, haqq yolunda, ədalət uğruna canından keçənlərin rəmzidir. Məsələn, XVII yüzil ələvi və bəktaşi şairi Təslim Abdal:

 

 

Tutduğum pərdədən doğup aşmadan

Dağlara silənip sovuk düşmədən

Cəsəd karımcayıp akıl şaşmadan

Bizi İmam Hüseyinə göndərin.

 

 

Təslim Abdal der doğruyu söyləyin

Girin rıza göllərini boylayın

Tuz əkmək hakkını halal eyləyin

Bizi İmam Heseyinə göndərin.

 

 

şeirində İmamın yanına - Kərbəlaya getməyi arzulayırsa, XVII yüzilin digər böyük ələvi və bəktaşi ozanı Dədəmoğlu birbaşa Kərbəla faciəsindən, Hz.Hüseynin əyilməyən başından danışır:

 

 

İmam Hüseyinə olan zulmata

Göktə mələk, yerdə insan ağladı

Gidi kəsti əllərini doğradı

Göktə mələk, yerdə insan ağladı.

 

 

Xüsusən də ələvi və bəktaşi ənənəsində yeddi böyük şairdən biri olan xalq aşığı Pir Sultan Abdalın bir çox şeirində Kərbəla mövzusu işlənmiş, hətta bəzi şeirlərində birbaşa Kərbəla hadisəsi anlatılmışdır. Onun Hz.Əli, on iki imam, Hz.Hüseynlə bağlı şeirlərində Əhli-beyt sevgisi, Kərbəla şəhidi İmam Hüseynə içi yana-yana ağlaması ön plana çıxmışdır. Hətta Pir Sultan Abdalın İmam Hüseyn rədifli qoşması və Kərbəlanı təsvir edən, Hüseyni ərənlərin piri, aləmlərin sərvəri, şəhidlərin sərdarı adlandıran, Yezidi isə lənətləyən çoxlu şeirləri vardır. XVII yüzilin bu böyük ozanı belə deyir:

 

 

 

Yürü birə yalan dünya

Yalan dünya degilmisin

Hasan ilə Heseyini

Alan dünya degilmisin.

 

Bir başqa bir şeirində Pir Sultan Abdal belə deyir:

 

 

Oturmuş ərənlər yasını çəkər

İmam Heseyinin yasıdır deyü

Şəhitlərin kanı durmayıp akar

İmam Hüseyinin kanıdır deyü.

 

 

Lanet olsun ol Yezidin canına

Kıydı Yezid imamların kanına

Kəsdi başın, götürdü Mərvanına

İmam Hüseynin başıdır deyü.

 

 

Azərbaycan aşıq şeirində Hz.Əli aşıqların piri adlandırılır, on iki imama xüsus sevgi bəslənir, Əhli-beytə bağlılıq bildirilir. Kərbəla və Hüseyn mövzusu divanilərdə, müxəmməslərdə, ustadnamələrdə, qoşmalarda işlənmişdir. O baxımdan məhəbbət (eşq) dastanlarında butanın Hz.Əli tərəfindən verilməsi, sevənləri birləşdirməsi, dərvişlik yolunun mənəvi təkamülü və s. estetik bir qayə ilə təqdim olunsa da, dini-irfani yönün təsirli olması da diqqət mərkəzinə tutulur. Bununla bərabər, dua, yalvarış, bağışlanma kimi dini şeirlərdə də Hz.Hüseyn, Hz.Əbül Fəzl Abbas, Hz.Əli Əkbər xatırlanır, onların şərəfinə şeirlər yazılır. Xüsusən ələvi və bəktaşi ədəbiyyatında və Azərbaycan aşıq poeziyasında düvazdeh (on iki imamı övən şeirlər) janrında yazılan şeirlərdə Kərbəla ilə Hz.Hüseyn bərabər xatırlanır. Unutmamaq lazımdır ki, Hüseyni-Kərbəla klassik poeziyanın və aşıq şeirinin baş mövzusudur. Necə ki Maktəli-Hüseyn ayrıca bir ədəbi növ kimi klassik divan ədəbiyyatının ən geniş yayılan ədəbi qoludur.

Əhalisinin böyük əksəriyyəti şiə olan Azərbaycanda Hz.Hüseynin davasından bəhs edən, klassik aşıqların qoşduğu müstəqil bir dastanın olub-olmaması haqqında heç bir məlumata rast gəlmədik. Ancaq Kərbəla faciəsindən bəhs edən dastan var. Belə bir dastan bugün özlərini sünni adlandıran Türkmən baxşıları tərəfindən "İmam Həsən və İmam Hüseyn dastanı" adı altında icra edilir. "İmam Həsən və İmam Hüseyn dastanı" Sovet dövründə çap olunmamış, onun yazılı variantı uzun müddət arxivdə qaldıqdan sonra, Türkmənistanın müstəqilliyindən sonra Bayram Baymıradov tərəfindən 1994-cü ildə Daşoğuz şəhərində nəşr etdirmişdir. Dastanın yazılı keçirilmiş variantı ilə bərabər, onun baxşıların repertuarında söylənən şifahi variantları da vardır. Məsələn, verilən məlumatlara görə, Mərvli məşhur baxşı Qurt Yaqubun İmam Hüseyn dastanını böyük zövqlə danışdığı bildirilir.

Kərbəlaya həsr edilmiş ayrıca dastan olmasa da, bir çox eşq dastanının içində İmam Hüseyndən, Əbül Fəzl Abbasdan (xalq deyimi ilə Əbəlfəzləbbas), bir sözlə, Kərbəladan danışılır, qəhrəmanların dilindən Kərbəla şəhidlərinə müraciət edilir. Məsələn, Abbas-Gülgəz dastanında Abbasın dilindən söylənən qoşmada deyildiyi kimi:

 

 

Asta gedin, məndə gəlim yetirim,

Siz gedərsiz Kərbalaya ərzim var.

Çox sitəmlər oldu mən binəvaya,

Adı bəlli Mürtəzaya ərzim var.

 

 

Ahu kimi oylamadım çölləri

Sona kimi yayxımadım gölləri.

Fərad üstə düşdü şümşad qolları.

Əbülfəzil Ələmdara ərzim var.

 

 

Abbas deyər sözlərini hədəfdə,

Gözüm qaldı gəcdən baqı sədəfdə,

Arzum budu gedim qalım Nəcəfdə

Həzrət Əli Mürtəzaya ərzim var.

 

 

Yenə eyni dastanın bir başqa yerində dastan qəhrəmanı bağışlanmasını istəyir və Kərbəlada qəhrəmancasına savaşıb şəhid olan İmam Hüseynin oğlu Hz.Əli Əkbərin adına izafə edilən bənzətmə verilir:

 

 

Quran endi Məhəmmədin şaynına,

Əli Əkbər kimi növcavanına.

Yol göstərən cümlə müsəlmanına,

Məscidül-Qurana bağışda məni.

 

Digər eşq dastanlarında da Hz.Əli, Hz.Hüseyn, Kərbəla, Aşura xatırlanır. İmam Həsənlə İmam Hüseynin təşbeh kimi işlənməsinə Koroğlu dastanının Paris nüsxəsində də rast gəlirik. Dini-irfani məfhumlarla, təsəvvüfi anlayışlarla dolu olan Koroğlu dastanının digər variantlarında da on iki imamın, Hz.Həsənlə Hz.Hüseynin adları çəkilir. Klassik aşıq şeirimizdə və dastanlarımızda ikinci və üçüncü imamların adları çox vaxt qoşa çəkilir. Paris nüsxəsi də bu baxımdan istisna deyildir:

 

Qoç Koroğlu sizdən qorxmaz ürəyi

Hax yanında qəbul olsun diləyi

Həsən Hüseyn ərş kürsüsü, dirəyi

Kərbəlada şəhid etmədün, dünya?

 

XIX əsr aşıq ədəbiyyatının böyük nümayəndələrindən biri olan Aşıq Alı bir şeirində Kərbəla faciəsinə işarə etmiş, imamların İslam dinini qorumaq, elm və irfanı yaymaq üçün apardığı mübarizələrdən bəhs etmişdir:

 

İmam Həsən gözəllərin gözüdü,

İmam Hüseyin şəfaətçi özüdü.

Zeynəlabdin zindan çəkdi düzüdü,

Yezidə Müreyyib talan yaratdı.

 

 

Aşıq Alının şagirdi Aşıq Ələsgərin yaradıcılığında Əhli-beytə, əsasən də Hz.Əliyə, on iki imama və Hz.Hüseynə olan sevgi özəl bir yer tutur:

 

 

Həsən əl-Müctəba aləmə rəhbər,

Hüseyni-şəhiddi şafeyi-məhşər,

İmam Zeynalabdın dilimdə əzbər,

Qoyma darda mən zəlilü müztəri!              

 

Düvazdeh şeir növündə yazdığı bir qoşmasında Aşıq Ələsgər üçüncü imam haqqında belə deyir:

 

Həsən əl-müctəba aləmə rəhbər,

Hüseyni-şəhiddi şafeyi-məhşər,

İmam Zeynalabdın dilimdə əzbər,

Qoyma darda mən zəlilü müztəri!

 

 

XIX əsrin ələvi qadın aşığı Şah Sultan da bir neçə şeirində Hüseynin faciəsini dilə gətirmiş, Kərbəla hadisəsini təşbeh kimi işlətmişdir:

 

 

Şah Hasan, Şah Hüseyin Kərbəladır

Lanet ol Yezidə həm Mərvanadır

İmam Zeynəl aşkına pərvanədir

Gülüzar eylədi zindan içində.

 

İmamlardan, həmçinin, Kərbəla müsibətindən, Hz.Hüseyndən bəhs edən şeirlər kommunist rejimi dövründə qadağan edilmiş, aşıqlar da yasağı pozmamağa çalışmışlar, bunun müqabilində partiyaya, kolxoza, sovxoza, Leninə, Stalinə, Çapayevə, Qaqarinə, hətta Laykaya və digərlərinə şeirlər qoşmuş, orden və medallar almağı, haqq yolunda söz qoşmaqdan üstün tutmuşlar. Onu da bildirmək lazımdır ki, Sovet aşıqlarının çoxu kommunist rejiminin ən təsirli ruporu olmağı könüllü qəbul etmişdilər.

 

(Ardı var)

 

Füzuli BAYAT

 

525-ci qəzet.- 2022.- 12 avqust.- S.6.