Teatr naminə...
Bəlli həqiqətdir ki, bütün dövrlərdə tamaşaya görə ən böyük məsuliyyət rejissorun üzərinə düşüb. Teatrın yaradıcılıq yolunu müəyyənləşdirən rejissor tamaşa üçün seçilən pyesdən tutmuş zaldakı tamaşaçının reaksiyasına qədər keçilən bütün mərhələlərə görə cavabdehlik daşıyır. O, teatrın lideridir, möhkəm xarakteri, idarəetmə bacarığı, ədalətli qərarları, ən əsası isə professional yaradıcılıq üslubu ilə seçilməlidir. Fitri istedad, güclü intellekt, geniş dünyagörüşü tələb edən rejissor sənəti onu seçən insanın xarakterinə də mütləq şəkildə uyğun olmalıdır. Bu baxımdan müasir Azərbaycan rejissor sənətinin parlaq siması, milli rejissuranın çağdaş mərhələsinin əsas sütunlarından biri olan görkəmli rejissor, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının Xalq artisti, professor Azər Paşa Nemətovun yaradıcılığı son dərəcə qiymətlidir. Qeyri-adi istedada, fenomenal yaradıcı düşüncəyə, yüksək bədii zövqə və zəngin təcrübəyə malik olan, quruluş verdiyi tamaşalarda Azərbaycan milli teatrının tarixi ənənələrini dünya teatr sənətinin çağdaş dövrünün nailiyyətləri ilə professional şəkildə birləşdirən rejissorun bütün tamaşaları fəlsəfi mahiyyəti və dərin ideyalılığı ilə seçilir. O, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bir çox tamaşalara uğurlu quruluşlar verib.
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan teatrına dəyərli sənət inciləri bəxş etmiş, yaradıcılığı maraqlı eksperimentlərlə zəngin olan Azər Paşa Nemətovun tamaşaları müasir dövrün bütün nəsillərinin rejissorları üçün ustad dərsləri qismində qavranılır. Bu gün Azərbaycan teatrının uğurları onun adı, tamaşaları, yetişdirdiyi rejissor və aktyor nəslinin nailiyyətləri ilə bağlıdır.
Yüksək bədii zövqə malik olan rejissorun quruluş verdiyi tamaşalar nəinki Azərbaycanda, habelə ölkə hüdudlarından kənarda uğurla göstərilib və yüksək mükafatlara layiq görülüb.
O, bütün qüvvə və bacarığını sərf edərək rəhbərlik etdiyi hər iki mədəniyyət ocağında - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Teatr Xadimləri İttifaqında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyası məqsədlərinə xidmət edən mühüm sənədlərdə nəzərdə tutulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində yorulmadan çalışır.
Azərbaycanın mədəniyyət tarixində layiqli yeri olan görkəmli şəxsiyyət, qeyri-adi fenomenal düşüncəsi, istedadı və bacarığı ilə teatr tarixinə parlaq səhifələr yazan Azər Paşa Nemətovun bütün çalışmaları vurğunu olduğu və hər an sadiq qaldığı, həyatının mənası olan TEATR NAMİNƏDİR!
Bu gün cəsarətlə "Azərbaycan teatrı - mənim teatrımdır!" deyən sənətkar bütün həyatını, narahat yaradıcı ruhunu milli teatrın problemlərinə həsr edib. O, Azərbaycan teatrının yüksəlişi naminə mümkün ola bilən hər şeyə hazırdır. Azər Paşa Nemətov müqəddəs sənət ocağı olan TEATRA ciddi yanaşmayanlarla daim mübarizə aparır. Kimliyindən asılı olmayaraq, yaradıcılıqla məşğul olmaq istəyən hər kəsə əsl münasibətini gizlətmir. O, istedadsıza - istedadsız olduğunu başa salır, istedadlının potensialına bələd olub, ondan daha yaxşı işləməyi tələb edir, məsləhətə ehtiyacı olanlardan köməyini əsirgəmir, yeniliyi - qeyri-adi, zövqlü, kreativ ideyaları dəstəkləyir.
50 ildən artıq sənət bioqrafiyasında zəhməti, əzmi, bilik və bacarığı ilə sənəti, vicdanı qarşısında səmimiyyətlə çalışan Azər Paşa Nemətov güzəştlərə getmədən, işini yüksək sənət və zövqlü tamaşaçı naminə qurur. Bu müqəddəs yolda ustad sənətkarımıza uğurlar arzusu ilə...
Aida QAFAROVA
Azərbaycan
Teatr Xadimləri İttifaqının məsul katibi
525-ci qəzet.- 2022.- 13 avqust.- S.15.