Dul qadının tənhalığı  

 

(Əvvəli ötən şənbə saylarımızda)  

 

Ruhiyyə səhvinə görə Hüseyndən üzr istəyir

 

Ruhiyyə Həsənin arxasınca qapını bağlayıb, Hüseynin divardan asılmış və rəssam tərəfindən cavan vaxtı çəkilmiş portretinin qabağında bir müddət səssiz dayandı və sonra mərhum ərinə müraciətlə dedi:

- Bağışla məni, Hüseyn, böyük səhvimə görə, sənin xatirəni belə adamla evlənməyimlə təhqir etdiyimə görə. O, bədbəxt adamdır, daim çoxlu pul qazanmaq istəyir, bunun üçün hər cür rola da girir. Anlamır ki, rol oynamaqdan pul qazanmaq mümkün olsaydı, dram teatrlarının aktyorları ən varlı adamlar olardılar. Onlar hətta səhnədə obraza girəndə də, səhnədən kənardakı miskin həyatlarını unuda bilmirlər. Bir hissəsi televiziyalarda aparıcı olmağa can atır, digər hissəsi isə şeir deklamasiya deməklə, yuxarılardakılara difiramb söyləməklə gözə girməyə çalışır ki, bəlkə, fəxri ad ala bilsin, çünki onun arxasınca maaşın da artması gəlir. Mənim ona yazığım gəlir, ən yazıq gəlməli adam isə mənim özüməm. Ağlım olsaydı, onu sənin çarpayına yaxın qoymazdım. İndi nə qədər özümü danlasam da, gecdir, bəlkə də, mərhəmətinə görə sən məni əfv edərsən, ancaq bilirəm ki, səni unudub, eləsi ilə intim yaxınlıq etdiyimə, bir yerdə ər-arvad kimi yaşamağıma görə heç vaxt məni bağışlamayacaqsan.

Hüseyn, mənim yeganə sevgim və yeganə arxam, bağışla məni, sənə xəyanət etdiyimə görə, sənin qızğın məhəbbətini daş kömür peçinin hisli oduna dəyişdiyimə görə. Mən ağlımı itirib, özümü vulkanın yaratdığı sulfat turşusu gölünə atmışdım. Elə bilirdim ki, dərdimi sağaldacağam, əksinə, dərd yüküm bir az da artdı. Bu da mənim cəzamdır. Səndə intiqam hissi olmasa da, ayaqlar altına atılan ləyaqətin buna dözə bilmədi və hayıfını həm Həsəndən, həm də məndən aldı.

Bu sözlərdən sonra o, hıçqırtı ilə ağlamağa başladı, sonra özünü sakitləşdirdi. Oğlunun məktəbdən qayıdan vaxtıdır, uşaq bu səhnəni görsə, özünə gələ bilməyəcəkdir. Oğlu evə gələndə, anası hazırladığı xörəklə onu yedirtdi və sonra dedi:

- Bir qədər vaxtın varsa, ürəyin istəyirsə, bir yerdə qəbiristanlığa, atanın qəbrinin üstünə gedək. Çoxdandır onu yada salmırıq, bizdən inciyə bilər.

Hamnet dedi:

- Əlbəttə istəyirəm, mən atamı da, səni də lap çox sevirəm. Yad adamı evimizə gətirməyin isə mənə xoş gəlmirdi, incimə, danışığı da, davranışı da məndə nədənsə pis hisslər oyadırdı, mənə münasibətində isə xoşa gəlməyən bir şey hiss etməmişdim.

Ruhiyyə oğlunu qucaqlayıb dedi:

- Hamnet, biz onunla ayrıldıq, bir daha bizim evə gəlməyəcəkdir. Özünün işləri də yaxşı vəziyyətdə deyil.

Oğlu fikrə daldı:

- Mən ona pis bir şey arzulamıram, ancaq o, tam başqa adam idi. Sizdə yaxınlıq əvəzinə, bir-birinizə yadlıq, ögeylik daha tez nəzərə çarpırdı.

Onlar taksidə qəbiristanlığa gəldilər. Ruhiyyə toz basmış qəbir daşını əlindəki əsgi ilə təmizlədi, sonra sinə daşına su çilədi və gətirdiyi qızılgül dəstəsini qəbrin üstünə səpələdi, üçünü isə hər tərəfdəki mərmər vazalara qoydu. Dəvət olunan molla yasin duası oxudu.

Molla haqqını alıb gedəndən sonra Ruhiyyə Hüseynin başdaşındakı mərmərdə həkk olunmuş şəklinə müraciət edib dedi:

- Əzizim Hüseyn, oğlumuz Hamnetlə səni yad etməyə gəlmişik. Sən qəbirdə uyusan da, həmişə bizimləsən, bizim qəlbimizdəsən. Sənin xatirən ömrümüz boyu bizi tərk etməyəcəkdir, bu məhəbbəti, hörməti sən özün qazanmısan. Sənin adın bizim qəlbimizə həkk olunmuşdur, bu nəqşin oradan silinməsi mümkün deyildir. Nə qədər ki, biz varıq, sən bizi tək qoymayacaqsan, çünki biz səninlə nəfəs alırıq.

Səndən bir xahişim vardır, səhvimə görə məni bağışla. Bu səhvim bir daha mənə anlatdı ki, səni heç kəs əvəz eldə bilməz, qəlbimdə sənin yerini heç kəs tuta bilməz. Rahat uyuya bilərsən ki, öz səhvimə görə xəcalətim də bir daha sübut etdi ki, həyatımda səni əvəz edən heç kəs olmayacaqdır.

Hüseyn, ərim mənim, atam mənim, qardaşım mənim, sənsən mənim həyatımın mənası, mənim taleyimdə parlayan ulduz, dünyama işıq və hərarət saçan günəş. Sənə and içirəm, bir daha səhvə yol verməyəcəyəm, ömrüm boyu yalnız sənin olacağam, sənin isti nəfəsinin hərarəti mənim könlümün donmasına, buz bağlamasına imkan verməyəcəkdir. Sən ölmüş bir insanı möcüzəli, gur işıq saçan məhəbbətinlə diriltdin, həyata qaytardın. Buna görə sənə bəslədiyim minnətdarlıq, borcluluq hissi bir an da olsun zəifləyə bilməz, başım üzərində parlayan günəş bir daha sönməyəcəkdir, mən və əziz oğlun sənin xatirəni göz bəbəyimiz kimi qoruyacağıq.

Əziz Hüseyn! Sən dünyanı tərk etdikdən sonra mənim dünyam xeyli daraldı, özümü tənha hiss etməyə başladım. Bu gün sənin qəbrinin qarşısında öz səhvimi də etiraf edirəm, çünki ömrüm boyu sən mənimlə olacaq, xatirən məni yaşamağa, yaratmağa ilhamlandıracaqdır. Nə qədər ki, sənin xatirən mövcuddur və mənim qəlbimi canlandırır, mən heç vaxt tənha olmayacağam, səninlə yaşadığım qısa ömür mənə elə qüvvə, elə güc vermişdir ki, onun təsiri altından mən çıxa bilmərəm. Allah səni mənə xilaskar göndərmişdi və bu vəzifəni, təkcə böyük şərəflə yerinə yetirmədin, həm də mənim az qala məhv olmuş qəlbimi diriltdin, canlandırdın. Mən tənha deyiləm, heç vaxt təklikdə olmayacağam, çünki son nəfəsimə qədər sən mənimlə olacaqsan, mənim olacaqsan, heç vaxt məndən uzaqlaşmayacaqsan. Sən mənim sədaqətimə bir daha şübhə etməyəcəksən, azacıq narazı qalsan, mən məhv olaram. Qoy səni xatırlayan dostların, qohumların bilsinlər ki, Hüseynin arvadı ölənə qədər onun xatirə ulduzunun azacıq da olsa sönməsinə yol verməyəcəkdir.

Əzizim mənim! Bilirəm ki, sən cənnətdə uyuyursan, Allah dərgahında məskən salmısan. Mənim fəxr etdiyim, çoxlarının xatirəsinə hörmətlə yanaşdığı bir insan öz qəbrini də, o dünyanı da işıqlandırmağı bacarır və sağlığında ondan yayılan işıq mənim həyatıma qövsü-qüzeh rəngarəngliyi verirdi. Bu heyrətamiz rənglərin və çalarların yaratdığı möcüzəli mənzərə, mozaika mənim həyatıma rövnəq idi. Ruhlar mənə yuxuda deyirlər ki, onlar sənə əbədi xoşbəxtlik vermiş, başını çiçək hörüyü ilə bəzəmişlər. Sənin buna layiq olduğuna heç kəs şübhə edə bilməz.

Ruhiyyə Həsəndən ayrıldığına, yenidən bütünlüklə Hüseynin yanına qayıtdığına görə çox sevinirdi. Bu qərarı vermək üçün ona iti ağlı kömək etmişdi. Böyük filosof, qədim Romanın nəcib imperatorlarından biri olan Mark Avrelinin sözləri yadına düşdü: "Yalnız o adam həqiqətən azaddır ki, ona arzuları və ehtiras deyil, ağlı hakim kəsilir". O, aldadıcı ehtirasa və arzuya qurban ola bilərdi, yaxşı ki, ağlının köməyi ilə ayılıb, əsl azadlığa çıxdı və bütün qəlbi ilə sevdiyi, qeyri-adi bir insana ruhən yenidən qovuşdu.

Sonra o, ömrünün son dekadasını beynində araşdırmağa başladı. Orta insan ömrü ilə müqayisə edildikdə, bu, kiçik dövrdür. Lakin həmin qısa zaman kəsiyində onun həyatında mövcud olmuş ən böyük şəxsiyyətlər yaşamışdır. Onlar heç də tarixə yazılanlar deyillər, lakin onun şəxsi taleyində əvəzsiz rol oynamışlar. Üç nəfərdən ibarət olan bu möminlər - Yusif müəllim, Südabə xanım və Hüseyndir. Ruhiyyə bütün ömrü boyu onlara borclu olacaq, xatirələrinə ən şirin dualar oxuyacaqdır. Onlar Roma Papasının edikti ilə bu müqəddəslər siyahısına daxil edilməmişlər, axı onlar heç xristian da deyildilər. Lakin minnətdarlıq düşüncəsində, öz əzabkeş odisseyasını yaşamış bir qızın dünyasında bu üçlük dünya dinlərinin ən məşhur simalarından belə heç də geri qalmırdı, onun təsəvvüründəki səmada sitayiş etdiyi ən gur işıqlı ulduz, ilahi günəş idi. Çünki təbiətin kor qüvvələrindən və insanlığa zidd olanlardan başqa onlara heç bir şey yad deyildi.

 

EPİLOQ

 

Ruhiyyə xoşbəxtlik Eliziumunu əri öləndən sonra tərk etmiş, ürəyinə yatmayan məhəbbət sövdələşmələrinin eyhamı ilə dolu olan tufanlı gecədə irəliləməyə məcbur olmuşdu. Həsənlə onun qurduğu ailə həyatı uzun ömürlü olmadı, yeni əri ona könül hərarəti verməyi bacarmadı və təsadüf onların bir-birindən uzaqlaşmasına yol açdı. Buxovdan azad olunan Ruhiyyə, şüşə qabdakı həbsdən xilas olan kəpənəyi andırırdı, bu kəpənək xoşbəxtlik anlarında çiçəkdən çiçəyə qonmaq üçün uçmaqdan yorulmaq bilmirdi. Bu pərvanə həyat adlanan məkanda havaya pərvazlanmaqdan rahatlıq duyurdu. Artıq o, özünü bütünlüklə işə həsr etmişdi. Bir neçə il ərzində uğurlu tərcüməçi şöhrəti qazanmışdı, artıq İranda da onu tanıyırdılar, bir neçə roman müəllifi ona öz yeni əsərlərini göndərmişdi. Tərcümənin cansıxıcı işindən yorulanda, o, ədəbi yaradıcılıqla məşğul olmaq yolunu seçmişdi. Öz mərhəmət ilahəsi Südabə xanım haqqında, uğurlu olacağına çox ümid bəslədiyi bir roman yazmağa başlamışdı. Südabə xanım elm adamı kimi dərin və nəhayətsiz dənizə bənzəyirdi, onun həyatına, düşüncələrinə girişmək naviqasiyadan başı çıxmayan adamın dünya ətrafına kiçik qayıqda səyahətə çıxmağına bənzəyirdi. Bəzən o, çətinlik qarşısında qorxub çəkiləcəyini, dənizin asimana yüksələn dalğaları vasitəsilə qərq olacağını düşünərək, öz məşğul olduğu bu çox məsuliyyətli və ağır işin davamını dayandırmaq istəyirdi. Axı o, öz gücünə müvafiq olmayan bir işə girişmişdi, onun qəhrəmanı təkcə elm adamı deyildi, həm də qüsurlara, nöqsanlara dözməyən mübariz bir insan idi. O, ölənə qədər mənfiliklərə, dözə bilmədiyi neqativ cəbhəyə qarşı amansız mübarizə aparmış, çox şeyə nail olmasa da, ardıcıllarının, onu sevənlərin könlündə sönməyən bir məşəl yandırmışdı. Bu məşəlin parlaq işığı Ruhiyyənin də tərəddüdünə, qorxub geri çəkilməsinə imkan verməmişdi. Nəhayət, beş il çəkdiyi ağır zəhmət romanın başa çatması ilə yekunlaşdı.

 

Əməkdaşlıq etdiyi qəzet, redaksiya rəhbərliyinin icazəsi ilə romanı hissə-hissə çap etdiyindən, böyük oxucu marağı yaratmışdı. Kitab çap olunanda isə nisbətən iri tirajına baxmayaraq, bir neçə günə satıldı. Qərbdə, yəqin ki, onu "bestseller" adlandırardılar. Ruhiyyə Səfərli qəhrəmanının soyadını daşımaqla yanaşı, populyar yazıçıya çevrildi və onun əri ilə ailə qurduğu kimi, indi də şöhrətdə ona rəqib olmaq kimi ağlasığmayan bir cəhdə cəsarət etdi. Yazıçılar Birliyinin rəhbərliyi şifahi qaydada onu istedadlı yazıçı adlandırmışdı.

 

Oğlu Hamnet London universitetində maliyyəçi təhsili almış, bakalavr və magistr dərəcələrinə yiyələnmişdi. Bir sıra ingilis ziyalıları onu, yaxşı tanıdıqları professor Südabə Səfərlinin nəvəsi kimi qəbul edirdi. Ruhiyyə özü artıq yaşa dolmuşdu, evlənmək barədə təkliflər xeyli azalsa da, onlara "yox" cavabı verməkdə davam etmiş, nə qədər xoşa gələn olmasa da, yaxşı səslənməyən "dul qadın" adlanmağı ilə razılaşmalı olmuşdu. O, həyatda çox şeyə nail olmuşdu, lakin onların hamısının müəllifliyini heç də özünə deyil, birinci növbədə artıq dünyadan köçmüş, onun düşüncəsinə görə, cənnətdə məskunlaşmış Yusif müəllimə, Südabə xanıma və əri Hüseynə aid edirdi. Onlar onun qaranlıq dünyasına işıq gətirmiş, qəlbini, bütün varlığını əzən bir zindandan onu azad etmişdilər. Bu qadın onlara olan sonsuz məhəbbətinə görə əsl sədaqət simvoluna çevrilmişdi və bu müqəddəslərə sitayişini bir an da olsun dayandırmamaqla həyatını davam etdirəcək, onların adına layiq olmaq üçün lazım gəlsə hər cür əziyyətlərə qatlaşmaqla da razılaşacaqdı. Ruhiyyə yaşa dolduqca nikbinliyini itirmirdi. Londonda iri sığorta şirkətində işləyən oğlu zəng edib, anasının halını, əhval-ruhiyyəsini soruşanda ona latınca cavab verirdi: "Spiro spero" - "Nəfəs alıramsa, ümidlə yaşayıram". Latin dili olduqca lakonik idi. Oğlu da anasına cavab verirdi ki, Siseron onu bu qaydada işlədirdi: "Dum spiro spero" - "Nə qədər ki, nəfəs alıram, ümidimi üzmürəm". Ana ilə oğulun belə ritorika mübadiləsi onların hər ikisinin ruhunu yüksəldirdi. Ruhiyyə vaxtilə bu sözü əziz Südabə xanımdan eşitmişdi və son vaxtlarda özünün təsəlliverici bir kredosuna çevirmişdi.

 

SON

 

04.05.2021

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 13 avqust.- S.14.