Aşıq poeziyasında Kərbəla mövzusu

 

 

(Əvvəli ötən sayımızda)

 

 

Sovet rejiminin ilk illərinə qədər həm Orta Asiyada, həm Azərbaycanda, həm Türkiyədə rövzəxanlar, dərvişlər, məddahlar kənbəkənd, qəsəbəbəqəsəbə, şəhərbəşəhər gəzərək Hz.Əlidən, Hz.Həsəndən xüsusən Hz.Hüseyndən əhvalatlar söyləyərək əhalini dini mövzularda məlumatlandırırdılar. Aşıqlar baxşılar da bu dərviş hekayələrini dastanlaşdırır, dastan ənənəsi baxımından yenidən işləyir, toylarda, məclislərdə icra edirdilər. Fuad Köprülünün yazdığı kimi, Anadoluda məddahlıq ənənəsində Kərbəla hadisəsinə geniş yer verilir məddahlar dastana bənzər hekayələr söyləməklə dinləyənləri bu faciə ilə tanış edirdilər. Məddahların nəql etdikləri hekayələr yazılı ədəbiyyatla şifahi ədəbiyyatın ortasında yer alan dastan elementləri ilə zəngin xalq hekayələridir. Bu hekayələrin mövzusu dəyişik olsa da, daha çox söylənənlərin Hz.Əli mənkabələri, Kərbəla faciəsi, Hz.Həmzə, Həllac Mənsur Şeyx Sənan kimi tanınmış sufilərə aid mənzum mənsur bir çox kitabları, hətta Əbu Müslüm Xorasani qissələrinin olduğunu demək mümkündür.

Hər qədər Sovet dövründə aşıqlar Kərbəla mövzusuna meyl etməsələr , aşıq ədəbiyyatının çap olunan kitablarında Hz.Hüseynlə, Kərbəla ilə bağlı şeirlər çıxarılsa da, yenə Sovet dövründən öncəki aşıqların sözündə sazında Kərbəla mühüm yer tutur. "Leyli-nahar zikr eylə Həsən-Hüseynin babasın" deyən Aşıq Nəcəfin "Bağışla məni" şeirində deyildiyi kimi:

 

 

 

...Cənabi Zeynəbin çəkdiyi aha,

Qəribi-bimara, o bipənaha,

Xari-muğliana, şami-iraha,

Çəkilən karvana bağışla məni.

 

 

 

Ədlü ədalətlə qadiri-qəffar,

Aləmin sərvəri, şahi-mədədkar,

Məhəmməd dinini eyləyən aşkar,

Ol Şahi-Mərdana bağışla məni.

 

 

Cənabi Qasimə, Əli Əkbərə,

İsti qumlar üstə qalan peykərə

Hüseyni-şəhidə, cismi bisərə,

Şahi-şəhidana bağışla məni.

 

 

 

Yetməyən dünyada təmənnasına,

Qasımın sovrulan toy hənasına,

Sarmaşıb ayrılan öz anasına,

Əkbəri-cavana bağışla məni...

 

 

İmam Hüseynin, Hz.Əbül Fəzl Abbasın digər Əhli-beyt mənsublarının Kərbəlada yezidlər tərəfindən qətlə yetirilməsi XX yüzilin aşığı Aşıq Şəmşirin qoşma münacatlarında xüsusi yer tutur. Onun "Bağışla" şeiri bu cəhətdən spesifikdir:

 

 

...Möminlərin qaib pak imamına,

Kərəm dərgahının xoş məqamına

Yeganə olanın min bir namına

Nur diləkli o mənzilə bağışla.

 

 

Növrəstə Qasımın toy libasına

Əliyyül-Əkbərin cavan yasına

İmam Hüseynin əqrabasına

Şama gedən əsir elə bağışla.

 

 

Məhəmməd alidi sənin yanında

Əbül Qasım tərif vardır şanında

Cənabi Zeynəbin dürr dəhanında

Qardaş deyib yanan dilə bağışla.

 

 

Tohidi-Vahidə and verirəm mən

İmami şəhidə and verirəm mən

Qurani çahidə and verirəm mən

Bu ənzələ, bu mənzələ bağışla.

 

 

 

Şəmşiri zülümdən qurtar, et xilas

Səbəb dərman da səndə var əsas

Dada tez yetişən Həzrəti Abbas

Bir səadət bu müşkülə bağışla.

 

 

Aşıq Şəmşir xalqın İmam Hüseynin ələmdarı, qolları şümşad Əbəlfəzləbbas dediyi Kərbəlanın çox sevilən qəhrəmanı haqqında söylədiyi şeir mərsiyə xarakteri daşıyır:

 

 

 

Müşkünü dişində tutan Əbülfəz

Müşküllər dadına çatan Əbülfəz

Əlinin qoynunda yatan Əbülfəz

Rəşid ələmdarı səni çağırram.

 

 

Müstəqillikdən sonra aşıqlardan bəziləri dini mövzularla bərabər, Kərbəla hadisələrinə yer verməyə başladılar. Aşıq Aslan Kosalının bir şeirində Kərbəla termini təşbeh kimi işlədilmişdir:

 

 

Qüdrətdən yaranmış, bir möcüzədi,

İşi-gücü kəramətdi dünyanın.

Kərbala axtarıb Məşhədi gəzmə,

Hər qarışı ziyarətdi dünyanın.

 

 

Azərbaycan aşıq ədəbiyyatı ənənəsi daxilində yazıb yaradan el şairi Zəki İslamın Kərbəladan bəhs edən dastanı vardır. Əruzla hecanın qarışımından ibarət olan bu dastanı Zəki İslam "Həzrət İmam Hüseyn poeması" adlandırmışdır. Dastanda Hz.Hüseynin doğumundan şəhadətinə qədər baş verən bütün əhvalatlar verilmişdir. Bununla bərabər, onun aşıq tərzində yazdığı "Zeynəbin" şeiri Kərbəla faciəsindən, bu faciənin canlı şahidi Hz.Zeynəbin fədakarlığından bəhs edir:

 

Çəkinmədi ölümnən, divannan

Dəlillər gətirdi, dəlil Qurannan

İmamın nəsili artar Zeynalnan

Yezidə güc gəldi sözü Zeynəbin.

 

 

Qardaşları, balaları doğrandı

Gördü gözlərinnən ciyəri yandı

Mustafa, Murtazə, Həsənin andı

Yenə tək qalmadı izi Zeynəbin.

 

 

Hətta Türkiyədə son dönəmin tanınmış aşığı Aşıq Mahzuni Şərif bir şeirində zamandan, insanlardan, özündən şikayətini İmam Hüseynə bildirir:

 

 

Vallahi usandım bən bu dünyadan

Şikayətim sana, İmam Hüseyin.

Əski dostlar şimdi düşman kəsildi

Şikayətim sana, İmam Hüseyin.

 

 

Şikayətim vardır Mərdan-Aliyə

Həm Mərdan-Aliyə, Bəktaş-Vəliyə

Əvvəl akıllıydım döndüm dəliyə

Şikayətim sana, yiğit Hüseyin.

 

 

Sana güvənmiştim, yuvam dağıldı

O zalimin oğlu ömrümü böldü

Körpə yavrularım dağlarda kaldı

Şikayətim sana, koca Hüseyin.

 

 

Mahzuni Şərifim, bən bir dəliyim

Kimə kurban gidəm, şaştım nəciyim.

Bən bir kırpık hacı, hocayım.

Şikayətim sana, İmam Hüseyin.

 

 

XX yüzilin məşhur ələvi-bəktaşi saz şairi Aşıq Mahmut Coşkunər şeirlərində Kərbəla hadisəsinə, İmam Hüseyn əhvalatına toxunmuşdur:

 

 

Kərəm gibi bəni nara yaksalar,

Şah Hüseyin gibi kanım döksələr,

Pir Sultan misali dara çəksələr,

Billahi çalamam sarhoş olmadan.

 

 

XX yüzilin digər böyük ələvi-bəktaşi aşığı Aşıq Zəkai Kocabaş da İmam Hüseyn faciəsindən şeirlərində bənzətmə kimi istifadə etmişdir. Azərbaycan aşıq ədəbiyyatında mərsiyə kimi yazılan şeirlər vardır. Məsələn, Aşıq Əhmədin Kərbəla faciəsi ilə bağlı şeirləri xüsusi yer tutur:

 

 

Düşəndə darə səslərəm

Allah Mühəmməd, ya Əli!

Sənsən dilimin əzbəri,

haqqı İmamət, ya Əli!

Qurbanam Şahi Kərbəla oğlun İmam Hüseynə mən,

Qeyrətli Əbbas oğlunun əl üzmərəm ətəyindən,

Günahkar olsaq da, bizə,

eylə şəfaət, ya Əli!

 

 

Yığışmışıq ibni Əli,

Şahi Hüseyn əzasinə,

Səs veririk fəqan ilə

Zeynəbin qardaş səsinə,

 

Deyir: hərayə gəl baba, Kərbibəla səhrasına,

Üryan qalıb əhli-əyal, çəkir xəcalət, ya Əli!

 

Aşıq Əhmədin yezidliyə qarşı yazdığı mərsiyə səciyyəli şeirləri həm bədiliyi, həm tarixi həqiqətlərə sadiqliyi ilə seçilir:

 

 

Yeridi bihəyalar, çəkdi cümlə ləşkəri,

Oxladılar təşnələb məşqi-Ələmpərvəri.

Öldürdülər Qasimi, toysuz Əliəkbəri,

Anası İmmi Leyla nalandı,

ya Mühəmməd!

 

 

Yetmiş iki şühəda yerlə yeksan oldular,

Övrətlər Kərbalada əsir olub qaldılar,

Ayaq yalın, baş açıq Şama yola saldılar,

Fəryadımız göylərə dayandı,

ya Mühəmməd!

 

 

Hər halda Kərbəladan bəhs edən həm aşıq qoşmaları, həm də yazılı nəfəslər, mərsiyələr daha çox ələvi və bəktaşi cəmlərində Məhərrəmlik ayında icra edilir. Ələvilərin zakirya qəmbər adını verdikləri aşıqları sazla Kərbəla hadisəsini cəm iştirakçılarına, yəni canlara çatdırır, faciəni sazın müşayiətində oxuduqları ağılarla daha da dramatikləşdirirlər. Bundan başqa, ələvilərin yeddi ulu ozan adını verdikləri Nəsimi, Xətai, Füzuli, Pir Sultan Abdal, Qul Himmət, YeminiViraninin Kərbəla mövzulu şeirlərini də böyük zövqlə oxuyurlar. Ələvi və bəktaşi aşıqları Kərbəla dastanı söyləməklə hadisələri daha geniş biçimdə anlatmaq imkanı qazandıqlarından dastan janrına da müraciət etmişlər. Belə ki, bəktaşi şairlərindən Kalecikli Miratinin "Kərbəla dastanı", Qul Himmətin "Kərbəla vakası" və "Kərbəlada İmam Hüseyn", Tevfik Babanın "Şah-ı Şəhid-i Kərbəla vukuatı" və b. əsərlərində Kərbəla faciəsi və Hz.Hüseynin şəhid edilməsi təsirli bir dillə anlatılır. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyədə dastan aşıq şeirinin qoşmada yazılan uzun şəklinə deyilir. Ona görə də burada bizim anladığımız Kərbəla dastanı yox, bəndlərinin sayı qoşmadakından çox olan şeir növü nəzərdə tutulmuşdur.

Kərbəladan və şəhidlərin sərvəri, şəhidliyin qibləsi İmam Hüseyndən bəhs edən bu şeir və dastanların aşıq fəsillərində yer aldığını Fuat Köprülüxüsusi olaraq qeyd edir: "Müamma gecəsi fasıl başlayınca lövhənin üstü örtülür. Bir neçə qısa qoşmadivandan sonra, yandırılan öd ağaçlarının qoxuları arasında Kərbəla dastanı oxunur. Siqaretlər, nargilələr söndürülür və Kərbəla dastanı dini bir huşu içində dinlənilir".

Beləliklə, unudulmağa, unutdurulmağa çalışılsa da, məzhəbindən asılı olmayaraq Anadolu, Azərbaycan, Gürcüstan, Türkmən, Özbək aşıqlarının/baxşılarının sazında, sözündə və nəhayət, dastanlarında Kərbəla faciəsi, Hz.Hüseynin haqsızlığa dirənişi bu yolda şəhadəti, Əhli-beyt sevgisi, Şahi Mərdan Hz.Əli kultu baxımından işlənmiş, Kərbəla hadisəsi, Məhərrəmlik, Aşura, Hz.Hüseyn (Azərbaycanda sovetləşməyə qədər) aşıq sənətinin aparıcı mövzusu olmuşdur.

 

 

Füzuli BAYAT

 

525-ci qəzet.- 2022.- 13 avqust.- S.12.