Qələmsiz
yazılanlar
status-esselər
Peşəkarlıq
və kübarlıq
Bu
günlərdə mənə zəng edib BBC News (Azərbaycanca)
xidmətinin əməkdaşı olduğunu deyən jurnalist
Fərid Həsənov keçmiş Milli Mətbuat
Günü münasibətilə təbriklərini
çatdırandan sonra sosial media hesablarında
yazdıqları statusa görə Baş Prokurorluğun bir
neçə nəfərə xəbərdarlığı ilə
bağlı məsələyə Mətbuat Şurası
İdarə Heyətinin üzvü kimi münasibətimi
öyrənmək istədiyini bildirdi. Razılaşanda
eyni nəzakətlə müsahibə zamanı səsimi yazmaq
üçün icazə istədi. Beləcə,
mövzu ilə bağlı onun bir neçə sualını
cavablandırdım və sağollaşdıq.
Bir azdan yenidən zəng gəldi. Bu dəfə
hazırladığı materialda istifadə etmək məqsədilə
feysbuk səhifəmdən şəkilimi götürməyə
razılıq verməyimi istədi.
Yəqin bizim mediada belə münasibətə çox
nadir hallarda rast gəlindiyinə görə idi, onun bu
davranışı məndə xoş təəssürat
yaratdı.
Məncə, belə nəzakətli davranış təkcə
BBC News xidmətinin dünyada qəbul olunmuş peşəkarlıq
prinsiplərini öz fəaliyyətində prioritet seçməsi
ilə yox, həm də jurnalistin fərdi keyfiyyətlərilə
bağlıdır.
Özünü yeni jurnalistikanın təmsilçisi
sayan bir çoxunun, ən adi ünsiyyət qaydalarını
belə eyninə almayıb müsahibinin dilindən
özünə sərf edən hansısa bir kəlməni
qoparmaq üçün min hoqqadan çıxdığı
indiki vaxtda jurnalist Fərid Həsənovun bu münasibəti,
sözün düzü, məni sevindirdi. Bu gün bizim
medianın öz fəaliyyətində peşə
standartlarına, etika qaydalara hörmətlə yanaşan belə
jurnalistlərə ciddi ehtiyacı var.
lll
Riyakarlıq erməni xislətidir.
lll
Əsir düşən erməni əsgərinin videosunu
yaymaq nə dərəcədə etikdir və
lazımdırmı?
lll
Diplomatiya
və siyasətin də dili quş dili kimidir - hər kəs
bilməz...
lll
Yağış
da ürkək və ürəksizdir...
lll
Hacıqabuldan keçəndə həmişə
düşünmüşəm ki, bu "Fədək" nə
deməkdir?
lll
Sosial şəbəkələrdən obyektivlik, ədalət,
soyuq mühakimə gözləmək qeyri-realdlr.
Bunu düzəltsə, bəlkə, zaman düzəldəcək:
adiləşdirəcək, ya da həyat tərzinə
çevriləcək.
Bu qədər bəsit, məhdud düşüncəli,
ağıldan kəm, özünü təsdiq etməyə,
gözə soxmağa, "Baxın, mən də varam, niyə
görmürsüz?" iddiasıyla kimə gəldi qulp qoyan
profillərdən müsbət nəsə ummaq ala
qarğanın bala çıxaracağını gözləmək
kimi xam xəyaldır.
lll
"Soyuqqanlı"
London polisi
Londonda səfirliyimizə
hücum edən radikal dindarların vandal hərəkətlərini
yerli polisin soyuqqanlı halda müşahidəsi
düşündürücüdür; elə bil, icazəli və
müddətli aksiyanı izləyirlər, iştirakçılar
tapşırıqları icra edib gedəcəklər.
Aksiyadan sonra həbs olunanları da eyni
soyuqqanlılıqla polis maşınına mindirirlər; sanki
tutan da, tutulan da nəticədən razıdır.
Dövlətimizə və bayrağımıza
qarşı bu vandallığın səbəblərinin
kökündən araşdırılmasına və
aydınlaşdırılmasına ehtiyac var. Yəqin artıq
aidiyyəti dövlət qurumları bu barədə səhih,
müfəssəl məlumatlar əldə ediblər və
ciddi tədbirlər görüləcək.
Hadisənin Məhərrəmlik ayında baş verməsi
və Aşura günü ərəfəsində həyata
keçirilməsi də olduqca
düşündürücü məqamdır. Sifarişçi
və icraçılar böyük ehtimalla bu vandalizm
aktının, səfirliyimizə və bayrağımıza təcavüzün
Azərbaycan cəmiyyətində yaradacağı
reaksiyanı proqnozlaşdırıblar. Yəqin
onlar bununla bir yandan ölkə daxilindəki radikal dindarlara
qarşı qəzəbin artacağını, bir yandan isə
radikal dindarların xaricdəki dəstəkçilərdən
güc alıb, cəmiyyətdəki qəzəbdən hikkələnib
Məhərrəmlik ayinlərini daha radikal şüarlarla
icra etmək istəyəcəklərini və nəticədə
ölkədə qarışıqlıq yarana biləcəyini
düşünüblər. Bu mənada xaricdəki
radikal dini qrupların ölkə daxilindəki
dayaqlarının bundan sonra da dərindən və hərtərəfli
araşdırılmasına, onlara qarşı daha sərt,
daha cəsarətli addımlar atılmasına ehtiyac var.
Quru sərhədlərimizin bağlanmasını gərəkli
sayan və öz fikirlərni tutarlı arqumentlərlə əsaslandıran
məlumatlı insanlar radikal qrupların Azərbaycana
ekspansiyasını həmişə nigarançılıqla
qeyd ediblər.
Əslində, müxtəlif dini təmayül
və ideologiyaların təsiri altına rahatlıqla
düşə biləcək insanlarımızı qorumaq
üçün yad təsirlərə qarşı ruhi və
mənəvi sərhədlərimizin də qapanması
lazımdır.
Dünyanın indiki qarmaqarışıq zamanında
Dövlətçiliyimizin qorunması, Vətənin
bütövlüyü ideyası hər şeydən uca və
üstün olmalıdır.
Tanrı
Dövlətimizi və Xalqımızı hifz eləsin!..
lll
Londonda radikal dindarların səfirliyimizə vəhşicəsinə
hücumuna Azərbaycan cəmiyyətinin kifayət qədər
kəskin və sərt reaksiyası müşahidə olundu. Məşədi
Dadaş məscidində möminlərin Azərbaycan bayraqlarını
qaldırmaları da həmrəyliyimizi nümayiş etdirən
müsbət örnək idi.
Bəs sonra?
Yad dini təmayüllərin təsiri altında fəaliyyət
göstərən, təşkilatlanmış və mütəşəkkil
qrupların ölkəmizə qarşı təhlükə
törədəcəyi ehtimalının konturları artıq
açıq-aydın görünməyə başlayıb.
Bu təhlükənin qarşısını təkcə
xüsusi xidmət orqanlarının fəallığı ilə
almaq olarmı?
Zərərli dini təmayüllərə qarşı
sanballı ideologiyamız varmı?
Dövlətçilik
və Vətənin bütövlüyü ideyasının
möminlər arasında əsas inanca çevrilməsinə
necə nail olmaq mümkündür?
Azərbaycan üçün belə bir məsuliyyətli
dövrdə Dövlətçiliyə sadiq, Vətənə
bağlı din xadimlərinin yetişməsi, onların təbliği,
cəmiyyətdəki nüfuzu barədə düşünmək
olduqca vacib və zəruridir. Bu sahədə
atılası addımlar, görüləsi işlər həddindən
artıq çoxdur. İlk növbədə
savadlı, bilgili, Dövlətini və Vətənini sevən
insanların öncüllüyünə, rahat fəaliyyət
göstərmələrinə hərtərəfli şərait
yaradılmasına, onlara imtiyaz və səlahiyyət verilməsinə
ciddi ehtiyac var.
lll
Muğam müsabiqəsinin final mərhələsinin
Şuşada keçirilməsi təqdirəlayiq ideya idi. Müsabiqənin
qalibinə mükafatı Xalq artisti Arif Babayevin təqdim etməsi
də yaddaqalan və anlamlı oldu. Müsabiqə
ilə eyni vaxtda Diaspor Gənclərinin yay düşərgəsinin
keçirilməsi, görkəmli diplomatlarımızın,
tarixçi alimlərimizin, mədəniyyət xadimlərimizin
gənclərin qarşısında mühazirələrlə
çıxış etməsi və onarla görüşləri
qürur hissi doğuran məqamlar idi.
Şuşa qaynayır və bıçaq kimi
düşmənin gözünə sancılır.
lll
Səmimi,
saf etiqadlı, fərqli düşüncəli insanlarla
trolları ayırmaq elə də çətin iş deyil. Biraz diqqət və müşahidə kifayət
edir.
lll
TikTok ən zərərli sosial platformadır; beyinləri
yuyur, insanları lağlağıya, gəvəzəliyə
çəkir, bəsitliyə alışdırır,
düşünməkdən yayındırır, həyata,
dünyaya qeyri-ciddi münasibət aşılayır.
Bəlkə, nə vaxtsa insanlar bu yüngüllükdən
bezəcəklər, ya bəlkə, zaman özü hər
şeyi tənzimləyəcək və orada ancaq
aşağı zövqlü istifadəçilər
qalacaqlar, bilmirəm. Amma indinin, bu günün ən pis, ən
ziyanlı alışqanlığıdır TikTok.
Ondan uzaq durmağı bacarmaq igidlikdir.
lll
Ermənilərin Azərbaycan vətəndaşı
olmaq arzusu ilə Azərbaycan Prezidentinə müraciətləri
müsbət prosesdir. Düşmənlərimizin uzun illər
birgəyaşayışın mümkünsüzlüyü
barədə apardığı təbliğatın puç
olmasıdır. Bu proses müsbət məcraya yönəldilməli,
bizim üçün sərfəli olan şəkildə təbliğ
edilməli və bundan maksimum bəhrələnmək
üçün variantlar aranmalıdır.
lll
Bir var şeir deyəsən, bir də var hekayə
oxuyasan. Şeir deyirsənsə, deməli, onu əzbərləmisən,
özününkü etmisən və özününkü
kimi çatdırırsan.
Hekayəni oxumaq isə başqadır; sən hələ
cümlələrin ləngərinə, sözlərin rənginə
tam bələd deyilsən, hələ alt qatda bərq vuran
qarışıq çalarları çatdırmağa
çətinlik çəkirsən.
Hörmətli
Şəfəq xanım Mehrəliyevanın dəvəti ilə
"Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun ASAN
Radio ilə "Ədibin evindən hekayələr" birgə
layihəsində Əbdürrəhim bəy Haqverdiyevin
"Mütrüb dəftəri"
hekayəsini oxuyanacan düşünürdüm ki, nəsr
qiraəti daha asandır. Sən demə, əksinə,
qəliz imiş. İndi baxıb xeyli
yanlışlarımı, büdrəmələrimi
gördüm. Tənqidə təşnələr
dinləyib davam edə bilərlər.
Dinləməmiş
qulp qoymağı isə indi hamı bacarır...
lll
Birdən hiss etdim ki, "Qarabağ"ın oyunları
artıq xüsusi bir rituala çevrilib; həyəcan,
ümid, nigarançılıq, sevinc, kədər, məyusluq
və qələbə dolu qarışıq hisslərin
yaşandığı xüsusi mərasim.
lll
Nə qədər
tərifli, xoş sözlər desək, nə qədər mədh
etsək, yenə azdır!
Yaşa,
"Qarabağ"!
Var ol,
Qurban Qurbanov!
lll
Zabuxdan keçirdik.
- Ana,
görə bildin?
- Evin
üstünü, damını gördüm ancaq. Bəlkə,
qayıdanda, geri qalxanda bir az çox
görünər.
Bu il iyunun 14-də Laçına,
doğulduğum Ağoğlan kəndinə getdiyim
maşında yaxından tanıdığım ailənin -
ana və oğulun dialoquydu bu.
Oğul maşını sürürdü. Ana isə qabaq oturacaqdan
boylanıb 30 il görmədiyi doğma
yerlərə baxırdı. Sülhməramlıların
müşayiətiylə gedirdik deyə, dayanmağa icazə
yox idi.
Ana ilə
oğulun ilk baxışdan sakit, amma qəhər və həsrət
dolu dialoqu hələ maşın Laçının vaxtilə
"Poçt" deyilən ərazisinə qalxar-qalxmaz
başlamışdı: Ora filankəsin eviydi... burda abidə
vardı, dəyişiblər... dayıngilin evi
görünür, odey odur...
Laçında kilsə tikiblər, Zabuxacan yol
qırağına xaç işarəli daşlar
düzüblər, hərdən qoyun otaran uşaqlar gözə
dəyir.
Hələ o gün - iyunun 14-də Laçından keçəndə vitrinləri, qapı-pəncərələri sökülüb aparılan tikililərdən hiss olunurdu ki, "zorən qonaqlar" yol üstə, getmək ovqatındadır. İndi Zabux ətrafında haray-həşir qoparıblar, xaricilərin gəlib burada tikdikləri evlərdən çıxarılacaqlarına görə ah-nalə çəkirlər. Amma bütün bu yalançı ah-nalələr, haray-həşirlər maşından boylanıb öz evini - əlləri ilə daşını daş üstə qoyduğu yuvasını, övladlarını böyütdüyü doğma həyətini görmək istəyən o ananın keçirdiyi həyəcanın, neçə illərdən bəri ürəyində gəzdirdiyi nisgilin heç mində bir zərrəsi də deyil.
Zabuxda doğulub böyüyən, işğaldan sonra 30 il doğma yurd həsrətiylə yaşayan övladları yaşlı, təzyiqi, xəstəlikləri olan ananı məhz elə buna görə - bəlkə, maşından boylanıb uzaqdan da olsa evini, doğma kəndini gördü deyə özləriylə gətirmişdilər.
O vaxtlar Laçında uzaqbaşı 3-5 erməni ailəsi olardı, ya olmazdı, amma Zabuxda biri də yox idi. Zabux həm də əfsanələrlə dolu bir kənd olub. Deyirlər, Soltan bəy bu dərədə ermənilərin qarşısını kəsərək onları məhv edib.
...Axşamüstü geri qayıdanda ana yenə evlərinə sarı boylanırdı. Amma yenə də yaxşı görə bilmədi.
İnşallah, avqustun 25-dən
sonra namərd qonaqlar çıxıb gedər, ana yenidən
bu yerlərə gələr, salamat qalmış ev-eşiyini
könül rahatlığı ilə görər, ürəyində
qubar bağlamış neçə illərin nisgilini göz
yaşları ilə əridib bitirər...
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 13 avqust.- S.7.