Dünyanı valeh edən azərbaycanlı...

 

SEVƏN, SEVİLƏN, ÜMİD VERƏN, İŞIQ SAÇAN VƏ DÜŞÜNDÜRƏN SƏNƏTKAR...

 

Artıq bir neçə ildir ki, 17 avqust tarixini şəxsi keyfiyyətləri, geniş yaradıcılıq fəaliyyəti ilə adını tarixə həkk etdirmiş SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Müslüm Maqomayevin doğum günü kimi qeyd edirəm.

M.Maqomayev Azərbaycana və bir azərbaycanlı kimi dünyaya xidmət etmək üçün doğulmuşdu. O, gənc yaşlarından öz vəzifəsini qəbul edərək bu vəzifənin layiqincə yerinə yetirilməsi yolunda qarşıda gələcək illər boyunca dayanmadan çalışacaq. Bu illərdə opera tamaşalarında bir-birindən fərqli obrazların mükəmməl yaradıcısı, kamera-vokal əsərlərinin ifaçısı, yüzlərlə estrada mahnılarının ən gözəl təfsirçisi olacaq. Tükənməyən yaradıcılıq xəzinəsinə həm müğənni, həm də bir bəstəkar kimi onlarla musiqi nümunəsini, rəsm əsərlərini miras qoyacaq. Bir vətəndaş kimi qeyd edilənlərlə kifayətlənməyən M.Maqomayev ictimai xadim qismində də yazdığı məqalələri ilə öz töhfəsini verəcək. Qarşıda duran çoxsaylı vəzifələr arasında, həmçinin, dünyada baş verən müharibələri, mədəniyyət xadimlərinin qarşılaşdıqları problemləri və digər onlarla məsələni işıqlandırmaq idi.

Bütün sadalananlar həyata keçdi. M.Maqomayev öz həyatını vətənə qurban verməyə hazır müsəlləh əsgər kimi yaşadı. O, milyonlarla musiqisevərin ruhunu oxşadı, minlərlə vokal ifaçısına örnək oldu və olmaqdadır.

Bir insan nə qədər yükə tab gətirə bilər? M.Maqomayev bütün sadaladıqlarımı özünə yük bilmədən, sevərək yerinə yetirdi. O, 2008-ci ildən cismən bizi tərk etsə də, yaratdığı sənət nümunələri və özündən sonrakı ifaçılara açdığı işıqlı yol ilə hələ də bizimlədir.

M.Maqomayev mənim yaradıcılıq yoluma da işıq saçdı. Professional səhnədə ifa etdiyim ilk əsər də məhz M.Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Baharlı yurdum - Azərbaycan" mahnısı idi. 22 illik səhnə fəaliyyətim ərzində iştirak etdiyim konsertlərin bir çoxuna M.Maqomayevin repertuarını səsləndirmək üçün dəvət aldım. 2021-ci ildə müdafiə etdiyimbuna görə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığım dissertasiya işi də məhz M.Maqomayevə həsr olunmuşdu.

M.Maqomayev vokal ifaçılarının ilham mənbəyidir. Sevən, sevilən, sayılan, ümid verən, işıq saçan, yol açan, düşündürən və digər ifadələrlə xatırlanır Azərbaycanın dünyaca məşhur ilk bariton səsli vokal ifaçısı.

Doğum günün mübarək, böyük sənətkar!

 

İlham NƏZƏROV,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikasının Əməkdar artisti

 

525-ci qəzet.- 2022.- 17 avqust.- S.8.