Sizi deyib gəlmişdik...

 

 

Ön söz yerinə

 

Sizi deyib gəlmişdik, Mirzə! Gəldik görək Nehrəmdə nə var, nə yox. Vaxtilə Tbilisidə yaşayan dostun Qurbanəlibəy Şərifova yaşadığın mühitdən şikayətlənərək yazırdın ki, haman Naxçıvan, haman Nehrəm, haman Danabaş kəndi və haman Məmmədhəsən əmi ilə Xudayar bəy, haman qazi... Qərəz, haman göl və haman qurbağa...

Ruhun şad olsun, ustad! Gördüyünüz kənd bu gün həmin kənd deyil, yeniləşib, boy atıb. Hiss edirsən ki, Nehrəm işıqlı yoldadır, nəbzi normal döyünür, adamlarda gələcəyə inam artıb, iş üslubu dəyişib. Savadsızlıqdan əsər-əlamət qalmayıb. Üz-gözlərdə sevinc, ürəklərdə xoş əhval-ruhiyyə var.

Hara getdiksə, hara üz tutduqsa, nəfəsinizi duyduq, izinizi gördük, Mirzə! Nehrəmdə, Naxçıvan şəhərinin özündə, eləcə də Bakıda adınızı daşıyan ev-muzeylərində olarkən bir daha hiss etdik ki, bu yerlərdə çox şey yadigardır, Sizdən yadigar!

 

Nehrəm Xatirə muzeyində

 

Xatirələr qoynunda ötən günlər yada düşüb. Unudulan heç nə yoxdur. Bura Nehrəm kəndidir, böyük ədibin doğulub boya-başa çatdığı kənd.

Cəlil Məmmədquluzadənin Nehrəmdəki Xatirə muzeyinə gəlişimiz günün ikinci yarısına təsadüf edirdi. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Akif Hacıyev bildirdi ki, Mirzə Cəlilin həyatı və fəaliyyəti ilə bağlı burada iki minə yaxın eksponat, o cümlədən, şəxsi məişət əşyaları saxlanır.

Diqqət kəsirik. Onların əksəriyyəti muzeyin direktoru tərəfindən əldə edilib. Eksponatlar dörd otaqda yerləşdirilib. Birinci otaqdakı eksponatlar Cəlil Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasında oxuduğu illərə həsr edilib, seminariya həyatını əks etdirən şəkillər yan-yana düzülüb.

Muzeyin ikinci otağı qızı Münəvvər xanımın həyatı və fəaliyyətini əks etdirir. Münəvvər xanım əvvəl rus dili müəllimi, sonralar Nehrəm kənd xəstəxanasında tibb bacısı işləyib. Kənddəki doğum evində işləyərkən SSRİ Ali Sovetinə deputat seçilib.

Tibb bacısı Hacı Zümrüd xanım Cəfərova Münəvvər xanımın portreti önündə sakitcə dayanıb, dərin düşüncələrə dalıb. Kim bilir, bəlkə də daxilində Münəvvər xanımla bağlı acılı-şirinli xatirələr canlanıb. Elədir ki, var.

- Yaxın rəfiqə olmuşuq, - deyir. - Bir dəfə ondan soruşdum ki, Münəvvər, ziyalı ailədənsən, nə əcəb başını bizim kimi bağlayırsan? Cavabında bilirsiniz nə dedi? Dedi ki, Nehrəm, onun adət-ənənələri mənə çox yaxındır, kəndin adamlarını da çox sevirəm, özümü nehrəmli qadınlardan fərqləndirə bilmərəm, axı.

- Münəvvər xanım Çaylaq məhəlləsində yaşayırdı, - Zümrüd xanım söhbətini davam etdirir. - Təsərrüfatçı idi, toyuq-cücə, qoyun-quzu saxlayırdı. Xeyir-şər məclislərindən qalmazdı. Bir dəfə danışdı ki, atam vəfat edən ili Kürdəmirdə işləyirdim. Axşam yuxuma girdi, atam dedi ki, Naxçıvana köçüm. Münəvvər xanım 1932-ci ildən həyatını doğulduğu kəndlə bağlamışdı.

Muzeyin üçüncü otağı Mirzə Cəlilin 1896-cı ildən sonrakı ədəbi fəaliyyətinə, dördüncü otağı isə ailə üzvlərinə həsr edilmişdir.

Muzeyin yuxarı başından boylanan mollanəsrəddinçilərin portreti önündə ayaq saxlayırıq. Hər birinin özünəməxsus yaradıcılıq üslubu vardı onların. Hərənin də "Molla Nəsrəddin"in ərsəyə gəlməsində xidmətləri vardı. Baxın, Mirzə Cəlilin yanında dayanan Ömər Faiq Nemanzadədir, yanındakı isə Əli Nəzmidir - "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələri. Bunlar isə Azərbaycan ədəbiyyatının ictimai və bədii fikrinin böyük simalarından olan Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Mirzə Ələkbər Sabir, M.S.Ordubadidir. "Molla Nəsrəddin" hər birinin yaradıcılığında mühüm rol oynamışdır. Yadda qalası işlər çoxdur. Gələcəyə işıq tutaraq onlar cəhalətə, fanatizmə qarşı çıxmış, çarizmin müstəmləkəçilik siyasətini ifşa etmişlər.

Maraqlıdır ki, Mizə Cəlilin Nehrəmdəki muzeyində toplanmış eksponatlar arasında dövrünün ictimai-siyasi bəlalarını əks etdirən maraqlı, dərin məzmunlu karikaturalar da öz əksini tapıb. O.İ.Şmerlinq, İ.Royter, Əzim Əzimzadə fırçasından çıxan bu rəsm əsərləri zaman keçsə də, əhəmiyyətini itirməyib.

 

Naxçıvan şəhərindəki ev-muzeyində

 

Muzey 1999-cu il oktyabr ayında açılıb. Ümummilli lider Heydər Əliyevin açılışında iştirakı Mirzə Cəlil şəxsiyyətinə və irsinə göstərdiyi diqqət və qayğının nəticəsi idi.

Muzey əməkdaşları böyük ədibin həyat və yaradıcılığına həsr edilmiş ekspozisiya haqqında danışdıqca hiss edirsən ki, burada Mirzə Cəlil irsinə dərin hörmət və ehtiramla yanaşılır, böyük ədibin xatirəsi əziz tutulur. Cəlil Məmmədquluzadə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, tarixi sənədlər, mütaliə etdiyi kitablar muzeyin eksponatları arasında mühüm yer tutur. Hiss edirsən ki, son illərdə muzeydə Cəlil Məmməquluzadənin həyat və yaradıcılığının öyrənilməsi istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Böyük ədibin 150 illik yubileyi ərəfəsində muzeyə yeni eksponatlar daxil olmuşdur. Tədqiqatçı-müəllim Rafiq Qasımovun ev-muzeyinə təqdim etdiyi və 1888-ci ilə aid, kənarları taxta və oyma ilə işlənmiş güzgü və güzgü altlığı, eyni zamanda dairəvi taxta masası yeni eksponatlar sırasındadır.

Muzey əməkdaşlarının "Molla Nəsrəddin" jurnalının bütün nömrələrinin əldə edilməsi istiqamətində göstərdikləri təşəbbüslər də ürəkaçandır.

 

Bakıdakı ev-muzeyində

 

Naxçıvan səfərindən sonra Cəlil Məmmədquluzadənin Bakı şəhəri, Süleyman Tağızadə küçəsi, 56 ünvanda yerləşən muzeyinə baş çəkdik. Muzeydə ilk dəfə 1966-cı ildə olmuşduq. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə imtahan verdiyimiz vaxtlar idi. Muzeylə tanışlıqdan sonra Cəlil Məmmədquluzadənin 100 illiyinə həsr edilmiş təntənəli yığıncaqda iştirak etdik.

Lənkəranlı mollanəsrəddinçi Nəsrulla Qənbərli yığıncaqda çıxış edərək keçmiş Astraxanbazar rayonuna Cəlilabad adının verilməsi haqqında məsələ qaldırdı.

Muzey yeni eksponatlarla daha da zənginləşib. Bu gün muzeydə ədibin və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3 minə yaxın eksponat toplanmışdır. Onlara baxdıqca lənkəranlı mollanəsrəddinçi Nəsrulla Qənbərli ilə söhbətini xatırladıq.

- "Molla Nəsrəddin" idarəsi o zaman Starı Poçtovı küçəsində yerləşirdi, - o danışardı. - Mən Mirzə Cəlilə "Cəlil dadaş" deyə müraciət edərdim. Bir dəfə ona dedim:

- Cəlil dadaş, şəkil çəkməyi bacarmıram, yoxsa mollaların məsciddə qurduqları şaxsey-vaxseydən şəkil çəkərdim.

 

Mirzə Cəlil təbəssüm etdi, üzünü mənə tutaraq:

- Sən ağlaşmanı qur, şəkil ilə işin yoxdur, - dedi.

 

Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında "Qarnı yırıq", "Uzaq görən", "Sancaq", "Yoldan keçən", "Qənbərli" imzaları ilə çıxış edən Nəsrulla Qənbərli ilə vaxtaşırı məktublaşarmış.

Mirzə Cəlilin Nəsrulla Qənbərliyə 18 sentyabr 1928-ci, 20 oktyabr 1930-cu və 13 iyul 1931-ci illərdə göndərdiyi məktubların foto surəti yarım əsrə yaxındır ki, şəxsi arxivimdədir. Nəsrulla müəllimin Cəlil Məmmədquluzadə ilə çəkdirdiyi bir şəkil də var. Şəkil 1925-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayında çəkilmişdir və qurultayın davam etdiyi günlərdə respublika qəzetlərində verilmişdir.

Uzun illər partiya və Sovet işində çalışmış Böyükxanım Əhmədbəylinin albomunda Cəlil Məmmədquluzadənin lənkəranlı mollanəsrəddinçilərlə birgə çəkdirdiyi şəkil tarixi baxımından maraqlıdır. Mollanəsrəddinçilərdən İsmayıl və Nəsrulla Qənbərov qardaşları, Rəşid Nurullayev, Mirzağa Əhmədbəyli, Qəni Kazımov, Hüseyn Atakişiyev, Ağahüseyn Kərimov, Qüdrət Xəlilov, Böyükxanım Əhmədbəyli, Məmmədəli Fətullayev, Fərəculla Daşdəmirov Mirzə Cəlilin ətrafına toplaşmışlar.

 

Başqa şəkildə isə bir neçə gəncin əlində ərəb əlifbası ilə "Molla Nəsrəddin" sözləri yazılmış jurnal təsvir olunur. Tədqiqatçı-alim Mirhaşım Talışlının məlumatına görə, fotoşəkillər yetmişinci illərin axırlarında hansısa dövlət arxivlərindən birinə  verilmişdir.

 

Tbilisidə bir muzey var...

 

1969-cu ilin yay günlərindən biri idi. Hərbi xidmətimiz Gürcüstanda keçirdi. Xəbər yayıldı ki, Tbilisidə Cəlil Məmmədquluzadənin ev-muzeyi yaradılacaq. Az sonra "Qeyrət" mətbəəsində olduq.

Mətbəə Azərbaycanda maarifçilik hərəkatına böyük təkan vermiş, kitab mədəniyyətinin formalaşmasında şərəfli tarix yazmışdır.

Mətbuat xəbər verir ki, muzey 1997-ci il oktyabrın 11-də açılıb. Binanın fasadına vurulmuş lövhədə yazılmışdır: "Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur "Molla Nəsrəddin" məcmuəsini nəşr etdirmişdir (1866, Naxçıvan - 1931, Bakı)".

Mirzə Cəlilin Tbilisidəki ev-muzeyi yaradılandan Gürcüstanın paytaxtına yolum düşməyib. Amma maraq həmişə güc gəlib. Görəsən, bu gün muzeydə vəziyyət necədir? Jurnalist dostum Nizami Hüseynov 4-5 il əvvəl bir qrup jurnalistlə Tbilisidə səfərdə olmuşdu. Danışırdı ki, Cəlil Məmmədquluzadənin ev-muzeyində təmir işləri başlanıb.

 

Son söz yerinə

 

Haqqınızda deyiləsi, yazılası sözlər çoxdur, Mirzə! Tələbəlik illərində "Molla Nəsrəddin" jurnalının az qala bütün nömrələrini oxumuşduq. Araşdırmaların nəticəsi idi ki, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Nəriman Zeynalovun rəhbərliyi ilə "Molla Nəsrəddin" jurnalının Lənkəran müxbirləri" mövzusunda yazdığım diplom işi yüksək qiymətləndirildi.

İctimai fikir tariximizdə müstəsna xidmətləriniz var, Mirzə! Təkcə "Molla Nəsrəddin" jurnalı kifayətdir ki, Cəlil Məmmədquluzadə adı yaşasın!.. 150 illik yubileyinizin qeyd edildiyi günlərdə də doğulub boya-başa çatdığınız, fəaliyyət göstərdiyiniz yerlər qürur ünvanına dönmüşdü.

"Molla Nəsrəddin"in ayrı-ayrı nömrələrini vərəqlədikcə sevimli müəllimimiz, professor Cahangir Məmmədovu xatırladıq: "Molla Nəsrəddin"i "Molla Nəsrəddin" eləyən, onu Azərbaycanla yanaşı, bütün Şərq aləminin mədəni həyatında mühüm hadisəyə çevrilən, bir tərəfdən jurnalın son dərəcə mütərəqqi xarakteri idisə, digər tərəfdən sadə və aydın dili, orijinal üslubu idi" (C.Məmmədov. Satira dili, BDU-nun "Jurnalistika" Elmi əsərləri, 1977, ¹ 1, səh. 66). Həqiqətən də "Molla Nəsrəddin" sadə, anlaşıqlı, xalqın başa düşəcəyi dildə nəşr olunurdu. Mirzə, təsadüfi deyildir ki, yazırdın: "Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: - bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var!"

Sizi deyib gəlmişdik, Mirzə! Gəldik və Sizə olan məhəbbəti, ehtiramı bir daha yaxından gördük. Gördük ki, satirik jurnalistikamızın bayraqdarı, qüdrətli sənətkarı, ictimai xadim kimi yaddaşlarda həmişəlik qalmısan, ustad! Ruhun şad olsun...

 

Hacı Etibar ƏHƏDOV,

Lənkəranda çıxan "Aşkarlıq"  qəzetinin baş redaktoru

 

525-ci qəzet.- 2022.- 18 avqust.- S.7.