Şərəfli ömür yolu  

 

Azərbaycan hüquq elminin görkəmli nümayəndələrindən biri olan, hüquqşünas alim, Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosenti, ehtiyatda olan polis polkovniki, Qarabağ müharibəsi veteranı, yüksək mənəvi əxlaqi keyfiyyətləri ilə örnək olan Ağa Kərim Mirzəyev 40 ilə yaxın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində şərəflə çalışmışdır. O, hazırda Azərbaycan hüquq elminə təhsilinə sədaqətlə xidmət edən tanınmış alimlərimizdən biri sayılır.

Bu günlərdə Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ağa Kərim Ağa Səlim oğlu Mirzəyevin 75 yaşı tamam olacaq.

Hər ömür bir kitabdır, deyirlər. 75 yaşı tamam olan Ağa Kərim Mirzəyevin keçən günlərini vərəqlədikcə bu fikri təsdiq edirsən. Bu alovlu vətənpərvər, torpağına, xalqına bağlı insanın həyatı olduqca mənalı keçib.

Ağa Kərim Ağa Səlim oğlu Mirzəyev 1947-ci il avqustun 19-da Bakıda anadan olmuşdur. 1954-cü ildə 134 saylı orta məktəbə getmiş oranı 1965-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olmuş 1970-ci ildə Mexanika fakültəsinin "Avtomobil istismarı" ixtisasını əla qiymətlərlə başa vurmuşdur. 1970-1972-ci illərdə isə Sovet ordusu sıralarında hərbi qulluqda olmuşdur.

Ağa Kərim Mirzəyev 1972-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası DİN sistemində müxtəlif vəzifələrdə çalışmış, həyatın eniş-yoxuşunu görmüş, özünə yol aça bilmiş, ziddiyyətlərlə dolu dünyamızın bərkindən-boşundan şərəflə çıxmış, bu gün həvəslə, ruh yüksəkliyi ilə yaşayıb-yaratmaqdadır.

Daxili işlər orqanlarında çalışdığı illərdə Ağa Kərim Mirzəyev təhsilə böyük maraq göstərmiş 1977-ci ildə SSRİ DİN-in Akademiyasına daxil olmuş, 1980-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmə həvəsi bitib-tükənməyən Ağa Kərim Mirzəyev 1981-ci ildə SSRİ DİN-in Adyunkturasının əyani şöbəsinə qəbul olmuş 1983-cü ildə oranı bitirmişdir. O, 1984-cü ildə Moskvada kriminologiya sahəsi üzrə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.

İşlədiyi dövrdə DİN-in rəhbərliyi tərəfindən Ağa Kərim Mirzəyevin yüksək peşə bacarığı qabiliyyəti daim qiymətləndirilmiş işdə irəli çəkilmişdir.

Ağa Kərim Mirzəyev Daxili İşlər orqanlarında işləəyərkən öz savadı peşə bacarığı ilə əlaqədar olaraq həmişə yüksək vəzifələrdə işləmişdir. Belə ki, o, Sabunçu rayon Dövlət Yol Polisi bölməsinin rəisi, iki dəfə ayrı-ayrı vaxtlarda Bakı Şəhər DYP İdarəsinin rəisi, Bakı şəhər Diaqnostika şöbəsinin rəisi, Respublika Dövlət Yol Polisi İdarəsinin rəis müavini Bakı şəhər Polis idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

Hüquq üzrə fəlsəfə doktoru, dosent Ağa Kərim Mirzəyev 1992-ci ildən bu günədək həyatını Azərbaycan hüquq elminin inkişafına həsr etmişdir. 1992-2007-ci illərdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında İnzibati fəaliyyət kafedrasının rəisi vəzifəsində işləmişdir. 2007-ci ildən Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosentidir. Tələbələrin sevimlisinə çevrilən Ağa Kərim müəllim indi yüksək peşəkarlıqla çalışır, respublikamızda ixtisaslı hüquqşünas kadrların hazırlanmasında böyük rol oynayır. Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış Ağa Kərim Mirzəyev qazandığı təcrübəni elmi nəzəriyyə ilə uzlaşdıraraq gənc tələbələrə böyük həvəslə öyrədir.

O, hər zaman həyatda layiqli yer tutmağa can atmış yüksək uğurlar qazanmışdır. Əllidən artıq elmi əsərin müəllifi olan Ağa Kərim müəllim tələbələrin kriminologiya fənnindən dərsliyə ehtiyaclarını nəzərə alaraq bu il "Sxemlər albomu" adlı dərs vəsaitini çap etdirərək hüquq aləminə dəyərli bir töhfə vermişdir.

Çox yaxşı tanıdığım ən yaxın həmkarlarımdan olan A.Mirzəyev təbiətcə sakit, təmkinli, mədəni, münasibətlərdə xeyli diqqətli xoşrəftar bir insan olmaqla yüzlərlə adamın xeyirxahına çevrilmişdir. Ağa Kərim müəllimi respublikanın elmi ictimaiyyətinə sevdirən əsas keyfiyyətləridən birionun ədalətli, obyektiv olması, işdə və həyatda qanunun aliliyinə ehtiramla yanaşmasıdır. Mənəviyyatı maddiyatdan uca tutan Ağa Kərim müəllim üçün xeyirxahlıq həmişə həyat kredosu olmuşdur. Təvazökar insan və yüksək intellektə malik Ağa Kərim Mirzəyevin Azərbaycan hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında xidmətləri çox böyükdür. A.Mirzəyevin elmi yaradıcılığında ən mühüm cəhətlərindən biri nəzəriyyə ilə praktikanın vəhdət təşkil etməsidir.

Ağa Kərim müəllim dərin elmi biliklərə malik tədqiqatçı olmaqla yanaşı, həm də təcrübəli pedaqoq kimi yüksək ixtisaslı kadrların və zəngin elmi potensiala malik gənc alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Hal-hazırda da o, Milli Aviasiya Akademiyasında hüquq üzrə fəaliyyət göstərən ED 2.45 saylı Dissertasiya Şurasının üzvüdür.

Yüksək nüfuz sahibi olan Ağa Kərim müəllim Milli Aviasiya Akademiyasında hamı tərəfindən təvazökar, prinsipialxeyirxah insan kimi tanınır. Bu müdrik insanın ən dəyərli cəhətlərindən biri də dostlarına isti münasibətidir.

Ağa Kərim Mirzəyevin Fərhad müəllimlə, Nazim həkimlə və Əlövsət Abbasovla keçən əsrin axırlarından başlayan dostluğu bu gündavam edir.

Avqustun 19-da Ağa Kərim Mirzəyevin 75 yaşı tamam olur. Bu münasibətlə onun ünvanına Milli Aviasiya Akademiyasının əməkdaşlarından, keçmiş yoldaşlarından, tələbələrindən təbriklər gəlir. Ünvanlar müxtəlif olsa da, arzular birdir: cansağlığı, gələcək işlərində yeni yaradıcılıq uğurları. Bizbu arzu və təbriklərə qoşulur, inanırıq ki, onun səsi Milli Aviasiya Akademiyasının auditoriyalarından hələ uzun illər bundan sonra da eşidiləcək. İnanırıq ki, Ağa Kərim Mirzəyevin dövlətçilik qarşısında xidmətləri hər cür fəxri adlara layiqdir.

 

 

Şöhlət KƏRİMOV,

 Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosenti,

 hüquq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 18 avqust.- S.6.