“Ədibin evi”ndə oxucularla
görüşümüzü təqdirəlayiq
hesab edirəm”
Aqşin Yenisey: “Oxucuları
istiqamətləndirmək üçün meydan intellektuallara
verilməlidir”
“
Bu sözü tez-tez eşidirik: “Dəstək”.
Daha çox sənayeləşmiş
mövzularda qarşımıza
çıxan “dəstək
olmaq” ifadəsi, əslində, həyatımızda
mühüm rol oynayır. Hər bir insanın
digərinə dəstək
olmağa mənəvi
borcu olduğu kimi, dəstək görməyə də haqqı var. Texnologiyanın
inkişaf etdiyi və lazımlı-lazımsız
bir çox məsələlərin gündəm
olduğu dövrdə
ədəbiyyata dəstək
fondu ilə qarşılaşmaq insana
ümid verir. “Ədibin evi”
ədəbiyyata dəstək
fondu qısa zamanda öz işinə başlayıb
və sosial şəbəkələrdə müxtəli layihələrlə
qarşımıza çıxır.
Gənc qələm adamı kimi buna ürəkdən
sevinirəm.
İçərişəhərdə yerləşən
“Ədibin evi”ndə
“TEAS Press Nəşriyyat evi”
ilə əməkdaşlıq
çərçivəsində yazıçı, şair
və publisist Aqşin Yeniseyin gənc oxucularla görüşü keçirilib.
Çağdaş ədəbiyyatımızın
tanınmış siması
ilə görüş
oxucular tərəfindən
maraqla qarşılanıb.
Sözügedən görüş barədə
Aqşin bəylə həmsöhbət olduq.
***
- Aqşin bəy, bu yaxınlarda "Ədibin evi"ndə oxucularla görüşmüsünüz.
Maraqlıdır, məkan necə
təsir bağışladı,
"Ədibin evi"ndəki
ab-hava necə idi?
- İlk dəfə
idi ki, “Ədibin evi”ndə olurdum. Görüş başlamazdan
öncə “Ədibin
evi”nin rəhbəri
Şəfəq xanımın
bələdçiliyi ilə
ömrünün iki ilini bu evdə
kirayədə yaşamış
mərhum yazıçı
Mir Cəlalın heç
vaxt görmədiyim foto və əlyazmaları
ilə tanış oldum. Daha sonra
Şəfəq xanım
“Ədibin evi”nin fəaliyyəti haqqında söhbət açdı, yeni layihələrdən danışdı.
Məkan
kiçik olsa da, fikirlər, ideyalar böyük idi. Yaradıcı, intellektual söhbətlərin
təşkil olunduğu
beləməkanlarla Türkiyədə
yaşayarkən tez-tez
tanış olurdum. Sevindiricidir ki, artıq Azərbaycanda da yaradıcı adamların
görüşə, danışa,
oxucuların istəyi
və sualları ilə tanış
ola biləcəyi belə yerlər var.
- Görüşdə toxunduğunuz
mövzular oxuculara da maraqlıdır. Azərbaycanlı oxucu nə oxumalıdır və bu istiqaməti
kim verməlidir?
- Bəli, mövzu belə idi: Nə oxumalı, şeir, roman, yoxsa elmi-kütləvi ədəbiyyat?
Mən əvvəlcə
şeirin tarixinin, az qala,
yazının tarixi ilə başladığını
“Gilqamış dastanı”nın
nümunəsində iştirakçıların
diqqətinə çatdırdım.
Daha sonra Avropada XV-XVI əsrlərdən başlayaraq
feodalizm sisteminin dağılmağa başlaması,
yeni sosial münasibətlərin yaranması
ilə şeirin ədəbi-ictimai mövqeyinin
zəifləməsindən və ilk romanların ortaya çıxmasından
söz açdım.
Bildiyimiz kimi, Fransua Rablenin “Qarqantua və Pantqruel” və Migel Servantesin “Lamançlı Don Kixot və nökəri Sanço Panso” romanları ilə özünə cığır
açan roman janrı
beş yüz illik tarixi boyunca
dünyanın bütün
qitələrinə yayıldı.
Amma bununla şeirə diqqətin azaldığını
söyləmək olmaz,
son illər şairlərin
(məsələn, Bob Dilan)
Nobel mükafatına layiq
görüldüyü də
bunu deməyə əsas verir. Ümumiyyətlə, bu gün dünyada təkcə şeirin deyil, bütünlüklə sənətin
sona çatdığını
iddia edən müəlliflərin və
kitabların sayı yetərincədir ki, bu iddialar da
yeni deyil. Hələ eramızın I əsrində
Roma sərkərdəsi və
tarixçisi Plini yunan heykəltaraşı
Lisippin ölümü
ilə sənətin başa çatdığını
söyləyirdi. Eyni sözləri
XVI əsrdə italyan
yazıçı Corc
Vasari Mikelancelonun ölümündən
sonra dilə gətirmişdi. Romantizmin meydana
gəlməsi ilə sənətin fəlsəfəyə
meyilləndiyini və
tükəndiyini deyən
Hegel də eyni fikirdə idi. Adorno, Hauzer kimi intellektuallar
da avanqardın ortaya çıxmasını
“sənətin ölümü”
kimi dəyərləndirirdilər.
Lakin bu iddiaların heç biri özünü doğrultmadı.
Sənətin bu saysız-hesabsız
“ölümləri” onun,
sadəcə, özünə
xas təkamül prosesindəki mərhələlərinin
sonu və başlanğıcı idi.
Amma bu gün romanın şeiri sıxışdırdığı
kimi, elmi-kütləvi
ədəbiyyatın da
romanı sıxışdırdığını
müşahidə edirik. Bu gün,xüsusilə, inkişaf
etmiş dünyada ən çox satılan və oxunan kitabların elmi-kütləvi ədəbiyyata
aid olduğu kimsəyə
sirr deyil. Bu günün romanı fəlsəfi fikirlərlə
yanaşı, elmi məlumatlarla da özünü zənginləşdirməyə
can atır. Qonşu Türkiyədə artıq şeir kitablarının çapından
imtina edən nəşriyyatların mövcudluğunun
şəxsən şahidiyəm.
Bu nəşriyyatlar daha çox elmi-kütləvi, fəlsəfi
kitabların nəşrində
maraqlıdırlar. Azərbaycanda da elmi-kütləvi ədəbiyyata marağın
get-gedə artdığını
müsbət qiymətləndirməliyik.
Nə oxumalı seçiminə
gəldikdə isə
oxuculara istiqamət vermək üçün
sözsüz ki, meydan intellektuallara verilməlidir. O şəxslərə
ki, sənət, fəlsəfə, elm tarixindən
xəbərdardırlar.
- Belə görüşlərin
sağlam oxu mühiti formalaşdıracağı
barədə nə düşünürsüz? Məsələn, elə "Ədinin evi" layihəsi hansı baxımından qiymətlidir?
- Təkcə sağlam oxu mühiti deyil, sağlam cəmiyyət yaratmaq üçün də sənət əsərləri
misilsiz əhəmiyyətə
malikdir. Hətta rus alimi Lev Qumilyov “Xalqların passionarlığı” kitabında
Quranın yaranmasını
və dilini ərəb poeziyasının
V əsrdəki intibahı
ilə əlaqələndirirdi.
Yaradıcılığın yunan tragediyasından
gələn iki növü var; Apollonik və Dionisostik. Apollonik sənət daha
çox ağılın
gücü ilə yaradılan əsərləri
əhatə edir.
Tam əksinə, Dionisostik
sənət ilhamın,
hiss və emosiyaların
gücü ilə yaradılır. Bu mənada Şərq və Qərbin sənətə baxışı
da haçalanır.
Qərb daha çox Apollonik, Şərq isə Diosinostik sənət əsərlərinə
üstünlük verir
ki, bunun da kökündə Qərbin və Şərqin keçdiyi tarixi proseslər rol oynayır. Qərbdə
kapitalizmin diktəsi ilə cəmiyyət həyatının ailə
institutunu üstələməsi,
əksinə, Şərqdə
ailə institutunun cəmiyyət həyatından
üstün tutulması
bu xalqların sənətə, ədəbiyyata
münasibətinə də
təsir göstərir.
Roman çoxşaxəli münasibətlər üzərində
qurulduğu üçün
daha çox cəmiyyət-fərd arasında
baş verən hadisələrə, konfliktlərə
fokuslanır. Çağdaş şeirin isə belə bir iddiası
yoxdur. Çağdaş şeir zaman-məkan
ölçülərinə, şərtlərinə tabe
deyil. Şərqdə, xüsusilə, müsəlman
Şərqində sosial
münasibətlər öz
ənənəviliyini və
mühafizəkarlığını qoruduğu üçün
şeirinmeydanı, romana,
elmi-kütləvi əsərlərə
nisbətən daha genişdir. Biz cəmiyyət həyatını
sağlamlaşdırmaqdan ötrü
mütləq inkişaf
etmiş cəmiyyətlərin
yolunu getməliyik.
Diosinostik sənətlə yanaşı, Apollonik sənət əsərlərinə,
elmi-kütləvi ədəbiyyata
marağı artırmalıyıq.
Bu mənada “Ədibin
evi”ndə oxucularla görüşümüzü təqdirəlayiq hesab edirəm. Bu cür görüşlər
tez-tez və müxtəlif yaradıcı
şəxslərlə keçirilməlidir
ki, cəmiyyətimiz meyxanaçılıqdan uzaqlaşıb
romana, elmi-kütləvi
ədəbiyyata üz
tutsun.
- Görüşdə gənc
oxucularla qarşılıqlı
ünsiyyətdə olmusunuz.
Nə müşahidə etdiniz?
Hazırlıqlı oxucular sayca
üstün idilərmi?
Ümumiyyətlə, sualların istiqaməti
sizi qane etdimi?
- Kitablarımı və yazılarımı oxuyanların ortaq bir fikri var ki, bu kitablar, yazılar hazırlıqlı oxucular üçündür. “Ədibin evi”ndəki görüşümüzdə də bunun şahidi oldum. Suallardan hiss etdim ki, görüşə gələnlər sənət, ədəbiyyat haqqında heç də məndən az məlumatlı deyillər. Əksinə, bəzən çıxışım zamanı yaddaşımın səliqəsizliyi ucbatından yol verdiyim səhvlərimi düzəldən oxucular da oldu. Və mən bir daha modernistlərin dediyi “sənət sənət üçündür”, yaxud marksistlərin iddia etdiyi “sənət xalq üçündür” tezisləri ətrafında düşünməli oldum. Məncə, sənət özündə intellektual, estetik həzzə ehtiyac hiss edən mənəvi cəhətdən elit bir kəsim üçündür. Sevinirəm ki, mənim oxucularım bu kəsimin nümayəndələrindən ibarətdir.
- "Ədibin evi"ndən hansı təəssüratlarla ayrıldınız?
- Özümü sıradan insanların şəxsi və müvəqqəti ehtiyaclarından məhrum edib bütünlüklə yazıya həsr etdiyim üçün qürur duydum. Zəhmətimin hədər getmədiyinə bir daha şahid oldum. Məhrumiyyətlər içində keçən bu illər ərzində mənim yalnız bir qazancım olub - İnsan və insanlar! Bu görüş mənə heç vaxt tükənməyəcək öz sərvətimin bir hissəsi ilə tanış olmağa imkan yaratdı. Buna görə “Ədibin evi”nin kollektivinə təşəkkür edirəm.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 20 avqust.- S.12.