Bir türkün özü, sözü və izi  

 

Professor Tofiq Məliklinin dünyaya açılan pəncərəsi

 

Tofiq Məlikli - 80

 

Bu dünya bir pəncərədir, hər gələn baxar gedər...

Milyardlar baxıb gedib, heç izi, tozu da qalmayıb...

Bir çoxları yazdıqları əsərlərlə, etdikləri qəhrəmanlıqlarla yaşayır, tikdikləri qalalara, körpülərə, kəhrizlərə, çəkdikləri yollara adlarını verib gediblər.

Qarabağda iblis toplumun dağıtdığı, əhalisini pərən-pərən saldığı kəndlərdə hər təpənin, dərənin, bulağın adı vardı, əsrlərdi bu adlar yaddaşlarda saxlanırdı, gənc nəsillərə ötürülürdü. Xəritəyə düşməmiş o adlar qaçqın-köçkün nəslə ötürülməmiş qaldı.

Bu dünya bir pəncərədir, hər gələn baxır gedir... Bu qısa sürədə izini-sözünü qoyub getməyə çalışır. Nə yazıqlar ki, hamıya qismət olmur bu qalıcılıq...

Sözünü, izini bu dünyada qoyan xoşbəxtlərdən biri Anadoluda, Qafqazlarda, Orta Asiyada, son üç əsrdir Rusiya adlanan Avro-Asiya məkanında, bir sıra Avropa ölkələrinin türkoloji çevrələrində yaxşı tanınan Prof. Dr. Tofiq Məliklidir.

Yer üzündə yaradılmışların hər birinin öz missiyası, görəvi vardır. Bu, bitki və heyvanat aləmində küll halındadırsa, Yer üzünün əşrəfi insanda fərdiləşir... Tofiq Məliklinin yaradıcılıq yoluna baxdıqda bu fəlsəfi baxışın doğruluğuna inamım artır. Anayurdu Azərbaycanın timsalında bütün türk dünyasını dərindən sevən, bu sevgini sözlə, işlə - yazdığı əsərlərlə, əcnəbi universitetlərdə oxuduğu mühazirələrlə göstərmiş, Sovet dönəmində çoxlarının cürət etmədiyi gerçəklikləri deyib yazmış Tofiq Məlikli türkoloq kimi ömrünün bu çağında da öz missiyasını yerinə yetirməkdə davam edir. O, tək çağdaşlarına deyil, gələcək nəsillərə də zəngin irs qoymuşdur.

Mən Tofiq Məliklini yarım əsrdən çox bir sürədən - 1963-cü ildən oxuduğumuz indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsindən tanıyıram. Biz 1-ci kursda olarkən, o, 4-cü kurs tələbəsiydi. Biz ona aşağıdan yuxarı baxırdıq, ona görə yox ki, hamıdan ucaboy idi, yuxarı kursda oxuyurdu... O, fakültəmizin o zamanlar "komsorq" adlanan gənclər təşkilatına başçılıq edirdi. Universitetə ilk ayaq basandan bizə qayğı ilə yanaşdı, səmimi məsləhətlər verdi, sorularımızı həmişə dinləməyə hazır olduğunu bildirdi. Bir olay ona olan inamımızı daha da artırdı.

...Sevdiyi qızla aralarında baş vermiş mübahisəyə görə "xuliqanlıq" damğası ilə universitetdən qovulması yuxarıdan sifariş olunmuş tələbəni sona qədər müdafiə etdi, ədalət qalib gəldi. Biz tələbələr Tofiq Məlikliyə baxıb düzlənirdik. İstər Bakıda, istərsə də Moskvada aspiranturada oxuduğu və mötəbər institutlarda çalışdığı illərdə də bizim üçün örnək oldu.

Ötən ay Şuşada keçirilmiş Uluslararası Mətbuat Forumuna qatılmış İraq-Azərbaycan Dostluq Cəmiyyətinin başqanı, "Sadaqa" ("Dostluq") qəzetinin baş redaktoru, doktor Muutaz Muhinin Tofiq Məliklinin kimliyi və fəaliyyəti sorusuna birdən-birə cavab verə bilmədim. Zira Tofiq bəyin çoxqranlı elmi, ədəbi, milli təəssübkeş kimi ictimai-siyasi və s. fəaliyyətini qısa şəkildə sadalamaq olumsuzdu.

Kimdir Tofiq Məlikli?

XX əsrin son, XXI əsrin ilk onilliklərində türk xalqları ədəbiyyatının, tarixinin, ictimai fikrinin yayılmasına xidmət etmiş ən tanınmış türkoloq, fədakar qələm sahibi!..

Üç dildə - azəri və Anadolu türkcələrində, rus dilində yazılmış yüzdən çox dərin məzmunlu, elmi dəyərli məqalələrin, elmi monoqrafiyaların, publisistik və bədii kitabların müəllifi!..

 

Azərbaycan yazarlarının, bilim adamlarının, millətsevərlərin Moskvada qeyri-rəsmi elçisi!.. Ona görə qeyri-rəsmi ki, ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən ictimai-siyasi, ədəbi, elmi sürəcləri daima Moskvada rus dilində yaymış, buradakı azərbaycanlıları bir araya gətirmiş, yeri gələndə xalqın səsini dünyaya çatdırmaq üçün həmrəylik, etiraz yürüşləri, diskussiyalar təşkil etmişdir!..

1988-ci ildə Moskvada azərbaycanlıların xaricdə ilk "Ocaq" Mədəni Cəmiyyətinin yaradıcılarından birincisi və sədri!..

1988-ci ildə Bakıda "Kitabi-Dədə Qorqud"un ilk kollokviumunun təşkilatçısı!..

Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının sədri!..

Şumerlər dönəmindən üzü bəri, güneyin istisində qovrulmuş Ata yurdu Xəzər qıylarında sərinləmiş azərlərin, Az ərlərinin son əlli ildə örnək təmsilçisi!..

Əgər dünya millətlərini tanıdan bir törən keçirilsəydi, azəri türkünü təmsil edən şəxsiyyət kimi Tofiq Məlikli həm zahirən, həm də daxili potensalına görə 1-ci namizəd olardı...

Orta əsr ərəb-islam filosoflarından Əl-Fərəzdaq yaradıcılığında insanın daxili aləmi ilə zahiri görünüşü arasında bağlılığa xüsusi yer vermişdir.

İç dünyası, daxili zənginliyi, saflığı, bütövlüyü, qürurluluğu Tofiq Məliklinin sifətində, gözlərində, danışığında, hərəkətlərində əks olunmuşdur.

1963-cü ildə onu necə görmüşdümsə, necə tanıyırdımsa, eləcə də qalmışdı. Sadəcə indi daha çox millətsevər, yurdsevər, qayğıkeş olmuşdu, mərdlik, kişilik xüsusiyyətlərinin üstünə gətirmişdi... Öz ideallarını adamı əzib-büzüb şəkildən-şəklə salan yaşamın amansız çovğunlarından qoruyub saxlamışdır. Mən onu duyduqca qürurlanıram. Özü təkin dostlarımızla yan-yörəmizdəki yalanlar, çoxsifətlilər, rüşvətxorlar, mənsəbpərəstlər və s. arasında təmiz bir adacıq görürəm... Qalan ömrümü yaşamaq, nəfəs alıb boğulmamaq üçün qurtuluş görürəm!..

Tofiq bəyin millət, Anayurd, əqidə, qürbət haqqında düşüncələri mənim üçün doğmadan doğmadır, könlümün sarı siminə vurur... On il qəriblikdə - uzaq Əlcəzairdə, Liviyada, Suriyada, İraqda, yaxın-uzaq Qazaxıstanda yaşamışam. Əsgərlik çəkənlər günləri sayan təki Anayurda dönəcəyim günü gözləmişəm. Tək təskinliyim gələn məktublar, radionun dalğaları içində zəif "Danışır Bakı" səsi olubdur. Gəncliyimdə "ailəm yanımda olsa, bu qədər darıxmaram" deyə düşünmüşdüm. Amma arvad-uşaqla da qürbətdə darıxmışam. Bir gerçəkliyi anlamışdım ki, ata-anam, bacı-qardaşlarım da yanımda olsalar, yenə də Anayurd üçün darıxacam... Onsuz yaşaya bilmərəm...

lll

Tofiq Məliklinin avtoqrafla mənə verdiyi sonuncu 70x100 ölçüsündə 415 səhifəlik  "Türkün özü və sözü" kitabını oxumaqdan dərin zövq aldım. Onun "Suyu axtaran adam" memuarında keçdiyi yaşam yolu maraqla təsvir edilsə də, türkoloq alim, şair, ictimai xadim kimi keyfiyyətləri tam açılmamışdı. Bu kitabda isə onun elmi, bədii yaradıcılığının, millət yolunda ictimai fəaliyyətinin geniş ponaramı verilir. Və bunu kitabda müxtəlif illərdə ayrı-ayrı müəlliflərin çeşidli mətbuat orqanlarında dərc edilmiş yazıları göstərir. İstər onun özünün, istərsə də ədəbi-elmi ictimaiyyətimizin qaymaqları olan müəlliflərin hər sözü, hər cümləsi, yorumları səmimidir, bir dənə də olsa bayağı fikrə, boğazdan yuxarı "tost" cümləsinə rast gəlmədim... Çox bədbinlik əhval-ruhiyyəsində olduğum bir sürədə buradakı yazılar ürəyimə sərin su səpdi, ürək damcıları təsiri bağışladı.

Beş bölümdən ibarət "Türkün özü və sözü" kitabını düzənləyəni və redaktoru Prof. Dr. Vaqif Sultanlı yazdığı Ön sözü belə başlayır: "Milli-etnik mənsubiyyətilə Azərbaycana bağlanan, araşdırmaları Türk Dünyasının hüdudlarına sığmayan bir genişliyə sahib olan Tofiq Məlikli, yaradıcılığının elmi tutumu ilə çağdaş dünya türkologiyasının önəmli şəxsiyyətlərindən biridir".

Bu bir cümlənin açması beş bölümdən ibarət kitabda toplanmış yazılar və fotolardadır.

Vaqif Sultanlı Tofiq Məliklinin milli duyğulardan qidalanıb güc alan ədəbi kimliyini, cəngavər kimi meydana atılaraq, ötən əsrin 30-cu illərindən bəri neçə-neçə Vətən oğullarını udmuş pantürkizm əjdahasına qarşı davasını, elmi, ictimai fəaliyyətini verməyə çalışmışdır. Zira Tofiq Məliklinin düşüncələrini, elədiklərini bir yazıyla vermək, bir kitaba sığışdırmaq çox çətindir. Həm də bu, tək adamın işi deyil. Məhz elə buna görə də sayqılı Vaqif Sultanlı bu görkəmli şəxsiyyətin - ömrünün 50 ildən çoxunu Anayurddan uzaqda yaşamış, üç dildə yazıb yaratmış Tofiq Məlikli haqqında tək Bakıda deyil, Moskvada, Türkiyədə yazılıb nəşr edilmiş yazılarının bir qismini bu kitabda toplamışdır.

Birinci bölüm - T.Məlikli haqqında yazılar bölümü çağdaş yazarlarımızın öndəri  Anarın yazısı ilə başlayır, "gah öyülən, gah da söyülən" türkoloq şairin məşhur Türkiyə yazarları ilə əlaqələrindən söhbət açılır, ölkəmizin xaricdə təbliğində onun fəaliyyətinə yüksək dəyər verilir.

 

Bir haşiyə çıxım ki, Sovet dönəmində, özgürlüyümüzün ilk illərində, neftimizin dünya bazarına çıxmasına, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun müzəffər qələbəsinə qədər Azərbaycanın dünyada tanıdılmasına, təbliğinə daha çox ehtiyac vardı. 90-cı illərdə ilk müstəqil xəbər agentliyi və ilk ingiliscə "Azernews" qəzetinin qurucusu və baş redaktoru kimi bütün bunları hay-erməni təbliğat maşını ilə döyüşdə yaşamışam...

(Diqqətə çatdırım ki, Anarın Tofiq Məlikli haqqında müxtəlif illərdə yazdığı yazılardan bir neçəsi kitabda verilmişdir).

Bu bölümdə tanınmış qələm sahibləri, bilim adamları Minəxanım Təkləli, Əsgər Rəsulov, Nəsib Nəbioğlu, Fikrət Qoca, Firəngiz Xancanbəyova və İlham Bədəlbəylinin bir-birinə bənzəməyən, fərqli rakurslardan baxılmış yazıları toplanmışdır. Sonra, məşhur türkoloqlardan akademik Y.P.Çelişevin, Ədhəm Tenişevin, prof. T.P.Qriqoryevanın, Türkiyədən böyük türk şairi F.H.Dağlarcanın, şair və tənqidçi Atilla Özkırımlının, Ataol Bahramoğlunun, Kemal Özerin, T.C. Moskva səfiri Halil Akınçının, Orxan Arasın və çoxsaylı Azərbaycan yazar və bilim adamlarının T.Məlikli haqqında söylədikləri lakonik şəkildə verilmişdir. Mən bunlardan yalnız akademik Yaşar Qarayevin məşhur bir cümləsini xatırlatmaq istəyirəm: "Tofiq haradadırsa, Azərbaycan da oradadır".

Kitabın ikinci "Əsərlərinə yazılmış rəylər" bölümü Anarın "Üçtelli söz" adlı yazısı ilə başlayır. Bu, Tofiq Məliklinin üç dildə - Azərbaycan və Türkiyə türkcəsincə, rus dilində yazıb nəşr etdirdiyi esse və məqalələrdən ibarət toplusuna Anarın verdiyi addır və sözügedən kitabı üçtelli saza bənzədir. Tofiq Məliklinin bu dillərdə qələmə aldığı 20-dən çox kitabının əksəriyyəti Yusif Balasaqunlu, Mahmud Qaşqarlı, Əhməd Yasəvidən başlayaraq, Cəlaləddin Rumidən, Yunis İmrədən keçərək, XX əsr Türk ədəbiyyatının nəhəngləri Nazim Hikmətin, Əziz Nesinin, Fazil Hüsnü Dağlarcanın, Yaşar Kamalın, Orxan Pamukun və şəxsən tanış olduğu digər yazıçı və şairlərin yaradıcılığına həsr olunmuşdur.

Bu bölümdə, həmçinin, Südabə Ağabalayeva, Afaq Şıxlı, Ataol Bəhramoğlu, Təranə Vahid, Vaqif Yusifli, Nəsib Nəbioğlu, Orxan Aras, Aqşin Babayev, Firuz Mustafa, Mariya Nikolayeva və Tünzalə Qasımovanın çox maraqlı, bir-birinə bənzəməyən ətri olan çöl çiçəkləri dəmətini xatırladan yazıları oxucuya zövq verir.

Kitabda "Yazılardan seçmələr" bölümündə görkəmli türkoloqun çoxsaylı əsərlərindən örnək olaraq 14 məqaləsi verilmişdir. "Qədim türk şeir gələnəyi və heca vəzninin formalaşması", "Batı-Doğu kontekstində türk kültür gələnəyi", "Poeziya inqilabçısı Nazim Hikmət", "Literatura drevnıx tyurkov", "Kniqa Dede Korkuta, napisannıx na yazıke oquzov", "Velikiy poet i sufiy Djelaleddin Rumi", "Dolqaya doroqa v Şuşu" Tofiq Məliklinin 50 ildən çox dönəmdə Bakıda, Moskvada, İstanbulda, Ankarada, bir sıra Avropa ölkələrində nəşr olunmuş əsərlərinə əli çatmayan oxucuları onun yaradıcılığı ilə tanış edir.

Eyni fikri "Elmi və ədəbi söhbətlər" başlığı ilə verilmiş bölüm haqqında da demək olar.

Moskva-Türkiyə-Azərbaycan-Türküstan dördbucağında həm türkoloq, həm də ədəbiyyatçı kimi populyar olan bilim adamı qəzetlər və TV kanalları vasitəsilə mesajlar verir, qəflət yuxusundan ayılmış insanları maarifləndirirdi. Gerçəkdən "Türkologiya Azərbaycanın milli sərvətidir", "Türkologiya Azərbaycanın milli elmidir", "Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli şüurun özəyidir", "Bədbəxt xalqın xoşbəxt bəndəsi olmur", "Heç nədən hər şeyə sahib olanlar tez korlanırlar", "Cəmiyyəti idarə etmək üçün ən gözəl sistem mədəniyyətdir", "Slovo, kotoroe delaet çeloveka", "Veliçie serdsa Nazima Xikmeta", "Tofiq Melikli i "Ocaq" başlıqlı müsahibələrində bir sıra qaranlıq məsələlərə işıq salınır, geniş oxucu kütlələrinə gerçək məlumatlar verilirdi. Onu da qeyd edim ki, Tofiq Məliklini maraqla dinləyən, yazılarını oxuyanlar onunla razılaşır, sözlərinə, ideya və fikirlərinə şübhə ilə yanaşmırlar. Bunun bir səbəbi faktların dəqiqliyidirsə, digər səbəbi onun səmimiliyidi.

Kitabın sonunda "Şəkillərdə yaşam" bölməsində gördüyüm simalar məni həm qürurlandırdı, həm də kövrəltdi. Bir sıra doğma, tanış simalar artıq dünyadan köçmüşdülər. 1-ci şəkil Tofiq Məliklinin ulu babasının mülkünü əks etdirirdi, sonuncu şəkil 2021-ci ildə Tofiq Məliklinin Vilayət Quliyev, Rafael Hüseynov, Vahid Əzizlə Şuşa yolunda çəkilmişdi.

P.S. Artıq qürbət yaşamına son qoyub,  Ana yurda dönmüş Tofiq bəyin təqvim yaşı 80-i haqlasa da, fiziki durumu, bioloji yaşı, öncələrdəki təki elmi araşdırmaları, yazıb-yaratması göstərir ki, o, möhkəm tutduğu qələmi ilə, müdrik, orijinal düşüncələri ilə yurddaşlarını hələ çox sevindirəcəkdir.

 

Fazil GÜNEY

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.10.