Mirvarid Dilbazinin xatirəsi Qazaxda yad edilib

 

Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi münasibətilə Qazaxdakı Ədəbiyyat muzeyində təntənəli yubiley mərasimi keçirilib.  Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin, Qazax rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə" İctimai Birliyinin "Mirvarid Dilbazi Poeziya məclisi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley mərasimində əvvəlcə 1997-ci ildə Ulu öndər Heydər Əliyevin M.Dilbaziyə "İstiqlal" ordeni təqdim etdiyi görüntüləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun giriş nitqindən sonra söz tədbirin aparıcısı, "M.Dilbazi Poeziya məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verilib. Yubileydə AYB Qazax bölməsinin sədri Barat Vüsal, "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, tanınmış şair sosioloq Əhməd Qəşəmoğlu, BDU-nun müəllimi, tənqidçi-ədəbiyyatşünas Məti Osmanoğlu, "M.Dilbazi Poeziya məclisi" İctimai Birliyinin təşkilatçı üzvü Vüsal Seyranoğlu, Borçalı əsilli tanınmış şairə Səadət Buta çıxış ediblər. B.Vüsal qeyd edib ki, M.Dilbazinin bir şeiri bütövlükdə onun sənət kredosu hesab oluna bilər. O, həmin şeirdən bu misraları xatırlayıb:

 

Neynirəm buz ürəyi,

Od istər qız ürəyi.

Mənə bir ürək verin,

İsitsin yüz ürəyi!

 

Tədbirdə müğənnilərdən Mehranə Vəliqızı, təbrizli qonaq Arif Mehmandust Xalq şairinin sözlərinə bəstələnmiş mahnılardan ifa ediblər. Şairin anadan olduğu Xanlıqlar kənd orta məktəbinin, eləcə də M.Dilbazi adına Böyük Cəfərli kənd orta məktəbinin şagirdləri şairin öz şeirlərindən və ona həsr olunmuş şeirlərdən bəzilərini səsləndiriblər. Sonra tədbir aşıq Samir Allahverdiyevin sazda ifası ilə yekunlaşıb.

 

525-ci qəzet.- 2022.- 23 avqust.- S.6.