Qobustan Qoruğundakı elmi-tədqiqat
işlərilə bağlı tədbir keçirilib
Qobustan Milli Tarix-Bədii Qoruğunda "Qərbi Asiyada ibtidai incəsənətin yaranması,
inkişafı və yayılması: Qobustan"
layihəsinin yekununa dair mətbuat konfransı keçirilib.
Qobustan Milli Tarix-Bədii Qoruğunda xarici tərəfdaşlarla müştərək
elmi-tədqiqat layihələri
çərçivəsində 2019-cu ildən icrasına başlanılan "Qərbi
Asiyada ibtidai incəsənətin yaranması,
inkişafı və yayılması: Qobustan"
layihəsinin son mərhələsi
başa çatır.
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin,
Qobustan Milli Tarix-Bədii Qoruğunun,
Madrid Komplutense Universitetinin
(İspaniya) və
Ferrara Universitetinin (İtaliya)
dəstəyi ilə həyata keçirilən
layihənin əsas məqsədi Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqi, xronometrik üsulla qayaüstü təsvirlərin
xronoloji çərçivəsinin
müəyyən edilməsi
və üzəri təsvirli qayalarla insan məskənləri arasındakı əlaqələri
üzə çıxarmaqdır.
Layihədə Qobustan
Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu,
Madrid Komplutense Universiteti
(İspaniya), Milli Elmi Tədqiqatlar Mərkəzi (Fransa),
Ferrara Universiteti (İtaliya),
Milli Araşdırma Şurası (İtaliya), Rovira və Virgili Universiteti (İspaniya), Katalon İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutu
(İspaniya), Barselona Universiteti (İspaniya),
Milano Universiteti (İtaliya)
və Neapol l'Orientale Universiteti (İtaliya) iştirak edib.
Qoruğun direktoru Vüqar
İsayev öncə
"Qərbi Asiyada ibtidai incəsənətin
yaranması, inkişafı
və yayılması:
Qobustan" layihəsi
haqqında ətraflı
məlumat verib, 2019-cu
ildən icrasına başlanılan tədqiqat
işinin COVİD-19 pandemiyası
ilə əlaqədar
fasilələrlə davam
etdiyini diqqətə çatdırıb. Qeyd edib
ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının
yuxarı səki sahəsində yerləşən
Ana zağa sığınacağının
qayaüstü təsvirlərinin
qeydiyyatı aparılıb,
1960, 1970 və 1980-ci illərdə
arxeoloqlar İ.Cəfərzadə,
C.Rüstəmov və
F.Muradova tərəfindən
aparılmış arxeoloji
qazıntılar zamanı
qeydə alınmış
mədəni təbəqə
və qoruğun fondunda saxlanılan üzəri təsvirli daşlar müasir elmi metodlarla öyrənilib. Təsvirlərin minimum yaşının müəyyənləşdirilməsi
üçün təsvirli
qayalarla birbaşa əlaqədə olan
1977-ci ildə C.Rüstəmov
tərəfindən arxeoloji
qazıntı işləri
aparılmış kiçik
sahədə qeydə
alınmış mədəni
təbəqəyə baxış
keçirilib.
Vüqar
İsayevin sözlərinə
görə, ərazidə
ilkin mərhələdə
aparılan tədqiqatlar
zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən
(təxminən 10000 il
əvvəl) Orta əsrlərə (XV əsr)
qədərki dövrü
əhatə edən 5
arxeoloji təbəqə
qeydə alınıb.
Son zamanlar əcnəbi
mütəxəssislər tərəfindən
qoruğa elmi tədqiqat məqsədi ilə çoxsaylı müraciətlərdən bəhs
edən Vüqar İsayev Qobustan abidələrinin artıq
dünya mütəxəssislərinin
diqqət mərkəzində
olan elmi tədqiqat obyektinə çevrildiyini bildirib.
Qoruq rəhbəri xarici ölkələrdə aparılacaq
elmi-tədqiqat layihələrində
qoruq əməkdaşlarının
iştirak etməsi barədə ilkin razılığa gəlindiyini
deyib.
İspaniyanın Rovira və Virginiya universitetinin professoru Manuel Vaquero Rodrigez
Qobustanı qayaüstü
incəsənətinin əhatə
etdiyi tarixi çərçivənin genişliyi,
mövzu müxtəlifliyi,
ayrı-ayrı dövrlərin
həyat səhnələrini
əks etdirməsi, təsvirlərinin müxtəlif
texniki üsullarla real
çəkilməsi cəhətdən
tayı-bərabəri olmayan
qədim abidələr
kompleksi adlandırıb,
apardıqları tədqiqat
işindən danışıb.
Qeyd edib ki, aparılan son elmi tədqiqatlar nəticəsində ərazidən
daş materiallar, insanlar tərəfindən
ovlanmış heyvan sümükləri (qoyun, keçi, at və iribuynuzlu), bəzək
əşyaları, keramika
və son 10000 il ərzində ətraf mühitin necə dəyişdiyini anlamağa
imkan verən kömür qalıqları
aşkar olunub.
Tədqiqatçı qeydə alınan ən maraqlı tapıntılardan biri - Mezolit dövrünə
aid edilən 5-ci təbəqədə
aşkarlanan insana məxsus osteoloji qalıqlar barədə ətraflı məlumat verib. O bildirib ki, aşkar olunan sümüklər azyaşlı
bir şəxsin (4-8 yaş arası uşaq) ayağına aiddir. Ərazidə aşkar olunan
və bu tapıntı haqqında daha çox məlumat əldə etməyə kömək edəcək əlavə təhlil gözləyən
artefaktların insan qalıqlarının dəfnə
aid olduğunu fərz
etməyə imkan verir. Tədqiqatçı onu da əlavə edib ki, bu tapıntılar
70-ci illərdə C.Rüstəmov
və F.Muradova tərəfindən aparılan
qazıntılar zamanı
Ana zağada aşkar olunmuş məlum insan qalıqları ilə üst-üstə düşür. Qobustanın
uzun dövrlü qayaüstü təsvirlərinin
burada yaşayan insanların mənəvi aləmini, incəsənət
duyumunu öyrənmək
üçün əvəzsiz
xəzinə olduğunu
deyən ispan mütəxəssis gələcəkdə
aparılacaq tədqiqatların
aşkar olunmuş osteoloji qalıqların yaşını daha yaxşı müəyyənləşdirməyə,
C.Rüstəmov və
F.Muradova tərəfindən
aşkar olunan digər skelet qalıqları ilə əlaqəni müəyyən
etməyə imkan verəcəyini bildirib. O qeyd edib ki,
Ana zağadakı insan
qalıqları son ovçu-yığıcı
cəmiyyətinin ənənəvi
rituallarının və
simvolik davranışlarının
öyrənilməsində açar rolunu oynayır.
"Sonrakı tədqiqatlar
qalıqları aşkar
olunmuş uşağın
DNT-sini və onun daha çox
ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini
müəyyən etməyə
imkan verəcək. Eyni zamanda,
izotopik analiz bu insanların gündəlik qidalanması
haqqında məlumat əldə etməyə şərait yaradacaqdır".
Sonra iştirakçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Sonda media nümayəndləri üçün infotur təşkil olunub.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 25 avqust.- S.6.