Zamana boyun əyməyən köklü ənənələr: Azərbaycanda tolerantlıq mühitinin keçmişinə və indisinə bir baxış

 

(Əvvəli ötən sayımızda)

Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan zəbt etdiyi ərazilərdə xalqımızın min illər ərzində qurub yaratdığı tarixi-mədəni abidələri yerlə-yeksan edib, Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb. Erməni tarixçiləri heç bir dəlilə əsaslanmadan hər yerdə Azərbaycan-alban toponimlərini dəyişərək saxta tarix yaratmaqda davam edirlər. Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdə geniş qazıntı işləri apararaq bu torpaqlarda erməni izi axtarır, saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə verir. Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban ənənələri erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirir ki, Qarabağdakı alban abidələrinin ermənilərə heç bir aidiyyətinin olmadığını başqa yollarla da sübut etmək mümkündür: "Məsələn, tutaq ki, Qarabağdakı xristian abidələri ermənilərə məxsusdur. Bəs, onda Şəki-Zaqatala bölgəsindəki xristian abidələrini kim tikib? Axı, ermənilər bu bölgədə heç vaxt kompakt halında yaşamayıblar! Digər tərəfdən, Yuxarı Qarabağda Gəncəsər monastrı ətrafında XIII-XIV əsrlərə aid qəbir daşlarının üstündə xristian adları ilə yanaşı, türk adları da həkk olunub və bu onu göstərir ki, hələ o dövrdə Qarabağ xristianlarının bir qismi türk etnosuna mənsubiyyətlərini itirməmişdilər. Ermənilər tərəfindən udilərlə bağlı məsələnin süni mübahisə obyektinə çevrilməsinə gəlincə, bu etnik qrupun ermənilərə heç bir aidiyyətinin olmadığı tarixşünaslıqla təsdiqini tapmış inkarolunmaz faktdır. Belə ki, VII əsrdə Azərbaycanda İslamın yayılması ilə əlaqədar olaraq yerli əhalinin, o cümlədən, udilərin bir hissəsi dinini saxlayıb və bundan istifadə edən erməni kilsəsi tədricən udilərin qriqoryanlaşdırılması prosesinə başlayıb. Uzun əsrlər boyu davam  edən proses 1836-cı ildə faktiki olaraq hüquqi cəhətdən qanuniləşdirilib və xristian albanların bir hissəsi tam və qəti erməniləşməyə, assimilyasiyaya məruz qalıb. İqamətgahı Gəncəsər yerləşən Alban katolikosluğu formal olaraq 1836-cı ilə qədər mövcud olub, imperator I Nikolay və Rus Pravoslav kilsəsinin müqəddəs Sinodunun reskriptinə uyğun olaraq ləğv edilib. Bu qərar Alban kilsəsinin nominal mövcudluğuna son qoyub və müvafiq dini məbədlər, kilsələr və prixodlar birbaşa Eçmiədzin katalikosluğuna tabe edilib".

Elnarə Kərimovanın dediyinə görə, Dağlıq Qarabağda da faktiki olaraq eyni proses həyata keçirilib və bu bölgədə xristian türk izlərinin silinməsinə cəhd göstərilib. Şübhəsiz ki, bu tarixi həqiqətlərin üzə çıxması ədalətin gec də olsa bərpası üçün böyük əhəmiyyət daşıyır və təqdirəlayiq haldır ki, artıq bu istiqamətdə lazımi addımların atılmasına başlanılıb. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılıb və müvafiq qaydada dövlət qeydiyyatından keçib. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Sevindirici haldır ki, bu günə qədər Azərbaycan hökuməti tərəfindən Norveç Krallığının humanitar təşkilatının maliyyə dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edilib, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki "Çotari" Alban-udi kilsəsinin rəsmi açılışı olub. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir.

Şöbə müdiri qeyd edib ki, ermənilər Azərbaycan xalqına məxsus abidələri saxtalaşdırarkən din amilindən, xüsusilə xristianlığın simvolu sayılan xaçdan yararlanmağa çalışırlar, üzərində xaç işarəsi olan bütün tarixi abidələri erməniləşdirirlər. Halbuki, Azərbaycanda xaçın tarixi xristianlığın tarixindən daha qədimdir. Eramızdan əvvəl XIII-XII əsrlərdən xaç, svastika (çərxifələk) kimi işarələr odun, işığın simvolu rolunu oynayırdı. Həmin dövrə aid Gəncəçay, Borsunlu abidələrində bu işarələrin həkk olunduğu çoxlu sayda işarələr var. Məsələn,  Borsunlu kurqanında tapılmış dərin boşqabların səthi xaç işarəsinin müxtəlif variantları ilə bəzədilib. Sarıçoban kurqanındakı qəbirlər isə xaç şəklində qazılıb. Bütün bunlar xaç işarəsinin xristianlıq dinindən çox-çox əvvəl mövcud olmasını və onun tamamilə başqa rəmzi məna daşımasını və həmin abidələrin ermənilərə heç bir aidiyyətinin olmamasını sübut edir: "Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin  müxtəlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb. Məsələn, Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyyət göstərib. Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində - neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Ümumiyyətlə, Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə  fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi".

Elnarə Kərimovanın sözlərinə əsasən, Azərbaycanda tarixən müxtəlif dinlər yaranıb və yayılıb. Amma onların heç biri İslam qədər uzun ömürlü olmayıb və ümumxalq dininə çevrilməyib. İslamdan öncə yayılmış xristianlıq Azərbaycanın tarixi ərazilərinin yalnız bir hissəsini, daha doğrusu, Albaniya ərazilərini əhatə edib, atəşpərəstlik isə daha çox Azərbaycanın cənubunda - Atropatendə yayılıb. Bu baxımdan İslam Azərbaycan xalqının yaşadığı tarixi əraziləri bütünlüklə əhatə edən və son 13 əsrdə aparıcı mövqeyini qoruyub saxlayan ümumxalq dindir. Meydana çıxdığı dövrdən - yeddinci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayan İslam Azərbaycanın bütün hüceyrələrinə qədər işləmiş, silinməz və məhvi qeyri-mümkün olan izlər qoymuşdur. Azərbaycan və azərbaycanlılar  üçün təkcə din yox, həm də mədəniyyət demək olan İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib. Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 13 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil: "Bəzən İslamın Azərbaycanda  yayılması ilə bağlı müxtəlif fikirlər söylənilir, hətta bu dinin xalqımıza qılınc gücü ilə - zorla qəbul etdirildiyini iddia edənlər də tapılır. Məqsədli və ya məqsədsiz şəkildə irəli sürülən bu cür iddialar ən azı Azərbaycan xalqına və İslama qarşı hörmətsizlikdir. Çünki azərbaycanlılar nə zorla öz dinini dəyişən xalq, nə də İslam bu zorakılığa haqq qazandıran dindir.  Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar baş verib, amma bu etirazlar dinə yox, siyasi hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər İslam qılınc gücünə yayılsaydı, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Hamı tərəfindən qəbul edilən həqiqət budur ki, İslamın türk xalqları arasında, o cümlədən Azərbaycanda yayılması böyük  tarixi əhəmiyyətə malik hadisə olub. Dini birlik şüuru etnik  ya milli birlik şüurundan daha güclü və əhatəli olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynadılar".

 

Elnarə Kərimova vurğulayıb ki, əgər İslam tarixindən, mədəniyyətindən Azərbaycanla bağlı məqamları çıxarsaq, bəlkə də, o, indikindən qat-qat kasıb və natamam təsir bağışlayar. Çünki  on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməmiş və bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə çevrilmişlər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. On beş əsrlik zaman  ərzində milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər çuğlaşıb ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta mümkünsüzdür: "Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olması danılmaz faktdır. Amma bu da bir həqiqətdir ki, ölkəmizdə yüksək səviyyədə dözümlük mühitinin formalaşmasında İslamın böyük rolu olub. Çünki azərbaycanlıların ənənəvi dini olan İslamda tolerantlıq, dözümlük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu Azərbaycanda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşayan digər dinlərin mənsubları buna görə Azərbaycan xalqı ilə yanaşı, İslam dininə də minnətdar olmalıdırlar.  Azərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılmışdı. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən qəbul edilir.  Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən "Qafqazda islam sivilizasiyası" adlı beynəlxalq simpoziumda bu məsələlər ətraflı tədqiq olunmuş və regionda islamşünaslıq elminin inkişaf etdirilməsi bir vəzifə kimi qarşıya qoyulub. Hətta Ulu Öndər bu məqsədlə ayrıca təşkilatların, orqanların və elmi mərkəzlərin yaradılmasını tövsiyə etmiş və simpozium iştirakçılarına müraciətlə demişdi: "...Mən belə fikrə gəlirəm ki, Azərbycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 2 dekabr.- S.15.