Mehdiqulu xan Cavanşir
Tədqiqatçı-jurnalist, yazıçı Vasif
Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından
bəhs edən trilogiyadan üçüncü əsərini
- "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi
romanını tamamlayıb. Romandan bir
parçanı oxuculara təqdim edirik.
Mehdiqulu ağa İbrahimxəlil xan Cavanşirin kəbinli
arvadlarından biri, gəncəli Şahverdi xanın
qızı, Cavad xanın bacısı Xurşudbanu bəyimdən
olan oğlu idi. 1772-ci ildə Şuşada
doğulmuşdu və İbrahimxəlil xanın Cavad
ağadan və Məhəmmədhəsən ağadan sonra
üçüncü oğul övladıydı.
Mehdiqulu ağa atasının onun anası üçün məxsusi
olaraq tikdirdiyi imarətdə atabir-anayrı qardaşları -
İbrahimxəlil xanın Car-Balakən hakimi Nütsal
xanın qızı, Əmmə xanın bacısı Bikə
ağadan olan oğlanları Xanlar ağa və Əhməd
ağa ilə birlikdə yaşayırdı. O da digər
bacı-qardaşları kimi saray mühitində
böyümüş, lələləri Allahverdi bəy və
Nəbi bəy Həsən bəy oğlundan təlim-tərbiyə
almış, yazıb-oxumağı mükəmməl öyrənmiş,
Quranı tamam-kamal mənimsəmiş, Şərq mütəfəkkirlərinin,
filosoflarının, alimlərinin, şairlərinin əsərləri
ilə yaxından tanış olmuşdu.
Böyüyüb ərsəyə çatandan sonra
atası onu evləndirmiş, oğluna öz qardaşı
Mehrəli bəyin qızı Xanxanım ağanı
almışdı. Övladı olmadığına görə
İbrahimxəlil xan Mehdiqulu ağaya ikinci dəfə
qaraçorlu Əhməd xanın qızı Saray
xanımı gəlin gətirtdirmişdi. Bu
izdivac da onun taleyinə gülməmişdi. Lakin buna baxmayaraq, Mehdiqulu ağa hər iki
xanımına yüksək hörmət-izzət göstərərək
onları atası evinə yola salmamış, uzun illər boyu
ikisi ilə də mehribancasına, can-bir qəlbdə
yaşamışdı.
Mehdiqulu
ağa da bütün xanzadə və bəyzadələr kimi
uşaqlığından ov ovlamağı, quş
quşlamağı xoşlayır, tez-tez
tay-tuşlarını başına toplayaraq Qarabağın
dağlarına, düzlərinə, meşələrinə,
ovlaqlarına çıxır, günlərlə təbiətin
qoynunda qalmaqdan doymurdu. Dostları Uğurlu bəylə
və Rüstəm bəylə bütün Qarabağı ələk-vələk
eləmiş, onun bu başından girib, o başından
çıxmış, dərəsini, təpəsini
bütünlüklə gəzib-dolaşmışdı. Dəfələrlə
də başına qəribə, qorxulu əhvalatlar gəlmişdi.
Hətta bir dəfə ovda olarkən, az
qala, atasının köhnə düşmənlərindən
Hüseyn bəy adlı birisinin gülləsinə də
tuş gələcəkdi dostları yanında olmasaydı. Başqa cür desək, görünür, həmin
vaxt anası namaz üstəymiş. Uğurlu bəyin
düşməndən daha cəld tərpənməsi onun
qanını satın almışdı və o, silahı
Mehdiqulu ağaya tuşlamış Hüseyn bəyi güllə
ilə vurub, atdan yerə salmışdı... Ümumiyyətlə,
yeniyetməlik və gənclik çağlarında Mehdiqulu
ağanın başı daim qalmaqalda olmuşdu. Və həmişə də bu ağır
sınaqlardan sağ-salamat, alnıaçıq,
üzüağ çıxmışdı. Bütün bunlar da onu getdikcə möhkəmləndirmiş,
mətinləşdirmiş, kişiləşdirmişdi.
Mehdiqulu
ağa ilk gənclik illərindən üzü bu yana Qarabağda və onun ətrafında
baş verən bütün ictimai-siyasi hadisələrin demək
olar ki, hamısının şahidi və
iştirakçısı olmuşdu. O, atası ilə birlikdə
dəfələrlə hərbi səfərlərə və
yürüşlərə çıxmış və əsl
cəsurluq, igidlik, qəhrəmanlıq məktəbi
keçmişdi. Mehdiqulu ağa iranlıların Qarabağa
dalbadal hücumları zamanı o biri cəngavər
qardaşları və əmisi oğlanları kimi bilavasitə
hadisələrin mərkəzində olmuş,
Şuşanın müdafiəsində yaxından iştirak
edərək xüsusi şücaət göstərmiş, hər
dəfə atasının da, nəslinin-kökünün də,
bütün qarabağlıların da üzünü ağ eləmişdi.
1797-ci ilin yayında Ağa Məhəmməd şah
Qacarın Şuşaya növbəti hücumu zamanı
Mehdiqulu ağa da məcburiyyət qarşısında qalaraq
ailə üzvləri ilə birlikdə vətənini müvəqqəti
olaraq tərk elədi, təxminən üç ay Car-Balakəndə
qaldı. Həmin vaxt başına silahlı dəstə yığıb,
Qarabağda hakimiyyəti ələ keçirən
Batmanqılınc Məhəmməd bəy Cavanşirin
özbaşınalığını eşidən
İbrahimxəlil xan qardaşı oğlunu zərərsizləşdirmək
üçün Mehdiqulu ağanı bir neçə nəfər
yaxın adamı ilə Şuşaya göndərdi. Onun gəlişindən bərk təşvişə
düşən Məhəmməd bəy əmisi oğlu ilə
görüşə getməyə məcbur oldu.
Haqqında deyilənlərin ağ yalan və
əmisinə həmişə sadiq olduğunu bildirdi. Mehdiqulu ağa da atasının
tapşırdığı kimi əmisi oğlu ilə olduqca
yumşaq rəftar eləyib, başa saldı ki, tutduğu əməllər
düzgün deyil, adına-sanına heç yaraşmır və
o, bu yoldan tezliklə əl çəkməli,
özbaşınalığa son qoymalıdır. Sonra Qarabağda son üç ayda baş verən
hadisələri, hazırkı vəziyyəti təfsilatı
ilə yazaraq çapar vasitəsilə Car-Balakənə -
atasına göndərdi. İbrahimxəlil xan isə Məhəmməd
bəylə daha ehtiyatlı və tədbirli rəftar eləmək
məqsədilə Mehdiqulu ağanın ardınca
böyük oğlu Məhəmmədhəsən
ağanı ləzgilərdən ibarət beş
yüz nəfərlik dəstə ilə Qarabağa göndərdi...
Mehdiqulu ağa 1797-1804-cü illər arasındakı
dinc quruculuq dövründə atası və böyük
qardaşı Məhəmmədhəsən ağa ilə əl-ələ
verərək xanlığın daxili işləri ilə,
iranlıların hücumları zamanı onun
dağıdılmış təsərrüfatının bərpası
ilə iqtisadiyyatının dirçəldilməsi ilə əhalinin
maddi-rifah halının yaxşılaşdırılması
ilə məşğul olmağa başladı.
Nəhayət,
on doqquzuncu əsrin əvvəllərində
xanlığın siyasi həyatında ən böyük
hadisələrdən biri baş verdi.
1805-ci il mayın 14-ü Qarabağın
şanlı tarixinin ağ səhifələrinə
yazıldı. Rusiya hökuməti ilə
Qarabağ xanlığı arasında bağlanmış məşhur
Kürəkçay müqaviləsinin
iştirakçısı olmaq şərəfi Mehdiqulu
ağaya da nəsib oldu. Müqavilənin
şərtlərinə görə xan ailəsinin bir neçə
nümayəndəsi müxtəlif mükafatlarla təltif
edildi, o cümlədən, o da rus ordusunun general-mayoru rütbəsinə
layiq görüldü.
1805-ci ilin payızında rus qoşunları şimal
xanlıqlarını, yəni, Qubanı, Dərbəndi və
Bakını işğal etmək məqsədilə
Yelizavetpoldan Şəki istiqamətində yola
düşdü. Lakin sayca az olan ruslar bu yerləri ala
biləcək qədər qüvvətli deyildi. Ona görə də rus qoşunlarının baş
komandanı Pavel Dmitriyeviç Sisianov Gəncə və
Qarabağ xanlarından canlı qüvvə tələb elədi.
Qarabağdan Mehdiqulu ağanın
başçılığı ilə min beş
yüz, Gəncədən isə üç yüz otuz iki nəfərlik
süvari dəstələr ruslara köməyə göndərildi.
Lakin həmin vaxt İbrahimxəlil xanın böyük
oğlu Məhəmmədhəsən ağa vəfat elədi. Oğlunun
vaxtsız dünyadan köçməsi xanın artıq
qocalıb, taqətdən düşmüş belini bir daha
qırdı, qol-qanadını sındırıb, yanına
saldı. Məhəmmədhəsən
ağanın ölümü, Mehdiqulu ağanın
Qarabağdan uzaqlarda olması, İbrahimxəlil xanın təklənməsi
və sair hadisələr Şuşadakı İranpərəst
qüvvələrin əl-qol açmasına bir daha imkan
yaratdı. Onlar Kürəkçay
müqaviləsinin şərtlərini pozmağa
başladılar. Hətta iş o yerə gəlib-çatdı
ki, Mirzəli bəy Cavanşir Gəncədə girov saxlanılan
oğlu Behbud ağanı qaçırtdırıb, Arazı
o taya adladı. Bütün bunları eşidən general
Sisianov Şuşaya - mayor Dmitri Tixonoviç Lisaneviçə
belə bir məktub göndərdi: "Şuşadan bura gələn
və mənim yanımda olan ober-auditor bildirir ki, hələ
o, orda olarkən Məhəmmədhəsən ağa vəfat
edib, mənim isə həmin hadisəni heç bir əhəmiyyəti
olmayan bir şey kimi qəbul edəcəyimi hesab edərək
və onun xanlığın vəliəhdi və Rusiyaya
hamıdan çox sədaqətli olduğunu unudaraq mənə
bu barədə raport vermirsiniz. Bu hadisəyə görə
sizin yeganə məlumatınıza əsasən və
İbrahimxəlil xandan sonra nə Mehdiqulu ağanın, nə
də Xanlar ağanın Qarabağ xanı
olmayacağını cənabınıza da açıb-deməyi
lazım bildim, çünki onlar Mirzəli bəylə, Feyzi
bəylə və onların hərəkətləri ilə həmfikirdirlər.
Əbülfət ağa isə Qarabağa
qayıtmaq niyyətindədir. Bunun üçünsə
çalışmaq lazımdır ki, nə Mehdiqulu ağa, nə
də Xanlar ağa Qarabağın fəlakəti
üçün öz dəstələrinin sayını
çoxalda bilməsinlər, çünki onlar güclənsələr,
o vaxt əvvəlki kimi qiyam baş verə bilər" (AKAK,
II hissə, 1482-ci sənəd, Sisianovun mayor Lisaneviçə
23 noyabr 1805-ci il tarixli, 857 nömrəli məktubu). Baş komandan sonra mayor vəzifəsini yaxşı
icra edə bilmədiyinə, vacib hadisələr barədə
vaxtında məlumat vermədiyinə görə məzəmmət
edir və ona sual verir ki, nə üçün Qarabağ
xanının vəliəhdinin ölüm xəbərini dərhal
ona çatdırmayıb. Eyni zamanda, ciddi
və açıq surətdə bildirir ki, İbrahimxəlil
xandan sonra nə Mehdiqulu ağanı, nə də Xanlar
ağanı Qarabağa hakim qoymaq olmaz. Ona
görə ki, onların hər ikisi Əbülfət xanla
daim əlaqə saxlayan və onunla eyni əqidədə, eyni
fikirdə olan Mirzəli bəylə və Feyzi bəylə əlaqədədir.
Buna görə də mayor var gücü ilə
çalışmalıdır ki, Mehdiqulu ağa da, Xanlar
ağa da Şuşada öz tərəfdarlarının
sayını artıra bilməsinlər. Əksinə,
mayor xanın nəvəsi Cəfərqulu ağanın beyninə
yeritməlidir ki, qanunla xanlıq ona çatmalı, xan
taxtında o oturmalıdır. Hələlik isə Cəfərqulu
ağa özünü o yerə qoymamalı, sakit və təmkinli
olmalı və Qarabağda Rusiyaya meylli nə qədər adam varsa, hamısını ətrafına toplamalıdır.
Axırda baş komandan mayora qəti surətdə bildirir ki, əgər
cəzalanmaq istəmirsə, onda həmin adamların hərəkətlərinə
həmişə göz qoysun və vaxtlı-vaxtında ona məlumat
versin.
Pavel Dmitriyeviç Sisianov acığını məktubla
mayor Lisaneviçin üstünə tökəndən sonra
Qarabağda əmin-amanlıq yaratmaq, atasına kömək
etmək və ümumiyyətlə, xoşagəlməz hərəkətlərin
qarşısını almaq məqsədi ilə Mehdiqulu
ağanı öz dəstəsi ilə Şuşaya
qaytardı. Və
ardınca da ona aşağıdakı məzmunda məktub
göndərdi: "İndicə Behbud bəy, həqiqətən
də, Mirzəli bəy və Feyzi bəy tərəfindən
Yelizavetpoldan aparılanlar və Əbülfət
ağanın yanına qaçanlar barəsində 17-ci yeger
polkunun mayoru Lisaneviçdən təsdiqedici məlumat alaraq
atanızın zəif idarəçiliyinə görə ona
kömək üçün sizi dərhal Şuşaya
göndərməyi lazım bilirəm. Bu cür xəyanətkarları
məhv etməyi və Mirzəli bəylə Feyzi bəyin
tutulması üçün bütün mümkün olan səylərimizi
birləşdirərək Əbülfətin sizin
qardaşınız olmasına baxmayaraq, onu tapıb, dərhal
Yelizavetpola göndərməyi öz vəzifəmə uyğun
olaraq Əlahəzrətin müqəddəs adından əmr
edirəm. Sizə məlum olacaq ki, əgər
Rusiya təbəəliyində olan Qarabağ vilayətində
qiyam edən qardaşınızın əməllərinə
göz yumsanız, Rusiyanın qanunlarına görə siz
dövləti cinayətkar hesab olunacaqsınız. Və sizə mənim tərəfimdən yerinə
yetiriləcək, bəlkə də, gözləmədiyiniz ən
ciddi və sərt cəza veriləcək. Burda sizə
Əlahəzrətin, bizim Mərhəmətli və
Böyük Padşahlar Padşahı İmperatorun mərhəməti
olmalıdır ki, bu da hələ heç bir xidmət
göstərmədiyimiz üçün qorxuram ki, çətin
ola" (AKAK, II hissə, 1492-ci sənəd.
Sisianovun Mehdiqulu ağaya 9 yanvar 1806-cı il
tarixli, 14 nömrəli məktubu).
Mehdiqulu ağa Qarabağa dönəndən sonra burda həyat
müvəqqəti olsa da, öz axarına düşdü. İbrahimxəlil xan isə
artıq tərəddüd etmədən general Pyotr
Daniloviç Nesvetayevin vasitəsilə Rusiya imperatoru I
Aleksandra məktub yazıb, Mehdiqulu ağanı
özünün varisi təsdiq etdirdi və 1806-cı il fevralın 24-də bu barədəki sənədi
imzaladı. Həmin gündən etibarən
ata-bala əl-ələ verib, bütün çətinliklərə
sinə gərərək xanlığı idarə etməyə
başladı.
...İbrahimxəlil
xanın faciəli şəkildə qətlə yetirilməsi
Qarabağı kökündən sarsıtdı, Şuşa əhalisinin böyük həyəcanına
və narazılığına səbəb oldu. Bu gözlənilməz hadisə bütün şəhər
əhli kimi Mehdiqulu ağanı və Cəfərqulu
ağanı da çaşqınlıq içərisində
qoydu. Onlar nə edəcəklərini bilmədilər,
bir də ki, nə eləyə bilərdilər, əllərində
nə vardı ki?! Artıq isə
iş-işdən keçmişdi.
Bu hadisə Qarabağ xanlığının həyatında
baş verən ən böhranlı dövrlərdən biri
idi. Ölkədə ixtişaşlara
aparıb-çıxara biləcək gərgin bir vəziyyət
yaranmışdı. Şuşa artıq
qaynar bir qazana çevrilmiş və idarəolunmaz bir hala
düşmüşdü. Lakin bu vəziyyət
uzun sürmədi. İstər qalanın
daxilində, istərsə də xaricində asayişin
qorunması məsuliyyəti, əsasən, Mehdiqulu ağa ilə
Cəfərqulu ağanın üzərində idi. Onlar qorxuya düşmüş camaatı sakitləşdirmək
və təhlükə qarşısında qoymamaq
üçün şəhərdə əmin-amanlıq
yaratmağa, təşkilati işlərlə məşğul
olmağa, daxili idarəçilik işlərini tənzimləməyə
başladılar. Üç-dörd
gün ərzində Qala divarları arasında yaşanan həyəcan
tamamilə aradan qalxdı və asayiş bərpa olundu. Adamlar öz gündəlik işlərinə
qayıtdılar.
Rus hökuməti Qarabağ xanlığının idarəsini
İbrahimxəlil xanın vəsiyyətinə əsasən
Mehdiqulu ağaya tapşırdı. O, bütün varlığı ilə
atasının işlərini davam etdirməyə
başladı. Rusiya ilə münasibətləri
gərginləşdirə biləcək heç bir pis hadisəyə,
qeyri-qanuni hərəkətə yol vermədi. Əksinə, Kürəkçay müqaviləsində
göstərilən şərtlərə can-başla əməl
edib, Qarabağda taxıl qıtlığına baxmayaraq, rus
qoşunu üçün ərzaq tədarükü ilə məşğul
olmağa başladı. Qarabağ əhli əvvəlki
kimi ruslarla birlikdə İrana qarşı hərbi əməliyyatlarda
iştirak etməyə başladı.
...İbrahimxəlil xana qarşı sui-qəsd olunan vaxt
Abbas Mirzənin iyirmi minlik qoşunu artıq Ağoğlanda
idi və Şuşaya hücuma hazırlaşırdı. İranlıların
hücumlarının qarşısını azacıq qüvvə
ilə almaq çox çətin idi, onlara güclü
müqavimət göstərmək lazım idi. Qarabağda isə bu qüvvə yox idi və vəziyyətin
getdikcə pisləşdiyini görüb, qorxuya düşən
rus komandanlığı təhlükəsizlik tədbirləri
görməyə məcbur oldu. Ruslar
Tiflisdən tutmuş Gəncəyədək keşikçi dəstələri
yerləşdirdilər, eyni zamanda Qarabağa əlavə
olaraq qoşun hissələri göndərdilər.
General Pyotr Fyodoroviç Nebolsinin ümumi
komandanlığı və polkovnik Pavel Mixayloviç
Karyaginin başçılığı ilə yeger dəstəsi
də topxanası ilə birlikdə Şuşa
istiqamətinə göndərildi. Rus
qoşunları əvvəlcə Şahbulaqda, iyul
ayının 8-də isə Əsgəran qalasının
yaxınlığında düşərgə saldı.
Bu xəbəri eşidən kimi Mehdiqulu ağa öz atlı dəstəsini də
götürüb, Əsgərana endi, Cəfərqulu ağa
isə Şuşanı müdafiə eləmək
üçün orda qaldı. Mehdiqulu ağa ilə
general Nebolsin məsləhət-məşvərət eləyəndən
sonra iranlılara qarşı birlikdə vuruşmağı qərara
aldılar. Birləşmiş qüvvələr
ertəsi gün İran ordusunun mövqe tutduğu Xonaşen
çayına tərəf hərəkət elədilər.
Abbas Mirzə bütün qoşunu ilə
döyüşə atıldı. İyulun
15-də Xonaşen yaxınlığında hər iki
düşmən qüvvə üz-üzə gəldi. Yeddi saata qədər davam eləyən bu tarixi
döyüşdə rus və Qarabağ qoşunları
iranlıları Qozlu çaya tərəf
sıxışdıraraq geri çəkilməyə məcbur
etdilər. Abbas Mirzə böyük itki verdi,
qızılbaş qoşunundan xeyli əsir
götürüldü, sağ qalanlar isə vurub, Arazı o
üzə keçdilər. Bu döyüşdə rus zabiti, mayor Pyotr Stepanoviç Kotlyarevski də
yaralandı.
Bu məğlubiyyətdən sarsılan və qorxuya
düşən Əbülfət xan Qarabağ əhalisindən
üç min nəfərə qədərini
götürüb, Zəngəzurdan Naxçıvan və
Ordubad tərəfə hərəkət elədi. Lakin Mehdiqulu
ağa, Cəfərqulu ağa və mayor Lisaneviç
iranlıları təqib edərək onları haqladılar və
aralarında çox da böyük olmayan bir döyüş
oldu. Əbülfət ağa məğlubiyyətə
uğradı və onun özü ilə Qarabağdan İrana
aparmaq istədiyi adamlar azad edilib, geri qaytarıldı.
Lakin İbrahimxəlil xana qarşı edilən bu qanlı terrorla əlaqədar olaraq bir çox bəylər və ağalar mayor Lisaneviçdən və mayor Caroyevdən Qafqaz hakimi İvan Vasilyeviç Qudoviçə ardı-arası kəsilmədən şikayət və etiraz məktubları göndərdilər. Şuşa yüzbaşılarının və sakinlərinin göndərdikləri məktubda deyilirdi: "Bütün aləmə və daha çox Əlahəzrət Sarayına məlumdur ki, rəhmətlik İbrahimxəlil xan öz atasının və babasının dövründən İran hökmdarı ilə düşmən münasibətdə olub. Hamıya məlumdur ki, Əlahəzrətin himayəsində olanlar tamamilə əmin-amanlıq içində yaşayırlar. Mərhum İbrahimxəlil xan otuz il səylə Əlahəzrət Sarayına itaətdə olub. İnspektor, knyaz Sisianov Gürcüstana gələndə isə rəhmətlik İbrahimxəlil xan həmişə onun yanına adam göndərir və əvvəlki itaətkarlıqla öz səyini göstərirdi. İranlılara qarşı onun inamı və etibarı artıq itmişdi. Ötən il o, Kürəkçaya gəlmiş və burda inspektorla görüşərək öz itaətkarlığını bərpa etmişdi, təbəəlik barədə müqavilə bağlayaraq yuxarıda adı çəkilən inspektora vermiş və qarşılıqlı olaraq öz qolunu çəkməklə surətini ona təqdim etmişdi. İbrahimxəlil xan özünün təmiz qəlbi və səyi ilə Qalanı Padşaha təhvil vermiş və ora qoşun gəlməsinə icazə vermişdi. Bu torpaq viran edilsə də, xan qoşunu ərzaqla təmin edir və bunu mayor Lisaneviçə və mayor Caroyevə təhvil verirdi. Müqavilənin şərtlərini o, vaxtlı-vaxtında yerinə yetirirdi. Lakin xalqla rəftar edə bilməyən həmin zabitlər camaatı təzyiq altında saxlayır və bizimlə pis rəftar edirdilər, müqavilənin şərtlərinin yerinə yetirilməsində, demək olar ki, heç bir fəaliyyətləri yox idi. Bizdən xəbərsiz onlara aidiyyatı olmayan bəzi işlərə qarışırdılar. İbrahimxəlil xan isə onların bu hərəkətlərindən bezərək məyus olub, qalanın kənarında çadırlar qurmağı əmr eləmiş və bir arvadı, üç oğlu ilə orda qalırdı. Qalan arvadları və uşaqları isə Qalada idilər. O, iki-üç gündən bir Qalaya gəlir və sonra öz çadırına qayıdırdı. Lakin məlumat alınmışdı ki, İran qoşunları gəlir və xan öz torpağının xeyri üçün ötən ilki kimi məhsuldan məhrum olmamaq üçün mayor Caroyevin qarşısında belə bir şərt qoydu və belə bir əmr verdi ki, Rusiya qoşunlarının bura gəlişinə qədər o, iranlılarla da əlaqəni bərpa edib və bunun üçün iranlıların yanına adam göndərib. Lakin mayor Lisaneviç qoşununu qəflətən götürüb, gecəyarısı xanın üstünə getdi. Əvvəlcə onu, sonra isə arvadını - Əli xanın bacısını, bir qızını və oğlunu və ordakı otuz nəfərə yaxın məmur və qohumunu öldürdü. Onların bütün malını, pulunu, şeylərini, pal-paltarlarını, zinət əşyalarını götürdülər, çadırları qarət edib-çapdılar, bununla da bizi və bizim qonşularımızı ümidsiz bir hala saldılar. Əgər İbrahimxəlil xan Əlahəzrət Sarayına təbəəliyə, doğrudan da, zidd gedibsə, onda onlar onu bütün ailəsi və qohumları ilə Qalaya aparmalı, orda saxlamalı və bu barədə Əlahəzrət Sarayına məlumat verməli və Əlahəzrət Sarayında ədalət məhkəməsinin qərarını çıxarmalıydı. Buna kim zidd çıxa bilərdi? Ona görə də bizim təbəələrin acizanə xahişi birinci budur ki, həmin iş Əlahəzrətin ədalət məhkəməsinə verilsin. Nə vaxtsa bu cür iş olubmu? Və Əlahəzrət Sarayının məhkəməsinin tədqiqatçıları buna qulaq asmasalar və tədqiq etməsələr, onda ixtiyar onlarındır, biz isə araşdırmağı xahiş edirik, ona görə ki, bu, Əlahəzrətin Ədalət məhkəməsinə və əzəmətinə aiddir. Bizim ikinci xahişimiz odur ki, biz mayor Lisaneviçin və mayor Caroyevin hansı xərclərini ödəmişiksə, siyahısını müfəssəl surətdə yazmışıq və sizə təqdim edirik. Onda siz hər şeyi ətraflı surətdə biləcəksiniz. Bizim üçüncü xahişimiz ondan ibarətdir ki, ötən qış Lisaneviç 4000 çervon tələb etmişdi və onda bizə bildirmişdi ki, inspektor, knyaz Sisianov ona yazıb ki, həmin 4000 çervon ödəndikdən sonra inspektordan məktubu və İbrahimxəlil xanın məvacibi də elan edilməklə Böyük Padşahın fərmanını ona aparacağıq. Onda mayor Lisaneviç bizdən 1200 çervon aldı və əgər o, bu pulu birillik ərzaq üçün və ona verilən mal-qara üçün hesab edibsə, onda 4000 çervondan çox olardı. Lakin o, nə inspektorun məktubunu, nə də Əlahəzrətin fərmanını üzə çıxarmamışdı və bütün bunları zati-alilərinin ixtiyarına veririk. Həm də Qarabağ torpağının çətin vəziyyətdə olduğu sizə məlumdur və ötən il də, bu il də nə baş verdiyi məlumdur. Ona görə də elə iş görməyi xahiş edirik ki, Qarabağ camaatı bir neçə il vergidən azad olunsun ki, Əlahəzrət Sarayının sayəsində yenə də öz vəziyyətimizə qayıdaq, sonra isə müqaviləyə əsasən xidmət edə bilək. Bizim dördüncü xahişimiz odur ki, mərhum İbrahimxəlil xan öz sağlığında böyük oğlu Mehdiqulu ağanı vəliəhd təyin etmişdi, şərti məktub yazmış, öz möhürü ilə onu təsdiq etmiş və şeyxülislama, qazıya möhür vurmağı əmr etmişdi. Və o öz atasının sağlığında və ölümündən sonra bizi qorumuş və bizimlə elə rəftar etmişdi ki, biz ona minnətdarıq və ondan tamamilə razıyıq. Ondan zərrə qədər də təzyiq görməmişik. Həmçinin biz yuxarıda adını çəkdiyimiz şərti məktuba görə onun itaətində və idarəsi altında olmuşuq və olacağıq. Ona görə də zati-aliləri, bu vəziyyəti bizim mərhəmətli Padşahımıza, Əlahəzrət Sarayına onun təsdiqi ilə öz səxavətli mərhəmətini bizə bildirmək üçün təqdim etməyi acizanə surətdə xahiş edirik" (AKAK, III hissə, 624-cü sənəd. Şuşa yüzbaşılarının və sakinlərinin 1806-cı il məlumatı).
Yuxarı dairələr isə onlara hələlik gözləmə mövqeyi tutmağı məsləhət görür, ya da yazdıqları şikayət məktublarını əhəmiyyətsiz bir şey kimi arxivə verir, işin təhqiq olunmasını qəsdən ləngidirdilər. Ona görə də həmin şikayətçilərin bir çoxları rus hökumətindən incik düşüb, İrana keçməyi üstün tutdular. Mayor Dmitri Lisaneviç və mayor Niniya Caroyev Qarabağdan uzaqlaşdırıldılar. Lakin cəzalandırılmaq əvəzinə, onların hərbi rütbələri artırıldı. İbrahimxəlil xanın aradan götürülməsində xüsusi xidməti olan Məlik Cümşüdə isə polkovnik rütbəsi verildi.
Həmin vaxt mayor Pyotr Stepanoviç Kotlyarevski 17-ci yeger batalyonunun komandiri təyin edildi və Şuşada lövbər saldı. O, burda xidmətə başlayan kimi dostu, mayor İvan Lisaneviçin Qarabağdan qovulmasının baiskarı olan Mehdiqulu ağanı sıxışdırmağa, haqqında yuxarı dairələrə böhtan və yalanla dolu məlumatlar verməyə başladı. Batalyon komandiri general-mayor Pyotr Daniloviç Nesvetayevə 19 avqust 1806-cı il tarixli, 221 nömrəli və general-leytenant, baron Rozenə 6 oktyabr 1806-cı il tarixli, 269 nömrəli raportlarında yazırdı ki, Mehdiqulu ağa İranla, bacısının əri, nuxalı Səlim xanla, xüsusilə, qardaşı Əbülfət xanla və yaxın qohumu Feyzi bəylə gizlicə yazışır və bunları gizlətmək, gözdən pərdə asmaq, özü haqqında şübhə yaratmamaq üçün isə general-mayor Pyotr Fyodoroviç Nebolsinə heç bir siyasi məzmunu olmayan iki məktub göndərib. Eyni zamanda məlumat verir ki, guya, atası İbrahimxəlil xanın qətlə yetirilməsində onun da əli var, Cəfərqulu ağa isə ruslara sadiq olduğuna görə Mehdiqulu ağa ona təzyiq göstərir və sair və ilaxır.
Qarabağda siyasi vəziyyət get-gedə mürəkkəbləşir və ağırlaşırdı. Bununla əlaqədar olaraq Qafqazdakı rus qoşunlarının baş komandanı Filip Osipoviç Pauliççi təcili Şuşaya gəldi. Pyotr Daniloviç Nesvetayev son vaxtlar burda baş verən hadisələr və xüsusən də, hakimiyyətdən kənarlaşdırmaq istədiyi Mehdiqulu ağanın İranla yaxın əlaqə saxladığı barədə ona məlumat verdi. Lakin suyu üfürə-üfürə içən Filip Osipoviç Pauliççi əl altından öyrəndi ki, əksinə, Mehdiqulu ağa İran tərəfdən gələn elçilərlə görüşərkən bu barədə Şuşadakı rus batalyonunun komandirinə müntəzəm olaraq və vaxtlı-vaxtında məlumat vermiş və onun razılığı olmadan heç bir iş görməmişdi. Beləliklə də, Mehdiqulu ağanın düşmənlərinin çirkin niyyətləri boşa çıxdı.
...1806-cı ilin sentyabr ayında İvan Vasilyeviç Qudoviç Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edildi. Və çox çəkmədən imperator I Aleksandr xüsusi sərəncamla Mehdiqulu ağanı bütün hüquqları və imtiyazları saxlanılmaq şərtilə Qarabağ xanı elan elədi. Həmin vaxt Şimali Qafqazın Georgiyevsk qəsəbəsində olan rus qoşunlarının baş komandanı ordan Mehdiqulu ağaya məktub yazıb bildirdi ki, xəbər Şuşaya çatandan düz yeddi gün sonra o, Tiflisdə olmalıdır. Çünki general Mehdiqulu ağanın Qarabağ xanı təyin olunması barəsində çar Aleksandr Pavloviçin fərmanını ona təqdim etməlidir. Mehdiqulu ağa Tiflis səfərinə hazırlıq görməyə başladı...
Cəfərqulu ağa da xan olmaq iddiasında idi. Ona görə də o, Mehdiqulu ağanın gücünü zəiflətməyə, xalqın ona olan məhəbbətini azaltmağa, ümumiyyətlə, əmisini müxtəlif yollarla ləkələməyə, nüfuzdan salmağa çalışırdı. Hər yerə car çəkirdi ki, Mehdiqulu ağa, guya, İranpərəstdir, ruslara zahirən hörmət göstərir, daxilən isə nifrət edir, İrana qaçmış Feyzi bəylə və qardaşı Əbülfət xanla müntəzəm olaraq gizli şəkildə məktublaşır, əlaqə saxlayır və sair və ilaxır. Şübhəsiz ki, Mehdiqulu ağaya qarşı yönəldilmiş bütün bu işlərdə ona əsas yardımçı mayor Lisaneviçin yerinə Şuşadakı rus batalyonunun komandiri təyin edilmiş Pyotr Stepanoviç Kotlyarevski idi. O, mayor Lisaneviçlə köhnə aşna olduğu üçün Mehdiqulu ağadan dostunun hayıfını çıxmaq, onunla ədavət apararaq xanlıq taxt-tacından uzaqlaşdırmaq istəyirdi. Cəfərqulu ağanın öz əmisindən incikliyini biləndə isə onun əlinə fürsət düşdü və məqsədinə çatman üçün Cəfərqulu ağa ilə dostluq münasibətləri yaratdı. Onun beyninə yeritdi ki, Qarabağ xanı qanunla sən olmalısan, bu iş uğrunda sonadək mübarizə aparmalısan və mən də sənə əlimdən gələn köməyi əsirgəməyəcəyəm.
(Ardı var)
Vasif
QULİYEV
525-ci qəzet.-
2022.- 1 dekabr.- S.12-13.