Tariximizi erməni yalanlarından qoruyan alim
90
İLLİYİ TAMAM OLAN PROFESSOR VOROŞİL QUKASYANI
DƏRİN EHTİRAMLA ANIRIQ
Voroşil Levon oğlu Qukasyan 9 yanvar 1932-ci ildə qədim
Qəbələnin Nic kəndində anadan olub. O, orta təhsilini Nicdə
alıb. 1950-ci ildə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsinə
daxil olan tələbə 1955-ci ildə təhsilini başa
vuraraq Qəbələdə çıxan "Bolşevik
mübarizi" rayon qəzetində çalışıb.
Gənc yaşlarından onun
respublikamızın bir çox mətbu orqanlarında xeyli
sayda məqalə və felyetonları dərc edilib.
Kənd sovetinin sədri işləyən atasını
Stalin irticası illərində "xalq düşməni"
adı ilə "aparıblar". Ona 1956-cı ildə bəraət
verilənədək gənc Voroşil düz 19 il "Vətən xaininin oğlu" kimi
çox ağır bir adın altında yaşayıb. Atası bəraət alandan sonra mənəvi
sıxıntıları azalıb.
Voroşil
müəllim bir müddət "Siyəzən
işçisi" qəzetində məsul katib, sonra Azərbaycan
SSR EA-da nəşriyyat redaktoru, daha sonra Kənd Təsərrüfatı
Nazirliyi sistemində redaksiya əməkdaşı olub.
1960-cı
ildə o, Akademiyanın Nəsimi adına
Dilçilik İnstitutuna işə qəbul olunub və həyatını
bütövlükdə Akademiyaya, Dilçilik İnstitutuna
bağlayır. İşə
başladığı ilk gündən dilçilik məsələləri,
azsaylı xalqlardan sayılan udilərin dili, Qafqaz
albanlarının əlifbası, Qafqaz albanlarının erkən
orta əsr epiqrafik yazılı abidələri ilə
maraqlanmağa başlayır. Ümumiyyətlə, onun
kiçik yaşlarından dil öyrənməyə,
dilçiliyə həvəsi var idi və buna görə də
bir neçə dil: udi, Azərbaycan (türk), rus, erməni
dilini, daha sonra gürcücəni öyrənmişdi.
Voroşil müəllim Nic kəndində və Oğuz
rayonunda yaşayan udilərin dilini müqayisəli şəkildə
öyrənmiş, tədqiq etmiş, faydalı ümumiləşdirmələr
aparmışdı. O, udilərin qədim keçmişini üzə
çıxarmaq üçün əlindən gələni
edirdi, amma özünü bir an da olsa Azərbaycandan, Azərbaycan
xalqından kənarda duymur, əksinə, hər yerdə
özünü təəssübkeş Azərbaycan türkü
kimi aparır, xalqımızın tarixinə, dilinə
atılan böhtanları qəzəblə rədd edir,
saysız-hesabsız tarixi arayışlar yazırdı. Onu
"pantürkist" adlandıranlar da az
olmamışdı.
Qədim alban tayfaları haqqında daha ətraflı məlumat
almaq üçün keçmiş SSRİ-nin bir çox
arxivlərində elmi araşdırmalar aparıb.
1960-cı
illərdə "Udi dilində qohumluq terminləri",
"Qədim Ağvan əlifbası və udi dili
haqqında", "Azərbaycan və udi dillərinin
qarşılıqlı əlaqələrinə dair" və
digər elmi məqalələri SSR EA-nın xəbərlərində
dərc edilmişdi. "Alban
yazılarının tarixindən" adlı irihəcmli məqaləsi
isə Parisdə fransız dilində dərc olunmuşdu.
Voroşil Qukasyan 1966-cı ildə 34 yaşında
Tbilisi Dövlət Universitetində "Udi dilinin Nic dialektinin
fonetik və morfoloji xüsusiyyətləri" mövzusunda
namizədlik dissertasiyasını uğurla müdafiə
etmişdi.
Alim 1973-cü ildə 41 yaşında "Azərbaycan və
udi dillərinin qarşılıqlı əlaqəsi"
mövzusunda doktorluq dissertasiyanı uğurla müdafiə
etdi.
"Elm" nəşriyyatı tərəfindən
1974-cü ildə onun "Udincə-azərbaycanca-rusca
lüğəti" çap olundu. Bu lüğətə
6 minə yaxın söz, 1000-ə yaxın söz birləşməsi,
həmçinin, frazeoloji və idiomatik ifadələr daxil
idi.
Hörmətli alim əksər yazılarında Azərbaycan
dilinin, Azərbaycan xalqının mənşəyini, qədimliyini
yanlış göstərməyə çalışanlara əsaslandırılmış
elmi cavablar verirdi. Təsadüfi deyil ki, 1983-cü ildə
"Azərbaycan filologiyası məsələləri"
toplusunun I buraxılışı çapdan çıxandan
sonra onun türk dilinin təşəkkül tarixinə dair
yazısını - topludan yalnız bu yazını Ankarada
çıxan "Türk dünyası
araşdırmaları" jurnalı eynilə
götürüb nəşr etmişdi (1984, ¹31).
1980-ci ildə dəyərli alimin təşəbbüsü
ilə Dilçilik İnstitutunda "Azərbaycan dilinin
yazıyaqədərki tarixi" adlı yeni şöbə
yaradıldı. Onun bu şöbəyə rəhbərliyi altında
qısa müddətdə "Azərbaycan dilinin yazıyaqədərki
tarixi", "Azərbaycan dilinin Qafqaz arealında
mövqeyi" mövzusunda monoqrafiyalarının plan-prospekti
təsdiqləndi, neçə-neçə sanballı məqalə
ortaya qoyuldu, dilimizin XIII əsrədək - Həsənoğluyadək
olan tarixi ən müxtəlif qədim qaynaqlara, dialekt və
şivələrimizə, qədim Qafqaz dillərinin
materiallarına əsasən bərpa edilməyə, yenidən
canlandırılmağa başladı. Professor
Ədalət Tahirzadə şöbənin ilk əyani oxuyaraq
dissertasiya müdafiə edən alimi olub. Ondan
sonra həmin şöbədə Kübra Quliyeva, Teymur Qarayev
kimi alimlər də alimlik dərəcələrini müdafiə
etmişlər.
Voroşil müəllim gənc alimlərə hədsiz
dərəcədə qayğı göstərən bir alim
idi. Neçə-neçə gəncin, elm aləminə
qədəm qoyan insanın məqalələri ilk dəfə
məhz onun redaktəsindən çıxıb. Aspirantlarının məsləhət almaq
üçün ona verdiyi yazıya dəfələrlə
baxmaqdan, həmin yazıları yoxlamaqdan bezməzdi. O, həmişə
gənc alimlərə öz mənəvi dəstəyini
göstərib, onları həvəsləndirib,
ruhlandırıb.
Voroşil müəllimin yazdığı elmi məqalələr,
kitablar, monoqrafiyalar Sovet dövründə yazılsa da, həmin
əsərlər bu gün də öz aktuallığını
qoruyub saxlayır.
Yalnız Azərbaycan deyil, bütün Sovetlər
Birliyinin ən böyük türkoloqu olan dəyərli alim,
hərtərəfli dilçi və gözəl tarixçi
idi. O,
dilçiliyin türkologiya və qafqazşünaslıq kimi
iki kəskin ayrılan sahəsində eyni uğurla əsərlər
yaradırdı. Udi və türk dillərinin
qarşılıqlı əlaqəsinə, udi dilinin müxtəlif
problemlərinə, çoxdillilik, sosiodilçilik, toponimiya,
fonetika, semasiologiya, etnoqrafiya, Albaniya tarixi kimi ən müxtəlif
elmi istiqamətlərdəki əsərlərinin hər biri
işıq üzü görən kimi ciddi, faydalı
müzakirə mövzusuna çevrilirdi. Alban
yazılarının sirrinin açılmasında, onların
tarixinin müəyyənləşdirilməsində
Voroşil müəllimin çox böyük əməyi
olub. Bu mövzudakı bəzi
yazıları nüfuzlu elmi-nəzəri orqanlarda, eləcə
də xarici nəşrlərdə dərc olunub.
Professor
Voroşil Qukasyan 1970-1980-ci illərin əvvəllərində
ali məktəblərin filologiya fakültələrində
"Ümumi dilçilik", tarix, coğrafiya fakültələrində
isə "Toponimika" fənlərini tədris etmiş və
ardıcıl olaraq bir neçə il də Dövlət
İmtahan komissiyasının sədri olub.
Filologiya
elmləri doktoru, professor Voroşil Qukasyan
Azərbaycan və udi dillərinin qarşılıqlı əlaqələrinə,
Qafqaz Albaniyasının mədəniyyət tarixinə
böyük töhfələr verıb.
Alim
çoxdillik "Azərbaycan tarixi"nin
II cildinin redaksiya heyətinə üzv seçilmiş və
müəlliflərdən biri olub. O, Azərbaycan tarixini
çox gözəl bilirdi. Buna görə də, onun iş
otağı həmişə yalnız dilçilərlə
yox məsləhət almağa gələn tarixçilərlə
də dolu olurdu. O, Fəridə Məmmədova, İlyas
Babayev, Məryəm Seyidbəyli və başqaları kimi dəyərli
alimlərə həmişə öz faydalı məsləhətləri
ilə kömək etıb. Tarixi mövzuda yazan
bir çox yazıçı və şairlər hökmən
ondan məsləhət almağa
çalışırdılar. Onun
dilçimi, yoxsa tarixçimi olduğunu ayırd etmək asan
deyildi. Dilə dair əsərləri
hökmən tarixi materiallarla, tarixə aid yazıları isə
dil faktları ilə zəngin idi. Onun Azərbaycan Sovet
Ensiklopediyasındakı saysız-hesabsız məqalələri
də buna gözəl sübutdur.
Görkəmli
alim yazırdı: "Ən geci VII əsrin sonlarında vahid
Azərbaycan xalqının formalaşması ilə əlaqədar
olaraq ümumxalq Azərbaycan dili meydana gəlir. Lakin bu dil əvvəlki əsrlərdə də
ümumünsiyyət vasitəsi idi. Azərbaycanın,
demək olar ki, hər yerində kompakt şəkildə
yaşamış Azərbaycan dilli qəbilə və tayfalar
siyasi-ictimai və mədəni həyatında fəal
iştirak edirdilər...
Azərbaycan
dilinin XI əsrdən çox-çox əvvəl
mövcudluğunu sübut edən təkcə ekstrolinqvistik
amillər deyil, erkən orta əsrlərdə Azərbaycan
dilində yazılmış əlyazma, kitabə və digər
abidə hələlik bizə məlum olmasa da, V əsrdən
etibarən fasiləsiz olaraq yazılmış və bir
növ biri digərini tamamlayan Zaqafqaziya mənbələri
çoxdur. Mənbələrdə və həmin
müddətdə Azərbaycan dili ilə kontaktda olmuş erməni,
gürcü, udi və digər dillərdə qədim Azərbaycan
dilindən alınmalar saysız-hesabsızdır. Həm də bunlar təkcə leksik yox,
leksik-qrammatik, bəzən də konkret qrammatik elementlərdir.
Bu alınmaları xronoloji planda izləməklə biz hələ
V-X əsrlərdə saysız-hesabsız Azərbaycan dilindəki
dialekt bölgüsünü, dilin söz
yaradıcılığı imkanlarını, onun səs tərkibini
və sair müəyyənləşdirə bilirik".
Voroşil
müəllim deyərdi: "Biz bu torpağa gəlmə
deyilik. Azərbaycanda, Azərbaycan türklərinin
içində doğulmuşuq. Qədim
albanlar bizim də babamızdır. "Erməni
milləti" adı altında yaşamağı isə mən
udi xalqının nümayəndəsi kimi özümə
sığışdırmıram".
Öz doğma yurdu Azərbaycanı, azərbaycanlıları,
Azərbaycan dilini çox sevən Voroşil müəllim, təəssüf
ki, ağır xəstəliyə düçar olur. Bakıda xəstə
yatan alim həyat yoldaşı - şuşalı qızı
İqlimə xanımla, bacısı oğlu Romanla Qəbələni
son dəfə seyr etməyə gedir. Onlarla çaya
gedir, ayaqlarını suya qoyur, amma suda çox saxlaya bilməyib
Romana deyir: "Sənin qağan bu suda mart ayında çimərdi,
amma indi hətta ayaqlarını bu suda saxlaya bilmir". Çox sağlam, gümrah bir insan olan Voroşil
müəllim ağır xəstəlik çox
üzmüşdü. Xəstəliyə
tabe olmaq istəməyən Voroşil müəllimin ürəyində
Azərbaycan elminə töhfələr verməklə
bağlı çox arzuları vardı, amma amansız xəstəlik
imkan vermədi.
1986-cı
il oktyabrın 11-də uzun sürən
ağır xəstəlikdən sonra Azərbaycan Dövlət
Universitetindən (indiki BDU), pedaqoji institutlardan
saysız-hesabsız əməkdaşı, yoldaşı, tələbəsi,
dostu onunla vidalaşmağa gəlmişdi. Həmin
gün böyük bir alimin cənazəsi deyil, Azərbaycan
xalqının, Azərbaycan türkcəsinin tarixinə dair
yazılmamış neçə-neçə əsər
soyuq torpağa əbədi tapşırıldı.
Voroşil müəllimin ən sevimli mövzularından biri Qafqaz Albaniyasının tarixi idi. Əksər yazılarında ona az-çox toxunmuşdu. Ancaq ən böyük arzusu Albaniya tarixinə aid ayrıca kitab nəşr etdirmək idi və bu əsəri nəşriyyat planına da saldırmışdı. Monoqrafiya hazırlanan ərəfədə alim xəstələndiyi üçün işlər yarımçıq qaldı. Vəfatından bir qədər keçəndən sonra bəlli oldu ki, kitabın əlyazmasının çox hissəsi itib. Yaxşı ki, əsərin quruluşunun təxmini planı və bəzi hissələrin əlyazması qalırdı. Alimin arzusunu yerinə yetirmək üçün onu tələbəsi Ədalət Tahirzadə qalmış plan üzrə əsərin itmiş hissələrini müəllifin çap olunmuş əsərləri əsasında bərpa etməyi qərara alır. Qarşıda duran vəzifə çox çətin idi. Çünki əldə olmayan hissələri əldə edib yerinə elə qoymaq lazım idi ki, əsərin məzmun quruluşuna xələl dəyməsin, ən başlıcası Voroşil müəllimin fikirləri az da olsa təhrif olunmasın.
Alimin irsinə bələd olanlar yaxşı bilirlər ki, o, eyni faktdan bir neçə yazısında istifadə edib və hər dəfə yeni söz söyləyib. Ədalət Tahirzadə onun eyni mövzudakı bütün yazılarını tutuşduraraq onların hərəsindən daha dolğun, haqqında alimin son söz dediyi faktları götürüb.
Nəzərə almaq lazımdır ki, "Qafqaz Albaniyası" əsəri bu yurdun tarixini hərtərəfli əhatə edən elmi monoqrafiya yox, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş tarixi-filoloji etüdlərdən ibarətdir.
Bu əsər yurdumuzun qədim hissəsi olan Qafqaz Albaniyası haqqında ana dilimizdə çap olunmuş sanballı bir kitabdır.
Xalqımızın tarixinin ən mühüm dövrlərindən biri olan Qafqaz Albaniyasına həsr olunmuş bu kitabda tariximizin dərin qatları ciddi araşdırılır və elmi əsaslarla açılır, ilkin əlifbamız, soy-kökümüz haqqında oxuculara maraqlı faktlar çatdırılır.
Kitabın tərtibçisi, elmi redaktoru, ön söz, qeyd və şərhlərin müəllifi, filologiya elmləri namizədi Ədalət Tahirzadə, rəyçiləri filologiya elmləri doktoru Cahangir Qəhrəmanov, tarix elmləri doktoru Qara Əhmədov, filologiya elmləri doktoru İlyas Babayevdir.
Dəyərli alimimiz Voroşil Qukasyan Azərbaycanın təəssübünü çəkən, Azərbaycan tarixini erməni hücumlarından, saxtakarlıqlarından qoruyan dəyərli bir alim, əsl ziyalı idi. O, Azərbaycan dili, Azərbaycan tarixi haqqında həqiqətləri araşdırdığı, yazdığı üçün ermənilər ona nifrət edir və hətta dəfələrlə ona qəsd etməyə çalışmışdılar. O gedib Ermənistanda da araşdırmalar aparırdı, amma gedərkən ermənilərin onu zəhərləmək istədiklərini bildiyindən yeməyini özü ilə aparırdı.
1992-ci il yanvarın 11-də mərhum alim
Voroşil Qukasyanın Qəbələnin Nic qəsəbəsində
60 illik yubileyi qeyd olunub. Həmin tədbir Nic qəsəbəsindəki
Mədəniyyət evində keçirilib. Tədbirdə
görkəmli alimlərimiz Ziya Bünyadov, Bəkir Nəbiyev,
Cahangir Qəhrəmanov, Xalid Əlimirzəyev, Qara Əhmədov,
Fəridə Məmmədova, Ədalət Tahirzadə və
digər alimlərimiz, eyni zamanda, Qəbələ rayon rəhbərliyinin
nümayəndələri iştirak etmişlər.
Alimin
doğma yurdunda keçirilən bu tədbir onun şəxsiyyətinə,
alimliyinə verilən hörmətin göstəricisidir.
Yaradıcılığının
ən gözəl dövründə - cəmi 54
yaşında dünyasını dəyişmiş Voroşil
Qukasyan onu tanıyanların yaddaşında Azərbaycan dilində
tərtəmiz danışmağı, vətənpərvərliyi,
gözəl alimliyi, əsl insanlığı, yüksək mədəniyyəti,
nəfsitoxluğu, dəyərli ziyalılığı
ilə qalacaq.
Zinət
TAHİRLİ
525-ci qəzet.- 2022.- 1 dekabr.- S.10;16.