Mehdiqulu xan Cavanşir
Tədqiqatçı-jurnalist, yazıçı Vasif
Quliyev bu yaxınlarda Qarabağ xanlarının həyatından
bəhs edən trilogiyadan üçüncü əsərini
- "Mehdiqulu xan Cavanşir" adlı sənədli-tarixi
romanını tamamlayıb. Romandan bir
parçanı oxuculara təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
Qafqazdakı
rus qoşunlarının baş komandanı İvan
Vasilyeviç Qudoviçin bir neçə gündən sonra
təzə iş yerinə - Tiflisə gələcəyini
eşidən Cəfərqulu ağa mayor Pyotr Stepanoviç
Kotlyarevskinin diqtəsi ilə Mehdiqulu ağadan xəbərsiz
özünü Tiflisə çatdırdı. Baş
komandan isə hələ təyinat yerinə gəlib-çıxmamışdı
və düz bir ay gecikmişdi. Cəfərqulu
ağa isə canına cəfa basaraq Tiflisdə oturub, onun gəlişini
gözləməyə başladı. Nəhayət,
general gəlib-çıxdı. Cəfərqulu
ağa dərhal onun qəbuluna düşdü, yeni vəzifəsini
təbrik elədi. İvan Vasilyeviç
Qudoviç əvvəlcə elə bildi ki, onu Tiflisə
Mehdiqulu ağa göndərib. Cəfərqulu ağa isə
bura ondan xəbərsiz gəldiyini söylədi və generala
bir məktub verdi. İvan
Vasilyeviç Qudoviç elə Cəfərqulu ağanın
yanındaca məktubu açıb-oxudu. Cəfərqulu
ağa müxtəlif hadisələrin adını çəkərək
xülasəsini verir, Kürəkçay müqaviləsinə
qarşı Şuşadakı bəzi hərəkətləri
gizlətmir, əmisi Mehdiqulu ağanın "xoşagəlməz
işləri"nin
qarşısının alınmasından, öz atlı dəstəsi
ilə iranlıların məğlub edilməsindən
razılıqla danışır, həmin vaxt rus
qoşunları üçün azuqə daşınmasına
kömək etdiyini vurğulayır, sonra isə onu Qarabağa
xan təyin olunmasını xahiş edirdi. Məktubu
oxuyan kimi "qara qızın dərdi" generala məlum
oldu. Ona görə də məzəmmətlə
Cəfərqulu ağaya bildirdi ki, İbrahimxəlil xan hələ
sağlığında Mehdiqulu ağanı özünə
varis təyin etdiyindən xanlıq taxt-tacı da ona
çatır. Hətta I Aleksandr Mehdiqulu ağanın adına yazılmış xanlıq fərmanını
çoxdan imzalayıb göndərib.
...1806-cı
ilin noyabr ayında Mehdiqulu ağa öz əyan-əşrəfi
ilə Tiflisə varid oldu. Ayın 11-də
Qarabağdan gələn məmurların və axundun
iştirakı ilə çarın fərmanı tərcüməçi
tərəfindən hamının gözü
qarşısında oxundu. Fərmanda deyilirdi: "Bizim
iltifatlı, sadiq təbəəmiz, general-mayor, Qarabağ
torpaqlarının varisi Mehdiqulu ağaya ötən 1805-ci ildə
verilmiş bizim fərmanla Sizi və bütün Qarabağ
torpağının sakinlərini şərəfləndirərək
bizim sadiq təbəələrimiz sırasına mərhəmətlə
qəbul etmək, xalqın və Sizin nəslin xeyri
üçün bütün şərtləri qəbul etmək
mərhum atanızla və bizim infanteriya generalı, knyaz
Sisianov arasında həmişəlik qərara
alınmışdır. Biz sizin İbrahimxəlil
xanın ölümünə səbəb olan hadisələri
çox təəssüflə eşitdik. İndi isə
bizim İmperator taxt-tacına Sizin vəzifənizdə mətin
olmağınızı, bundan əlavə, bizim qoşunlara
çoxlu xidmət göstərməyinizi bilərək Sizin
sədaqətinizin və tərifli təcrübələrinizin
mükafatlandırılması üçün həmin
torpağı bizim ali himayəmizlə, dövlətimizlə
və Rusiya imperiyasının müdafiəsi ilə təbəəliyə
sadiqlikdə və bizim vahid hakimiyyətimizin öz üzərimizdə
qəbul edilməsində sahiblik etməyə icazə verərək
sizi Şuşa və Qarabağ xanı təsdiq edirik. Yazılı surətdə qərara alınan və
həmin fərmana başdan-ayağa əlavə edilən
Qarabağ xanlığının bütün vəzifələri,
hüquqları və imtiyazları ona verilən mükafatla
indi gələcək varis kimi təsdiq edirik. Bunun ardınca mülayimliklə və ədalətlə
Qarabağ əhalisini idarə etməyi sizə
tapşırırıq. Biz əminik ki, Siz və Sizin varisləriniz bizim İmperator
taxt-tacına öz sədaqətinizdə və öz vəzifələrinizin
dəqiq yerinə yetirilməsində Sizdən tələb
olunan sadiq təbəənin borcu kimi sarsılmaz
olacaqsınız. Bu ümidlə və bizim
Padşahın sizə və Qarabağ camaatına təminat
kimi bu lütfkarlıq bizim İmperator fərmanı ilə
verilmişdir. Öz dəst-xəttimizlə,
imzamızla dövlət möhürü vurulmağa
verilmişdir.
Qol
çəkdi: Aleksandr,
Kontrassiqnasiya
etdi: baron A.Budberq".
Qraf,
feldmarşal İvan Vasilyeviç Qudoviç Əlahəzrətin
fərmanını, eyni zamanda, İbrahimxəlil xanın
ölümündən sonra qalan nişanları, Rusiyanın
imperator gerbi olan bayrağı və qiymətli daşlarla bəzədilmiş
qılıncı I Aleksandrın adından lütfkarlıqla
Mehdiqulu ağaya təqdim elədi. Bu
nişanlar, ən çox da bayraq varislərin Rusiyanın
taxt-tacına sədaqətini saxlayana qədər irsən xan
nəslində qalmalı idi. Mehdiqulu
ağa andı imzalayıb möhürlədi. Sənədlərin əsli isə baron A.Budberqə
göndərildi.
Tiflisə ağa kimi gedib, rəsmi xan titulunda
Şuşaya dönən Mehdiqulu xan Cavanşir həmin vaxtdan
Qarabağın ən böyük siyasi xadiminə
çevrildi.
O, təkcə Qarabağ camaatı arasında yox, həm də
çar idarələrinin məmurları arasında
böyük hörmət-izzət sahibi oldu. İvan
Vasilyeviç Qudoviç podpolkovnik Pyotr Stepanoviç
Kotlyarevskiyə göndərdiyi 21 noyabr 1806-cı il tarixli, 368 nömrəli sərəncamında
yazırdı ki, Mehdiqulu xana lazımi hörmət göstərilsin,
onun daxili idarəetməsinə heç kəs
qarışmasın, məhkəmə və divan da tam
ixtiyarında saxlanılsın.
Çarın
fərmanının təntənəli surətdə Mehdiqulu
ağaya təqdim olunmasından həddən artıq məyus
olan və kədərlənən Cəfərqulu ağa
İvan Vasilyeviç Qudoviçdən xahiş elədi ki,
heç olmasa, Qarabağda, guya, atası Məhəmmədhəsən
ağaya məxsus olan otuz altı kəndi onun ixtiyarına
versin. Qraf da Mehdiqulu xandan Cəfərqulu
ağanın bu arzusunu yerinə yetirməyi xahiş elədi.
Mehdiqulu xan da bu şərtlə razı oldu ki,
həmin kəndlərə, onların gəlirinə,
töycü və vergilərə şəxsən o
özü nəzarət etməlidir. Amma Cəfərqulu
ağa bu şərtlərlə razılaşmadı, qrafdan
yenə təvəqqe elədi ki, bu kəndlərin tam
ixtiyarını ona versin. Baş komandan isə məzəmmətedici
halda razılaşmayıb dedi ki, iki qoçun başı bir
qazanda qaynamaz, yəni, bir vilayətdə iki hakim ola bilməz. Cəfərqulu
ağa bu sözlərdən çox mütəəssir olub,
kor-peşiman Şuşaya qayıtdı. Yenə
də inadından dönməyib, İvan Vasilyeviç
Qudoviçə müraciət elədi. Bir
müddətdən sonra qraf Mehdiqulu xana məktub göndərərək
Cəfərqulu ağaya vəd elədiyi kəndləri ona
verməyi xahiş elədi. Artıq bu vaxt
Mehdiqulu xanla Cəfərqulu ağa arasında düşmənçilik
hissləri daha da artmışdı. Ona
görə də Mehdiqulu xan baş komandana yazdı ki, həmin
kəndlər heç bir vaxt Cəfərqulu ağanın
atası Məhəmmədhəsən ağanın
ixtiyarında olmayıb. Həmin kəndləri
mən ona özüm bağışlamaq istəyirdim. Cəfərqulu ağa isə mənə itaət etmədiyinə
görə həmin otuz altı kəndi ona verə bilmərəm.
Araz boyunca bir neçə kəndi var, bəsidir,
getsin, ailəsini dolandırsın. Vəssəlam!
Bundan sonra Mehdiqulu xanın düşmənləri Cəfərqulu
ağanı daha da qızışdırdılar, əmi ilə
qardaşoğlu arasındakı onsuz da gündən-günə
gərginləşən münasibətləri daha da kəskinləşdirdilər. Əli hər
şeydən üzülən Cəfərqulu ağanın qəlbində
kin-küdurət, ədavət daha da artdı. O və
kiçik qardaşı Xancan ağa əmiləri Mehdiqulu
xanla barışmaz düşmənə çevrildilər.
...Türkiyə Fransanın təhriki ilə 1806-cı
ilin dekabrında Rusiyaya qarşı müharibə elan etdi. Bu, rusların
Cənubi Qafqazda vəziyyətini xeyli
ağırlaşdırdı. Rusiya iki cəbhədə
- həm İran, həm də Türkiyə ilə müharibə
aparmalı oldu və qoşunlarının böyük bir hissəsini
Zaqafqaziyadan sərhədə - hərbi əməliyyatlar
meydanına çevrilən Gümrü və Arpaçay
rayonlarına göndərdi. Türkiyə ilə Rusiya
arasında müharibənin başlanmasından ruhlanan İran
qoşunlarının baş komandanı Abbas Mirzə
rusların iki dövlətə qarşı eyni vaxtda
müharibə apara bilməyəcəyinə ümid edərək
bu şəraitdən ustalıqla istifadə edib, 1807-ci il may ayının sonlarında on minlik qoşunla
Qarabağ istiqamətində hərəkət elədi və əvvəlcə
Naxçıvan üzərinə hücuma keçib, Rusiyaya
sədaqətli olan Kəlbəli xanı hakimiyyətdən
salmaq fikrinə düşdü. Lakin havayı yerdən itki
verməmək üçün Naxçıvan xanının
qohumu, İrəvan hakimi Hüseynqulu xanla görüşüb,
təklif elədi ki, Kəlbəli xanı qonaq kimi İrəvana
çağırsın və onu həbs etdirib, Tehrana göndərsin.
Abbas Mirzənin bu planı baş tutdu və Kəlbəli
xan tutulub, ailəsi ilə birlikdə İrana aparıldı.
Naxçıvanda Abbasqulu xan hakimiyyətə gəldi.
Kəlbəli xanın oğlanlarından biri
Şıxəli bəy iranlıların əlindən
qurtulub, özünün bir neçə yaxın adamıyla
Şuşaya - Mehdiqulu xana pənah gətirdi. Burda o, rus hakimiyyət orqanlarına müraciət edərək
Rusiyanın təbəəliyinə qəbul edilməsini
xahiş elədi və Əlahəzrət İmperatora əbədi
sadiq olacağına and içdi. Ona görə də
Qarabağdakı rus batalyonunun komandiri, polkovnik Aseyev onu
çox böyük hörmət və məmnuniyyətlə
qəbul elədi və yaşamaq üçün Mehdiqulu
xandan Şıxəli bəyə bir kənd
ayırmağı və ona kömək eləməyi
xahiş elədi...
Şıxəli bəyə inanan və etibar eləyən
rus komandanlığı onu Naxçıvan
yaxınlığında düşərgə salan
general-mayor Pyotr Fyodoroviç Nebolsinin süvari qoşununa
götürdü. Bu atlı dəstə Abbas Mirzənin
ələ keçirdiyi Naxçıvan qalasına hücuma
hazırlaşırdı. Abbas Mirzə burda yerini
möhkəmləndirəndən sonra İrəvan üzərinə
hücum etməyi qərara aldı. Naxçıvanda
Kəlbəli xanın yaxın adamlarına və ruslara
yaxşı münasibət bəsləyənlərə divan
tutdu. Ona görə də dörd nəfər
adlı-sanlı naxçıvanlı Abbas Mirzənin və
Abbasqulu xanın əlindən qurtarmaq üçün
canlarını götürüb, Şuşaya qaçdı.
Abbas Mirzə Naxçıvan əhalisini Arazın o
tayına köçürmək fikrinə
düşmüşdü. Bunu bilən rus
komandanlığı naxçıvanlıların İrana
köçürülməsinə yol verməmək
üçün ora qoşun yeritdi. Ali
baş komandanın general-mayor Pyotr Fyodoroviç Nebolsinə
verdiyi təlimatda deyilirdi ki, əməliyyat zamanı yerli əhalini
narazı salmasınlar və sıxışdırmasınlar.
Həm də generala tapşırılmışdı ki, yerli
əhali tabe olarsa, Naxçıvan kəndlərinin
talanmasına yol verməməyi o da Mehdiqulu xana desin (AKAK, III
cild, 1873. 875-ci sənəd, səhifə 496).
Beləliklə,
1808-ci il oktyabrın 28-də general-mayor
Pyotr Fyodoroviç Nebolsinin komandanlığı altında rus
ordusu Qarabağdan Naxçıvan üzərinə
yürüşə başladı. Məqsəd
də Naxçıvanı işğal etməklə
iranlıların İrəvanı müdafiə etməyə
gələn hərbi qüvvələrinin
qarşısını almaq idi. Şıxəli bəy
öz atlı dəstəsi ilə rus
qoşunlarına bələdçilik edirdi. Onun
ardınca isə Mehdiqulu xanın
başçılığı ilə Qarabağ və Şəki
qoşunları gedirdi. Sayca iranlılardan dörd dəfə
az olan ruslar Qarababa kəndi
yaxınlığında qanlı döyüşlərdən
sonra Abbas Mirzənin qoşunlarına qalib gəldilər. İranlılar çoxlu canlı qüvvə itirdi
və onlardan xeyli əsir götürüldü. Abbas Mirzə geri - Naxçıvana çəkildi və
çox çəkmədən oranı da tərk eləyib,
Arazı o taya adladı. Beləliklə,
ruslar Naxçıvanı tutdular. Bu döyüşlərdə
Mehdiqulu xanın süvari qoşunu da öz sözünü
dedi. Dekabrın 1-də Pyotr Fyodoroviç
Nebolsinin və Mehdiqulu xanın qoşunları
Naxçıvanı tərk edərək Qarabağa
qayıtdılar.
Qarabağ xanlığı uzun müddət davam eləyən
rus-İran müharibəsi nəticəsində ciddi
dağıntılara məruz qalmış, əhalisi pərən-pərən
düşmüş, bir hissəsi İrana
qaçmış, yaxud köçürülmüş, ətraf
vilayətlərə dağılıb-getmişdi. 1805-ci ildə, yəni,
Qarabağ Rusiyanın təbəəliyinə keçən
zaman burda 10 min ailə olduğu halda, 1808-ci ildə 7474 ailə
qalmışdı. 1806-cı ildə bu ailələrdən
367-si, 1809-cu ildə 323-ü, 1810-cu ildə 276-sı, 1811-ci
ildə 274-ü, 1812-ci ildə isə 977-si İrana
köçürülmüşdü. Bundan əlavə,
Qarabağ xanlığında yaşayan daha 2628 ailə
yaşayış yerlərindən didərgin
düşmüş, dağlarda məskunlaşmış,
başqa yerlərə, məsələn, 1000 ailə Şəki
xanlığına qaçmışdı. 1812-ci
ildə Qarabağda cəmi 3080 ailə qalmışdı
(AKAK, III cild, 1873. General-mayor Kotlyarevskinin general Rtişevə
30 sentyabr 1812-ci il tarixli, 672 nömrəli
raportu, səhifə 9).
Rusiya-İran müharibələri, eyni zamanda,
xanlığın iqtisadiyyatını da tamamilə məhv eləmişdi.
Mehdiqulu xan bu illər ərzində müxtəlif yerlərə
köçüb-getmiş həmvətənlərini
doğma yurd-yuvalarına qaytarmaq üçün əlindən
gələni edirdi, müraciət eləmədiyi yer
qalmamışdı. Hər dəfə də söz verilirdi ki, yaxınlarda
bu kampaniyaya başlanılacaq, lakin heç bir iş
görülmürdü. Ona görə də
Mehdiqulu xan yenidən çar hökumət orqanlarına
müraciət elədi. O, bu barədə qraf İvan
Vasilyeviç Qudoviçə məktub yazdı, öz
yaxın adamı Mirzəli bəylə ona göndərdi. Ali Baş Komandan cavab məktubunda yazırdı ki,
bu qədər əhalini eyni vaxtda və tez bir zamanda qaytarmaq
mümkün deyil. Bu, tədricən həyata
keçirilməlidir. Lakin deyilən sözlər, verilən
vədlər yenə də yalan çıxırdı...
İranlıların hücumları isə davam edirdi. Ona görə
də ruslar vaxtaşırı Qarabağa yeni-yeni qüvvələr
göndərirdilər. Qraf İvan Vasilyeviç
Qudoviç 14 mart 1807-ci il tarixli, 177
nömrəli məktubunda Mehdiqulu xan Cavanşirə
yazırdı ki, Qarabağ torpağının İran
qoşunlarından qorunması üçün general Pyotr
Fyodoroviç Nebolsinin başçılığı ilə
rus qoşunu göndərirəm. Özüm isə
Tərtər çayı kənarında düşərgə
salmışam ki, iranlılar Araza yaxınlaşan zaman dərhal
onların başının üstünü alıb,
çayın bu tərəfinə buraxmayım. Qraf
Mehdiqulu xandan həm tələb, həm də xahiş edirdi
ki, Pyotr Fyodoroviç Nebolsinə hər cür kömək
göstərsin, özünün atlı dəstəsini
onun qoşunu ilə birləşdirsin və onlar
iranlıların hücumlarını dəf etmək
üçün birgə hərəkət eləsinlər.
General Pyotr Fyodoroviç Nebolsin bir müddət
Şuşada qaldı. Mehdiqulu xanla birlikdə dəfələrlə
iranlılarla döyüşlərə qatıldı.
Lakin bu dəfə Abbas Mirzənin Şuşa
üzərinə aramsız hücumları onu Şahbulaq
qalasına çəkilməyə məcbur elədi. 1808-ci
ilin mayında isə İran qoşunları Şuşa
ətrafından geri çəkilən kimi Pyotr Fyodoroviç
Nebolsin yenidən Şuşaya gəldi. Bu dəfə
o özünü tamamilə başqa cür apararaq
xanlığın bütün işlərinə müdaxilə
eləməyə başladı, Qarabağda sərt rus
qanunlarını işə saldı, Şuşanı,
sözün həqiqi mənasında, hərbi kazarmaya
çevirdi. Lakin tezliklə bu generalın
da xidmət yeri dəyişildi və o, Şəkiyə
göndərildi. Və çox çəkmədən
yenidən Şuşaya qaytarıldı.
...
Qarabağa hücumlarına ara verməyən
Abbas Mirzə ordusunu üç dəstəyə ayıraraq
Şuşa, Gəncə və Pəmbək istiqamətində
irəliləyirdi. 1811-ci ilin sentyabrında
İran şahzadəsi əlli min nəfərlik qoşunla
Naxçıvan tərəfdən Qarabağa daxil oldu, Qafan, Bərgüşad,
Tatev və Gorus mahallarının əhalisini İrana
köçürməyə başladı. Bunu eşidən Mehdiqulu xan
özünün beş yüz nəfərlik
süvari dəstəsi və rus qoşunları ilə birlikdə
iranlılaran üzərinə hücum edib, onları geri
dönməyə məcbur elədi. Lakin həmin
vaxt Qaradağ hakimi Hacı Məhəmməd xan Mustofi öz
məmurlarını gizli olaraq Qarabağ və Gəncəyə
göndərmiş və onlar da rus qoşunları komandirlərinin
bir-birlərinə yazdıqları məktubları ələ
keçirmişdilər. Və bundan sonra
Qaradağ hakimi yaxınlarda Əhərə
qaçmış Qarabağın İmirli tayfasından olan
bir neçə nəfərə Şuşada olan sursat
anbarlarını yandırmağı
tapşırmışdı. Həmin
adamlar da gecənin qaranlığında şəhərə
girib, sursat və ələf anbarlarını, bir neçə
evi yandırmışdılar. Şuşa camaatı bu
hadisəyə görə üsyana qalxmış və buna
görə də qala ruslar tərəfindən top atəşinə
tutulmuşdu. Rus komandanlığı elə
bilmişdi ki, Mehdiqulu xanın bu işdən xəbəri var
və elə bu hadisə onun vasitəsilə törədilib.
...1812-ci
ildə Napoleonun hücumu ölkənin qərb sərhədlərini
möhkəmləndirmək, müdafiəsini gücləndirmək,
düşməni dəf etmək üçün I
Aleksandrı Qafqazda yerləşən bir neçə polku cəbhə
xəttinə göndərməyə məcbur elədi. Rusiya üçün yenidən ağır bir vəziyyət
yarandı. Abbas Mirzə Rusiyanın sərhəd
zonasındakı silahlı qüvvələrinin
azlığından istifadə edib, 1812-ci il
qışın əvvəllərində Arazı keçərək
Qarabağa girdi. Ruslar Sultanbudda - Qarabağ xanlarının
qış iqamətgahında özlərinin Troitski polkundan cəmi
bir batalyon saxlamışdılar. Mehdiqulu xan da
özünün kiçik bir dəstəsi ilə burda idi.
İran qoşunları qəflətən hücuma
keçdi. Rus əsgərləri bütün gün ərzində
müqavimət göstərib, var qüvvələri ilə
müdafiə olunmağa başladılar. Batalyon
komandiri mayor Cinni və bir neçə zabit ilk
döyüşdəcə həlak oldu. Komandirliyi
sağ qalan zabitlərdən biri, təbiətən qorxaq və
zəif kapitan Olovyaşnikov öz üzərinə
götürdü. Bu təyinat əsgərləri
bərk sarsıtdı, lakin buna etiraz eləyə bilmədilər.
Şuşa qalasından mayor İlyaşenkonun
başçılığı ilə Troitski batalyonunun iki
rotası da köməyə göndərildi. Kapitan Olovyaşnikov Mehdiqulu xandan öz dəstəsi
ilə Şuşaya qayıtmağı tələb elədi.
Mehdiqulu xan məcburiyyət qarşısında
qalıb, Qalaya döndü.
Kapitan
Olovyaşnikov təslim olmaq barədə İran
komandanlığı ilə danışığa girdi və
ertəsi gün səhər tezdən rus zabiti ağ
bayraq qaldıraraq batalyonun toplarını da,
bayrağını da düşmənə təslim edib,
silahı yerə qoydu.
Həmin vaxt Qafqazdakı rus qoşunlarının baş
komandanı, markiz Filip Osipoviç Pauliççi Qubada idi
və bu hadisəni eşidən kimi dərhal Şuşaya
yola düşdü. O, Olovyaşnikovun xəyanətinə bərk qəzəbləndi,
eyni zamanda, Mehdiqulu xana da acığı tutdu, onu şübhə
altına aldı. Rus batalyonunun Sultanbudda əsir
düşməsi və xanın öz kiçik dəstəsi
ilə döyüş meydanından birbaşa Şuşaya
qayıtması Mehdiqulu xanı günahlandırmaq
üçün kifayət qədər bəhanə verirdi.
Baş komandan onu Rusiyanın daxili
quberniyalarının birinə sürgün etmək fikrinə
düşdü. Qərar
çıxarılana qədər xan evdustağı kimi
qardaşı oğlu Cəfərqulu ağanın sarayında
nəzarət altında saxlanıldı.
Ertəsi gün Filip Osipoviç Pauliççi
xanlığın divanxana binasında hərbi şura
çağırdı. Mehdiqulu xanın taleyinin həll
olunacağı bu şuraya izahat vermək üçün bəzi
şahidlər də gətirildi. Onların
arasında azərbaycanlıların, xüsusilə də, xan
sülaləsinin qatı düşməni olan Məlik
Cümşüd Məlikşahnəzərov və Vani Atabekov
adlı bir erməni də vardı. Rus batalyonu
iranlılara təslim olan vaxt orda olan Vani müharibə
başlanandan bəri "böyük qardaşları"na casusluq və bələdçilik edir, bu
işlərdə digər ermənilərdən seçilirdi.
Yaxınlarda isə Tiflisdə olarkən
general-mayor Pyotr Stepanoviç Kotlyarevski onu Filip Osipoviç
Pauliççiyə "Rusiya-İran müharibəsinin qəhrəmanı"
kimi təqdim eləmiş, tərifini göylərə qaldırmışdı.
Baş komandan Məlik Cümşüdə onu
Qarabağ hakimi təyin eləmək fikrini bildirdi. Lakin gələcək
taleyindən ehtiyatlanan bu erməni qorxusundan təklif olunan vəzifədən
imtina elədi və hətta heç kəsin gözləmədiyi
halda Mehdiqulu xanın tərəfini saxladı. Filip
Osipoviç Pauliççinin "Batalyonun məhv
olmasında Mehdiqulu xan nə dərəcədə
günahkardır?" - sualına isə
Vani belə cavab verdi:
- Cənab,
Mehdiqulu xanın bu işdə zərrə qədər də
günahı yoxdur. O, rusları xilas eləmək
üçün əlindən gələni eləmişdi. Lakin ona qulaq asmadılar. Bəs
o, neyləməliydi? Əgər kapitan
Olovyaşnikovun sözünə baxmasaydı, indi o, burda yox,
İran tərəfdə olardı. - Sonra əlavə eləyib
dedi: - Dünən knyaz Vasili Bebutov Tiflisdən yanınıza
gələndə Kaxetiyada üsyan qalxması xəbərini
sizə çatdırıb. Qarabağda da xanın hakimiyyətdən
uzaqlaşdırılması azərbaycanlıların
üsyanına səbəb ola bilər. Yaxşısı budur, qoyun hər kəs əvvəlki
qaydada yaşasın.
Vani Atabekovun fikri hərbi şura üzvləri tərəfindən
alqışlandı və çıxarılan qərarın
Mehdiqulu xana çatdırılması da ona həvalə
olundu.
Vani Cəfərqulu ağanın sarayına - Mehdiqulu
xanın yanına tələsdi. Gördü ki, xan
ayaqlarını büküb, altına qoyaraq xalçanın
üstündə oturub, dərin düşüncəyə
dalaraq qəlyan tüstülədir. Vani içəri
adlayanda xan başını qaldırıb soruşdu:
- Nədir,
ay allahın ermənisi, xeyir ola?!
- Xeyir
olmamış nə var ki?! - deyə Vani
cavab verərək hərbi şurada
danışılanların hamısını bitdə-bitdə
nağıl elədi.
Mehdiqulu
xan Vaninin danışığından çox mütəəssir
olub dedi:
- Vani, mən
sənə çox şeydə borcluyam! Sən bundan sonra mənim
ən yaxın dostum olacaqsan! Və mən sənsiz heç
vaxt çörək yeməyəcəyəm!
... Lakin hər iki qurdlu erməninin Mehdiqulu xana bu cür
münasibətdə qarınlarının azarının nə
olduğu bilinmədi. Mehdiqulu xan isə kişi
kimi sözünün üstündə durub,
ömrünün sonuna qədər verdiyi sözə əməl
elədi və lap qoca yaşlarında da Vani Atabekovla səmimi
dostluq əlaqələrini kəsmədi. Hətta az bir
müddət keçəndən sonra, 1814-cü ildə
xüsusi fərmanla ona "məlik" titulu və
kiçik qardaşı Akopa isə
"yüzbaşı" rütbəsi verdi. Üstəlik,
bu qardaşlara Çiləbörd mahalında irsən
keçəcək yeddi kənd, o cümlədən, doğma
kəndləri Kasapeti də bağışladı.
Bundan əlavə, onlara xan xəzinəsinə poçt və
yol mükəlləfiyyətləri istisna olunmaqla mahalın
bütün gəlirindən istifadə etmək hüququ və
bütün bunlar üçün ayrı-ayrılıqda
xüsusi təliqələr verdi. Sonralar Mehdiqulu xan yazırdı ki, mənim
bütün xanlığım dövründə Çiləbörd
mahalının sakinləri məlik Vaniyə və Akop
yüzbaşıya xidmət etmişlər və özlərinin
bütün gəlirlərini digər Qarabağ bəylərinin
kəndliləri ilə bərabər səviyyədə onlara
vermişlər. Mən isə Çiləbörd
mahalından heç bir vaxt öz xeyrimə nə malcəhət,
nə də başqa vergilər almışam.
Həmin vaxtdan ta 1840-cı ilin sonunadək, yəni,
Qarabağda ümumi quberniya müəssisələri yaranana qədər
Vani Atabekov əvvəl məlik kimi, sonra isə mahal naibi kimi
Çiləbörd mahalını idarə etmişdi
(Bütün bunlar Mehdiqulu xanın ən yaxın adamı Əsəd
bəy Rüstəmbəyovun dediklərindən qələmə
alınmışdır. (V.Potto. "Rus hökmranlığı bərqərar
olan zaman Qarabağın ilk könüllü əsgərləri",
Tiflis, 1902-ci il, səhifə 30).
Başı Fransa ilə müharibəyə
qarışan Rusiya Araz çayından şimalda İran
ordusunun irəliləməsinin qarşısını ala biləcək
qədər - cüzi miqdarda hərbi qüvvə
saxlamışdı və bu qüvvə də daim
döyüşə hazır vəziyyətdə idi. Hər iki tərəf
arasında arabir kiçik toqquşmalar olsa da, son dövrlərdə,
yəni, 1809-1812-ci illər ərzində o qədər də
mühüm tarixi hərbi dəyişikliklər baş verməmişdi.
Yenicə Qafqaz qoşunlarının ali
baş komandanı təyin olunan Nikolay Fyodoroviç Rtişev
öz vəzifəsini yerinə yetirdiyi gündən İranla
diplomatik əlaqələr yaratmağa
çalışırdı. Həmin vaxt, 1812-ci ilin may
ayında Qarabağın qərb qurtaracağında - Mehri
rayonu ərazisində İran və Türkiyə tərəfindən
yardım alan yerli əhali ruslara
qarşı ixtişaşa başladı. Ruslar burdakı vəziyyəti
sabitləşdirmək məqsədi ilə Mehdiqulu xanın atlı dəstəsi başda olmaqla min beş
yüz piyada və dörd yüz süvari
döyüşçünü Mehri istiqamətinə
göndərdilər və tezliklə üsyanı
yatırdılar. Bu hadisədən sonra rus
qoşunlarının ali baş
komandanı həmin vaxtlar Qafqazın ən qaynar nöqtəsinə
və təhlükəli məntəqəsinə
çevrilmiş Qarabağda baş verən hadisələri
diqqətlə izləməyə və narazılıqları
aradan qaldırmağa çalışırdı...
Mehridəki iğtişaşdan sonra Fətəli şah Mehdiqulu xanı öz tərəfinə çəkmək üçün aşağıdakı məzmunda bir fərman imzaladı: "Hər şeydən əvvəl, yüksək dərəcəli Mehdiqulu xan Cavanşir müxtəlif səbəblərə görə bizim padşahın xidmətlərindən özünü kənarlarda aparmağa başladı və bizdən qorxub qaçdı. İndi o, bizim padşahın mərhəmətini və rəğbətini qəbul edərək öz ümidi və sərvəti ilə bizə xidmət və itaət göstərməyə hazır olduğunu bildirir və Qarabağdan rus kafirlərinin kökünü kəsməyi, məhv etməyi, əsir götürməyi və qovmağı vəd edir. Buna görə də biz padşahın mərhəməti ilə onun keçmiş soyuqluğunu yaddan çıxararaq bizim padşahın rəğbətinə veririk və istəyirik ki, əgər o, ruslara qarşı düşmənçilik fəaliyyətinə başlasa, üzərinə qoyulmuş tapşırıqları yerinə yetirə və Qarabağı rusların murdar hərəkətlərindən xilas edə bilsə, onda öz arzusu ilə onu başqalarının azacıq da olsa, müdaxiləsi olmadan Qarabağ torpağında təsdiq etməyi, Azərbaycana və digər yerlərə səpələnmiş müxtəlif qarabağlı ailələrin yenidən Qarabağa qayıtmasını və orda yerləşməsini, onun isə övladlarını və qohumlarını himayəyə götürməyi və şəxsiyyətlərinin, əmlaklarının, mənsəblərinin təmin olunmasını əmr etməyi vəd edirik. Beləliklə, əmr edirik ki, Mehdiqulu xan Cavanşir Əlahəzrətin mərhəmətli fərmanının yerinə yetirilməsinə görə tam ümid və ehtiramla bizə xidmət yolunda özünü göstərsin və onun üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə çalışsın. Bu niyyətin (rusların kökünün kəsilməsinin) həyata keçirilməsinə əmin olandan sonra o, yadellilərin iştirakı olmadan Qarabağ ölkəsinin hakimi olacaq və ömrünün sonuna qədər bizim himayəmizdən istifadə edəcək, təbəələri, adamları və əmlaklarına gəldikdə isə bizim hökumət tərəfindən təmin olunacaq. Qoy o fərmanda izah edilən şərtlərə görə bizim vədimizin təminatı üçün bunu sarsılmaz surətdə saxlasın" (AKAK, V cild, 688-ci sənəd. Fətəli şahın qarabağlı Mehdiqulu xana (1227) 1812-ci il may tarixli fərmanı).
Mehdiqulu xan fərmanı oxuyan kimi onun məkrli niyyətlə yazıldığını başa düşdü və dərhal da məzmunu ilə tanış olmaq üçün general-mayor Pyotr Stepanoviç Kotlyarevskiyə göndərdi və eyni zamanda yazıb bildirdi ki, bu cür sənədləri ona göndərməyi özünə borc bilir.
Mehdiqulu xandan bir xəbər çıxmadığını görən Fətəli şah 1812-ci ilin iyun ayında - taxıl biçininin ən qızğın çağında təxribat törətmək üçün Qarabağa beş yüz nəfərlik atlı dəstə göndərdi. Atışma nəticəsində iranlılardan iyirmi beş əsgər öldürüldü və bir neçə nəfər əsir götürüldü. Lakin buna baxmayaraq, onlar minlərlə baş mal-qaranı sürüb, Arazın o tayına apardılar. Ürəkləri soyumayan sərbazlar bütün taxıl zəmilərinə də od vurub yandırdılar.
Digər tərəfdən də yaranmış şəraitdən istifadə eləyən və Şəki hakimi olandan bəri qarabağlılara elə iranlılar qədər ziyan vuran Cəfərqulu xan Dünbülünün göstərişi ilə şəkililər Kür çayını Qarabağ tərəfə keçərək camaatın qış üçün tədarük etdiyi ərzağı, yəni, quyulara doldurulmuş taxılı çıxarıb-aparmağa başladılar. Bu barədə məlumat alan Pyotr Stepanoviç Kotlyarevski Şəki xanına məktub yazıb, bu işlərə son qoymağı və bir neçə il əvvəl iranlıların hücumlarından təngə gələrək Şəki torpağına üz tutmuş qarabağlıları geri qaytarmağı tələb elədi. Lakin Cəfərqulu xan generalın məktublarına heç məhəl də qoymadı (AKAK, V cild, 1873-cü il, 694-cü sənəd, General-mayor Kotlyarevskinin general Rtişevə 25 iyul 1812-ci il tarixli, 366 nömrəli raportu).
(Ardı var)
Vasif
QULİYEV
525-ci qəzet.- 2022.- 2 dekabr.- S.12-13.