"Ən yaxşı aktyor"un ən çətin məqamları  

 

İlk dəfə bu adın mahiyyətini "Nar bağı" filmində anlamışdım. Yadımdadır, hər səhnəyə qayıdıb təkrar-təkrar baxırdım. Özümü mühakimə edirdim ki, axı niyə indiyə qədər bu aktyorun sadəcə adını bilmişəm, sənətini yox. Onunla bağlı təsəvvürlərim "Girov" filmində daha da aydınlaşdı, tamaşalarında isə tamamlandı. Sənətinə olan maraq məni aktyoru şəxsən tanımağa sövq etdi. Şəxsinə dair öyrəndiklərimsə, ona olan rəğbətimi birə-beş artırdı. Yaşadığı çətinliklər, maneələr hər şeyə yenidən başlamaq əzmi - bir sözlə, xarakterin sönməyə qoymadığı sənət eşqi haqqında danışılacaq çox şey var. Ancaq mən aktyorun həyat hekayəsindən bəzi məqamları xüsusilə vurğulamaq istərdim.

Deməli, Qurban İsmayılov bir vaxt maddi çətinliklər ucbatından uşaq kalqotkası satıb. Daha doğrusu, sata bilməyib, mal əlində qalıb. Çünki ağlı o vaxtlar da səhnədə, teatrda imiş. Əlinə düşən imkanda teatra gəlir, bir qıraqda dayanıb tamaşalara baxırmış. Bu da Hüseynağa Atakişiyevin gözündən yayınmır. Beləcə Qurban müəllim teatra qayıdır. Onu da deyim ki, o, teatrda təkcə aktyor kimi yox, həm fəhlə kimi çalışıb. qədər stabilliyi sevirəm desə , stabil həyatı olmayıb. Məsələn, gəncliyində çox içən imiş. Sonralar tövbə edib.

Gəncliyindən söz düşmüşkən, onu gənc vaxtlarında fakturası uyğun gəlmədiyi üçün baş rollara çəkmirdilər. Aktyorun ulduzu qırx yaşdan sonra parlayır. Rejissorlar Qurban müəllimdə zəhmli ağsaqqal obrazını tapır, beləcə incəsənətimiz sənətkarla doğmalaşır.

nəhayət, bir neçə gün öncə Xalq artisti Qurban İsmayılov "Tallinn Black Nights" Film Festivalında "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib olur. Bu məqam hekayənin ən gözəl hissəsi olsa gərək ki.

Bəzən bir söz, yaşanmış bir təcrübə insanın ümidinə çevrilə bilir. Bəlkə, sən həyatının ən çətin dönəmindəsən, əziz oxucu. Sənət dünyasının sakinisənsə, deməli, yaşadığın hər uğursuzluq səni ruhdan sala bilər. Ona görə dünyanın o başından yox, elə sənin az qala, hər gün ekranda gördüyün, aşağı-yuxarı eyni çətinliklərdən keçən bir adamın hekayəsindən bildiyim üç-beş məqamı yazıram ki, bəlkə, köməyinə çatar.

, bir Qurban müəllimdən adının mənasını soruşanda mənə danışmışdı ki, babası qardaşının nişanlısını götürüb qaçıb. Qardaşı da bundan sonra birdəfəlik kənddən gedib. İki qardaş ömür boyu küsülü qalıblar. Ancaq Qurban müəllimin babası nəvəsinə nədənsə küsülü olduğu qardaşının adını qoyub. o ad da bu gün incəsənətimizin ən dəyərli isimlərindəndir.

Onun hekayəsi sənət sevgisinin maddi çətinliklərdən, həyatın gətirdiyi dərdlərdən daha böyük olduğunu bir daha sübut edir. yaxşı, bizim incəsənətimizin Qurban İsmayılovu var.

Təbriklər, ən yaxşı aktyor!

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 3 dekabr.- S.19.