Gözəl dost
Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi,
böyük vətənpərvər olan Xalq şairi Rəsul
Rzanın yaradıcılığında və
bioqrafiyasında Güney Azərbaycan mövzusunun da məxsusi
yeri var. Onun bir sıra əsərləri, o cümlədən,
1946-cı ildə qələmə aldığı
"Gözəl dost" əsəri, o dövrlə bərabər,
günümüzün də milli-ictimai
qayğılarının, duyğu və düşüncə
mənzərəsinin dolğun, təsirli ifadəsidir. Həmin yazını oxuculara təqdim edirik.
Biz səndən ayrılanda Yanıq dağın
üstündə ildırımlar çaxırdı. Badam ağacları ağ paltarlarını yaşıl atlaz ilə
əvəz etməmişdi. Çəhrayı
şaftalı çiçəkləri bağları bəzəmişdi.
Gözəl dost, mən səni Təbrizin baharına
tapşırdım. Mən səni dəstə-dəstə
keçən fədailərin nəğməsini dinləyən
gördüm. Sən dalğın idin.
Bəlkə də bu, ayrılıq
axşamının qəribliyindən doğan bir hiss idi.
Gözəl
dost! Mən səni yalqız qoyub gəlmədim.
Mən səni ilıq bir may səhərinin şəfəqlərinə
tapşırdım. Biz bütün günü
səninlə bərabər gəzdik. Təbrizin
başı üzərində tarixin qarovulu kimi duran qalaya
baxdıq. Ərk qalasına baxdıq.
Bütün Təbrizi bir də təzədən
seyr etdik. Sən gözlərini gözümə dikərək,
nədənsə, bir az ciddi, bir az şux əda
ilə: "Siz ağlayana oxşa-mırsınız, siz daim
gülürsünüz", - dedin və gözlərinin
yaşını sildin. Gözəl dost, mənim qəhqəhələrim
ar-xasında gizlənən
hıçqırıqlarımı, təbəssümlərimin
örtdüyü göz yaşlarımı görmədinmi? Mən, ancaq səndən deyil, küçələrində
səhər nəğmələri səslənən
yaşı qoca, qəlbi cavan Təbrizdən deyil, munis xatirələrimin
yuvasından ayrıldım. Sən mənə
bir həsrət yadigar verdin ki, onu qəlbimdə saxlayıram.
Mən xatirələrimi zərif büllur bir
gülqabı kimi ehtiyatla, bütün varlığım, qəlbim,
ruhum titrəyərək Vətənə gətirdim. Mən Bakının işıqlı gecələrində
səni - Təbrizi xatırlayıram. Gözəl dost, mən
indi bu xatirələrin məlal və qürur doğuran rayihələri
ilə yaşayıram. Qəlbimdəki ümid
fidanları solmamışdır. Mənim əməlim,
arzum, nadinc bir uşaq kimi daim çırpınan qəlbim bu
ümidimin körpə yanaqlarına işıq verir.
Yadındadırmı, gözlərimə baxaraq məndən
soruşdun:
- Bir də
görüşəcəyikmi?
Mən
cavab verdim:
- Gör,
Təbrizin nə gözəl baharı var. Qaranquşlar da
yuvasına dönmüşdür. Gözəl dost, biz yenə
görüşəcəyik. Ay-lar, illər bizim mətanətimiz
qabağında qocalsın! Eşqimizin qüdrəti tarixlərə
misal olsun!
Mən səndən gülə-gülə
ayrıldım. Mən bu ayrılığın əbədiyyətinə
inansaydım, səndən ayrılmazdım. Qəlbimə axan göz yaşlarını sən
görmədin. Mən onları səndən
gizlətdim. Sən bu göz yaşlarını görsəydin,
bəlkə də ümidini itirər, bizim ayrılığımızın
əbədiyyətinə inanardın...
Gözəl
dost! Mən ulduz gözlərinin
işığı ilə ruhuma çökən
qaranlığı boğdum. Mən səni
unuda bilərəmmi? Sən mənim
gülüşlərimin hərarətindən isindin, sən
məni unuda bilərsənmi?
Biz həzin bir bahar axşamı ayrıldıq. Yanıq
dağın üstündə ildırımlar
çaxırdı. Hər yer yaşıl
atlaza bürünmüşdü. Sən
dalğın-dalğın fədai dəstələrinin nəğməsini
dinləyirdin. Bu nəğmə səsləri
Təbrizin hər tərəfindən gəlirdi. Elə bil, dağlar, qayalar da o qüdrətli nəğmənin
sözlə-rini təkrar edirdi.
Fədailər
oxuyurdular:
- "Həmişəlik yaşa, Azərbaycan!" Gözəl dost! Sənin yadigar verdiyin həsrətin dili mənim
xatirələrimi dindirir. Qulaq as, onlardan
birini sənə danışım.
Savalanın qarlı başında axşam
qızartıları sönür. Sərin bahar yeli
ağacların körpə yarpaqlarını oxşayır.
Elə bil ki, qoca Ərdəbilin küçələrində
sıra-sıra düzülmüş bərq
çıraqlarının işığı göylərə
əks edir, orda bir-bir ulduzlar alışmağa
başlayır.
Kim bilir,
bu yerin hər qarış torpağında nə qədər
at dırnağının izi var! Kim bilir, uzaqlardan əsatiri
bir qəhrəman sinəsi kimi qabaran dağların dərələrində
nə qədər igid nərəsi əriyib getmişdir!
Qərinələr keçmiş, səsli, haraylı
günlər tarix olmuş, insan nəsli dönə-dönə
bir-birini əvəz etmişdir. Bəşər
oğlu dırnaqları ilə daş qazıyaraq öz səadətini
aramışdır. Həyatın çətin
yollarında onun ayaqları qabar bağlamış, zamanın
amansızlığı ona mübarizənin rümuzunu
öyrətmişdir.
Bu gün sakit bahar axşamının yumşaq
qaranlığında yatan Ərdəbilin qəlbində dərin
həyəcan əlamətləri duyulur. O, öz dostlarından
ayrılır.
Qızılgül
olmayaydı,
Saralıb
solmayaydı
Bir
ayrılıq, bir ölüm -
Heç
biri olmayaydı!..
Xalqın yaratdığı bu ölməz bayatıda
yalnız fərdi məhəbbətin ifadəsini aramaq səhv
olardı. Bu, könül iztirabının yanıqlı ifadəsi,
böyük bir hissin, dərin bir məhəbbətin, saf bir
duyğunun aynasıdır. Mən bu
sözləri qoca bir qadının dilindən eşitdim.
Bu bayatını bilməyən azərbaycanlı
tapılmaz. Biz bu sözləri beşik
başında anamızdan eşitmiş, səfərə
çıxan atamızdan öyrənmiş, nişanlı
yolunu gözləyən gəlinlərin yanıqlı səsində
dinləmişik. Lakin bu gün yetmiş yaşlı bir
qarının bu sözləri təkrar edə-edə gözlərini
uzaqlara dikdiyini, bəlkə də xəyalında ömrün
ağır illərinin kölgə salıb
dumanlatdığı şirin bir xatirəni
aradığını görəndə, mənim də
könlümdə həsrət duyğusu, bir həqiqət,
hicran ağrısı baş qaldırdı.
Sovet və İran dövlətləri arasında
bağlanmış müqaviləyə əsasən, Ərdəbildəki
Sovet qoşunları İranı tərk etdi. Sovet
döyüşçüləri dəstə-dəstə
gedir, ikibir, üçbir sürətli addımlarla
ötüb keçirdilər.
Adını bilmədiyim, bəlkə də bir daha
heç zaman görməyəcəyim o ana palçıq
divarlı evin qabağında bir söyüd ağacına
söykənib dayanmış, həsrət dolu gözlərlə
keçən əsgərlərə baxır, bu
bayatının sözlərini təkrar edirdi.
Mənim Ərdəbil ilə
tanışlığım belə bir axşamda oldu. Dünənki aydın
göylərdən, geniş üfüqlərdən, saf və
təmiz havadan bir nişan
qalmamışdı. Duman ağacların
arasından, evlərin üstündən, küçələrdən
sürünüb keçirdi.
Səhər yenicə açılmışdır. Ancaq Ərdəbilin
baş küçəsi saysız insan kütləsi ilə
dolmuşdur. Saat doqquz tamamda Sovet
qoşunları şəhəri tərk edəcəkdir.
Saat hələ yeddi deyil, bu qədər
insan-kişi, qadın, uşaq hardan gəlmişdir? Bu
adamlar içində ətraf kəndlərdən 20-25
kilometrlik yol keçib gələnlər də az
deyil.
Uzun bir küçənin hər iki tərəfində
insandan divar yaranmışdır. Həm də bu divar
bir neçə qat sıralanaraq, orta ilə binaların
arasındakı səkini tamam tutmuşdur. Evlərin pəncərələri geniş-geniş
açılmış, hər pəncərənin
açığından qadın, uşaq və böyük dərin
maraqla gözlərini ordunun keçəcəyi yola
dikmişdir. Damlar üstündə boş yer yoxdur,
küçənin hər iki tərəfində ağaclar da
elə bil, adam gətirmişdir. Hər tərəf insan, insan, insandır.
Adamların əlində nə isə bir kağız
parçası var. Hər kəs bu kiçik vərəqlərdən
almağa tələsir. Uşaqlar bunu bir-birinin əlindən
qapır, böyüklər oxuyub bir-birinə
ötürürlər. Çoxu vərəqəni
oxuduqdan sonra diqqətlə uzun-uzandı ona baxır, sonra da
ziqiymət bir xatirə kimi onu səliqə ilə
büküb qoltuq cibinə qoyur.
Bu vərəqə Sovet ordu komandanlığının
yerli əhaliyə müraciətnaməsidir. Bu izdihamlı küçədən
bir az kənarda hər kərpicində cəngavər
bir xalqın şərəf dastanı yazılı məğrur
bina dayanmışdır. İllər bu
binanın astanasında qocalmış, qərinələr onun
əzəmətinə həsrətlə baxmış,
keçmiş, tarix onun ilə ömür sürüb baş
ağartmışdır. Bu, Azərbaycan
memarlığının ecazkar gözəllik
aynasıdır. Bu, məşhur Şeyx Səfi
məqbərəsidir. Onun orta günbəzi
üstündə böyük Xətainin - şair və sərkərdə
Xətainin rəşadət, zəka və
fütuhatını təmsil edən beş
qılınc çatılmışdır. Bu
qılınclar tarixin uzaq səhifələrindən
keçib gələn zəfər dastanlarının
işıqlı şöləsi kimi dumanların arasından
görünür. Onlar azərbaycanlılara
igid babalarını, qəhrəman keçmişlərini,
qalibiyyət və əzəmətini xatırladır.
Saat doqquz tamamda Ərdəbildəki Qızıl Ordu hissələri
Astaraya tərəf hərəkət edirlər. Onların yolu
canlı insan xiyabanından keçir.
Hələ bahar yenicə başlamışdır. Hələ
ağaclarda yeni-yeni açılan badam, ərik çiçəkləri
soyuqdan qorxaraq, bərk-bərk budaqlara
qısılmışdır.
Hardansa topladığı qırmızı yaran
gülündən dəstə bağlamış 10-12
yaşlı bir məktəbli küçənin ortasına
yüyürüb, öz hədiyyəsini bir süvari əsgərə
təqdim edir.
O, həyəcandan titrəyən səsilə:
-
Yaxşı yol! - deyir.
Əsgər məhəbbətlə onun əlini
sıxır.
Tanımadığı
bir əsgəri çiçəklə yola salan bu məktəb
uşağının həyəcanla dediyi sözlər bu
vidalaşmanın başlığı ola
bilərdi.
Bu, dostlara deyilən sözdü. Bu, dostların dediyi sözdü. Bu sözdə, bu sözlərin ifadəsində dərin bir məhəbbət və qəlbləri titrədən bir həsrət var.
Süvarilər, topçular keçir. Hər tərəfdən onların üstünə kiçik yarpaq kimi sarı və çəhrayı rəngli kağızlar yağır. Bu kağızlar Ərdəbil azadigahlarının, Ərdəbil camaatının dost Qızıl Ordu nəfərlərinə, sovet zabitlərinə məhəbbət əlamətidir. Bunlarda "Yaşasın Qızıl Ordu!", "Yaşasın Qızıl Ordunun rəhbərləri!" sözləri yazılmışdır. Ordu hissələrinin son nəfərləri şəhərin baş küçəsindən keçir. Böyük bir dənizdə gedən gəminin arxasınca yarılmış su hissələri bir-birinə qovuşub, gəminin izini örtən kimi küçənin iki tərəfində yığılmış adamlar əsgərlərin arxasınca küçənin ortasına axışaraq, vahid bir insan halında şəhərin kənarına, Astara yoluna tərəf hərəkət edirlər.
Artıq Ərdəbilin evləri qurtarmış, qarşıda dumanlar içində qeyb olan bir yol vardır. Yerli demokrat hərəkatının görkəmli nümayəndələri ordu komandanlığına müraciət edərək, bu şəhərdə olduqları müddətdə onlardan ancaq hörmət, yaxşılıq və xeyirxahlıq gördükləri üçün, bütün Ərdəbil əhalisinin dərin təşəkkürlərini bildirirlər. Hissə komandiri İran Azərbaycanı xalqının bu dərin məhəbbət və şükran hissi üçün təşəkkür edir. Bir anlıq sükutdan sonra yenidən atların ayaq səsləri eşidilir. Dəstə-dəstə qızıl əsgərlər keçib gedirlər. Alçaq toz yığını yavaş-yavaş yerə çökür. İndi artıq Astara yolunda sürünən xəfif duman-dan başqa bir şey görünmür. Lakin adamlar yenə nəyə isə müntəzirdilər. Hamının gözü bu dumanlı yollara dikilmişdir. Sanki onlar günəşi itirmiş bir yolçu kimi bu bahar dumanları arasında bir işıq axtarırlar. Bir neçə dəqiqədən sonra yenidən nizamilərə məxsus eyni ahənglə dalğalanan ayaq səsləri sükutu pozur. Mən Astara yoluna baxıram. Bayaqdan bəri uzun sürən bu bir neçə dəqiqə sükut zamanında baxışlarda görünən məyusluq ifadəsi yenidən sevincə çevrilir. Dəstə-dəstə silahlı adamlar şəhərə tərəf gəlirlər. Elə bil ki, bu dəstələrin nəhayəti yoxdur. Onların nəğməsi pərdə-pərdə boşluqlara yayılır. Elə bil ki, səhərdən bəri hər tərəfi bürümüş duman da bir az seyrəkləşir.
"Ey torpağı ləl, mərcan,
Azərbaycan, Azərbaycan!"
Bunu oxuyan - Ərdəbilin qızılbaş qoşunları və fədai dəstələridir. Onlar dostlarını - Qızıl Ordu hissələrini ötürüb qayıdırlar. Onlar məğrur addımlarla qoca Ərdəbilin küçələrində addımlayırlar.
1946
Rəsul
RZA
525-ci qəzet.- 2022.- 3 dekabr.- S.17.