Nargindən Boraltana

 

"SARALMIŞ KƏDƏRDƏN" "AZADLIĞIN TƏLƏSİNƏ"

 

Türkiyədə çəkilən "Vatanım sensin" serialının bir bölümündə obrazlardan biri özünü Vecihi Hürkuş kimi təqdim edərək təyyarəçi olduğunu, Birinci Dünya müharibəsində rus təyyarəsi vurduğunu və əsir düşərək Nargin adasına gətirildiyini, Xəzəri üzərək İrana, oradan da Vətəninə döndüyünü söyləyirdi. Bu fakt maraqlı olduğu qədər də xəyal, uydurma kimi görünmüşdü mənə. Bunun həqiqətə nə qədər yaxın olduğunu düşünmüşdüm. Sonralar Azərbaycan Televiziyasında Yunis Orucovun Narginlə bağlı verilişini izləyəndə inanmağa başlamışdım Vecihi Hürkuşun söylədiklərinə. Sonra Yunisin "Nargin - saralmış kədər" tarixi romanı çap olundu. Tarixi faktlar əsasında yazılan bu romanda o hadisə daha geniş təsvir olunub.

Yunis Orucovun tarixiliklə bədiiliyin vəhdətindən doğan "Nargin - saralmış kədər" romanı böyük imperiyaların, o cümlədən, çar Rusiyası, Avstriya-Macarıstan, Osmanlı imperiyalarının dağılması ilə nəticələnən dağıdıcı Birinci Dünya müharibəsindən sonra qardaş türk əsgərlərinin acı, zülmlü əsirlik həyatının təsvirinə həsr olunub. Hələ Nargin vəhşətindən öncə dünya gücləri özləri üçün gözdağı hesab etdikləri Osmanlının məğlubiyyətindən sui-istifadə edərək onun məhv olması, yer üzündən silinməsi üçün əllərindən gələni edir, Sarıqamışda hərbi uğursuzluğa düçar olan Osmanlı qoşunları isə ağır itkilər verir, ordunun bir hissəsi də əsir düşür. Təbii ki, "Xalqlar həbsxanası" olan Rusiyada hərbi əsirlərə humanist münasibətdən söhbət gedə bilməzdi. Bu mənada, imperiya ərazisindəki ən dəhşətli ölüm düşərgələrindən olan Nargin adası qardaş türk hərbi əsirlərin zülmlərə, məhrumiyyətlərə məruz qaldığı, onların məzarına dönən yerə çevrilmişdi. Burada cəllad erməni nəzarətçilər onlara amansız divan tutur, dəva-dərman üzünə həsrət qoyur, əsirlərin gözləri kor edilirdi.

Yunis Orucov bu romanında məğlub Osmanlı ordusunun səssiz qəhrəmanlarından olan Türkiyə tarixinin ilk təyyarə pilotu və ilk milli təyyarə istehsalçısı Vecihi Hürkuşa xüsusi yer ayırıb. Vecihi Hürkuş Nargin cəhənnəmində bütün zülmlərə, vəhşiliklərə, amansızlıqlara sinə gərməyi bacaran, bu cəhənnəmdən xilas olacağına ümid bəsləyən yeganə qəhrəman türk əsiri idi. Vecihi elə qəhrəmanlardandır ki, əsirliyin ən ağır faciələri altında belə əzmini itirmir, şəhidliyin zirvəsinə yüksəlməyi gözə alır, "Vətən sağ olsun" kəlməsini özü üçün fatihə hesab edir. Yunis Orucovun əsirliklə bağlı fikirləri də maraq doğurur: "...əsirlik tanımadığın adamlarla yan-yana ölümü gözləməkdir. Əsirlik ölümü gözləyə-gözləyə ona dözməkdir. Ölümdən də betərdir bu!.. Belə bir faciəni yaşayan Vecihi cəbhə dostu, pilot Bahəddinlə düşmənin işgəncələrinə, təhqirlərinə dözürdü. Onlara ağır işgəncələr verənlər isə "ömrü boyu türkün çörəyini yeyib, bu torpağın suyunu içən nankor, xain ermənilər idi".

Ruslar cəbhədə "qara bəla" adlandırdıqları,  canlarına vəlvələ salan türk pilotu Vecihi Hürkuşun əsir düşməsini "böyük hərbi qənimət" hesab edirdilər. Vecihinin əsirlikdə cəllad düşərgə rəisinə dedikləri də diqqəti çəkir. Onun müharibənin təkcə torpaq zəbt etməkdən, vətəni qorumaqdan ibarət olmadığını, müharibənin həm də millətin şərəfini isbat etmək, onun bayrağının qaldırmaq olduğu fikirləri olduqca ibrətamizdir: "Biz (türklər) döyüşdə (müvəqqəti) uduza bilərik, amma unutma, türkün şərəfi ölənə qədər üstündədir". Bu sözlərlə Vecihi həm də türk sərkərdələrinin ləyaqətini qorumuşdu və bu əzablı tarixi unutmayacaqlarını ifadə etmişdi.

Yunis Orucovun əsərində Azərbaycanın görkəmli şəxsiyyətləri Nəriman Nərimanovun və Məhəmməd Əmin Rəsulzadənin real, tarixi və bədii obrazları olduqca ustalıqla təsvir edilib. Onlar müxtəlif siyasi cəbhələrdə fəaliyyət göstərirlər, fərqli əqidə sahibləridir. Lakin Nargin adasındakı qardaş türk əsirlərinin taleyi onların hər ikisinin mübarizə gündəliyindədir, onlar yalnız bu məsələdə birləşirlər.

Müəllif Nəriman Nərimanovun 1918-ci ilin mart qırğınında erməni vəhşiliyinə qarşı mübarizədə tək qaldığını diqqətə çatdırır, erməni-rus bolşevik liderlərinin azərbaycanlıların soyqırımına rəvac verdiklərini ifşa edir. Məhz N.Nərimanovun rəhbərliyi və təşəbbüsü ilə fevral inqilabından sonra Nargindəki minlərlə əsir türkün müdafiəsi üçün addımlar atılır. Nərimanovun "bu yolda nə qədər əziyyət çəkdiyi, Nargin adasında saxlanılan türk əsirlərin acınacaqlı vəziyyətinə qarşı etiraz edənlərdən birinin o olduğu göstərilir".

Bundan sonra xarici konsullar türk əsirlərin acınacaqlı vəziyyəti və kütləvi məhv olmasına etiraz edərək bəyanat yayırlar. Nəriman Nərimanovun təmsil olunduğu Fəhlə və əsgər deputatları Sovetində Nargindəki vəziyyəti öyrənmək üçün xüsusi komitə yaradılır, Bakı şəhər Dumasının yaratdığı Təhqiqat Komissiyası Narginə gedərək oradakı vəhşi, qeyri-insani şəraitlə tanış olur. Nəriman Nərimanov özü isə bu dəhşətli vəziyyət haqqında "Göz yaşı tökdürən cəzirə" məqaləsini yazır.

Yunis Orucov var qüvvəsi ilə Nargindəki türk əsirlərinin azad olunmasına çalışan, onlara maddi və mənəvi yardım edən millət atası, böyük xeyriyyəçi H.Z.Tağıyevin, inanılmaz xilas planının müəllifi "un kralı" Ağabala Quliyevin və milyonçu Murtuza Muxtarovun, Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin qadın qolunu təmsil edən Sona xanım Hacıyevanın fəaliyyətini də ehtiramla yad edir, onların qəhrəmanlığını bədii boyalarla oxucusuna çatdırır.

Yunis Orucov bu romanı qardaş Türkiyənin 100 il sonra azərbaycanlı qardaşlarına tarixi mənəvi-siyasi dəstəyini xatırladaraq bitirir. Bununla da bəyan edir ki, bizim qardaşlığımız təmənnasız sevgidən yoğrulub.

Yunis Orucov yenicə işıq üzü görən ikinci - "Boraltan - azadlığın tələsi" tarixi romanında da Azərbaycan-Türkiyə ortaq tarixinə müraciət edir. Romanda müxtəlif dövrlərdə azərbaycanlıların təqiblərdən, təzyiqlərdən yaxa qurtarmaq üçün Vətən dedikləri Türkiyəyə sığınan mühacirlərin siyasi oyunların qurbanına çevrilən acı taleyindən bəhs edilir.

Romanın mövzusunu təşkil edən faciə barədə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisindəki çıxışında danışmışdı. O zamana qədər tarixin qaranlıq künclərində qalan hadisə barədə dövlət başçısının verdiyi məlumatlar dəhşətli təəssürat yaratmışdı. Məlum olmuşdu ki, "İkinci Dünya müharibəsi illərində çoxlu azərbaycanlı qırmızı terrordan qaçaraq Türkiyəyə sığınmışdır. Lakin İ.Stalin 1945-ci ildə Almaniya üzərində qələbə qazandıqdan sonra Türkiyəyə nota verərək mühacir azərbaycanlıların SSRİ-yə təhvil verilməsini tələb etmişdi. SSRİ hökumətinin tələbləri qarşısında aciz qalan Türkiyənin o zamankı CHP (Cümhuriyyət Xalq Partiyası) hökuməti mühacir azərbaycanlıların bir hissəsini sovetlərə verəndən sonra qırmızı terrorun nökərləri onları elə sərhəddəcə güllələmişdi. Müəllif "Boraltan"la bağlı məsələni belə izah etmişdir. "Güman olunur ki, söhbət İran-Türkiyə sərhədlərindəki Boralan yaylasından və eyni adlı sərhəd-keçid məntəqəsindən gedirmiş. Mühacirlərin bir hissəsi Türkiyəyə keçmək üçün bu yoldan istifadə edib. Boralan da xalqın dilində Boraltana dönüb".

Əsərin qəhrəmanları güllələnmiş 146 azərbaycanlı arasında olan Azər və Arazdır. Onlar Boraltan faciəsinin real qəhrəmanları Ənvər və Adəm Qardaşbəylinin prototipləridir. Bu qəhrəmanların acı taleyi fonunda müxtəlif dövrlərə və hadisələrə səyahət edən müəllif II Dünya müharibəsində Mustafa Kamal Atatürkün vəsiyyətilə Türkiyə Cümhuriyyətinin neytrallıq mövqeyini qoruyub saxladığını, həmin illərdə İsmət İnönünün rəhbərlik etdiyi hökumətin 1938-ci ildən 1950-ci ilə qədər iqtidarda olduğunu göstərir.

Hitler Almaniyası və SSRİ-nin dünyanı parçalamağa çalışdığı bir vaxtda Türkiyə "ehtiyatla davranmağa, heç kimin əlinə fürsət verməməyə, yırtıcı dövlətlərə hücum etməyə imkan verməməyə" üstünlük verirdi. Çünki Atatürk vəsiyyətində "əsla böyük dövlətlərlə müttəfiq olub müstəqil anlaşmalara getməməyi, milliləşməyi, tərəfsiz olmağı, müharibədən yan keçib yaşamağın Türkiyə üçün həyati əhəmiyyət  kəsb etdiyini" tapşırmışdı.

Mustafa Kamal SSRİ ilə bərabərhüquqlu dostluq etdiyini bəyan edirdi. SSRİ isə Türkiyəyə kin bəsləyirdi, hətta qırmızı terrorun əsas ittihamlarından birinin adını "pantürkizm" qoymuşdular. Türkiyə rəhbərliyi isə SSRİ-nin qırmızı repressiyasının bütün respublikalarda, o cümlədən, Ukraynada düşünən beyinlərin azadlıq yanğısını söndürmək üçün kütləvi qırğınlar həyata keçirdiyini, Qolodomor soyqırımı törətdiklərini səssiz seyr etmək məcburiyyətində qalır. Amma SSRİ Türkiyəni boğazların birgə idarə olunması, orada hərbi bazanın yaradılması, ərazi tələbləri ilə hədələyirdi.

Romanın baş qəhrəmanlarından biri də Azərin oğlu Baycandır. Atasını uşaq ikən itirən Baycan ömrü boyu onu axtarır, döymədiyi qapı qalmır, bu yolda təqiblərə, təzyiqlərə məruz qalır. Qəfildən oxucunun yolu Qazaxıstandan düşür. Ağır repressiya illərinin qan donduran hekayəti Baycanın atası Azərin sürgündə keçən faciəsində aydınlıq tapır. Məlum olur ki, Azərin prokuror atasını və alim anasını KQB vətən xaini kimi həbs edib, evlərini Sosialist əməyi Qəhrəmanı erməni qadına veriblər. Bacısı Alanqu isə həbsxanada təcavüzə məruz qalıb.

Azər Qazaxıstandan düşərgədə dostlaşdığı Arazla birgə qaçır, əvvəlcə İrana, sonra da Türkiyəyə sığınırlar. "Boraltana səhərə yaxın çatdılar. Makunun ən şimal nöqtəsinə, İranın isə sərhəd məntəqələrinin yerləşdiyi əraziyə gəlib çıxanda hürriyyətin intizarı boğazlarında qəhərə dönmüşdü. Onlar Türkiyəyə Vətən deyib heç vaxt ondan ayrılmayacaqlarına and içdilər".

Sovet xəfiyyələri onları Türkiyədə də rahat buraxmır, təqib edir və bu prosesə Stalinin tələbi son qoyur. Türkiyə hökuməti də mühacirləri qatarlara doldurub Qarsın Tiknis sərhəd keçid məntəqəsindən SSRİ-yə təhvil verir. Lakin mühacirlər sona qədər inanırdılar ki, Türkiyə onları satmaz. Lakin qatarlar sərhədə yaxınlaşanda bütün ümidlər ölür və onların ümidləri CHP-nin tarixi səhvi və xəyanəti qarşısında daha cəsur və əzmli görünür. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında deyir ki, "Millətimizi CHP-nin 1945-ci ildə ölkəmizə yaşatdığı utancdan qurtardıq" sözləri qardaş üzqaralığına, tarixi ləkəyə son qoyur.

Nargindəki əsir türk məhmətciklərin acı taleyini, Boraltandan keçən azərbaycanlıların faciəsini qələmə alan Yunis Orucov yazır: "Biz iki qardaş əl-ələ verib o qırmızı, yoğun ilandan geriyə qalan amansız düşmənimizin başını əzdik". Beləliklə, əli hər yerdən üzüləndə Türkiyəni Vətən bilən, ümid bilən, amma siyasi quruluşların haqsızlığı ilə üzləşib qətlə yetirilən soydaşlarmızın da qisası alındı. Bununla da Nargindəki türk əsirlərinin də, güllələnmiş 146 azərbaycanlı mühacirin də ruhları şad oldu.

Yunis Orucov yazır ki, "Tarix ancaq müharibə və sülhdən ibarətdir. Təəssüf ki, qəlb yaraları bu tarixi heç vaxt maraqlandırmayıb. Ancaq böyük dövlətlərin böyük də yaddaşı olur! O yaddaş daim diri qalmaq üçündür!.."  Bax, həmin o yaddaş Yunisi "özünə çəkdi, o, günahsız türk məhmətciklərinin taleyindən sarsıldı, Boraltan faciəsi ürəyini sıxdı, onu silkələdi".

İllərdir Yunisin bütün yaradıcılığını izlədiyim üçün əminəm! Əminəm ki, bir gün Yunis xalqımızın Qarabağda yaşanan faciələrindən, həm də qəhrəmanlığından da yazacaq. Mən o əsəri oxumaq üçün indidən səbirsizlənirəm!

 

Şəhla TAHİRQIZI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 3 dekabr.- S.16.